HEYDƏR ƏLİYEV - yeni milli
intibahın və müstəqil dövlətçiliyin əsasını
qoymuş tarixi şəxsiyyət
“Azərbaycan” qəzetinin 2019-cu
il 12 iyul tarixli nömrəsində Azərbaycan Respublikası
Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun
Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə siyasi
hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı
“HEYDƏR ƏLİYEV - yeni milli intibahın və
müstəqil dövlətçiliyin əsasını
qoymuş tarixi şəxsiyyət” sərlövhəli
geniş məqaləsi dərc olunub. AZƏRTAC məqaləni
təqdim edir.
* * *
50 il əvvəl Azərbaycanın
siyasi həyatında baş vermiş mühüm bir hadisə
respublikada köklü dəyişikliklərin
başlanmasına təkan verdi və gələcək inkişaf
perspektivlərinin müəyyənləşməsi yolunda
yeni tarixi dönüşün əsasını qoydu. 1969-cu
il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin (AKP MK) plenumunda 46 yaşlı Heydər Əliyev
AKP MK-nın birinci katibi, yəni faktiki olaraq respublikanın rəhbəri
seçildi.
O vaxta qədər dövlət təhlükəsizlik
orqanlarında işləmiş, 1964-cü ildən Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri
olan general-mayor Heydər Əliyevin bu vəzifəyə
yüksəlişi respublikanın geniş
ictimaiyyəti, xüsusilə ziyalı elitası tərəfindən
böyük rəğbətlə qarşılandı. Ona
görə ki, təhlükəsizlik orqanlarında işlədiyi
müddətdə O, vətəninə dərindən
bağlı olan çox sayda insanı saxta ittihamlarla repressiya
olunmaq təhlükəsindən qorumuş, sürgün
və ölümdən xilas etmiş, xalqın milli
intibahı yolunda çalışan ziyalıların təqib
edilməsinə, onların cəmiyyətdən təcrid
olunmasına imkan verməmişdi.
Onu da qeyd edək ki, həmin ərəfədə
respublikada ciddi dəyişikliyə ehtiyac olduğunu Azərbaycan
cəmiyyətinin böyük hissəsi yaxşı başa
düşürdü. Ölkədə baş verən proseslər
fonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsi
və əhalinin rifah halının daha da yaxşılaşdırılması
üçün yeni təşəbbüslərin irəli
sürülməsi, qətiyyətli addımların
atılması zəruri idi. O dövr respublika əsas
sosial-iqtisadi inkişaf göstəricilərinə görə
orta ittifaq səviyyəsindən xeyli geridə qalırdı.
Məsələn, Azərbaycanda 1965-ci ildə 1940-cı illərə
nisbətən ümumi daxili məhsul 3,6, o cümlədən
sənaye məhsullarının həcmi 4 dəfə artmışdı. Lakin ittifaq üzrə bu göstəricilər
müvafiq olaraq 6 və 8 dəfəyə çatırdı.
Respublikanın neft sənayesi, energetika, qara metallurgiya, kimya və
neft kimyası sənayesinin iş ritmi tez-tez pozulur, bir
çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı
düşürdü. Azərbaycan milli gəlirin həcminə
görə ümumittifaq səviyyəsindən 2 dəfədən
çox, əsas fondlara görə 1,8, kapital qoyuluşu
üzrə 1,7, əmək məhsuldarlığına görə
isə 1,5 dəfə geridə idi.
Həmin dövrdə respublikanın
regionlarının sosial-iqtisadi inkişafına da kifayət qədər
diqqət göstərilmirdi. Kənd təsərrüfatında
aqrotexniki qaydalara düzgün əməl olunmaması,
meliorasiya və mexanikləşdirmə tədbirlərinin
görülməməsi səbəbindən həm ərzaq,
həm də texniki bitkilərin məhsuldarlığı
aşağı düşmüşdü. İri sənaye və
emal müəssisələrinin əksəriyyəti Bakı,
Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və
kiçik şəhərlərin inkişafının
qarşısını alır, urbanizasiya prosesinin proporsional
şəkildə getməsinə əngəl olurdu.
Digər tərəfdən respublikada korrupsiya və
gizli iqtisadiyyat geniş yayılmış, qanunçuluğa əməl
olunmasına və mədəni quruculuğa diqqət zəifləmiş,
mənəvi-psixoloji iqlim qeyri-sağlam məcraya yönəlmişdi.
Təbii ki, bu çətin və mürəkkəb vəziyyətin
aradan qaldırılması üçün analitik təfəkkürə
malik, güclü və bacarıqlı təşkilatçı,
cəsarətli bir liderə ehtiyac var idi. Belə bir lider məhz
Heydər Əliyev oldu.
