Yay turizm mövsümündə Azərbaycanın
ayrı-ayrı bölgələrinə yüksək turist
axını müşahidə edilir
2019-cu ilin birinci yarısında Azərbaycanı
ziyarət etmiş xarici qonaqların sayı ötən ilin
eyni dövrü ilə müqayisədə 86 min nəfər
və yaxud 6,5 faiz artıb
Son illərdə qeyri-neft iqtisadiyyatının
üstün inkişafına nail olmağı hədəfləyən
Azərbaycan özünün bütün bölgələr
üzrə mövcud olan zəngin turizm potensialından daha səmərəli
istifadə etməyə çalışır. Bu məqsədlə bütün turist
marşrutları boyunca zəruri infrastruktur qurulur, turistyerləşdirmə
obyektlərinin sayı artırılır, xidmətin səviyyəsinin
yüksəldilməsinə hesablanan tədbirlər
görülür, respublikaya gəlib-getmə qaydaları
asanlaşdırılır, eyni zamanda, xarici ölkələrdə
Azərbaycanın paytaxtının və bölgələrinin
turizm potensialı təbliğ edilir.
Öz növbəsində respublikamızda
dövlət tərəfindən turizmin inkişafına
göstərilən davamlı dəstək tədbirləri
müsbət nəticələr verir. Belə ki, Azərbaycana
gələn turistlərin sayı ilbəil artır və bu
tendensiya cari ildə də müşahidə edilməkdədir.
2019-cu ilin birinci yarısında Azərbaycana gələn
xarici qonaqların sayı 1,4 milyona çatıb
2019-cu ilin birinci yarısında
Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı
1,4 milyona çatıb ki, bu da ötən ilin eyni
dövründə ölkəyə gəlmiş 1,3 milyon
xarici ziyarətçi ilə müqayisədə 86 min və
ya 6,5 faiz çox qonaq deməkdir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, gələnlərin
böyük hissəsini - 29,4 faizini Rusiya (414 min), digər
böyük hissəsini - 24,3 faizini isə Gürcüstan (342
min) vətəndaşları təşkil edib.
Gürcüstan üzrə artım 22,8 faiz və ya 64 min nəfər
olub. Qeyd etmək lazımdır ki, bu iki ölkədən gələn
qonaqların sayı respublikamıza ümumi gələnlərin
50 faizdən çox hissəsini təşkil edib.
Türkiyədən gəlmiş qonaqların
sayı 3,7 faiz artaraq toplam 148 minə çatıb. Cənubi
və Mərkəzi Asiya ölkələrindən gələnlərin
sayında yenə də sürətli artım müşahidə
olunur - artım ilin ilk yarısı üçün uyğun
olaraq 37,8 faiz və 50,2 faiz olub.
Azərbaycan üçün Cənubi
Asiyanın əsas turizm bazarları Hindistan (27 min; 80,2%
artım) və Pakistan (19 min; 24,4% artım), Mərkəzi
Asiyada isə Qazaxıstan (20 min; 15,1% artım) və Türkmənistandır
(21 min; 85% artım).
Səudiyyə Ərəbistanından gələnlərin
sayında isə təxminən 80 faiz artım müşahidə
olunur ki, bu da 15 min nəfər artımla 34 mindən çox
xarici vətəndaş deməkdir.
2019-cu ilin iyun ayında gələnlərin
sayında əhəmiyyətli dərəcədə artım
müşahidə olunub - bu artım 17,2 faiz təşkil edib.
Bu tendensiya özünü Azərbaycan turizmi
üçün xarakterik olan bütün ölkələr
üzrə göstərib.
Yerli və xarici turistlər Şəkinin tarixi
abidələrinə, təbiətinə böyük maraq
göstərirlər
Azərbaycanın qədim mədəniyyət
məskənlərindən olan Şəki bu gün həm də
regionun ən önəmli turizm mərkəzi kimi
tanınır. Xan Sarayı, Kiş kəndindəki qədim
alban məbədi, orta əsrlərə aid karvansaraylar,
tarixi-memarlıq abidələri, yerli sənətkarların əl
işlərinin sərgiləndiyi “Sənətkarlar evi” turistlər
üçün cəlbedici məkanlar hesab olunur.
Builki yay mövsümündə Şəkiyə
gələn yerli və xarici turistlərin sayında xeyli
artım müşahidə olunur. Onlar Şəkinin tarixi abidələrinə
və təbiətinə böyük maraq göstərirlər.
