Azərbaycan milli maraqlara əsaslanan
müstəqil siyasət həyata keçirir
Milli Məclisin deputatı, Azərbaycanın
AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri,
professor Sahibə Qafarova www.yap.org.az saytına müsahibə
verib:
- Sahibə xanım, ötən həftə
Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin
Baş Qərargah rəisi Valeri Gerasimovun NATO-nun Avropada
Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod
Volters ilə növbəti görüşü keçirildi.
Belə bir mühüm görüşə
yenidən məhz Bakının ev sahibliyi etməsi beynəlxalq
mediada da yüksək qiymətləndirildi və bu faktın
Azərbaycanın qlobal təhlükəsizlikdə
oynadığı mühüm rolun göstəricisi olduğu
vurğulandı. Sizin bu məsələ ilə bağlı
fikirlərinizi bilmək maraqlı olardı...
- Bilirsiniz ki, Rusiya Silahlı Qüvvələrinin
və NATO-nun rəsmiləri Bakıda əvvəllər də
görüşüblər və müəyyən məsələlər
ətrafında müzakirələr aparıblar. Bu, Azərbaycanın
yüksək nüfuzunun göstəricisi olmaqla yanaşı,
həm NATO, həm də Rusiyanın ölkəmizə etibar
etdiyinin ifadəsidir. Dünyanın siyasi nəbzinin
yenə paytaxt Bakıda vurması Azərbaycana
çoxsaylı strateji dividendlər qazandırır.
Ümumilikdə isə, sülh və dialoq məkanı kimi
növbəti dəfə Bakının seçilməsi Azərbaycanın
beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran
amildir. Belə mühüm
görüşlərin Bakıda keçirilməsinin əsas
səbəblərindən biri Azərbaycan Prezidenti İlham
Əliyevin şəxsi nüfuzu və dövlətimizin
regional və qlobal proseslərdə aktiv rol alması ilə
bağlıdır. Çünki sabitlik və təhlükəsizlik
adası kimi xarakterizə edilən Azərbaycan regional və
beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa
müstəsna töhfələr verir. Bakı həmçinin
mühüm dialoq və əməkdaşlıq məkanı
kimi beynəlxalq miqyasda ciddi nüfuza malikdir.
Azərbaycan tərəfindən irəli sürülən
təşəbbüslər sivilizasiyalararası dialoqun
inkişafına, multikultural dəyərlərin,
tolerantlığın təbliğinə mühüm töhfələr
verir. Azərbaycan Şərq ilə Qərb arasında
körpü rolunu oynayır. Azərbaycan NATO-nun və Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının
üzvü deyil, amma ABŞ, Avropa və Rusiya ilə çox
yaxşı münasibətləri olan, onların hörmət
bəslədiyi ölkədir.
Azərbaycan milli maraqlara əsaslanan müstəqil
siyasət yeridir, ölkəmizin beynəlxalq mövqeyi
davamlı olaraq möhkəmlənir. Azərbaycan həm ikitərəfli
və çoxtərəfli münasibətlərini uğurla
inkişaf etdirir, həm də sivilizasiyalararası dialoqa,
regional və beynəlxalq təhlükəsizliyə
mühüm töhfələr verir. Başqa
sözlə, Azərbaycan Cənubi Qafqazın lider dövləti
kimi regionda və daha geniş coğrafiyada sabitləşdirici
rol oynayır, ölkəmizin moderatorluğu, liderliyi ilə
reallaşdırılan geostrateji əhəmiyyətli layihələr
regional və qlobal təhlükəsizliyə, beynəlxalq əməkdaşlığın
dərinləşməsinə əhəmiyyətli
töhfədir. Bununla yanaşı, ölkəmiz dünyada
sabitlik adası kimi tanınır, ölkəmizdə
etibarlı təhlükəsizlik mühiti hökm
sürür. Ona görə də paytaxt Bakı bir çox tədbirlər,
görüşlər üçün məkan kimi
seçilir. Xüsusilə də, qlobal güc mərkəzlərinin
hərbi rəhbərliyinin görüşünün
Bakıda keçirilməsi çox mühüm əhəmiyyətə
malikdir.