Nəhəng quruculuq yollarında
Heydər Əliyev Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi
seçildikdən sonra keçirilən ilk MK plenumunda (1969-cu
il avqust) həmin dövr üçün sensasiyalı
sayıla biləcək məruzəsində sovet hakimiyyəti
tarixində ilk dəfə olaraq sosialist cəmiyyətində
vəzifədən sui-istifadə, korrupsiya kimi mənfi
halların mövcudluğunu və onlara qarşı
mübarizə aparılmasının gərəkliyini bəyan
etdi. Məruzədə respublika
iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyət
böyük prinsipiallıqla dərindən və hərtərəfli
təhlil olundu və xalq təsərrüfatına, mədəni
quruculuğa rəhbərlikdə buraxılmış ciddi
nöqsanlar və çatışmazlıqlar ictimaiyyətin
diqqətinə çatdırıldı. Yeni birinci katib
bütün təşkilatları dövlət və əmək
intizamını möhkəmlətməyə, respublikada mənəvi-psixoloji
mühiti sağlamlaşdırmağa istiqamətləndirdi. Heydər Əliyev 1969-1970-ci illərdə
keçirilən Azərbaycan KP MK-nın bütün
plenumları, fəallar yığıncaqları və
başqa toplantılardakı məruzə və
çıxışlarında ardıcıl olaraq təsərrüfat
və mədəni quruculuq məsələlərini təhlil
edir və yeni vəzifələr qarşıya qoyurdu. Məhz
həmin illər Azərbaycanın iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi
həyatında dönüş mərhələsi oldu. Dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi,
ciddi nizam-intizamın yaradılması, kadr dəyişikliklərinin
həyata keçirilməsi, işgüzar mühitin
sağlamlaşdırılması sahəsində məqsədyönlü
tədbirlər qarşıya qoyulan yüksək vəzifələrin
yerinə yetirilməsinə lazımi şəraiti təmin
edirdi.
Heydər Əliyevin Azərbaycana
birinci rəhbərliyi dövrü respublika həyatının
bütün sahələrində, sözün həqiqi mənasında,
inqilabi sıçrayış mərhələsi kimi tarixə
düşmüşdür. Əgər sovet hakimiyyətinin
bütün əvvəlki 50 ilində (1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard
rubl (ildə orta hesabla 280 milyon rubl) sərmayə
qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər)
bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4
milyard rubl), yəni ildə 10 dəfəyə yaxın
çox vəsait sərf olunmuş, yüzlərlə yeni sənaye müəssisəsi tikilərək istifadəyə
verilmişdir. 1969-cu ildə sənaye obyektlərinin sayı
735 olmuşsa, 1982-ci ildə bu rəqəm 1048-ə
çatmışdı. O dövrdə həm Bakıda, həm
də Azərbaycanın digər şəhərlərində
və rayon mərkəzlərində çox sayda sənaye
müəssisəsi işə
salındı. Bakı Kondisionerləri Zavodu, “Ozon”
Elm-İstehsalat Birliyi, Elektron Hesablayıcı Maşınlar
Zavodu, Dərin Özüllər Zavodu, Sumqayıt Kompressor
Zavodu, Üst Trikotaj Fabriki, Gəncə Əlvan Metallar
Emalı Zavodu, Naxçıvan Şüşə Qablar Zavodu,
Əli Bayramlı Məişət Cihazları Zavodu və
1970-80-ci illərdə Heydər Əliyevin əməyi sayəsində
işə başlamış yüzlərlə digər
sənaye obyekti hesabına Azərbaycanın ixrac potensialı
kifayət qədər yüksəlmişdi. Həmin illərdə
respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı
məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi.
Heydər Əliyevin təşəbbüsü
ilə SSRİ hökuməti respublikada aqrar sahənin hərtərəfli
və intensiv inkişafını nəzərdə tutan bir
neçə xüsusi qərar qəbul etmişdir. Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1970-ci illərdə
Azərbaycanda kənd təsərrüfatı
istehsalının artırılması və intensivləşdirilməsi,
bu sahənin daha da ixtisaslaşdırılması,
üzümçülük və şərabçılığın
inkişaf etdirilməsi, irriqasiya və meliorasiya obyektlərinin
tikilməsi barədə qərarları respublikaya
ümumittifaq büdcəsindən böyük miqdarda əlavə
vəsaitin ayrılmasına şərait yaradırdı.
Sosial-iqtisadi inkişafa təkan verən və Azərbaycan
xalqının mənafeləri baxımından böyük əhəmiyyətə
malik olan həmin qərarların və digər tədbirlərin
həyata keçirilməsi sayəsində aqrar sektorda məhsul
istehsalı 2 dəfədən çox artmışdı.
