Mübariz Qurbanlı: İlahiyyat İnstitutunda
digər dinlər üzrə də kadr
hazırlığı nəzərdə tutulur
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri
Mübariz Qurbanlının APA-ya müsahibəsi:
- Öncə Azərbaycanda dini durumu qiymətləndirməyinizi
istərdik...
- Azərbaycanda möhkəm təməllərə
söykənən ictimai-siyasi sabitlik mövcuddur. Təbii ki,
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən sosial-iqtisadi siyasət, əldə edilən
uğurlar bu sabitliyi şərtləndirir. Bununla
yanaşı, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində
də özünü göstərir. Bu baxımdan, Azərbaycan
ən sabit ölkələrdən sayıla bilər. Ölkədə
dövlət-din münasibətləri qanunlara, ən əsası,
ölkə Konstitusiyasına əsaslanır. Azərbaycanda
dini azadlıqlar, o cümlədən vicdan azadlığı
təsbit edilib. Vətəndaşlar “Dini etiqad
azadlığı haqqında” Qanunun onlara verdiyi
azadlıqlardan qanunlar çərçivəsində sərbəst
istifadə edə bilirlər. Bu isə ölkədə dini
konfessiyalar arasında heç bir ziddiyyət və
qarşıdurmanın meydana çıxmasına imkan vermir.
Ümumiyyətlə, Azərbaycanda dini nöqteyi-nəzərdən
heç bir qarşıdurma ehtimalı gözlənilmir. Azərbaycan
tolerantlıq nümunəsidir və ölkədə dini
icmalar arasında münasibətlərdə tam sabitlik hökm
sürür.
- Bu gün müəyyən
şəxslər, mərkəzlər tərəfindən Məşhədə,
Kərbəlaya dini ziyarətlərin təşkili
hallarına rast gəlinir. Ümumiyyətlə, dini ziyarətlərin
təşkili sahəsində nəzarətin
artırılmasına ehtiyac varmı?
- Azərbaycan müsəlman ölkəsidir,
İslam dini bizim xalqımızın qəlbindədir, həyatındadır.
İslam sülh, qardaşlıq, bərabərlik dinidir. Bu din
hər hansı radikal, ekstremist çağırışlara
dəstək verməyən bir dindir. Azərbaycan vətəndaşları
İslam dininin vacib buyurduğu şərtləri imkan daxilində
yerinə yetirirlər. Biz dünyəvi dövlətik,
dövlət insanların dini inanclarının və dini dəyərlərdən
irəli gələn vəzifələrinin yerinə yetirilməsinə
hər zaman dəstək verir. Məsələn, çoxlu
sayda məscidin tikilməsi, yenidən qurulması, din sahəsində
çalışan insanlara dövlətin maddi yardım
göstərməsi bunun bariz sübutudur. Azərbaycan vətəndaşlarının
öz inanclarına uyğun olaraq müqəddəs yerlərə
ziyarətlərə getməsi təbii prosesdir və hökumət
buna müdaxilə etmir. O ki qaldı bəzi şəxslərin
yaradılmış şəraitdən sui-istifadə etmə
hallarına, əvvəla onu deyim ki, Həcc ziyarəti Qafqaz
Müsəlmanları İdarəsi tərəfindən həyata
keçirilir. Səudiyyə Ərəbistanı
ilə Azərbaycan arasında əldə olunmuş
razılaşmaya görə Həcc və Ümrə ziyarətləri
QMİ tərəfindən təşkil edilir, burada iştirak
etmək üçün müraciət edən Azərbaycan vətəndaşlarının
sənədlərini toplayır, kollektiv şəkildə
onları Səudiyyə Ərəbistanının
ölkəmizdəki səfirliyinə təqdim edir, viza, səfər
zamanı qalmaları, təhlükəsizliyi və s. məsələləri
həll edir. Əgər başqa bir qurum Qafqaz Müsəlmanları
İdarəsindən kənarda bununla məşğul olursa, əlbəttə,
bu halda əldə olunmuş razılaşmanı
pozmuş olur. İslama aid olan digər ziyarət yerlərinə
gəldikdə isə onu deyə bilərəm ki, qanunvericilikdə
belə ziyarətlərin təşkili, tənzimlənməsi
və ya nəzarət edilməsi ilə bağlı müddəa
əksini tapmayıb. Həmçinin həmin ziyarətgahların
yerləşdiyi ölkələrlə heç bir müqavilə
imzalanmayıb. Amma nəzərdə tutulur ki, İslama aid olan