- Bu qəbildən olan mühüm tədbirlərdən
biri - UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyası da Bakıda ən yüksək səviyyədə
təşkil olundu. Bu tədbirin əhəmiyyəti və
UNESKO ilə Azərbaycan arasında münasibətlərin
mövcud vəziyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycanın UNESKO ilə əlaqələri
xüsusilə təqdirəlayiqdir. Respublikamızla bu təşkilat
arasında münasibətlərin də əhatə dairəsi
getdikcə genişlənir. Belə ki, Azərbaycan öz
imkanlarını təqdim edərək UNESKO
ideyalarının reallaşmasında daim fəal rol oynayır.
Eyni zamanda, qurum Azərbaycan həqiqətlərinin, ələlxüsus
da zəngin mədəniyyətimizin dünyada təbliğində
kifayət qədər səmərəli platforma qismində
çıxış edir.
Azərbaycanla UNESKO arasında
uğurlu əməkdaşlıq nəticəsində
İçərişəhər, Qız qalası və
Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni
Landşaftı UNESKO-nun Ümumdünya İrs
Siyahısında, həmçinin xalqımızın
qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun
Qeyri-Maddi Mədəni İrs Siyahısında yer
alır. Bu mühüm hadisələr Azərbaycan
xalqının ümumbəşər mədəniyyətinə
verdiyi töhfənin beynəlxalq miqyasda bir daha yüksək dəyərləndirildiyinin
təsdiqidir. Musiqi xəzinəmizin inciləri olan muğam və
aşıq sənəti, Novruz bayramı, tar
ifaçılığı sənəti də Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Bir
sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin
beynəlxalq məkanda dəyərləndirilməsində əhəmiyyətli
rol oynayır.
Azərbaycanla UNESKO arasında əməkdaşlığın
möhkəmlənməsindən söhbət açarkən
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
müstəsna rolunu xüsusi vurğulamaq lazımdır. Onun
davamlı səyləri və məqsədyönlü fəaliyyəti
sayəsində Azərbaycan-UNESKO əlaqələri keyfiyyətcə
yeni səviyyəyə yüksəlib. Mehriban
xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin
qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə
görə UNESKO tərəfindən 2004-cü ilin sentyabr
ayında qurumun şifahi və musiqi ənənələri
sahəsində xoşməramlı səfiri adına layiq
görülüb. Mehriban xanım Əliyevanın səyləri
nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni
irs nümunələri UNESKO-nun müvafiq siyahılarında
yer almaqdadır.
İyulun 7-də Bakıda
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi
mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına
daxil edilməsi isə Azərbaycanın UNESKO-da
apardığı davamlı işin, həmçinin maddi mədəniyyət
nümunələrinin qorunmasına göstərdiyi xüsusi
diqqətin növbəti ifadəsidir. Bu fakt dünyanın mədəni-turistik
xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli
dərəcədə möhkəmləndirir. Bakıda
keçirilən sessiyada qəbul edilən qərar Azərbaycan
xalqının dünya mədəniyyətinə xüsusi
töhfəsinin beynəlxalq səviyyədə növbəti
təsdiqidir.
- Sahibə xanım, bir çox mütəxəssislər
Azərbaycanda həyata keçirilən gender siyasətini
uğurlu bir model kimi yüksək qiymətləndirirlər.
Belə bir fikir ifadə olunur ki, Azərbaycanda həyata
keçirilən gender siyasəti nəticəsində ölkəmizdə
qadınların cəmiyyət həyatının
bütün sferalarında fəal iştirakına əlverişli
şərait yaradılıb. Siz Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin sədr
müavini kimi, Azərbaycanda gender mühitini, bu istiqamətdə
görülən işləri necə qiymətləndirirsiniz?