Həmin illərdə Azərbaycan
keçmiş SSRİ-nin ən böyük
üzümçülük respublikasına çevrildi.
Üzüm istehsalı 1969-cu ildəki 272 min tondan 1980-ci ildə
1 milyon 481 min tona çatdırıldı, respublika şərabçılıqdan
yüksək mənfəət götürməyə
başladı. Pambıqçılığın
sürətlə inkişafı məhsul
yığımını 1970-ci ildəki 335, 6 min tondan 1982-ci
ildə bir milyon tona qədər artırmağa imkan verdi. Meyvə-tərəvəz
istehsalı isə 1970-ci ildəki 410 min tondan 1982-ci ildə
850 min tona yüksəldi.
1970-ci illərdə Azərbaycanda
meliorasiya infrastrukturunun inkişafı sahəsində ciddi tədbirlər
görüldü. Nəticədə yeni əkin sahələri
dövriyyəyə cəlb edildi, aqrar sahədə məhsuldarlıq
yüksək səviyyəyə çatdı. Həmin illər
Baş Mil, Ciqar-Cibar, Abşeron, Lənkəran kanalları,
Araz su qurğusu, Arpaçay, Sərsəng, Yuxarı
Xanbulançay, Sirab, Şəmkir, Köndələnçay
və digər dəryaçalar tikilib istifadəyə verildi.
1969-1982-ci illər Azərbaycanda milli gəlir
2,5, əmək məhsuldarlığı 2, istehlak
mallarının istehsalı isə 3 dəfə artdı. Bu
illər ərzində istehsal olunmuş sənaye məhsulunun
həcmi əvvəlki 50 ilin istehsal həcminə bərabər
idi.
Beləliklə, ölkənin
sosial-iqtisadi həyatında sürətli tərəqqi
baş verdi, Azərbaycan ümumilikdə SSRİ miqyasında
birinci üçlüyə yüksələrək
özünü dolandıran və mərkəzi büdcəyə
donorluq edən qabaqcıl aqrar-sənaye respublikasına
çevrildi. Bu potensial, xüsusilə də neft-qaz
emalı, maşınqayırma və emal müəssisələri
sonralar müstəqilliyin çətin illərində Azərbaycan
iqtisadiyyatının yenidən qurulması üçün
baza rolunu oynadı.
Milli-mənəvi özünüdərkin
yüksəlişi və milli ideyanın gerçəkləşməsi
uğrunda
Heydər Əliyev respublikaya rəhbərlik
etdiyi ilk dövrdə azərbaycançılıq məfkurəsinin
möhkəmlənməsi, milli ruhun, milli-mənəvi
özünüdərkin, mədəniyyətin yüksəlişi,
xalqın tarixi yaddaşının özünə
qaytarılması istiqamətində mühüm işlər
görmüşdür. Keçmiş
SSRİ-də, sovet və partiya həyatında hakim olan
bütün normalara, marksizm-leninizm ideologiyasının tələblərinə
rəğmən Heydər Əliyev standart stereotiplərdən
kənara çıxmağı, mövcud sistemin
qaydalarını formal şəkildə pozmadan yeniliklər
etməyi bacarırdı. O illərdə Azərbaycan xalqı
öz dilini, ədəbiyyatını, tarixini, zəngin
milli mədəniyyətinin rəngarəngliyini və
çoxcəhətliliyini sanki təzədən qavrayır və
yenidən qiymətləndirirdi. Elə buna görə də
Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci
dövrünü milli özünüdərkin oyanmasında
yeni mərhələnin başlanğıcı kimi qəbul
etmək lazımdır.
