Milli Yaylaq
Festivalı milli yaddaşımızın yenilənməsi,
çoxəsrlik ənənələrimizə
qayıdış oldu
Köç
mədəniyyəti bəşər sivilizasiyasının dan
yeridir
-
Dünyanın ən qədim mədəniyyəti
köç mədəniyyətidir. Köç mədəniyyəti
çadır mədəniyyəti və çadır
arxitekturası ilə birlikdə bəşər
sivilizasiyasının dan yeri kimi xarakterizə edilməlidir...
- Bir dəqiqə...
Siz nə danışırsınız? Dərsimiz Dünya mədəniyyəti tarixidir.
Dünyada isə cəmisi beş qədim
mədəniyyət var. Hind-Qanq, Misir, Yunan-Roma, Çin və
Mesopotamiya-Babil mədəniyyəti... Tədris proqramına
uyğun olaraq bunlardan danışın...
-
Doğru buyurursunuz. Akademik tarix yalnız 5 mədəniyyəti
qədim hesab edir və bu 5 mədəniyyətdən çox
danışılıb. Mən isə mənə
doğma olan və əcdadımın yaratdığı, sizə
görə altıncı, mənə görə isə
birinci olan qədim Turan-Köç mədəniyyətindən
danışacam...!
Bu dialoq tələbəlik illərində Dünya mədəniyyəti
tarixi dərsində bu fənni tədris edən professorla mənim
aramda yaşanmışdı. Aradan uzun illər
keçməsinə baxmayaraq, mən yenə o qənaətdəyəm
ki, dünyanın ən qədim mədəniyyəti, ən qədim
kəşfləri, ən qədim dövlətçilik ənənələri,
ən qədim yasa (qanun) və törə (hüquq
normaları) köç mədəniyyəti ilə əlaqədardır.
Bu gün də alternativ tapa bilmədiyimiz
sürət vasitəsini təmin edən təkər məhz
köçəri türk tayfalar tərəfindən
yükdaşımalar üçün icad edilib. Hərb tarixində barıtın kəşfinə bərabər
tutulan üzəngi hərbi vasitə kimi yenə köçərilər
tərəfindən yaradılıb. Çünki
üzəngi olmasa, at üstündə qılınc
çalmaq üçün müvazinətini saxlamaq olmaz.
Atın əhliləşdirilməsi skiflər tərəfindən
5-7 min il əvvəl baş verib. At minik və qoşqu vasitəsi kimi kəşf edilməsəydi,
nə dövlət, nə imperiyalar qurmaq olardı. Şalvar geyim vasitəsi kimi at minmək
üçün xüsusi olaraq yaradılıb. Maraqlıdır ki, şimalda yaşayan şotlandlar
da, Misirdə yaşayan yerlilər də xalat tipli paltar
geyinirdilər. Türklər isə
şalvarı icad etdilər və bu gün bütün
dünya ən yaxşı geyim vasitəsi kimi ondan istifadə
edir. Köçəri türklər tarixdə
ilk dəfə dəmiri emal etməyi öyrəndilər və
üzəngidən sürüşməsin deyə
çarıxa daban düzəltdilər. Bu
gün dabansız ayaqqabı geyinmək heç kəsin
ağlına gəlmir. Bu siyahını nə
qədər desəniz uzatmaq olar. Ancaq gəlin
bir anlıq dünyanı bunlarsız təsəvvür edək.
Tutaq ki, təkər kəşf olunmayıb... Gerisini
özünüz təsəvvür edin...!
Qədim mədəniyyətlər tarixinə bu qısa
ekskursdan sonra bu mədəniyyətlər içərisində
mühüm yeri olan köç mədəniyyəti,
köçəri mədəniyyəti qarşımıza
parlayan inci kimi çıxır. Mənim uşaqlıq
illərimin ən şirin xatirələrindən biri də
köç və yaylaqlarla bağlıdır. Kəndimiz, əslində, elə yaylaqda yerləşirdi.
Ancaq yenə də yaz aylarında Türkiyə
ilə sərhəddə yerləşən Göy dağ
yaylaqlarına köç edilirdi. Burada Taya qaya, Naxoş
dağ, Ağlayan kimi zirvələr vardı və yüksəklikdən
sərhədin o tayında inci kimi parlayan Çıldır
gölü görünürdü...!
