Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
mətbuat xidmətinin əməkdaşı Billurə
Aslanqızının yay məktəbi ilə bağlı
qeydləri
Ötən
həftə IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi
öz işini uğurla başa çatdırdı.
AZƏRTAC Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
mətbuat xidmətinin əməkdaşı Billurə
Aslanqızının yay məktəbi ilə bağlı
qeydlərini təqdim edir.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzinin (BBMM) Böyük Britaniyada yerləşən
“Gənclər Arasında Ümumi Söz” beynəlxalq təşkilatı
(ACWAY) və Azərbaycan Respublikasının Gənclər
Fondu ilə birgə təşkil etdiyi yay məktəbi
çərçivəsində I Beynəlxalq Gənclər
Forumu da keçirildi. “Bakı Mədəniyyətlərarası
Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə
doğru” Forumunda “Millətlərarası münasibətlərin
gələcəyə inteqrasiyası” mövzusunda plenar
sessiya, eləcə də “Sülh üçün dialoq”,
“Dinlərarası münasibətlərin müxtəlif
platformalarda tətbiqi”, “Din və münaqişələrin həlli
yolu”, “Multikulturalizm siyasəti və Azərbaycan
multikulturalizmi modeli”, “Millətlərarası münasibətlərin
gələcəyə inteqrasiyası”, “Din, texnologiya və gənclər:
Dinlərarası gələcək”, “Qarşılıqlı
hörmətə əsaslanan mədəniyyətlərarası
əlaqə”, “Gənclərin mədəniyyətlərarası
dialoqda rolu” adlı bölmə iclasları keçirildi. Forum
iştirakçılarına Azərbaycandakı multikultural vəziyyət,
tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə
müxtəlif xalqların nümayəndələrinin, fərqli
konfessiyaların dinc yanaşı yaşaması haqqında
mühazirələr təqdim edildi. Yay məktəbi müddətində
iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər
Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət etdilər. Onlar BBMM-in
Himayəçilik Şurasının sədri, akademik Kamal
Abdullayev, Prezident Administrasiyasının Millətlərarası
münasibətlər, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Etibar Nəcəfov və “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə
görüşlərdə iştirak etdilər. Üç
gün davam edən Forumdan sonra Yay məktəbinin
iştirakçıları Oğuz, Qəbələ və
Şəki rayonlarına səfər etdilər. Səfər zamanı onlar Oğuzda Yuxarı və
Aşağı məhəllə sinaqoqlarına, Xalxal meşəsinə,
Şəkidə Karvansaraya, Kiş kəndindəki qədim
Alban məbədinə, Qəbələdə udilərin
yaşadığı Nic qəsəbəsinə, Alban-Udi
xristian kilsəsinə, habelə Şahdağ Qış-Yay
Turizm Kompleksinə baş çəkdilər. Azərbaycandakı
tolerant və multikultural mühit, habelə gözəl təbiət,
yüksək qonaqpərvərlik yay məktəbi
iştirakçılarını heyran etdi. Onlar Azərbaycanı
çox bəyəndiklərini, burada gördüklərini
öz ölkələrində də təbliğ edəcəklərini
və yenidən bu gözəl diyara gəlmək arzusunda
olduqlarını ifadə etdilər.
Mərakeşli jurnalist və tədqiqatçı
Əl Mahcub Dasaa deyib: Yay məktəbi mənim üçün
faydalı oldu. Mən burada Azərbaycan multikulturalizmini kəşf
etdim və dini-mədəni müxtəlifliyi parçalanmaya
deyil, birliyə necə çevirməyi öyrəndim.
Multikulturalizm Mərkəzinin direktoru ilə gələcəkdə
Mərakeşlə əməkdaşlıq perspektivini
müzakirə etdik. Çox istərdim ki, dini və mədəni
müxtəliflik haqqında daha çox öyrənmək
üçün yenidən Azərbaycana gəlim.