Heydər Əliyev sovet dövründə
Öz milli-mənəvi dirçəliş
konsepsiyasını əməli siyasət məcrasında
gerçəkləşdirmək üçün olduqca təsirli
vasitələrdən istifadə etmişdir. Məsələn,
belə səmərəli üsullardan biri kimi, Azərbaycanın
görkəmli şəxsiyyətlərinin həyat və
yaradıcılığının təbliğ
olunmasını göstərmək olar. Ulu Öndər
onların yubileylərinin müntəzəm qeyd edilməsi, əsərlərinin
nəşri, ev-muzeylərinin yaradılması kimi məsələlərə
xüsusi önəm verirdi. Bu, imkan verirdi ki, Azərbaycanın
tanınmış simalarının xalqın taleyüklü
problemləri, keçmişi və gələcəyi ilə
bağlı olan mühüm konseptual fikirləri üzə
çıxarılsın, sistemləşdirilsin və nəticədə
milli düşüncənin güclənməsinə,
böyüməkdə olan nəslin
dünyagörüşünün formalaşmasına xidmət
etsin. Heydər Əliyevin bilavasitə təşəbbüsü
və iştirakı ilə Azərbaycanda və
keçmiş SSRİ-nin paytaxtı Moskvada tanınmış
ədəbiyyat, incəsənət və elm xadimlərinin
yubileyləri keçirilmiş, onların fəaliyyəti
yüksək dövlət mükafatlarına və fəxri
adlara layiq görülmüş, abidələri
ucaldılmışdır. Bəziləri elə
düşünə bilər ki, həmin dövrdə bu adi və
asan məsələ idi və başqa müttəfiq
respublikalarda da Moskvanın tapşırığı ilə həmin
addımlar atılırdı. Əslində isə belə
deyildi. Bunun üçün respublikaya rəhbərlik
edən şəxsin öz xalqının milli-mənəvi
dünyasına və tarixinə dərindən bələd
olması və onu milli ideya ətrafında birləşdirmək
kimi ali məqsədə xidmət etmək niyyəti, qətiyyətli
fəaliyyəti mühüm şərtdir. Heydər
Əliyevi respublikanın əvvəlki rəhbərlərindən
fərqləndirən və Onu Ümummilli Lider səviyyəsinə
ucaldan əsas cəhət də məhz budur. Bu fikri Azərbaycanın
görkəmli şəxsiyyətlərinə münasibətdə
daha aydın izah edə bilərik. Məsələn,
Cəfər Cabbarlı 1934-cü ildə vəfat etsə də,
1980-ci ilə qədər onun Bakıda nə abidəsi, nə
də ev-muzeyi var idi. Üzeyir Hacıbəyli 1948-ci ildə,
Bülbül 1962-ci ildə, Səməd Vurğun 1956-cı
ildə vəfat etmişlər. Lakin xalqımızın
tanınmış hər üç mədəniyyət
xadiminin ev-muzeyi yetmişinci illərdə
açılmışdır. Molla Pənah Vaqifin Şuşa
şəhərindəki əzəmətli məqbərəsi
də 1981-ci ildə tikilib başa
çatdırılmışdır. Bakıda Cəlil Məmmədquluzadənin,
Məmməd Səid Ordubadinin, Müslüm Maqomayevin ev-muzeylərinin
açılması barədə qərarlar da 1981-82-ci illərdə
qəbul edilmişdir.
Bəs nə üçün o vaxta qədər
bu işlər görülməmişdi? Ulu Öndər
sonralar müsahibələrinin birində bu məsələlərdən
danışarkən özünəməxsus müdrikliklə
demişdi: “Əlbəttə, Azərbaycan, Bakı
üçün bu, adi bir şey idi. Sadəcə olaraq bunu
düşünən yox idi”. Bəli, məhz düşünən
yox idi. Başqa sözlə desək, söhbət təkcə
həmin görkəmli şəxsiyyətlərin xatirəsini
əbədiləşdirməkdən getmirdi. Həm
də məqsəd onların yaradıcılığı
vasitəsilə azərbaycanlıların milli şüuruna,
tarixi yaddaşına və mənəvi dünyasına təsir
göstərərək dövlətçilik
duyğularının sönməsinə imkan verilməməsindən
ibarət idi. Məsələ bundadır ki, bu yolda bəzən
çətin qərarlar da vermək lazım gəlirdi. Ola bilər ki, yuxarıda qeyd edilən şəxsiyyətlərlə
bağlı hər hansı müsbət işin görülməsi
Ulu Öndərin də qeyd etdiyi kimi “adi bir şey”, sadəcə
barəsində düşünmək kifayət edəcək
bir məsələ idisə, Hüseyn Cavidin qəbrini
tapıb nəşinin qalıqlarını Azərbaycana
gətirmək o qədər də asan iş deyildi.
Çünki həmin dövrdə repressiya qurbanlarına
münasibət kökündən dəyişməmişdi.
H.Cavidin əsərləri çap olunmağa, teatrlarda
göstərilməyə başlasa da, “millətçi”,
“pantürkist” damğaları hələ də üstündən
tam götürülməmişdi. Ulu Öndər
Heydər Əliyev H.Cavidin nəşinin Vətənə gətirilməsi
və dəfni ilə bağlı da olduqca müdrik addım
atdı. O, sonralar xatırlayırdı: “Şairin qızı
Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri
xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid
Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy
tarix aydın etsin hansı təklif daha düz olub! Fəxri
xiyabanda yan-yana yatan dahilər çoxdur, lakin Naxçıvan
torpağında onun qəbri ziyarətgaha çevriləcək.
Mən belə fikirləşdim ki, Cavidin qəbri üzərində
Nizaminin, Vaqifin məqbərəsi kimi məqbərə
tikilsin. Bundan qabaq isə biz Naxçıvanda onun ev-muzeyini
açmışdıq. Zənnimcə, bu, tək
xeyirxahlıq deyil, mənim Öz xalqım
qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə
inanmışdısa, öz taleyini mənə
tapşırmışdısa, mən onun haqqında
düşünməli idim”.