Dağların yaşıl yamaclarına yayılan
sürülər, atların tarixin qədim qatlarından gələn
kişnərti səsləri, oymaq-oymaq səpələnmiş
binələr, alaçıqlar elə bir möhtəşəm
mənzərə yaradırdı ki, ən dahi rəssam belə
bu mənzərəyə həsəd aparardı. Mən uzun illər
yenidən belə bir mənzərəni görməyin həsrəti
ilə yaşadım. Və...!
Yaylaq
Festivalı əsl bayram əhval-ruhiyyəsi yaratdı
İyul ayının 26-28-də Gədəbəydə,
Miskinli yaylağında Milli Yaylaq Festivalında iştirak etmək
üçün dəvət aldım. Böyük həyəcan və
səbirsizliklə tədbirə gedəcəyim günü
gözlədim və budur, Miskinli yaylağındayıq...!
Yaylaq deyəndə, onun gözəlliyini görəndə
ilk yada düşən, şübhəsiz ki, Ulu
Ozanımız Ələsgər oldu. Qeyri-ixtiyari onun
"Yaylaq" şeirini pıçıltı ilə əzbər
söylədim.
Gözəllər
seyrangahısan,
Görüm
səni var ol, yaylaq!
Açılsın
gülün, nərgizin,
Təzə
mürgüzar ol, yaylaq!
Gözüm
qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Kimsəm
yoxdu qürbət eldə,
Sən mənə
qəmxar ol, yaylaq!
Mən səni
görəndən bəri
Sinəm
oldu qəm dəftəri,
Yazıq
Aşıq Ələsgəri
Öldür,
günahkar ol, yaylaq!
Miskinli
yaylağından ruhumuz Kəlbəcərə, Göyçəyə
boylandı
Ustad, yazırsan ki, "Kimsəm yoxdu qürbət eldə,
Sən mənə qəmxar ol, yaylaq!" Ancaq bizim qürbət eldə
kimsələr kimsəsi vətənimiz qaldı! Ustad, vətən bizə qürbət oldu, əcdadlarımızın
qəbri, Ulu Ələsgərin məzarı qürbətdə
qaldı. Bizə qəmxar oldu, ustad.
Qoy ruhun bizi bağışlasın! Göyçəyə, Kəlbəcərə,
Zəngəzura, İrəvana, Ağbabaya, Şuşaya
qayıdana qədər, yurd yerlərimizi şenləndirənə
qədər bizə möhlət ver, Ulu Ozan!
Miskinli yaylağından Göyçəyə qədər
olan 70-80 km yol indi dünyanın ən uzun yoludur. Ustad, bilmirəm bu yolu gedib
başa çatmaq üçün bir ömür bəs edəcəkmi!?
Ancaq bu gün yenə də ruhun şad olsun.
Şəninə nəğmə qoşduğun
yaylaq və yaylaq ənənəsi Ulu Gədəbəydə
yaşadılır.
Gədəbəy
qədim mədəniyyət beşiyi, düşmənlə
sərhəddə alınmaz qalamızdır
Gədəbəy Azərbaycan tarixinin ən qədim
dövrlərindən bu günədək mövcuddur,
Xocalı-Gədəbəy mədəniyyətinin
beşiyidir. Düşmənlərimizlə,
işğalçı Ermənistanla sərhəddə
alınmaz qalamızdır. Baş kəndi
işğaldan azad edən, ürəyimizə az
da olsa təskinlik verən qürurumuzdur. Gədəbəy
torpağı yaratdığı daş abidələrlə,
qala surları ilə, Kurqan məzarlıqlar ilə, əcdadlarımızın
çadır arxitekturası ilə birlikdə daş
arxitekturasını da yaşatmağı
bacardığını sübut edir.
Bu qədim mədəniyyət məbədində milli
yaddaşımızı yeniləyən Milli Yaylaq Festivalının
keçirilməsi isə bu gün də Gədəbəyin gələcək
nəsillər üçün yeni tarix
yaratdığından xəbər verir.
Milli
Yaylaq Festivalı milli ruha müraciət, tariximizə səyahətdir
Milli Yaylaq Festivalı hər şeydən öncə
milli ruha müraciət, tariximizə səyahətdir. Bu festival adət-ənənələrimizə
qayıdış, milli şüurun yenilənməsi hadisəsidir,
tarixi şüurun canlanması üçün vəsilədir.