Turistlərin ən çox üz tutduqları tarixi məkanlardan
biri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq
Qoruğunun ərazisidir. Hazırda qoruğun ərazisində
dövlət qeydiyyatına alınan 25 tarixi-memarlıq,
arxeoloji və park-monumental abidələr mövcuddur. Bu ərazidə yerləşən və Azərbaycan
memarlığının nadir incilərindən olan Xan
Sarayı, V-VI əsrlərə aid Dairəvi Məbəd, xalq
tətbiqi sənəti və tarix-diyarşünaslıq muzeyləri,
Dövlət Rəsm Qalereyası hər zaman turistlərin diqqətini
özünə cəlb edir.
Qoruğun direktoru Təranə Abdullayevanın
sözlərinə görə, builki yay mövsümündə
turistlərin sayında əvvəlki illərlə müqayisədə
iki-üç dəfəyədək artım hiss olunur.
Xüsusilə ərəb ölkələrindən, həmçinin
Türkiyə, Rusiya, Çin, Koreya Respublikası, Yaponiyadan gələn
turistlərin sayı əvvəlki illərlə müqayisədə
xeyli artıb.
Qoruğun direktorunun bildirdiyinə görə,
Şəkiyə turist axınının artmasının əsas
səbəblərindən biri də onlara göstərilən
xidmətlərin keyfiyyəti ilə bağlıdır. Yay
mövsümündə buradakı bütün muzeylər
fasiləsiz iş rejimində fəaliyyət göstərir.
Qoruğun ərazisində olan sənətkarlıq
emalatxanaları daim turistlərin xidmətindədir. Şəki
mətbəxinin özünəməxsusluğu, rəngarəngliyi
də turistləri daim özünə cəlb edir. Onlar milli
yeməklərdən olan “Şəki pitisi”nə, “Şəki
paxlavası”na, müxtəlif çeşiddə şirniyyat
növlərinə böyük maraq göstərirlər.
Turistlərə xidmət göstərmək
üçün Xan Sarayının yaxınlığında,
qədim qala divarları ilə əhatələnmiş
geniş yaşıllıq ərazidə asudə vaxt və
istirahət guşəsi də fəaliyyət göstərir.
Turistlər qədim dövrləri xatırladan fotoatelyedə
milli geyimlərlə fotoşəkillər çəkdirir,
samovar çayına qonaq olur, dincəlirlər. Ərazidə
uşaqlar üçün müxtəlif attraksionlar da
quraşdırılıb. Hər gün qoruğun ərazisində
turistlər üçün müxtəlif əyləncəli
proqramlar, konsertlər, sərgilər təşkil edilir.
Qoruğun ərazisində yerləşən “Sənətkarlar
evi”ndə də yay aylarında xüsusi canlanma hiss olunur.
Burada fəaliyyət göstərən sənətkarların
dediyinə görə, yay mövsümündə işləri
heç də pis getmir. Turistlər yerli sənətkarların
əl işlərinə böyük maraq göstərirlər.
Xarici turistlərin bildirdiyinə görə,
yaşadıqları ölkələrdə belə sənətkarlıq
nümunələrinə rast gəlmək mümkün
deyildir.
Ənvər Məhəmməd əl-Yasin Şəkiyə
turist qrupunun tərkibində Səudiyyə Ərəbistanı
Krallığından gəlib. Onlar artıq Bakının
görməli yerlərini gəzib, Şamaxı və
İsmayıllıda olublar. Ərəb turist bildirib ki, bir
neçə gündür ki, Şəkidədirlər.
Qaldıqları “Marxal” hotelində istirahətçilər
üçün ideal şərait yaradılıb. Şəkinin
qədim tarixi-memarlıq abidələrindən olan Xan
Sarayı ilə tanışlığın onlarda zəngin təəssürat
yaratdığını vurğulayan turist deyib: “Eşitdik ki,
yenicə tanış olduğumuz Xan Sarayı, eləcə də
şəhərin tarixi mərkəzi UNESKO-nun Ümumdünya
İrs Siyahısına daxil edilib. Bu xəbərə biz də
çox sevindik. Bu saray, həqiqətən də, çox
möhtəşəm memarlıq abidəsidir və onu ziyarət
etmək bizə də qismət oldu”.
