Mənfur erməni terrorizminin növbəti
qanlı səhifəsi
Azərbaycan Xalq
Cümhuriyyəti dövründə daxili işlər naziri
olmuş Behbud Cavanşir 18 iyul 1921-ci il tarixində erməni
terrorçuları tərəfindən qətlə yetirilib
Tarixi
faktlar və reallıqlar göstərir ki, ermənilər
ayrı-ayrı dövrlərdə azərbaycanlılara
qarşı genişmiqyaslı qanlı aksiyaların altına
imza atıb, tarixi Azərbaycan torpaqlarına təcavüzkar
iddialarını daha da gücləndiriblər. Onlar bu məqsədlə
misli görünməmiş metod və vasitələrə
baş vurublar. Mənfur qonşularımızın
“böyük Ermənistan” yaratmaq ideyaları, eyni zamanda,
böyük güclərin maraqları ilə üst-üstə
düşüb. Bunun da nəticəsidir ki,
müxtəlif dövrlərdə ermənilər
xalqımıza qarşı fərqli-fərqli təhdidlərdən
məharətlə istifadə etməyə
çalışıblar ki, buraya da təbliğat, qondarma
“soyqırımı” iddiaları, torpaq tələbləri,
terror aktları, qətllər-qırğınlar və s.
daxildir.
Behbud Cavanşirin qətlə yetirilməsi:
tarixi faktlar nə deyir?
Tarix altında ermənilərin imzası olan
çoxsaylı terror aktlarına şahidlik edib. Xüsusilə
də, Azərbaycanın, Türkiyənin və Rusiyanın
bir çox dövlət xadimlərinə qarşı həyata
keçirilmiş teraktlar erməni vandalizminin və mənfur
xislətinin aşkar - əyani ifadəsidir. Azərbaycan
Xalq Cümhuriyyətinin ilk daxili işlər naziri vəzifəsində
çalışmış, İçərişəhərdə
ilk polis məktəbini yaratmış, Gəncədə ilk
polis orqanlarını qurmuş Behbud xan Cavanşirin 18 iyul
1921-ci il tarixində İstanbulda “Pera Palas” mehmanxanası
qarşısında Mişaq Torlakyan tərəfindən qətlə
yetirilməsi də bu kontekstdə
xüsusi vurğulanmalıdır. Əvvəla qeyd etmək
lazımdır ki, Mişaq Torlakyan “Daşnaksütyun”
partiyasının üzvü idi və 1918-ci ilin martında azərbaycanlılara
qarşı həyata keçirilmiş soyqırımında
xüsusi fəallıq göstərmişdi. Həmin qətllə
bağlı prosesin təfərrüatlarına nəzər
saldıqda bir sıra məqamlar xüsusilə diqqəti cəlb
edir. Həmin nüanslara nəzər yetirmək məqsədəmüvafiq
olar. O dövrdə İstanbul ingilis işğalı
altında olduğundan Torlakyan cinayət hadisəsindən 20
gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.
Qısa vaxtda ermənilər qatilin müdafiəsinə səfərbər
olunurlar. Behbud Cavanşir tərəfdən isə şahidlər
az idi - cəmi 6 nəfər. Lakin şahidlərin sayı
arasındakı kəskin fərqə baxmayaraq, ittiham
şahidləri bu cinayətin əsl mahiyyətinin
açılmasına, erməni qatilinin ifşa edilməsinə
nail olurlar. Behbud Cavanşirin qatili Mişaq Torlakyanın məhkəməsi,
təəssüf ki, erməni terrorçunun bəraət
alması ilə nəticələnir.
Qeyd edək ki, Behbud xan
Cavanşir nazir işlədiyi dövrdə Gəncə
quberniyasının 9 qəzasında polis orqanları təsis
edilmiş, Bakı erməni-daşnak və bolşevik qüvvələrindən
təmizlənmiş və Azərbaycan Xalq Cümhuriyyətinin
paytaxtı Gəncədən Bakıya köçmüşdü.
Daxili İşlər Nazirliyi “Metropol” mehmanxanasının
binasında fəaliyyətə başlamışdı və
ölkənin asayişinin təmin olunması üzrə
işlər buradan idarə olunurdu. Behbud xan
Cavanşirin nazirliyə rəhbərlik etdiyi dövrdə
ölkədə qanunvericiliyi və vətəndaş təhlükəsizliyini
təmin etmək məqsədilə bir sıra mühüm
işlər görülmüşdü. 1918-ci il oktyabrın
6-da Azərbaycan hökumətinin tərkibində kabinetdaxili dəyişikliklərdən
sonra Behbud xan Cavanşir daxili işlər naziri olmaqla
yanaşı, həm də ticarət və sənaye naziri vəzifəsini
yerinə yetirib. O, bu vəzifədə yerli sənayenin
inkişaf etdirilməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin
xarici ölkələrlə əlaqələrinin
yaradılmasına təşəbbüs göstərib.