Bütün bunlar isə xalqımızın bugünkü
birliyi üçün, dəyərlərimiz ətrafında
sıx birləşməsi üçün,
işğalçı Ermənistana qarşı bir yumruq kimi
birləşməmiz üçün, Ali Baş
Komandanımızın əmri ilə torpaqlarımızı
bir həmlədə işğaldan azad etməmiz
üçün çağırışdır. Mən
Milli Yaylaq Festivalında bunları gördüm və təqdir
etdim!
Təşkilatçılıq,
proqram və ardıcıllıq yüksək səviyyədə
idi
Təşkilatçılıq, proqram və
ardıcıllıq yüksək səviyyədə idi. Festival
iştirakçılarının bütün tələbatlarını
qarşılaya biləcək infrastruktur
hazırlanmışdı. Rəsmi, mədəni
və əyləncə hissələri bir-birini elə
tamamlayırdı ki, bütün proqramları bayram əhval-ruhiyyəsində
izləyirdim. Milli mətbəx nümunələrimiz
Festival iştirakçılarının damaq
zövqünü oxşayırdı. Bütün
bunlar ölkəmizdə və regionlarımızda nə qədər
zəngin turizm potensialının olmasından xəbər
verirdi.
Fəsəli
- milli mətbəximizin unudulmaqda olan ləzzəti
Köşklərin
birində milli mətbəximizin az qala
unudulmuş ləzzəti fəsəli
satıldığını gördüm. Əlbəttə,
ləziz təamı dadmadan olmazdı. Bir saatlıq
növbədən sonra fəsəli aldım! Uzun
illərdir dadmadığım bu təamı böyük ləzzətlə
yedim. Əlbəttə ki, fəsəlini milli
şirniyyat mətbəximizin şedevrlərindən biri kimi ədəbiyyata
gətirən böyük şairimiz Səməd Vurğunun məşhur
qoşmasını yada salaraq!
Başına
döndüyüm gül üzlü sona!
Ömrümün ilk çağı yadıma
düşdü.
Şairlər
vətəni, bizim tərəflər,
Tərlanın oylağı yadıma düşdü.
...
Göylərə baş çəkir Göyəzən
dağı,
Axşam açıq olur ayın qabağı.
Bizim gəlinlərin
bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü.
Sən
bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı
qızların görüşdən qabaq
Telini saymağı yadıma düşdü.
Vurğunun
xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı.
Qışın
buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü.
Ruhun
qarşısında baş əyir, rəhmət və
şükranla anırıq səni, ey böyük Ustad!
"Sən
bizim ellərin ruhuna bir bax,
Bizdən
inciməmiş bir əziz qonaq"
Bu sözlər xalqımızın qonaqpərvərliyini
izah edir. Elə Milli Yaylaq Festivalında da bütün qonaqlar
təşkilatçılardan, yerli əhalidən olduqca məmnun
görünürdülər. Qələbəliyin
içərisində irəliləyərək tez-tez mənə
salam verir, adımla müraciət edirdilər.
Doğrusu, ictimaiyyət arasında bu qədər
tanındığımı güman etmirdim. Bu, məni həm sevindirir, həm də bir qədər
daha məsuliyyətli edirdi. Qarışıq
hisslər içərisində irəliləyərkən Gədəbəy
rayon İcra Hakimiyyətinin başçısı ilə
üzləşdik. Rayona daxil olandan bəri
İbrahim müəllim Mustafayevlə bir neçə dəfə
telefonla danışsaq da, ilk dəfə idi
görüşürdük. Bu insanın sadəliyi,
yerli əhali ilə birlikdə gələn hər qonağa
ayrıca diqqət göstərməyi, üstəlik, 50 minə
qədər qonağın qatıldığı bu
böyük kütləvi tədbirdə hər şeyin
yüksək səviyyədə olmasını təmin etməsi,
doğrusu, olduqca hörmətəlayiq bir iş idi. Bu qədər rəsmi və qeyri-rəsmi
qonağın içərisində heç kimsəni diqqətdən
kənarda qoymamağa çalışırdı İbrahim
müəllim.