digər müqəddəs yerlərə ziyarətlər də
kollektiv şəkildə, məhz Həcc ziyarətində
olduğu kimi QMİ-nin himayəsi altında həyata
keçirilsin. Biz praktikada görürük ki, bəzən bu
yerlərə ziyarətləri hansısa şirkət və
ya turist qrupu təşkil edir. Həmin adamlar da
orada problemlərlə üzləşir, bəzən geriyə
qayıda bilmir, orada təhlükəsizlik və nəqliyyatla
bağlı tədbirlər kifayət qədər yüksək
səviyyədə təşkil olunmur, nəticədə
xoşagəlməz hadisələr baş verir. Ona
görə də belə bir təşəbbüs var ki, bu
cür ziyarətlər də QMİ-nin himayəsi altında həyata
keçirilsin. Bu məsələnin üzərində iş
gedir. Bununla əlaqədar “Dini etiqad azadlığı
haqqında” Qanuna müəyyən dəyişikliklərin
edilməsi ilə bağlı təkliflər də var. Həmin
təkliflərə baxıldıqdan sonra Həcc ziyarəti
ilə yanaşı, İslama aid digər müqəddəs
yerlərə də ziyarətlərin təşkili xüsusi
qaydalar əsasında baş tutacaq. Vətəndaşların
bu müqəddəs yerlərə ziyarəti vahid qaydalar əsasında
həyata keçirilmiş olacaq. Milli Məclis tərəfindən
həmin təkliflərə baxılıb qəbul edildikdən
sonra dediyimiz çərçivədə həll edilməsi
imkanı yaranacaq.
- Azərbaycanın işğal altında olan ərazisi
Şuşa şəhərindəki Şuşa məscidi
İran şirkətləri tərəfindən təmir
edilir. Komitə tərəfindən bununla bağlı hər
hansı addımlar atılıbmı?
- Azərbaycanın işğal olunmuş ərazilərində
erməni təcavüzkarları vandallıq edirlər,
çoxlu sayda tarixi, mədəni abidəmizi
dağıdırlar. Məscidlərimiz uçurulub, digər
abidələrimiz erməniləşdirilir. Belə abidələrin
sayı minlərlədir. İşğalçı Ermənistan
maskalanmaq üçün Şuşadakı məscidi bərpa
edərək onu özünün təcavüzkar siyasətində
bir vasitə kimi istifadə etmək istəyir. Mətbuatda da
belə bir məlumatlar var ki, İranın hansısa şirkəti
həmin məscidin təmir işləri ilə məşğul
olur. Biz bu məlumatları öz səlahiyyətlərimiz
çərçivəsində İranın Azərbaycanda
olan nümayəndələri, xüsusilə İran Mədəniyyət
Mərkəzinin rəhbərliyi ilə müzakirə
etmişik. Təbii ki, bununla bağlı Azərbaycan
XİN də öz səlahiyyətlərinə uyğun olaraq
ardıcıl işlər aparır. Ümumiyyətlə,
XİN işğal olunmuş ərazilərdə qeyri-qanuni
iqtisadi, mədəni və digər xarakterli fəaliyyətin
qarşısını almaq üçün lazımi
addımlar atır. Məhz Azərbaycan tərəfi bu
addımlar nəticəsində işğal olunmuş ərazilərimizdə
bir sıra şirkətin fəaliyyətinin
dayandırılmasına nail olub. Qeyd edim ki, İran tərəfinin
rəsmiləri orada nəzarətlərində olan hər
hansı rəsmi şirkətin fəaliyyət göstərmədiyini
və məscidin bərpasında iştirak etmədiyini
bildirib. Beynəlxalq hüquq, həm də dövlətlərarası
razılaşmalar tələb edir ki, Azərbaycanın
işğal olunmuş ərazilərində heç bir
iqtisadi və mədəni xarakterli tədbirlər, fəaliyyət
həyata keçirilməsin. Dünyada işğal olunmuş
ərazilərə yatırımların qoyulması doğru
sayılmır. Hesab edirəm ki, budəfəki məscid məsələsi
də erməni hiyləgərliyinin növbəti formasıdır.
- Azərbaycanda pirlərə nəzarət
olunurmu? Bu yaxınlarda “qaloş piri” məsələsinin
ortaya çıxması bu məsələnin nə qədər
aktual olmasını gündəmə gətirdi...
- Bu mövzu mütəmadi olaraq gündəmə
gətirilir. Azərbaycan əhalisinin əksəriyyəti
İslam dininə sitayiş edir və çoxlu ziyarətgah
var ki, həmin ziyarətgahlar da tarixən formalaşıb.