“Nemezis əməliyyatı” adlı silsilə
terror aktlarının nəticələri erməni millətçilərinin
gerçək simasını - vandal obrazını dünyaya
nümayiş etdirir
Tarixi mənbələrdə də
əks olunduğu kimi, erməni terrorçuları tərəfindən
Behbud xan Cavanşirlə yanaşı, Xalq Cümhuriyyətinin
tanınmış dövlət xadimləri Fətəli xan
Xoyski, Nəsib bəy Yusifbəyli və Həsən bəy
Ağayev, türk generalı Camal Paşa, keçən əsrin
ortalarında dünyanın müxtəlif ölkələrində
neçə-neçə türk diplomatı da qətlə
yetirilib. Xüsusilə də, “Daşnaksütyun”
partiyasının keçirdiyi “Nemezis əməliyyatı”
adlı silsilə terror aktlarının nəticələri
erməni millətçilərinin gerçək
simasını - vandal obrazını bütün
çılpaqlığı ilə ortaya qoyur. Xatırladaq
ki, “Nemezis əməliyyatı”nın məqsədi qondarma “erməni
soyqırımı”nı və guya Bakıda 1918-ci ildə erməni
əhalisinin qətlini təşkil etmiş şəxslərdən
qisas alınması idi. Qətlə yetirilən şəxslərin
sırasında həm Osmanlı imperiyasının, həm də
Azərbaycan Xalq Cümhuriyyətinin keçmiş rəhbərləri
var idi. Xronologiyaya nəzər saldıqda dəhşətli
faktlar üzə çıxır. Belə ki, 19 iyun 1920-ci il
tarixində Tiflisdə Xalq Cümhuriyyətinin keçmiş
baş naziri Fətəli xan Xoyski qətlə yetirilir,
keçmiş ədliyyə naziri Xəlil bəy Xasməmmədov
isə yaralanır. Qətli erməni terrorçu Aram Yerkaryan
törədir, onunla birlikdə digər erməni Misak Kirakosyan
da olub. 1 ay sonra - 19 iyul 1920-ci ildə isə yenə Tiflisdə
Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən
bəy Ağayev qətlə yetirilir. Təqvim 15 mart 1921-ci il
tarixini göstərdikdə isə Berlin şəhərində
Osmanlı imperiyasının keçmiş daxili işlər
naziri və sədr-əzəm olmuş Tələt Paşa qətlə
yetirilir. Tarixi mənbələrdə də
vurğulandığı kimi, Tələt Paşanın
adı terrorçuların “qara siyahı”sında birinci gəlirdi.
Tələt Paşanın qatili Soqomon Teyleryan Berlin məhkəməsi
tərəfindən bəraət almış və
azadlığa buraxılmışdı. Növbəti terror
aktının ünvanı Roma olur. Belə ki, 5 dekabr 1921-ci
ildə Osmanlı imperiyasının keçmiş sədr-əzəmi
Səid Hilmi Paşa atla gəzinti zamanı qətlə
yetirilir. Qətli törədən Arşavir Şirakyanı həbs
etmək mümkün olmur, o, İstanbula qayıdır. Bu qətlin
təşkilatçıları sırasında Ermənistanın
Romadakı keçmiş səfiri Mikael Vartanyanın və
daha bir nəfərin adı çəkilir. 17 aprel 1922-ci ildə
Berlin şəhəri ermənilərin daha bir dəhşətli
terror aktına şahidlik edir. Keçmiş Trabzon valisi Camal
Əzim və “Təşkilati Məxsusə”nin
yaradıcısı Bahəddin Şakir ailəvi gəzinti
zamanı öldürülür, həmçinin onun
cangüdəni də sui-qəsd nəticəsində həyatını
itirir. Qatillər qismində Arşavir Şirakyan və Aram
Yerkanyan çıxış edirlər. 25 iyul 1922-ci il tarixində
isə Tiflisdə Osmanlı imperiyasının keçmiş
hərbi dəniz qüvvələri naziri Camal Paşa qətlə
yetirilir. Qətli Petros Ter-Poqosyan və Artaşes Qevorqyan
törədir, qətlin hazırlanmasında həmçinin
Zare Melik-Şaxnazaryan və Stepan Tsaqikyan iştirak edirlər.
Göründüyü kimi, “Nemezis əməliyyatı” silsilə
terror aktlarının fonunda dəhşətli faktlar ortaya
çıxır.
Ermənilər xalqımıza qarşı dəhşətli
soyqırımı aktları həyata keçiriblər
Ermənilərin xalqımıza qarşı
terror siyasəti həm də amansızlıqla törədilən
soyqırımı aktlarında özünü göstərir.
