Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür

 

Dövlətin aqrar sektorun inkişafına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar bağlardan bol məhsul götürürlər

(əvvəli ötən sayımızda)

 

Həmin bağlarda əkilən sortlar ənənəvi bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi bağların hər hektarından 20-25 ton məhsul yığılırsa, superintensiv bağçılıqda bu göstərici 60-70 ton arasında dəyişir. Müasir bağlarda alma ağaclarının ara məsafəsi 1 metrdən də az olur. Belə olan halda bir hektara düşən meyvə tinginin sayı artır və nəticədə məhsuldarlıq da çox olur. Hazırda Quba rayonunda ümumilikdə 17 min 900 hektar meyvə bağı var.

Onu da xatırladaq ki, qubalı bağbanlar iyulun ilk günlərindən başlayaraq tezyetişən alma sortlarından məhsul yığımına başlayıblar. Hələlik “Papirovka” sortu alma yığılır. Bu sort almanın yığımı iyulun 15-nə qədər yekunlaşacaq. Bağbanlar avqustdan etibarən alma bağlarında “Slava pobeditelyam”, “Melba”, “Qrandşteyn”, “Anis” və digər tezyetişən alma sortlarını yığacaqlar. Bu sortların məhsulunun toplanması avqustun sonunadək başa çatdırılacaq.

Təsərrüfatçılar ilk məhsulun yalnız yerli bazarda satıldığını bildirirlər. Çünki “Popirovka” dərildikdən sonra öz keyfiyyətini uzun müddət qoruya bilmir.

Tezyetişən alma sortlarının builki məhsuldarlığı yüksəkdir. “Yay alması”nın 1 kiloqramının qiyməti 0,50-0,80 manat arasında dəyişir. Qubanın bağlarında kütləvi alma yığımına isə sentyabrın 15-dən sonra başlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət Qurbanov bildirib ki, tezyetişən alma sortları ümumi alma bağlarının çox cüzi hissəsini təşkil edir. Şimal bölgəsində “Slava pobeditelyam” adlı tezyetişən alma növü daha çox yayılıb. Bağbanlar təxminən 100 hektaradək bağda həmin alma sortunu yetişdirirlər. Quba rayonu üzrə ümumilikdə 15 min hektaradək alma bağı mövcuddur.

Şimal rayonlarında son 3 ildə 10 min hektar yeni fındıq bağı salınıb

Qeyd etdiyimiz kimi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı yekun nitqində İlham Əliyev son vaxtlar fındıqçılığa çox böyük diqqət yetirildiyindən də bəhs edərək əldə edilən gəlirdən və bu sahənin genişləndirilməsi ilə yaranan yeni iş yerlərindən danışıb: “Biz fındıq bağlarının sahəsini qısa müddətdə böyük dərəcədə artırmışıq. 2016-cı ildə bizim 40 min hektar fındıq bağlarımız olub, bu gün artıq 75 min hektara çatıb və bu il 9 min hektar da əkiləcək. Beləliklə, biz 84 min hektarda fındıq yetişdirəcəyik. Əlbəttə, yeni salınan bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan sonra fındıq ixracının həcmi iki dəfədən çox artacaq və fermerlərə indikindən iki dəfə çox vəsait gələcək. Hazırda fındıqçılıqda 20 min nəfər işləyir”.

Yeri gəlmişkən qeyd edək ki, Xaçmazda fındıq bağlarının sahəsi iki dəfəyədək artırılıb, bu il məhsuldarlığın çox olacağı gözlənilir. Xaçmazlı təsərrüfatçılar fındıq bağlarında məhsul yığımına iyulun 20-dən sonra başlayacaqlar. Fermerlər dövlətin onlara ayırdığı güzəştlərdən faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Məhsulun bol olması isə bağ sahiblərinin daha çox gəlir əldə etməsinə imkan yaradır.

Rayonun Çiləgir kəndindən olan fermer Naib Seyfullayevin sözlərinə görə, son illər fındıqçılığa maraq xeyli artıb. Təsərrüfatçılar əvvəllər yalnız şaftalı, alma, gavalı bağları salırdısa, indi daha çox fındıq bağlarına üstünlük verirlər. Fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir.

Xaçmaz respublikada fındıq bağlarının artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40 min hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz rayonunun payına düşür.

Məhsulun bol olması təsərrüfatçıların bu il daha çox gəlir əldə edəcəyini deməyə əsas verir. Ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artması torpaq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə sövq edir. Fındığın satış qiymətinin münasib olması fermerləri həvəsləndirən amillərdəndir. Ötən il təsərrüfatçılar fındığın bir kiloqramını 3,5-4 manata satıblar.

Təsərrüfatçılar bildirirlər ki, fındığın yetişdirilməsi digər meyvələrlə müqayisədə daha az zəhmət tələb edir. Məsələn, şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən çox dərman vurulursa, fındıq bağlarında buna ehtiyac yoxdur. Onların sözlərinə görə, tam formalaşmış hər bir fındıq ağacından 7-8 kiloqram məhsul yığılır.

Fermerlər deyirlər ki, məhsulun ikiqat artmasında təbii amillərlə yanaşı, bağlara düzgün aqrotexniki qulluq göstərilməsinin də böyük rolu var.

Rayonda fındıq yığımı avqustun sonunadək davam edir. Ümumilikdə şimal bölgəsinin rayonlarında son 3 ildə 10 min hektardan çox yeni fındıq bağı salınıb. Fındıq istehsalı bu rayonların iqtisadiyyatında mühüm rol oynayır. Hazırda Xaçmaz, Quba, Qusar və Şabranda 20 min hektaradək fındıq bağı var.