Ulu Öndər yaradıcı ziyalılar
üçün sərbəst düşüncə və
iş şəraitinin təmin olunmasına
çalışırdı. O, yaxşı başa
düşürdü ki, milli özünüdərk prosesi
onların fəaliyyətindən çox asılıdır. Onun köməyi ilə 1969-cu ildə “Qobustan”
almanaxı nəşr edilməyə başladı. Qədim Gəncə
şəhərinin adının yaşaması
üçün “Yeni Gəncə” adlı rayon
yaradıldı. Heydər Əliyev ilk dəfə “İran Azərbaycanı”
əvəzinə “Cənubi Azərbaycan” siyasi-coğrafi
termininin dövriyyəyə buraxılmasına nail oldu.
Cənubi Azərbaycanla birlik, həsrət hisslərinin ədəbi
ifadəsinə geniş imkanlar yaratdı. Bunun bariz nümunəsi
kimi 1979-cu ildə Azərbaycan Yazıçılar
İttifaqının Cənubi Azərbaycan üzrə katibi
postu təsis edilməsini xatırlamaq kifayətdir.
Heydər Əliyev Azərbaycana
birinci dəfə rəhbərliyə başladığı
ilk günlərdən xalqın tarixinə, ana dilinə
hörmət ifadə edən cəsarətli addımlar
atmaqdan çəkinmirdi. 1969-cu ildə bəziləri Azərbaycan
tarixini saxtalaşdıraraq Bakı Dövlət Universitetinin
açılmasını Azərbaycan Xalq Cümhuriyyətinin xidməti kimi deyil, respublikamızda sovet hakimiyyətinin
qurulmasının nəticəsi kimi qələmə verməyə
çalışır, müxtəlif bəhanələr gətirərək
universitetin 50 illik yubileyini 1970-ci ildə, yəni Azərbaycanda
sovet hakimiyyəti qurulmasının yubileyi ilə bir vaxtda qeyd
etmək istəyirdilər. Lakin Heydər Əliyev buna
imkan vermədi və universitetin 50 illiyini 1969-cu ildə qeyd etmək
barədə qərar qəbul etdi. O, 1969-cu il noyabrın 1-də
Bakı Dövlət Universitetində keçirilən yubiley mərasimində
Azərbaycan dilində nitq söylədi. Bu həmin dövr
üçün görünməmiş hadisə idi. O vaxta qədər
respublikanın bütün rəhbərləri rəsmi
toplantılarda yalnız rus dilində çıxış
edirdilər.
Heydər Əliyev hesab edirdi ki, milli ruhun
yüksəlişinə təkan verən əsas şərtlərdən
biri məhz ana dilidir. O, ana dilinin cəmiyyətin
daxili institusional quruluşuna və konsolidasiyasına təsirini
lazımınca qiymətləndirir, Azərbaycan dilinin dövlət
dili səviyyəsində təsbit olunması ilə
yanaşı, cəmiyyət həyatının bütün
sahələrində geniş istifadə edilməsinə
çalışırdı. Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan tarixinə və ana dilinə aid
araşdırmalar yüksək dövlət
mükafatlarına layiq görülür, tədqiqatçılar
bu sahələrdə daha səylə işləməyə həvəsləndirilirdilər.
Bu bir həqiqətdir ki, Ulu Öndərin
yorulmaz fəaliyyəti sayəsində Azərbaycan dilinin cəmiyyətdə
dominant rolunun təmin edilməsi milli məfkurənin
formalaşmasına, milli dövlətçilik
ideyasının güclənməsinə və gələcəyin
müstəqil Azərbaycanının yaradılmasına
həlledici təsir göstərmişdir.
Xalqın gələcəyini düşünən
lider
Ümummilli Liderin Azərbaycana rəhbərliyinin
birinci dövründə diqqət ayırdığı ilk məsələlərdən
biri də təhsil və yüksəkixtisaslı kadrların
yetişdirilməsi olmuşdur. 70-ci illərədək
respublikadan SSRİ-nin başqa şəhərlərinə ildə
cəmisi 50 nəfər tələbə göndərilirdi,
onların da əksər hissəsi qeyri-azərbaycanlılar
idi. Həmin mütəxəssislərin
çox az qismi sonra Azərbaycana qayıdırdı. Heydər
Əliyev bu məsələnin Mərkəzi Komitənin nəzarətinə
götürülməsi barədə tapşırıq verdi,
SSRİ-nin başqa şəhərlərinin, xüsusən
Moskvanın, Leninqradın ali məktəblərinə
göndərilən gənclərin sayının ilbəil
artırılmasını və əksəriyyətinin azərbaycanlı
olmasını tapşırdı. Beləliklə, 1975-ci ildə
SSRİ-nin müxtəlif şəhərlərinə 400 tələbə,
1978-ci ildən isə 50-dən çox şəhərin ali məktəbinə
ildə 800 nəfər tələbə göndərildi.