- Bəli, Azərbaycan gender məsələlərinə
böyük əhəmiyyət verən, qadın
hüquqlarının qorunması istiqamətində
mühüm tədbirlər həyata keçirən dövlətlərdən
biridir. Azərbaycan Respublikasının
qanunvericiliyi gender məsələlərinin uğurlu həllinə
geniş imkanlar açır. Ölkəmizdə yaradılan əlverişli
şəraitin nəticəsidir ki, bu gün müstəqil Azərbaycanın
qadınları icra hakimiyyəti orqanlarında, bələdiyyələrdə,
təhsil, səhiyyə sahələrində, biznes
strukturlarında, kənd təsərrüfatında, orduda,
idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində
kişilərlə bərabər vəzifələrdə təmsil
olunurlar. Məişət
zorakılığı, erkən nikah hallarının
qarşısının alınması, qadınların sosial
və iqtisadi həyatda fəal iştirakının təbliği
sahələrində müvafiq dövlət orqanları, vətəndaş
cəmiyyəti, bir sıra beynəlxalq təşkilatlarla, eləcə
də BMT-nin bir çox qurumları ilə birgə layihələr
həyata keçirilib. Bu layihələr beynəlxalq miqyasda
da yüksək qiymətləndirilir və ölkəmizin
gender sahəsində təcrübəsi müsbət bir təcrübə
kimi təqdir olunur. Elə yeri gəlmişkən
qeyd etmək istərdim ki, iyunun 7-də Parisdə Milli
Assambleyada Fransa-Azərbaycan parlamentlərarası dostluq
qrupunun təşkilatçılığı ilə
keçirilən Azərbaycanda qadınlara səsvermə
hüququ verilməsinin 100 illiyinə həsr olunmuş
“Qadın hüquqları: Şərq və Qərbin
qovuşuğunda Azərbaycan nümunəsi”
adlı konfransda ölkəmizin 100 il əvvəl dinindən,
cinsindən, etnik mənsubiyyətindən asılı
olmayaraq, bütün vətəndaşlara eyni hüquqlar verən,
qadınların səsvermə hüququnu təmin edən ilk
dünyəvi müsəlman dövləti olduğu
vurğulandı, qadın hüquqları sahəsində
Azərbaycanın digər ölkələrə nümunə
olduğu bir daha qeyd edildi.
Ümumiyyətlə, gender məsələlərinin
həlli, cinsi ayrı-seçkiliyin bütün formalarına
qarşı mübarizənin gücləndirilməsi BMT-nin
2030-cu il Dayanıqlı İnkişaf Məqsədlərindın
biridir. Qadınların ictimai həyata daha
çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə
geniş hüquqların verilməsi, onların bütün
sahələrdə bərabər təmsilçiliklərinin
təmini, fəaliyyət sferalarının təhsil, səhiyyə
kimi ənənəvi istiqamətlərdən
daha da genişləndirilməsi, iqtisadi, sosial sahələrdə,
hətta siyasi və dövlət idarəetməsində
qadınların potensialından səmərəli faydalanma
kimi hədəflər milli dövlətlərin inkişaf
strategiyasında mühüm prioritetlər kimi
çıxış edir.
- Yeri gəlmişkən, bir müddət əvvəl
Yaponiyanın paytaxtı Tokioda Qadın Siyasi Liderlərin
növbəti Sammiti keçirildi. Siz bu sammitdə ölkəmizi
təmsil edirdiniz. Sammitdə əsasən
müzakirə olunan mövzular sırasında “2030-cu il
Dayanıqlı İnkişaf Məqsədləri”ndən biri
kimi gender məsələlərinin uğurlu həlli olub.
İstərdik, həm bu, həm də ümumiyyətlə
sammit barədə məlumat verəsiniz.
- İyunun 25-27-də Yaponiyanın paytaxtı
Tokioda Qadın Siyasi Liderlərin növbəti Sammiti
keçirilib. Toplantıda qadınların
ictimai-siyasi həyatda rolu, onların dünyada baş verən
proseslərə təsir imkanları, sülhün, əmin-amanlığın,
sabitliyin bərqərar olmasında fəallığının
artırılması, qadın siyasi xadimlərin əməkdaşlığının
genişləndirilməsi məsələləri müzakirə
olunub. Tədbir Yaponiya Nümayəndələr Palatası və
Qadın Siyasi Liderləri Təşkilatı tərəfindən
keçirilib.