Başqa sözlə, ermənilər tarixin
müxtəlif dövrlərində terror və
soyqırımı kimi bəşəri cinayət aktları
törədib, xüsusilə də xalqımıza
qarşı müxtəlif cinayətlərə yol verib,
çoxsaylı günahsız insanların qətlinə və
soyqırımına yol açan cinayət əməlləri
həyata keçiriblər. Azərbaycanlılara qarşı
həyata keçirilən dəhşətli qətliamlar
sırasında 1905-1907-ci il qırğınları, həmçinin
1918-ci il 31 mart soyqırımını xüsusi vurğulamaq
lazımdır. Tarixdən bəlli olduğu
kimi, 1918-ci il mart ayının 30-da erməni kilsəsi
yanında toplaşan daşnak dəstəsi müsəlmanlara
ilk atəşi açıb. 31 mart tarixində
bolşevik-daşnak dəstələri azərbaycanlılar
yaşayan “Kərpicxana”, “Məmmədli” və başqa məhəllələrə
hücum ediblər. Erməni vandalları bu hücum nəticəsində
dəhşətli qətllər törədiblər. Bununla
yanaşı, azərbaycanlılara məxsus məktəblər,
kitabxanalar, mədəniyyət ocaqlarının hamısı
yandırılıb. Həmçinin
Bakının ən gözəl memarlıq abidələrindən
olan “İsmailiyyə” yandırılıb, “Açıq
söz”, “Kaspi”, “Baku” qəzetlərinin redaksiyaları, eyni
zamanda, “Təzə pir” məscidinin minarələri
dağıdılıb. 31 mart soyqırımı zamanı təkcə
Bakıda 12 mindən çox insan qətlə yetirilib.
Bu soyqırımının coğrafiyası yalnız Bakı
ilə məhdudlaşmır. Ermənilər Quba,
Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında
da soyqırımı aktını davam etdiriblər və minlərlə
soydaşımız xüsusi amansızlıqla qətlə
yetirilib. Azərbaycanlıların ermənilər
tərəfindən qətlə yetirilməsi, soyqırımına
məruz qalması sonrakı dövrlərdə də davam
edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər
Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər
qətlə yetirilib. 1930-cu illərə də diqqət
yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən
müxtəlif repressiyalar adı altında xalqımız
soyqırımına məruz qalıb. Bununla yanaşı,
xalqımıza qarşı soyqırımları törədən
mənfur qonşularımız öz çirkin niyyətlərini
reallaşdırmaq üçün istənilən fürsətdən
yararlanmağa çalışıblar. Bu istiqamətdə
növbəti addım ötən əsrin 60-cı illərində
atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan
Azərbaycana qarşı ərazi iddiaları ilə
çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ
Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə
edərək öz çirkin məqsədlərinə nail
olmağa çalışsalar da, Ulu Öndər Heydər
Əliyev buna imkan verməyib.
1988-ci ildən isə mənfur
qonşularımız yenidən fəallaşmağa
başlayıblar. SSRİ rəhbərliyinin
razılığı ilə Ermənistan Azərbaycana
qarşı ərazi iddiaları irəli sürüb,
işğalçılıq siyasətinə start verib və
bu gün həmin təcavüzün nəticələri davam
etməkdədir. Bundan başqa, ermənilər 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində
XX əsrin ən dəhşətli soyqırımlarından
birini törədiblər. Ermənistanın
silahlı qüvvələri keçmiş SSRİ
dövründən Xankəndi şəhərində yerləşən
366-cı motoatıcı alayın zirehli texnikası və hərbi
heyətinin köməyi ilə bu şəhəri viran edib,
azərbaycanlılara qarşı soyqırımı törədib,
bir günün içində yer üzündən silinən şəhəri tərk edən
2500 Xocalı sakinindən 63-ü uşaq, 106-sı qadın,
70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə
tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130
uşaq valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən
76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər
isə itkin düşüb.
Bütövlükdə, ermənilərin
azərbaycanlılara qarşı törətdiyi
soyqırımlarına dair faktlar bəşər tarixinin ən
qanlı səhifələrindən birini təşkil edir.
Şübhəsiz ki, Azərbaycan həqiqətlərinin, o
cümlədən xalqımıza qarşı həyata
keçirilmiş terror və soyqırımı aktları
haqqında reallıqların dünya ictimaiyyətinə
çatdırılması istiqamətində ardıcıl və
məqsədyönlü addımlar atılır. Məhz bunun
qanunauyğun nəticəsidir ki, ermənilərin
formalaşdırdıqları stereotiplər
dağıdılır, xalqımıza qarşı törədilmiş
qətllər bəşəriyyətə qarşı yönəlmiş
qanlı cinayət hadisəsi kimi səciyyələndirilir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.- 2019.- 18
iyul.- S.4