Əslində bu, Azərbaycanın bir ali məktəbinin qəbuluna
bərabər idi. Heydər Əliyev hər il başqa şəhərlərin
ali məktəblərinə yollanan gənclərlə
respublikanın partiya-sovet fəallarının
görüşünü keçirir, onların
qarşısında çıxış edirdi.
Həmin illər respublikanın ali və orta
ixtisas təhsili şəbəkəsi də genişləndirilmiş,
5 yeni ali məktəb, onlarla texnikum
açılmışdı.
Hərbi təhsilin inkişafına da xüsusi
diqqət yetirilirdi. O illərdə hazırlanmış
yüksəkixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan
dövlətinin ordusunun qurulması və möhkəmləndirilməsinə
öz töhfələrini verdilər. Xatırladaq
ki, 1970-1971-ci illərdə respublikanın rayonlarına hərbi
komissar göndərməyə azərbaycanlı zabit
tapılmırdı. Orduda azərbaycanlı generalların,
zabitlərin sayı həddindən artıq az idi. Ümummilli
Lider sonralar Onu həddindən artıq qayğılandıran
bu məsələ barədə deyirdi: “Çar dövründə
müsəlmanlar orduya çağırılmırdılar, hətta
elə bir vaxtda rus ordusunda bizim Əliağa Şıxlinski,
Mehmandarov kimi generallarımız var idi. Niyə indi başqa millətlərin
marşalı, generalları var, bizim isə yox?” Heydər
Əliyev bu problemi də ardıcıl və sistemli şəkildə
həll etdi. SSRİ-nin ali hərbi məktəblərinə
azərbaycanlı gənclərin çoxlu sayda göndərilməsi
üçün hərbi təmayüllü xüsusi internat
məktəbi yaradıldı. Məktəbə
qəbul olunanların əksəriyyəti azərbaycanlılar
idi. Onlar 3 il oxuyub orta təhsil
alır, hərbi hazırlıq keçir, rus dilini mənimsəyir,
sonra isə müvəffəqiyyətlə ali hərbi məktəblərə
qəbul olunurdular. Məktəbə 1937-ci ildə
repressiya olunaraq güllələnmiş general Cəmşid
Naxçıvanskinin adı verildi. Heydər Əliyev hər
il Mərkəzi Komitənin Büro
üzvləri ilə bərabər həmin məktəbə
gedir, vəziyyətlə tanış olur və kollektiv
qarşısında çıxış edirdi. Ulu Öndər
sonralar o unudulmaz anları fəxrlə yada salaraq deyirdi:
“Çox sevinirdim ki, onun məzunları - azərbaycanlılar
zabit olurlar, sovet ordusunda qulluq edirlər. Əgər
Azərbaycan öz suverenliyi, tam azadlığı barədə
fikirləşirsə, o, ilk növbədə öz milli
ordusu, milli zabitləri barədə fikirləşməlidir.
Mən bunların hamısını
düşünürdüm”.
Heydər
Əliyev Bakıdakı Azərbaycan SSR Ali Soveti adına Hərbi Məktəblə də
bağlı vəziyyəti nəzarətə
götürdü: “Aydınlaşdırdıq ki, hər il qəbul
olunan 350 nəfər kursantın ancaq 10-15 nəfərini azərbaycanlılar
təşkil edir. Xətai rayonu ərazisində Kirov adına Ali Hərbi Dəniz Donanması məktəbi
var, özü də ölkədə olan Ali Dəniz
Donanması məktəbləri arasında fərqlənir. Burada xarici tələbələr də oxuyurlar.
Məktəbə ildə bir, ya iki azərbaycanlı
qəbul olunurdu. Biz bu sahədə də
lazımi tədbirlər gördük. Azərbaycanın
ərazisində olan bu iki ali hərbi məktəbə
qəbul olunan azərbaycanlıların sayını bir
neçə dəfə artırdıq. Ümumiyyətlə,
1980-81-ci illərdə hər il ölkənin
ali hərbi məktəblərinə ildə 800 nəfərdən
çox gənc azərbaycanlı göndərməyə nail
olduq. Tarixdə ilk dəfə Bakı Ali Hərbi
Məktəbinə rəis azərbaycanlı - general Bərşadlı
təyin olundu. Xəzər Hərbi Dəniz
Donanmasının Komandanı isə azərbaycanlı admiral
Qasımbəyov oldu. 1967-70-ci illərdə
azərbaycanlılardan Hüseyn Rəsulbəyov adlı bircə
general-leytenant rütbəli adamımız vardı. O,
Bakı hərbi hava müdafiəsi dairəsində raket
qoşunlarına komandanlıq edirdi. Sonra isə
ordu sıralarında azərbaycanlı generalların sayı
artdı. Tofiq Ağahüseynov Bakı Hərbi
Hava Müdafiəsi Dairəsi rəisinin birinci müavini təyin
edildi. O, azərbaycanlıların içərisində ən
yüksək hərbi rütbə - general-polkovnik rütbəsini
almağa layiq görüldü”.