İyunun 26-da konfrans çərçivəsində
qadın sahibkarlığının inkişafı,
qadınların iqtisadi sahədə fəaliyyətinin
genişləndirilməsi mövzusunda keçirilən panel
çıxışlarının müzakirələrində
çıxış edərək bildirdim ki, Azərbaycan
qadınları ictimai-siyasi həyatda olduğu kimi,
sahibkarlığın inkişafına da öz töhfələrini
verirlər. Azərbaycan Hökuməti ölkəmizdə
qadın sahibkarlığının inkişaf etdirilməsinə
daim dəstək göstərir. Uşaq
bağçalarının, istehsal müəssisələrinin
və digər biznes təşkilatlarının sayı
artırılır, qadınlara fəaliyyətlərini
genişləndirmək üçün güzəştli
şərtlərlə kreditlər verilir. Eyni zamanda,
qadınların fəaliyyətinin təşviq edilməsi
üçün genişmiqyaslı tədbirlər
keçirilir, konfranslar təşkil olunur.
Tədbirdə müxtəlif ölkələri
təmsil edən nümayəndələr də öz ölkələri
barədə təqdimat ediblər. Mən də ölkəmizdə
qadın hüquqlarının qorunması, gender məsələlərinin
uğurlu həlli istiqamətində görülən tədbirlər
barədə geniş məlumat verdim. Qeyd etdim
ki, bu gün Azərbaycanın qadınları icra hakimiyyəti
orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə
sahələrində, biznes strukturlarında, kənd təsərrüfatında,
orduda, idmanda, hüquq-mühafizə orqanlarında, İKT sahəsində
kişilərlə bərabər vəzifələrdə təmsil
olunurlar.
Beynəlxalq tədbirdə, eyni zamanda,
münaqişələr, onun yaratdığı miqrant
probleminin nəticələri haqqında məlumat verdim. Bildirdim ki, Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
minlərlə azərbaycanlı, eləcə də
qadınlar və uşaqlarımız öldürülüb,
bir milyondan çox vətəndaşımız öz
doğma torpaqlarından və evlərindən didərgin
salınıb, onlar qaçqın və məcburi
köçkün həyatı yaşamağa məcbur
olublar. Azərbaycan dövləti qaçqın və
köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi,
onların həyat şəraitlərinin
yaxşılaşdırılması istiqamətində
çox genişmiqyaslı tədbirlər həyata keçirib.
Ancaq buna baxmayaraq, bu insanlar qaçqın, köçkün
həyatı yaşayırlar. Təəssüf ki, bu,
onların evlərinə qayıtmaq və ləyaqətlə
yaşamaq hüququ təmin olunana qədər davam edəcək.
Mövcud problemlərdən biri reabilitasiya və inteqrasiya məsələləridir.
Belə ki, qadın qaçqın və məcburi
köçkünlərin münaqişə dövründə
yaşadıqları zorakılıqların
yaratdığı ciddi psixoloji travmalar sonrakı dövrdə
onların həyatlarında mənfi fəsadlara yol
açır. Bu, onların cəmiyyətə
inteqrasiyasında da böyük çətinliklər
yaradır.
Bu kimi problemlərin həlli, ilk növbədə,
münaqişələrin və işğal faktının
aradan qaldırılmasıdır. Azərbaycan bu məsələdə
beynəlxalq ictimaiyyətin səylərini təqdir edir,
bununla belə, problemlərə ədalətli, beynəlxalq
hüququn norma və prinsipləri çərçivəsində
yanaşmanın vacibliyini vurğulayır.
Qeyd edim ki, məndən əvvəl tədbirdə
Ermənistan təmsilçisi çıxış etdi. O, ölkəsinin işğalçılıq siyasətini
ört basdır etmək üçün faktları təhrif
etdi, Ermənistanla bağlı uydurma fikirlər səsləndirdi.
Çıxışımda erməni siyasətçinin
iddialarına da cavab verərək bu ölkənin
bütün beynəlxalq hüququn prinsiplərini pozaraq
işğalçılıq siyasətini
davam etdirdiyini, işğal faktının aradan
qaldırılması ilə bağlı beynəlxalq
çağırışlara, BMT Təhlükəsizlik
Şurasının Azərbaycan torpaqlarının dərhal və
qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsi və
digər təşkilatlar tərəfindən qəbul olunan sənədlərə
məhəl qoymadığını xatırladaraq bildirdim ki,
Ermənistan regional təhlükəsizliyə ciddi təhdid
yaradan monoetnik bir ölkədir.
Yeni Azərbaycan.-
2019.- 18 iyul.- S.4