Çay
süfrəsi arxasında bakılı qonaqların təklifləri
rayon rəhbərliyi tərəfindən xüsusi diqqətlə
qarşılandı
Söhbət edərkən qonaqların içində
dostlarım Rəşad Məcid və Xəyal Rzanı
gördüm.
Onları gənc şairimiz, əslən gədəbəyli
İntiqam Yaşar müşayiət edirdi. İbrahim müəllim dərhal bizi çay
süfrəsinə dəvət etdi. Xeyli
şirin-şirin söhbət etdik. Tədbirin
gözlənildiyindən daha yüksək səviyyədə
baş tutmasından, təşkilatçılığın
yüksək səviyyədə olmasından
danışdıq. Şair Xəyal Rza
növbəti tədbirdə Yazıçılar Birliyi
üçün ayrıca "kitab köşkü"
ayrılmasını və həm də yazarlarımızla
imza gününün keçirilməsini təklif etdi. İbrahim müəllim dərhal razılıq verərək,
xüsusi qeyd apardı. Rəşad Məcid
Yaylaq Mədəniyyətini vəsf edən hekayə və
şeirlər müsabiqəsinin keçirilməsini, mən
isə tarixi-etnoqrafik məqalələr müsabiqəsinin
keçirilməsi və qalib olan tədqiqatçı alim və
jurnalistlərin məhz Yaylaq Festivalında elan edilməsi təklifini
verdik. İbrahim müəllim böyük məmnuniyyətlə
bütün təkliflərimizin gələn il
keçiriləcək festivalda nəzərə
alınacağını bildirdi. Mən Gədəbəy
İH ilə əhalinin münasibətlərində bir ailə
səmimiyyətinin olduğunu müşahidə etdim. Və bunu Prezident İlham Əliyevin kadr
islahatlarının səmərəli nəticəsi kimi
başa düşdüm.
Yaylaq
Festivalının mötəbər qonağı Bilal
Ərdoğan!
Mən həmişə istedadın genetik olduğuna
inanmışam. Festivala təşrif buyurmuş Dünya
Etnospor Federasiyasının başçısı Bilal bəy
Ərdoğanın çıxışını dinlədikdə
bir daha əmin oldum ki, Ərdoğan ailəsində natiqlik,
yüksək pafosla nitq söyləmək qabiliyyəti
genetikdir. Bu, bir ilahi töhfədir. Möhtərəm qonağımız Bilal bəy
olduqca maraqlı bir çıxış etdi. Onun çıxışının fikir tacı isə
bu idi..."Torpaqlarımızı işğal edə bilməyənlər
beyinlərimizin içini işğal etmək istəyirlər".
Bu fikir Qlobal İmperializmin milli dövlətləri
işğal etməsinin yeni strategiyasını
çox gözəl izah edir. Hərbi-siyasi
güclə milli dövlətləri yıxa bilməyən
Qlobal İmperializm ölkə vətəndaşlarının
beynini manipulyasiya etməklə öz dövlətini öz əli
ilə yıxdırmağa çalışır.
"15 Temmuz" hadisələrində də elə buna cəhd
etdilər, ancaq qardaş Türk xalqı öz lideri Rəcəb
Tayyib Ərdoğanla birləşərək imperializmə qalib
gəldi! Bu, mühüm tarixi qələbə
idi. Elə bizim üçün də! Çünki
Türkiyə ilə Azərbaycan Ulu Öndərimizin dediyi
kimi, bir millətin iki dövlətidir. Prezident
İlham Əliyev isə Türkiyə güclü olduqca biz də
güclü oluruq deyir. Elə Milli Yaylaq
Festivalında Bilal Ərdoğanın tədbirə
qatılmasıyla bir daha güclü olduq. Sərhəd bölgəmizdən
işğalçı Ermənistana bir daha mesaj verdik ki,
işğala son qoysun.
Gözün
aydın, Gədəbəy, Kərkükdən, Türkmən
elindən qonaqların var
Festivalda birdən-birə qarşıma Türkmən
elimin şair balası, yazıçı-publisist, Kərkük
Kültür Dərnəyinin genel başqanı Şəmsəddin
Kuzəçi çıxdı. Qardaş sevgisiylə
salamlaşdıq. Kərkük
Kültür Dərnəyinin İraq şöbəsinin
başqanı, keçmiş millət vəkili Fevzi Əkrəm
Terzioğlu ilə görüşdük. Doğrusu,
kərküklü qardaşlarımızla Bakıda dəfələrlə
görüşsək də, Miskinli yaylağında
görüşməyin ləzzəti başqa oldu. Gədəbəydən
Kərkükə, Tuzhurmatuya, bütün Türkmən elinə,
Türk kimliyinin qalası olan Kərkük Qalasına salamlar
göndərdik.