Heydər Əliyev hərbi-vətənpərvərlik
hisslərinin gücləndirilməsi, eyni zamanda azərbaycanlıların
qəhrəmanlığı və hərbi şücaətlərinin
təbliği istiqamətində böyük işlər
görürdü. O, İkinci Dünya müharibəsində Azərbaycanın
və xalqımızın oynadığı rolun
düzgün qiymətləndirilməsinə
çalışırdı. 1970-ci illərdə
Heydər Əliyevin təşəbbüsü ilə
Taqanroqda 416-cı Azərbaycan diviziyasının şərəfinə
möhtəşəm xatirə ansamblı, Sevastopolda Sapun Qora
ərazisində 77-ci Azərbaycan diviziyasının şərəfinə
isə böyük abidə ucaldılmışdı. Heydər Əliyev Bakı şəhərinin, Azərbaycan
neftçilərinin nasizm üzərində qələbədə
həlledici rol oynadığını və bu faktın
dünya miqyaslı tarixi əhəmiyyət
daşıdığını SSRİ rəhbərliyi tərəfindən
qəbul edilməsinə çalışmış, 1978-ci
ildə Bakının “Lenin” Ordeni ilə təltif edilməsinə
nail olmuşdu.
Qısa müddət ərzində qazanılan
böyük uğurlar Sovet İttifaqı miqyasında da diqqəti
cəlb etmiş və Azərbaycan rəhbərinin şəxsiyyətinə
marağı artırmışdı. Təsadüfi deyil ki,
Heydər Əliyev 1976-cı ildə daha yüksək siyasi
statusa layiq görülərək Sov.İKP MK Siyasi
Bürosunun üzvlüyünə namizəd
seçilmişdi. Bu isə Onu bir sıra
digər müttəfiq respublikaların
başçılarından fərqləndirirdi. Ulu
Öndər sonralar bildirirdi ki, O, bu üstünlükdən
Öz xalqının mənafeyi üçün səmərəli
istifadə etmişdir: “SSRİ Nazirlər Sovetindəki əlliyə
yaxın nazirdən hansına telefon etsəydim, Azərbaycan
üçün hər hansı mühüm işin
görülməsi onlar üçün əmr
sayılırdı. Bu şəraitdən Azərbaycan
üçün istifadə etdim”.
Bütün
varlığı ilə doğma diyara bağlı rəhbər
1982-ci
ilin sonlarında Heydər Əliyev Sov.İKP MK-nın Siyasi
Büro üzvü seçildikdən və SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini təyin olunduqdan sonra da
iş yükünün ağırlığına, 60-dan
çox sahəyə cavabdehlik daşımasına baxmayaraq,
Azərbaycanla daim yaxından maraqlanmış, respublikanın
sosial-iqtisadi, mədəni və digər sahələrdə tərəqqisi
naminə əlindən gələn köməyi əsirgəməmişdir.
Heydər Əliyev Moskvada olduğu dövrdə
neft-qaz sənayesinin və digər sahələrin
inkişafına diqqət yetirir, mühüm obyektlərin
maliyyələşdirilməsi üçün SSRİ
Dövlət Plan Komitəsi qarşısında məsələ
qaldırırdı. Nəticədə,
1985-ci ildə “Çıraq”, 1987-ci ildə “Azəri”
yatağı kəşf edildi. Təməli
hələ 1978-ci ildə qoyulan Dərin Özüllər
Zavodu onun köməyi sayəsində 1984-cü ildə
istismara verildi və 1986-cı ildə isə layihə
gücünə çatdırıldı. Bundan əlavə,
Azərbaycanın şimal-qərb bölgəsini mərkəzi
nəqliyyat şəbəkəsi ilə bağlayan 160 kilometr
uzunluğunda və ən çətin sahədən keçən
Yevlax-Balakən dəmir yolu Ulu Öndərin birbaşa
qayğısı ilə çəkilib, 1985-ci ildə istifadəyə
verildi. Həmin xəttin tikintisi zamanı burada
yeni stansiyalar, yaşayış evləri, uşaq
bağçaları, məktəblər inşa edildi.