İnsanların belə yerlərə inancları var və
onun qarşısını süni yolla almaq olmaz. Ölkəmizdə
elə ziyarətgahlar var ki, onların tərkibində rəsmi
şəkildə fəaliyyət göstərən məscidlər
var.
Təəssüflər olsun ki, tarixi ziyarətgahlarla
yanaşı, yeni-yeni pirlər və ocaqlar peyda olur. Əksər
halda belə yerlərdə xurafat və mövhumat elementləri
özünü büruzə verir. Belə yerlərin fəaliyyətinin
qarşısı qanunvericiliyə uyğun olaraq alınır.
Lakin düşünürük ki, ölkə əhalisinin
dini bilikləri artdıqca tarixi kökü olmayan pir və
ziyarətgahlara üz tutanların sayı azalacaq. Buna görə
də bizim maarifçilik fəaliyyətimizin bir qismi bu istiqamətə
yönəlib.
- Cəmiyyət tərəfindən hər
zaman nəzir qutuları ilə bağlı məsələlər
müzakirə edilir. Buna nəzarət edilirmi?
- Ziyarətgahların idarəçiliyinə nəzarəti
əsasən QMİ həyata keçirir. Ziyarətgahlarda, o
cümlədən bəzi məscidlərdə nəzir
qutuları var. Nəzirlər ona görə verilir ki,
İslamda yardımlaşma, köməkləşmə dəyərləri
mövcuddur. Həmin vəsaitlər də məscidin xətti
ilə insanlara, müraciət edənlərə, dini
bayramlarda və s. köməklik məqsədilə sərf
edilir. Bəzən bu yardımları bir o qədər də
geniş açıqlamırlar. Elə ziyarətgahlar var ki,
insanlar hər ay oradan ərzaqlar aparır, maddi dəstək
alır. Həmin ziyarətgahlarda yığılan vəsaitlərin
xərclənməsinə nəzarət QMİ-nin səlahiyyətindədir.
Bununla bağlı onların xüsusi komissiyası da var. Vəsaitin
xərclənməsi məsələsinə isə dövlət
müdaxilə etmir. Bu məsələlər mərkəzləşmiş
qaydada deyil, əsasən ziyarətgahın yerləşdiyi ərazidə
həyata keçirilir. Vaxtaşırı mətbuatda da
açıqlamalar olur ki, böyük ziyarətgahlar xeyriyyə
tədbirləri keçirir, yardımlar edir. Bəzən ziyarətgahlarda
bu məlumatların yayılmamasını dinin özü ilə
izah edirlər. Yəni dinimizə görə edilən
yardımlar deyilməməlidir. Amma mənə elə gəlir
ki, belə məlumatların zaman-zaman açıqlanması
doğru olardı. Mən əminəm ki, ziyarətlərdə
inanclı insanlar olduğuna görə oradan toplanan vəsaitin
paylanmasında da ədalətli mövqe sərgiləyirlər.
- Mübariz müəllim, gələcəkdə
İlahiyyat İnstitutuna qəbulla bağlı hər
hansı bir yeniliklər nəzərdə tutulurmu?
- Hazırda İlahiyyat İnstitutuna qəbul
aparılır, rəhbərlik bununla bağlı ətraflı
açıqlamalar verir. İnstitutda ödənişsiz təhsil
həyata keçirilir. Bu il 72 nəfərin
İlahiyyat İnstitutuna qəbul edilməsi nəzərdə
tutulur. İlahiyyat İnstitutuna həm Rusiyanın tərkibindəki
respublikalar, o cümlədən Gürcüstan, Orta Asiya,
Türkiyə və digər ölkələrdən də tələbələrin
qəbul olunması düşünülür. Bu cür
ideyalar var. Burada da əsas məqsəd odur ki, İlahiyyat
İnstitutu bölgənin əsas mərkəzinə
çevrilsin. Digər tərəfdən yaxın gələcəkdə
İlahiyyat İnstitutunda digər dinlər üzrə də
kadr hazırlığı nəzərdə tutulur ki, az sayda
olsa da yəhudilik, xristianlığın katolik və pravoslav
qolu ilə bağlı kadrlar hazırlansın.
- Bəs yaxın gələcəkdə Azərbaycanda
yeni dini kolleclər açıla bilərmi?
- Azərbaycanda dini kolleclərin
açılmasına dövlət səviyyəsində
razılıq verilib. 10 İslam kolleci dövlət
qeydiyyatına alınıb. Həmin kolleclərin maddi-texniki
bazası və digər məsələlərlə
bağlı işlər gedir. Bizdə olan məlumata görə,
Qafqaz Müsəlmanları İdarəsi bir neçə
bölgədə dini kolleclərin açılması ilə
bağlı hazırlıq işlərini həyata
keçirir. Nardaranda, Lənkəranda, Gəncədə,
Quba-Xaçmaz bölgəsində dini kolleclərin
açılması istiqamətində hazırlıq işləri
görülür. Bu proses yekunlaşdıqdan sonra bu bölgələrdə
kolleclərin açılması nəzərdə tutulub.
