Azərbaycan ilə
Qırğızıstan arasındakı mədəni əlaqələr
genişlənir
İyulun
24-də Mədəniyyət naziri Əbülfəs Qarayev
Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri
Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nazirlikdən
bildirilib ki, görüşdə Azərbaycan ilə
Qırğızıstan arasındakı mədəni əlaqələrdən
söz açılıb.
Ölkəmizdə
mədəniyyətə və ədəbiyyata dövlət tərəfindən
göstərilən diqqət və qayğıdan
danışan Əbülfəs Qarayev bu dəstəyin
yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib.
Bildirib ki, dövlətin dəstəyi ilə Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrinin əsərləri
ölkəmizdə və xaricdə nəşr olunaraq təbliğ
edilir.
Nazir
vurğulayıb ki, Azərbaycanda təşkil edilən beynəlxalq
kitab sərgiləri, xarici yazıçıların əsərlərinin
tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu
istiqamətdə həyata keçirilən layihələr
türkdilli xalqların ümumi ədəbi inkişafına
töhfələr verir.
Qırğızıstan
Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov
öz növbəsində səmimi qəbula görə təşəkkür
edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə
mədəniyyətimizlə yaxından tanışlıq
olmaq imkanı qazanıblar. Xalqımızın milli mədəni
irsinə bağlılığı onları heyran edib.
Qonaq
təmsil etdiyi ququmla Azərbaycan Yazıçılar Birliyi
arasında əlaqələrin inkişafından
danışaraq deyib ki, yaxın günlərdə iki
yaradıcı ittifaq arasında memorandumun imzalanması nəzərdə
tutulub. Xalqlarımız arasındakı dil və mədəniyyət
yaxınlığından danışan Nurlan Kalıbekov
ölkəmizə səfərinin məhsuldar keçdiyini
diqqətə çatdırıb. Bildirib ki, iyulun 22-də
Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan-qırğız
ədəbi əlaqələri dünən, bu gün və
sabah” mövzusunda dəyirmi masa təşkil edilib və tədbirdə
"Gənc qırğız şeiri antologiyası” təqdim
olunub.
Qırğızıstan
Milli Yazıçılar Birliyinin sədri vurğulayıb ki,
eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq
etməli, qloballaşma dövründə bir-birini daha
çox dəstəkləməlidirlər.
Görüşdə
Manas Universitetinin əməkdaşı, Dünya Gənc
Türk Yazarlar Birliyinin qırğız təmsilçisi
Altınbek İsmail, "Manas” radiosu mədəniyyət
proqramının redaktoru, şair Jıldızbek Tursunbayev,
şair-tərcüməçilər Nuriza Ömürbayeva,
Narsulu Qurqubayeva, Azərbaycan Milli Məclisinin üzvü
Cavanşir Feyziyev və Bakıdakı Atatürk Mərkəzinin
şöbə müdiri, şair-publisist Əkbər
Qoşalı iştirak ediblər.
Yeni Azərbaycan.-2019.- 25 iyul.- S.3