Xaçmazın şaftalı bağlarında məhsul yığımının ən qızğın çağıdır

Hazırda Xaçmaz rayonunda şaftalı bağlarında məhsul yığımı aparılır. Təsərrüfatçılar iyulun ilk günlərindən şaftalı bağlarında məhsul yığımına başlayıblar. Bu mövsüm bağlarda məhsuldarlıq yüksəkdir. Hazırda şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.

Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan inzibati dairəsinə aid kəndlərin ərazisindədir. Burada 1000 hektardan çox meyvə bağında şaftalının 50-dən çox növü becərilir.

Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını növündən və keyfiyyətindən asılı olaraq 50 qəpikdən 1 manata kimi dəyişən qiymətlərlə satırlar.

Mançaroba kəndindən olan təsərrüfatçı Rafiq Ağamirzəyev deyir ki, müştəri sarıdan korluq çəkmirlər. “Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsini Rusiyanın müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndəririk. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır”, - deyə o bildirib.

Hava şəraitinin mülayim keçməsi və zərərvericilərə qarşı görülən tədbirlər məhsuldarlığa müsbət təsir göstərib. Çiləgir kəndində yarım hektar sahədə şaftalı becərən Orxan Yusifov bildirir ki, əksər sort şaftalı ağacları bu il bol məhsul gətirib. “Bizim bağlarda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Bağ sahiblərinin 90 faizi şaftalı yetişdirir. İndi mövsümün ən qızğın çağıdır. Hər gün məhsul toplayırıq. Qiymət ötən illə müqayisədə bahadır”, - deyə təsərrüfatçı əlavə edib. Xatırladaq ki, Xaçmazda şaftalı yığımı oktyabradək davam edəcək.

Ümumilikdə Xaçmaz rayonunda 3 min hektaradək şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tonadək şaftalı toplanır.

Ötən yarım ildə ölkədən 325 min ton meyvə-tərəvəz ixrac edilib

Mərkəzi Aran rayonlarında meyvə yığımı sürətlə davam edir. Belə ki, İmişlidə təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayondakı 784 hektar meyvə bağından 506 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.

Rayon statistika idarəsindən verilən məlumata görə, artıq xeyli vaxtdır ki, imişlili bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. Qısa müddətdə bağlardan 509,9 ton meyvə yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 ton çoxdur. Tədarük olunan meyvənin 16,2 tonu alma, 21,3 tonu armud, 73,9 tonu ərik, 12,5 tonu albalı, 25,4 tonu şaftalı, 25,9 tonu gavalı, 186 tonu alça, 40,4 tonu gilas meyvəsidir. Rayonun Şaverdilər, Göbəktala, Qaralar və Cavadxanlı kəndlərində fəaliyyət göstərən fermerlər meyvə yığımında fərqlənirlər.

Neftçalada isə bağbanlar ötən il rayondakı 591,7 hektar meyvə bağından 1849 ton məhsul tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstərib, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəz olunub. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.

Rayon statistika idarəsindən bildirilib ki, neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. Qısa müddətdə bağlardan 369,5 ton meyvə yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur. Tədarük olunmuş meyvənin 68 tonu alma, 18,2 tonu armud, 51 tonu ərik, 9,1 tonu albalı, 9,5 tonu şaftalı, 45 tonu gavalı, 166,5 tonu alça, 2,2 tonu gilas meyvəsidir. Cari ilin 6 ayında salyanlı bağbanlar becərdikləri 944 hektar meyvə bağından 313,2 ton məhsul tədarük ediblər.

Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, ilin ötən dövründə bağbanlar becərdikləri meyvə bağlarından 313,2 ton meyvə tədarük ediblər, bu da ötən ilin eyni ayları ilə müqayisədə 32,8 ton çoxdur. Yığılan məhsulun 9 tonunu alma, 25 tonunu armud, 21,8 tonunu ərik, 41 tonunu gavalı, 37,8 tonunu alça, 22,7 tonunu şaftalı, 10,1 tonunu gilas, 43,7 tonunu isə albalı təşkil edib. Həmçinin məhsul istehsalçıları sahələrdən 102,1 ton giləmeyvə də toplayıblar. Tədarük olunan meyvənin, demək olar ki, yarıdan çoxunu Xalac, Yenikənd və Çuxanlı kəndlərinin bağbanları toplayıblar.

Saatlıda meyvə yığımı uğurla davam edir. Ötən il çoxillik meyvə bağlarından 2300 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.

Rayon statistika idarəsinin rəisi Seyfəddin Soltanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən aylarında rayondakı 2 min 501 hektar meyvə bağından 2 min 74,8 ton meyvə toplayıblar. Yığılmış məhsulun 119,4 tonu alma, 371,6 tonu ərik, 194,3 tonu albalı, 262,5 tonu gavalı, 691,7 tonu alça, 149,6 tonu gilas, 285,7 tonu isə sair meyvələrdir.

Tədarük olunan əriyin, demək olar ki, hamısı rayonun Qaranuru, Fətəlikənd, Şirinbəyli kəndlərinin, alçanın isə yarıdan çoxu Dədə Qorqud, Əhmədbəyli və Əlisoltanlı kəndlərinin bağbanları tərəfindən yığılıb.

Sonda qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata görə, ötən yarım ildə ölkədən 325 min 60 ton meyvə-tərəvəz ixrac edilib. Hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri isə 318 milyon 370 min ABŞ dolları olub.

 

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2019.- 20 iyul.- S.-7.