Haçaqaya
- Hunna dərəsi, Kiçik Qafqazın parlayan incisi
Ayrılmaq istəmədiyim ümummilli bayram əhval-ruhiyyəsində
keçən Festivaldan məni gədəbəyli dostum
Rövşən Tanrıverdiyev ayırdı və
Haçaqaya ziyarətgahına getməyimizi təklif etdi. Tədbirin
sonuna yaxın dəniz səviyyəsindən 2226 metr
hündürlükdə olan Haçaqaya zirvəsinə gəldik.
Bu zirvə yerli əhali arasında müqəddəs
sayılır və olduqca strateji əhəmiyyət
daşıyır. Günəşli
günlərdə bu zirvədən Tovuz və Gədəbəy
rayonlarının çoxsaylı kəndləri, o cümlədən,
Ermənistanın Şəmşəddil rayonunun Tovuzun
Əlibəyli sərhəd kəndi ilə üzbəüz
olan bir neçə kəndi aydın görünür. Bir qədər aşağıda isə məşhur
Hunna (Xınna) dərəsi iti axan dağ çayı və
yamaclarındakı yaşıl meşələri ilə
ovsunlayıcı bir mənzərə yaradır. Bu zirvədən dağların yamaclarında
qurulmuş oymaq-oymaq obalar köçəri mədəniyyətinin
günümüzdə yaşayan inciləri kimi insanın
ürəyini riqqətə gətirir. Qeyd
edim ki, Hunna adı etnotoponimdir və əcdadımız olan qədim
hunlarla bağlı çoxsaylı yer adlarından biridir.
Çadır
turizmi üçün ideal məkan
Dünyada
gedən səssiz müharibələrin bir növü olan ərzaq
müharibəsinin qurbanı olduğumuz bir vaxtda bu obaların
yanında çadır qurub bir neçə gün
yaşamaq, saf, təmiz bulaq suyu içmək, təbii bal, yağ, qaymaqla qidalanmaq müasir turizmin
baş tacı hesab edilə bilər. Əminəm ki, tədbirdə
iştirak edən Mədəniyyət Nazirliyimizin, Dövlət
Turizm Agentliyinin rəhbər işçiləri bu
imkanları nəzərdən qaçırmadılar və
"kənd turizmi", "çadır turizmi" brendi
altında belə turist səfərləri təşkil etməklə
həm daxili turizmin, həm də xarici turizmin bölgələrimizdə
inkişafına təkan verəcəklər.
İndi əvəlik
aşını yalnız Gədəbəydə içmək
olar
Dostumun təkidi ilə bir gün "Nazran"
restoranında nahar etməli olduq. Gədəbəy
rayonunun gözəl infrastrukturu, müasir hotelləri və
çox yaxşı restoranları var. Xidmət səviyyəsi
də yaxşıdır. Milli mətbəximizin elə
nümunələri təklif olunur ki, onları kim
bilir, bəlkə də, yalnız Gədəbəydə
tapmaq olar. Məsələn, mən "birinci", yəni
duru yemək nə var sualına digər
şorbalarımızla yanaşı, həm də "əvəlik
aşı" cavabını aldım.
Çox böyük məmnuniyyətlə bir boşqab "əvəlik
aşı" içdim. Çatışmayan
cəhəti bircə içərisində cızdağın
olmaması idi. Bəzi regionlarımızda əvəlik
aşına cızdaq da qatırlar ki, bu da aşı
daha da ləzzətli edir.