Ukraynalı Marina Qonçaruk: Mən bir
neçə ildir ki, Azərbaycan-Ukrayna layihələrinin təşkilində
iştirak edirəm. Mən Azərbaycan multikulturalizmi
konsepsiyasını Ukraynada xüsusən də ziyalılar və
tələbələr arasında təbliğ edirəm. Bizim
tədbirlərdə Azərbaycandan da qonaqlar iştirak edirlər.
Xüsusilə, Robert Mobili və Rafiq Danakarinin adlarını
qeyd etmək istərdim. İştirak etdiyim bu yay məktəbi
həm də mənə Azərbaycan multikulturalizmini Ukraynada
daha peşəkar formada necə təbliğ edəcəyimi dəqiqləşdirməkdə
kömək oldu.
Rumıniyalı tələbə Oprea Stefan
Vlad: Azərbaycana gəlişimdən öncə internet vasitəsilə
bu ölkə haqqında az da olsa öyrəndim. Bu səfərimdən
sonra isə Azərbaycan barədə daha çox məlumat əldə
etdim, mətbəxini, mədəniyyətini və musiqisini
çox bəyəndim. Həm də sizin memarlıq
üslubunuzdan çox xoşum gəldi. Burada həm qədim,
həm də müasir üslubları özündə birləşdirən
zəngin memarlıq var. Mən Azərbaycanı çox
sevdim.
Amerikalı jurnalist və tədqiqatçı
Piter Teys: Dağlıq Qarabağın azərbaycanlı
icmasının rəhbərinin mühazirəsi xüsusilə
diqqətimi çəkdi və mən mühüm məlumatlar
əldə etdim. Çox istərdim ki, yay məktəbində
Azərbaycan ərazilərinin işğalı mövzusuna
daha çox yer ayrılsın. Bir jurnalist kimi deyə bilərəm
ki, dünya mətbuatında bu mövzu kifayət qədər
işıqlandırılmır. Bu baxımdan, yay məktəbi
xarici iştirakçılara Azərbaycan torpaqlarının
işğal altında olması haqqında geniş məlumatlar
təmin etmək üçün əla fürsətdir. Misal
olaraq, yay məktəbi çərçivəsində
Xocalı soyqırımı, Şuşanın, Ağdamın
və digər ərazilərin işğalı barədə
mövzular proqrama daxil edilməli və tədris
olunmalıdır. Eləcə də iştirakçılara
Dağlıq Qarabağ və ətraf yeddi rayonun
işğalı və hazırkı vəziyyət barədə
mühazirə keçirilməsi məqsədəuyğundur.
Bundan əlavə, Naxçıvan barədə
təqdimatlar etmək maraqlı olardı. Azərbaycandakı
linqvistik zənginliyi təbliğ etmək, Lahıc, malakanlar
və Alban-Udi icması kimi icmaların timsalında
ayrı-ayrı dillər və ya dialektlər barədə
informasiya vermək yaxşı olardı. Habelə, şəxsən
mən XX əsrin əvvəllərini əhatə edən
Azərbaycan tarixi, o cümlədən Cümhuriyyət
dövrü barədə məlumatları eşitmək istərdim.
Hindistanlı tədqiqatçı Sniha Roy: Mən
dinlərarası münasibətlər üzrə tədqiqatçıyam
və bu sahədə çoxlu nəzəri biliklərə
malikəm. Azərbaycanda isə müxtəlif dinlər, mədəniyyətlər
və icmalar arasındakı münasibətlərin təcrübədə
necə olduğunu öz gözlərimlə gördüm. Mən
burada müxtəlif mənsubiyyətlərə malik insanlarla
təmasda oldum. Bu baxımdan, yay məktəbi mənim nəzəri
biliklərimi praktik biliklərlə daha da möhkəmləndirdi
və tamamladı. Mən istərdim ki, Azərbaycan
multikulturalizmi haqqında məqalələr yazım.
