İlk Milli Yaylaq Festivalında ikinci gün maraqlı anlarla yadda qaldı
Azərbaycanda
yaylaq və elat ənənələrinin yaşadılması
və təbliği məqsədilə iyulun 26-da
açılış mərasimi keçirilən Milli Yaylaq
Festivalının ikinci günü də maraqlı anlarla yadda
qalıb.
Gədəbəy rayonunun ərazisində
yerləşən Düzyurd-Miskinli
yaylağında, nadir
konsepsiya əsasında
təşkil olunan ilk Milli Yaylaq
Festivalına 16 ölkədən
qatılan minlərlə
iştirakçı-turist etno-qəsəbənin
ərazisində yaşayış
yurdları (alaçıqlar),
Cıdır meydanı,
“Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”,
“Dədə Qorqud
ocağı” (tamaşalar
üçün səhnə),
“Yaylaq yatağı”,
“Pəhləvan meydanı”,
“Aşıq Ələsgər
ocağı”, “Yaylaq süfrəsi” və digər tematik sahələrlə tanış
olublar.
El şənliyində
yaradılan mədəni-etnoqrafik,
milli yaylaq (idman) oyunları və eko-etnoturizm sahələri qonaqların
diqqətini çəkib.
Festival iştirakçıları
aşıqların deyişməsini,
milli rəqsləri (yallılar, cəngilər),
tamaşaları, əski
xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan dadıblar. Burada tətbiqi sənət nümunələrinin
satış-sərgisi də
təşkil olunub.
Meydana daxil
olan çaparların
Qarabağ atları ilə şousu alqışlarla qarşılanıb.
Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları
isə festivalın bayram ovqatına əlavə rəng qatıb.
Festival çərçivəsində
bir tərəfdə at yarışları, atüstü milli oyunlar, milli güləş yarışı,
çoban güləşi,
zorxana, ox atma yarışları keçirilir, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun-yarışları da təşkil olunur.
Qeyd edək ki, Milli Yaylaq Festivalının
təşkilində əsas
məqsəd Azərbaycan
xalqının zəngin
və çoxəsrlik
mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq
və elat mədəniyyətinin, nadir
mədəniyyət nümunələrinin
və tarixi abidələrinin nümayiş
etdirilməsi və
ərazinin turizm potensialının üzə
çıxarılmasından ibarətdir.
Yeni Azərbaycan.-
2019.- 30 iyul.- S.5