"Nazran"da
ozan məclisi: aşıq, bir "Döşəmə
Koroğlu" çal
Gədəbəyin ən gözəl cəhətlərindən
biri də nahar zamanı yerli aşıqların milli
müsiqimizi layiqincə təqdim etməyi
bacarmalarıdır. Belə aşıqlardan birini dəvət
edib aşıq havası çalınmasını xahiş
etdim. Hansı havanı çalım, deyə
soruşdu. Doğrusu, bu sual məni bir qədər
provokasiya etdi. Və düşünmədən bir
"İrəvan çuxuru" havası çal, vokal sənətinin
əcdadının aşıq musiqisi olduğunu bir daha
xatırlayaq dedim. Görünür, aşıq
bu havanı xahiş edəcəyimi gözləmir, gündəlik
hamının dinlədiyi populyar havalardan sifariş edəcəyimi
düşünürdü. Ona görə də sual
verdiyinin peşmançılığı içərisində
o havanı bilmirəm dedi və dərhal soruşdu, başqa?!
Dedim onda bir "Ayaq Cəlili" havası çal, qoy
ruhumuzun mayasında aşıq havalarının olduğunu bir
daha yada salaq. Dedi bu havanı da bilmirəm. Dedim onda bir
"Döşəmə Koroğlu" havası çal, bu
dağların zirvəsində ruhumuz cövlan eyləsin, cəngə köklənək! Dedi onu da bilmirəm.
Dedim, aşıq, onda sazını qoy burada, get. Aşıq isə sazını götürüb
getdi. Mənimsə yadıma yenə Ulu
Ələsgərin bir qoşması düşdü.
Aşıq
olub, diyar-diyar gəzənin
Əzəl başdan pür kamalı gərəkdir.
Oturub-duranda
ədəbin bilə,
Mərifət elmindən dolu gərəkdir.
Görünür, Gədəbəyimizin ustad
aşıqları, bilgə aşıqları Yaylaq
Festivalında olduqları üçün mənim bəxtimə
aşıqlığa təzə başlayan "şəyird"
düşmüşdü. Yəqin ki, bu hadisədən sonra
ustadından daha bərk yapışacaq!
Gədəbəydə
Milli Yaylaq Festivalı başa çatdı, ruhumuz da, yolumuz da
Kəlbəcərə, Laçına, Göyçəyə
qənşər... Amin!
Yenidən Milli Yaylaq Festivalına qayıtdıq. Bayram əhval-ruhiyyəsi
bütün coşqusu ilə yaşanırdı. Qədirbilən, milli adət və ənənələrimizi
sevə-sevə yaşadan gədəbəylilərin sevinci
gözlərindən oxunurdu. Elə bu əhval-ruhiyyə
ilə də düşmənlə sərhəddə mətin
dayanan, qonaqpərvər, istiqanlı, şirin ləhcəli Gədəbəyimizdən
ayrıldım. Yasamal aşırımını
aşıb, Qafar bulağına salam verib,
yavaş-yavaş yaylaqdan aşağı endim. Ancaq
ürəyim və ruhum Miskinli yaylağında qaldı.
Gələn görüşədək, Gədəbəyim.
Gələn görüşədək, Miskinli
yaylağı. Səfərin sonunda yenə yadıma bir
qoşma düşdü...
Süsənli,
sünbüllü, tər bənövşəli
Yaylaq, bizim yaylaqlara bənzərsən.
İçən
ölməz sənin kövsər suyundan,
Bulaq, bizim bulaqlara bənzərsən.
Ket
dağı, Əyricə, Daşkənd baxarı,
Ağ
sürülər Sarıyaldan yuxarı,
Var bizim
suların əcəb axarı,
Çaylaq, bizim çaylaqlara bənzərsən.
Ruhun şad olsun, Ulu Ozan, Aşıq Alı.
Miskinli yaylağından Əyricə, Sarıyal
yaylaqlarına əl uzatsan, çatar. Kim bilir, bəlkə də,
Gədəbəydən yanqılanan saz səsi sənin məzarına
da çatdı, ruhun şad oldu. Növbəti Milli
Yaylaq Festivalını Göyçədə, Kəlbəcərdə,
Zəngəzurda, Şuşada, Ağbabada keçirmək
arzusu ilə...
P.S. Sonda
mən bu cür yaddaqalan tədbirin təşkilatçıları
olan Gədəbəy rayon İcra Hakimiyyətinə, Türk
Əməkdaşlıq və Koordinasiya Agentliyinə
(TİKA) və "Cavadxan" Tarix və Mədəniyyət
Fonduna təşəkkür edirəm.
Hikmət Babaoğlu
Yeni Azərbaycan.-
2019.-30 iyui.- S.5-6