Avstraliyalı professor Brayan Adams: Mən
Avstraliyada Qrifits Universitetində Dinlərarası və Mədəniyyətlərarası
Dialoq Mərkəzinin direktoruyam. Bizim təşkilat
anlayış yolu ilə hörmət yaratmaq istiqamətində
işləyir. Müxtəlif inanca və mədəniyyətə
malik insanları bir araya gətirərək onların
arasında anlayış və hörmət
yaradılmasına nail olmaq istəyirik. İnsanlar bir-birilərini
başa düşdükcə və anladıqca, bir-birilərinin
dəyərlərini bilir və hörmət edirlər.
Biz əsas diqqətimizi ona görə
qarşılıqlı hörmət üzərində cəmləyirik
ki, hörmət insanları birləşdirir. Buna görə
də güclü cəmiyyət qurmaq üçün hər
kəs bir-birinə hörmət etməlidir. Mən ACWAY-in
Himayəçilər Şurasının sədriyəm. Bu
forumu ACWAY və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Azərbaycanın Gənclər Fondu ilə birlikdə təşkil
ediblər. Forumun əhəmiyyəti həm də ondadır
ki, mədəniyyətlərarası və dinlərarası
anlaşmaya töhfə verir. Bu isə çox vacibdir.
Dünya əhalisinin 85 faizi müxtəlif dini inancların
daşıyıcısıdır. İnsanlar isə
dünyada baş verən proseslərə öz dini
inancları prizmasından baxırlar.
Xatırladaq ki, IX Beynəlxalq
Multikulturalizm Yay Məktəbində 38 ölkənin - Azərbaycan,
Madaqaskar, Mərakeş, ABŞ, Keniya, Çex Respublikası,
Almaniya, Meksika, İngiltərə, Kanada, Hindistan, Avstriya,
Yaponiya, Polşa, Rusiya, Efiopiya, Braziliya, Macarıstan, Türkiyə,
Pakistan, Ruanda, Sudan, Myanma, Əlcəzair, Kamboca, Zambiya, Kamerun,
Argentina, İndoneziya, İsveç, Estoniya, Portuqaliya,
Xorvatiya, Qazaxıstan, Rumıniya, Ukrayna, İran və
Avstraliya kimi ölkələrin aparıcı universitetlərindən
110 tələbə və tədqiqatçı iştirak
edirdi. Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri
layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə
və ölkə universitetlərində tədrisi” layihəsinin
məntiqi davamıdır. Tədris layihəsi
çərçivəsində hazırda dünyanın 21,
Azərbaycanın isə 39 nüfuzlu ali təhsil
ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr
üçün təşkil olunan yay və qış məktəblərinin
məqsədi həmin gənclərin nəzəri biliklərini
multikultural və tolerant dəyərlərin qorunub
yaşandığı ölkəmizdə öz gözləri
ilə görüb şahid olmasına şərait
yaratmaqdır.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzi yarandığı gündən Prezident
İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan
multikulturalizminin dünyada tanıdılması, beynəlxalq
arenada təbliği və təşviqi ilə bağlı əhəmiyyətli
layihələr gerçəkləşdirir. Mərkəzin
önəmli layihələrindən biri də mütəmadi
olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq
Multikulturalizm Yay və Qış məktəbləridir. Artıq dəyərli ənənəyə
çevrilən Beynəlxalq Multikulturalizm Yay və Qış
məktəblərinin nəticəsi olaraq, xaricdə Azərbaycanın
gənc dostlarının və onların yaxın çevrəsinin
timsalında ölkəmizin haqq işini dəstəkləyən
intellektual gənclərdən ibarət ünsiyyət
platforması və güclü lobbisi formalaşıb.
İntensiv şəkildə davam edən bu proses sübut edir
ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada
tanıdılması istiqamətində müəyyənləşdirdiyi
hədəflər uğurla reallaşmaqdadır.
Yeni Azərbaycan .-
2019.- 25 iyul.- S.5