Azərbaycan xalqının çox qonaqpərvər,
istiqanlı olduğunu bildirən Ənvər Məhəmməd
əl-Yasin deyib: “Adət-ənənələrimiz də
bir-birinə çox bənzəyir. Azərbaycanda qadınlara
xüsusi hörmətlə yanaşırlar.
İnsanlarınız çox xeyirxahdırlar, turistlərə
hər yerdə kömək etmək istəyirlər. Milli mətbəxinizdən
isə doymaq olmur. Növbəti səfərimdə bura ailəmlə
birlikdə gəlməyi düşünürəm”.
Yüksək səviyyədə təmir və
bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu buraya gələn turistlərdə
böyük məmnunluq yaradır
Xəbər verildiyi kimi, 2019-cu il
12 iyun tarixində əsaslı şəkildə təmir və
bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunun Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və birinci
xanım Mehriban Əliyevanın iştirakı ilə
açılışı olub. Yüksək səviyyədə
təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğu buraya gələn turistlərdə
böyük məmnunluq yaradır.
Xatırladaq ki, 2017-ci il dekabrın 29-da Prezident
İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunda olmuşdu. Dövlətimizin
başçısı o zaman buradakı
çatışmazlıqları və qeyri-məqbul şəraitin
olduğunu qeyd edərək, bunun ölkəmizin ümumi
inkişaf səviyyəsinə uyğun gəlmədiyini
bildirmişdi. Prezident İlham Əliyev oradaca qoruqdakı
şəraitin qısa müddət ərzində müasir səviyyəyə
çatdırılması barədə aidiyyəti dövlət
qurumlarına ciddi tapşırıq vermişdi.
Açılış mərasimində
bildirildiyi kimi, qoruq yeni konsepsiyaya uyğun olaraq bərpa edilib.
Abşeron rayonunun Məmmədli kəndində yerləşən
Yanardağ abidəsinin ərazisi Prezident İlham Əliyevin
2007-ci ildə imzaladığı Sərəncamla Dövlət
Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib.
Qoruğun fəaliyyəti Nazirlər Kabinetinin 2018-ci il 7 iyun
tarixli müvafiq qərarına əsasən Dövlət
Turizm Agentliyi tərəfindən tənzimlənir. Dövlətimizin başçısının
ötən ilin iyulunda imzaladığı Sərəncama əsasən
“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət
Qoruğunun müasir standartlara
uyğunlaşdırılması və ərazisində yeni
turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci
il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb.
Qoruğun bərpası Dövlət Turizm Agentliyinə həvalə
olunub.
Aparılan yenidənqurma işləri
çərçivəsində ümumi sahəsi 64,55 hektar
olan qoruğun ərazisində 3 tematik zonadan ibarət muzey,
açıq hava konsertləri üçün nəzərdə
tutulan 500 nəfərlik amfiteatr, sənətkar
emalatxanaları və mağazalar, yerli sənətkarlar tərəfindən
keramika, şüşə, taxta və parça kimi təbii materiallardan hazırlanan suvenirlərin
satışı məntəqəsi, parkinq turistlərin
ixtiyarına verilib. 2007-ci ildən qoruq statusuna malik olan
Yanardağda, həmçinin ərazidə tapılan, yerli əhali
tərəfindən istifadə edilmiş qədim daşlar və
sənətkarlıq nümunələrinin, qaval
daşının nümayiş etdirildiyi açıq
hava muzeyi yaradılıb. Bundan əlavə, qoruq ərazisində
yerli gənc rəssamların əsərlərinin
nümayiş olunduğu kafe, əyləncə zonası,
uşaqlar üçün oyun meydançası fəaliyyət
göstərəcək. Fiziki məhdudiyyətli şəxslərin
Yanardağ alovunun ətrafına enməsi üçün
xüsusi yol çəkilib. Bütövlükdə qoruq ərazisi
abadlaşdırılaraq müxtəlif ağaclar əkilib.
Qoruğun tərkibində Yanardağ - əbədiyaşar
alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni
irs nümunələri və təbiət abidələri də
var. Bu abidələrə “Qurd yuvası” adlanan
ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik
tarixə malik və qədim sanduqələrlə zəngin
iki qəbiristanlıq, müalicəvi kükürdlü su
bulaqları, hələ də aktiv fəaliyyətdə olan
Qırməki palçıq vulkanı, Əlidaşı piri,
Kardaşı iri təbii qaya daşları, Qırməki
vadisi, qədim kurqan aiddir.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2019.- 13 iyul.- S.7.