- İmamların attestasiyası və maddi təminatı
ilə bağlı hansı yeniliklər gözlənilir?
- Hazırda Bakıda 136 məscid var. Onların
fəaliyyətdə olanlarının böyük əksəriyyəti
dövlətdən maddi dəstək alır. Bu
maddi dəstəyi o məscidlərdə iki və ya daha
artıq adam alır ki, həmin məscidlərdə vəhdət
namazları qılınır və ya ibadətə gələnlər
daha çoxdur. Əksər məscidlərdə maddi dəstəyi
bir nəfər alır. Ümumiyyətlə, məscidlərdə
din xadimlərinə maddi dəstək verilən zaman həmin
şəxsin üzərinə düşən məsuliyyət
və fəaliyyəti nəzərə alınır. QMİ tərəfindən
təyinat almış imam, imam müavini və mütəvəllilər
Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti
ilə maddi dəstək alır. O cümlədən məscidlərin
maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün Prezident İlham Əliyev sərəncamlar
verir. Həmçinin Heydər Əliyev Fondunun Prezidenti,
Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sahədə
xeyli iş görüb. Bu gün təhlükəsizlik məsələləri
ilə əlaqədar olaraq məscidlərin əksəriyyəti
kamera sistemi ilə təchiz edilib, eyni zamanda, böyük
icmalara avtomobillər verilib. Bütün bunlar da vətəndaşlarımıza
xidmət edir.
- Nazirlər Kabineti tərəfindən təsdiqlənən
“Qəbiristanlıqların salınması və idarə
olunması Qaydaları”nın tələblərinə nə dərəcədə
riayət olunur? Qəbir yerləri ilə bağlı normalar
gözlənilirmi?
- Bu qaydaların tətbiqi ilə bağlı
işlər gedir. Burada Komitənin bir funksiyası var. O da həmin məzarlıqların
reyestrini aparmaq. Məzarlıqların idarə olunması
tam şəkildə yerli bələdiyyələrə
verilib. Həmin qaydaların tətbiqinə
başlanıldıqda isə əminəm ki, yeni məzarlıqlar
salınacaq, hazırkı məzarlıqlar da öz işlərini
bu qaydalar əsasında quracaqlar.
- Azərbaycanda
yas mərasimləri öz israfçılığı və
təmtərağı ilə seçilir. Bununla
bağlı hər hansı bir tənzimlənməyə
ehtiyac var?
- Yas mərasimlərinin
təşkili vətəndaşa bağlıdır. Vətəndaş seçimini özü etməlidir.
Burada başqa vasitəyə əl atmağa
ehtiyac yoxdur. Bu, ənənədən irəli
gəlir. Mən yas mərasimlərində
çox çeşiddə yeməklərin verilməsinin tərəfdarı
deyiləm. Biz öz məclislərimizdə
çay süfrəsi ilə kifayətlənmişik. Belə qaydaları da tətbiq edən yerlər
çoxalmaqdadır. Məsələn,
Şəmkir rayonunun bir kəndində atası vəfat
etmiş şəxs həmin yas mərasiminə xərcləyəcəyi
vəsaiti yol çəkməyə sərf edib. Bu cür nümunələr kifayət qədərdir.
Əvvəllər də bu cür nümunələr
olub. Kimlərsə ehsan olaraq bulaq tikdirib,
yol çəkdirib, ağac əkib və s. Özü də
həmin məkanlar qeyri-rəsmi formada o adamın adı ilə
adlandırılıb. QMİ-nin də yas
mərasimlərində dəbdəbəli süfrələrin
olmaması ilə bağlı tövsiyələri var. Biz sadəcə
tövsiyələr və izahlar verə bilərik. Dini nöqteyi-nəzərdən ehsan xeyir əməldir.
Adam var, deyir ki, vəfat edən yaxınının
ehsanında yemək versə, daha yaxşıdır, adam da var deyir ki, bunu bir xeyirxah işlə yerinə
yetirir. Hesab edirəm ki, yas mərasimlərinin təşkili
vətəndaşa bağlıdır. İnsanlar
öz aralarında razılığa gəlməklə bu məsələni
həll edə bilərlər.
Yeni Azərbaycan.-
2019.- 12 iyul.- S.5