Heydər Əliyev Bakı metrosunun inkişafı istiqamətində
əvvəlki illərdə başlanılan işlərin
davam etdirilməsini Öz nəzarətində
saxlayırdı. 1985-ci ilin dekabrında “Elmlər Akademiyası”,
“İnşaatçılar”, “XI Qızıl Ordu” (indiki “20
Yanvar”) və “Memar Əcəmi” stansiyaları istifadəyə
verildi.
Su nəqliyyatı infrastrukturu da diqqətdən kənarda
qalmadı. 1985-ci ildə Xəzərdə yeni bərə
keçidi açıldı. Bu bərə
Azərbaycanı Qazaxıstanla birləşdirdi. Dənizə “Sovet Dağıstanı” və “Sovet
Tacikistanı” gəmiləri gətirildi. Ümumiyyətlə,
həmin dövrdə Xəzər dəniz gəmiçiliyində
donanmanın üçdəbiri təzələndi.
Heydər Əliyev bütün imkanlardan istifadə edərək
Azərbaycan mədəniyyətinin xaricdə
tanıdılmasına və beynəlxalq mədəni əlaqələrinin
yaradılmasına dəstək verirdi. Həmin
dövrdə bir sıra beynəlxalq konfrans, simpozium, dekada və
yarmarkalar Bakıda keçirilirdi. Dünyanın
məşhur aktyorları, rejissorlar və digər incəsənət
mütəxəssisləri Bakıya ezamiyyətə gəlir,
azərbaycanlı sənətkarlarla mədəni mübadilə
edirdilər. Bakıda beynəlxalq kino həftələrinin
keçirilməsi isə artıq ənənəvi xarakter
almağa başlamışdı. 1983-cü ildə Azərbaycanın
paytaxtında Danimarka, 1984-cü ildə Hindistan, 1986-cı ildə
Misir, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, 1987-ci ildə
isə Çin kino filmləri həftələri
keçirilmişdi.
Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin
birinci müavini təyin edilməsi onun Azərbaycan səhiyyəsinə
olan nəzarətini, diqqətini daha da
artırmışdı. Ulu Öndər sonralar bu dövrü belə
xatırlayırdı: “Mən Azərbaycana rəhbərlik
etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum
illərdə daim səhiyyə ilə, tibb elmi ilə
yaxın olmuşam, ona qayğı göstərmişəm və
hesab edirəm ki, çox işlər görmüşəm. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm
ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin,
başqalarının yaranmasında, inkişaf etməsində
çox səylərim olmuşdur”.
Ulu Öndərin bu illər ərzində doğma Vətəni,
yurdu naminə gördüyü işlərin
hamısını bir məqalədə əhatə etmək,
bütün məsələlərin dərin təhlilini vermək
mümkün deyildir. Lakin elmi şəkildə sübut
olunmuş həqiqət ondan ibarətdir ki, Heydər
Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə
xalqın qədim ənənələrə malik dövlət
idarəçiliyi mədəniyyəti yenidən dirçəldilmiş,
milli-mədəni oyanışda böyük dönüş
başlanmış və gələcəkdə müstəqil
dövlətçiliyin bərpası üçün əsaslı
iqtisadi-mədəni zəmin hazırlanmışdır.
Ulu Öndərin sovet dövründəki fəaliyyətinin
başlıca əhəmiyyəti ondan ibarətdir ki, ilk
növbədə, milli özünüdərk prosesi sovet
ideoloji sisteminin buxovlarına baxmayaraq ardıcıl davam
etdirilmişdir. Digər tərəfdən,
həmin illərdə baş vermiş dəyişikliklərin
vüsəti, ictimai və iqtisadi sahədə
aparılmış köklü islahatlar və xalqın maddi
rifahının keyfiyyətcə yeni səviyyəyə
yüksəlməsi müstəqil Azərbaycanın
yaranmasına aparan tarixi yolun salnaməsində ən parlaq səhifələrdir.
Tam inamla demək lazımdır ki, indiki mərhələdə
Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi,
xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə
genişlənməsi və dünya iqtisadi sistemində öz
yerini getdikcə möhkəmləndirməsi həm də
1970-80-ci illərin əvvəllərində təməli
Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulmuş potensiala əsaslanır.
Azərbaycan xalqı və dövləti Ulu Öndər
Heydər Əliyevin zəngin irsinə böyük hörmətlə
yanaşır, onu qoruyur və ondan bəhrələnir. Bu gün
Ümummilli Liderin siyasi xəttini yaradıcılıqla davam
etdirən Prezident İlham Əliyev Azərbaycan
Respublikasının müstəqil dövlətçilik
tarixinə yeni şanlı səhifələr yazır.
Əli Həsənov
Yeni Azərbaycan.- 2019.- 12 iyul.- S.-3