Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Kannda Azərbaycan mədəniyyəti
günləri başlayıb
Heydər Əliyev
Fondunun, Fransadakı səfirliyimizin və Kann şəhər meriyasının təşkilatçılığı
ilə dünya şəhəri adlandırılan
Kannda Azərbaycan mədəniyyəti günləri
başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Fondunun Kann Festivallar və Konqreslər Sarayı yaxınlığındakı
“Dəniz Vağzalı”
(Gare maritime) sərgi pavilyonunda “Yeni kəşflər: Azərbaycan xalçaçılığında
yeni motivlər” adlı xalça sərgisinin açılışı
olub.
Sərginin açılışında
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Kann şəhər merinin müavini Frank Şıkli çıxış
ediblər.
Anar Ələkbərov
Heydər Əliyev Fondunun fəaliyyəti və həyata keçirdiyi layihələr
haqqında məlumat verib. O, Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin
dünyada tanıdılması
istiqamətində verdiyi
töhfələrdən, Fondun
müxtəlif ölkələrdə,
eləcə də Fransada həyata keçirdiyi irimiqyaslı
humanitar, sosial layihələrdən və
tarixi abidələrin
restavrasiyasına verdiyi
töhfələrdən danışıb.
İcraçı direktor
Azərbaycan xalçaçılıq
məktəbinə, onun
tarixinə toxunaraq bu sərginin böyük əhəmiyyət
daşıdığını qeyd edib.
“Bir neçə
gün əvvəl Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası
keçirildi. Sessiyada
ölkəmiz üçün
çox mühüm bir qərar qəbul edildi. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Bu gün
Kann şəhərində
təqdim edilən sərgidə də məhz Şəki xalçaçılıq məktəbi
təqdim olunur. Fondun iki ildən çox müddətdəki
zəhmətinin bəhrəsi
olan bu sərgidə
Xalq rəssamı Eldar Mikayılzadənin Azərbaycan xalçalarının
Şəki qrupundan olan 13 xalça və xalça eskizləri nümayiş olunur”, - deyə A.Ələkbərov vurğulayıb.
O, sərginin ərsəyə
gəlməsində əməyi
olan hər kəsə, o cümlədən
sərgilənən xalçaları
ərsəyə gətirən
toxuculara, Kann şəhər meriyasının
əməkdaşlarına təşəkkürünü
bildirib.
Kannda artıq ənənəyə
çevrilmiş Azərbaycan
mədəniyyəti günlərinin
əhəmiyyətinə toxunan
Frank Şıkli bildirib ki, mədəniyyət
xəzinəmizin yaxından
tanınmasını təşviq
edən belə layihələr hər iki xalqın daha da yaxınlaşmasına,
ikitərəfli münasibətlərin zənginləşməsinə
töhfə verir. O, ölkəmizdə qədim
köklərə malik
ənənəmizin qorunub
saxlanılmasına göstərilən
qayğı və diqqətin şahidi olduğunu bildirib. Frank Şıkli Bakının ənənə
və innovasiyaların
vəhdəti olduğunu
vurğulayıb.
Qeyd edək
ki, “Dəniz vağzalı” pavilyonunda təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında
yeni motivlər” adlı sərgidə xalçaçı-rəssam, Xalq
rəssamı Eldar Mikayılzadənin Şəki
qrupuna aid 13 xalça eskizi, onların əsasında toxunan xalçalar və texniki rəsmlər nümayiş
etdirilir. E.Mikayılzadə
yeni Şəki qrupuna aid xalça
eskizlərində Şəki
Xan Sarayı və Şəkixanovlar evindəki divar rəsmlərinə, şəbəkələrə
müraciət edib.
Avqustun 18-dək davam edəcək sərgi çərçivəsində
bu layihəyə həsr edilmiş fransız və ingilis dillərində kataloq ziyarətçilərə
təqdim olunacaq. Sərgiyə baxmağa gələn Kann şəhərinin sakinləri
və turistləri layihənin hazırlanmasına
dair sənədli filmlə də tanış ola biləcəklər.
Yeni Azərbaycan.-
2019.- 16 iyul.- S.3