Azad söz azad cəmiyyətin təməl
daşıdır
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist
Vüqar Rəhimzadə www.yap.org.az saytına müsahibə
verib:
-
Vüqar müəllim, 144 yaşı tamam olan Azərbaycan mətbuatının
dünəninə, bu gününə və gələcək
perspektivlərinə bir baxış keçirməyinizi istərdik...
- Milli mətbuatımızın
bünövrəsi 1875-ci il iyulun 22-də dövrünün
maarifçilik hərəkatının görkəmli
nümayəndələrindən olan Həsən bəy Zərdabinin
“Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə
qoyuldu. “Əkinçi”nin fəaliyyəti
üçün əsas seçdiyi prinsiplər
- maarifləndirmə, müasirləşmə, məfkurə
saflığı, ümummilli məqsədlərin təbliği,
bəşəri dəyərlərin milli ənənələrlə
üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə
yaxınlaşdırılması, hadisələrin obyektiv
işıqlandırılması ölkəmizdə milli
demokratik mətbuatın gələcək
inkişafı üçün təməl daşları
rolunu oynadı. 1875-ci il iyulun 22-dən 1877-ci ilin
sentyabrınadək cəmi 56 nömrəsi işıq
üzü görən “Əkinçi” cəmiyyətin
güzgüsünə, Azərbaycan jurnalistikasının
bayraqdarına çevrildi. Sonrakı illərdə
görkəmli ziyalılar tərəfindən nəşr edilən
“Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”,
“Molla Nəsrəddin” kimi qəzet və jurnallar
“Əkinçi”nin ənənələrini davam etdirərək
cəhalətə, haqsızlığa qarşı mübarizəni,
maarifləndirməni əsas hədəfləri kimi irəli
sürdülər.
Azərbaycan mətbuatının keçdiyi zəngin
və şərəfli yolunu bir neçə mərhələyə
bölmək olar. Cümhuriyyət tariximizi təhlil edərkən
azad mətbuatın inkişafına, yeni fikrin
formalaşmasına yaradılan şəraitə xüsusi diqqət
yetirməliyik. Müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əsas
çağırışlarından biri məhz Cümhuriyyət
tariximizin öyrənilməsi, həmin dövrdə bu və
ya digər sahənin inkişafı üçün
yaradılan möhkəm bazanın təbliği idi.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə azad mətbuatın təməli qoyuldu.
Ümumilikdə, XX əsrin əvvəllərində nəşr
edilən mətbu orqanlar milli oyanış, milli
özünüdərk proseslərinin aparıcı vasitələrindən
biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin
qurucularının təbliğində mətbuatın misilsiz
xidmətləri vardır. Təəssüf ki,
bu mərhələnin ömrü uzun olmadı. Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun fəaliyyəti
müddətində formalaşan baza Azərbaycanın öz
dövlət müstəqilliyini yenidən bərpa etdikdən
sonra inkişafının davamlılığında, ölkəmizin
bu və ya digər sahələrdə uğurlu
addımlarında stimulverici amil rolunu oynadı.
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonrakı dövrü əhatə edən mərhələnin
70 ili kommunizm ideologiyası dövrü ilə
bağlıdır. Həmin illərdə fərqli
düşünmək, yazmaq, ümumiyyətlə, qadağan
edilmişdi. 1969-1982-ci illərdə Azərbaycan mətbuatı
yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ
həm də Azərbaycanın müstəqil gələcəyinə
xidmət edən addımların atıldığı
dövr kimi xarakterizə olunur. Ulu Öndər
Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın
cəmiyyətə təsir imkanlarının
böyüklüyü yüksək dəyərləndirilərək,
kütləvi informasiya vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
ardıcıl tədbirlərə geniş yer verildi.
1991-ci ildə SSRİ-nin
dağılması ilə öz dövlət müstəqilliyini
yenidən əldə edən Azərbaycan ilk illərdə
böyük faciələrlə, çətinliklərlə
üzləşsə də, 1993-cü ildə xalqın təkidli
tələbi ilə Ulu Öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı ölkəmizin
müstəqillik tarixində, həmçinin cəmiyyətin
güzgüsü kimi dəyərləndirilən mətbuatın
inkişafında yeni bir mərhələnin əsasını
qoydu. Müstəqilliyimizin ilk illərinin səciyyəvi
xüsusiyyətləri sırasına xaos, anarxiya və
özbaşınalığın yaratdığı azad
sözün, fikrin, mətbuatın hər addımda
boğulması da daxil idi.
Ümummilli Liderin hakimiyyətə
qayıdışı ilə yeni Azərbaycan quruldu, dövlətçiliyimizin
əsasları yaradıldı. Demokratik, hüquqi, dünyəvi
dövlət quruculuğu yolunu tutan Azərbaycanın
reallıqlarının təbliğatçısı, cəmiyyətin
güzgüsü olan mətbuatın inkişafı istiqamətində
davamlı addımlar atıldı. Ulu
Öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı
ilə senzura ləğv olundu. 1999-cu ildə mütərəqqi
“Kütləvi informasiya vasitələri haqqında” qanun qəbul
edildi. 2001-ci il dekabrın 18-də ölkənin əsas
kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının
rəhbərləri ilə görüşən
Ümummilli Lider mətbuatın problemlərini müzakirə
edərək həlli istiqamətində
tapşırıqlarını verdi. Həmin görüşdən
sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər
əlavə dəyər və mənfəət vergisindən
azad edildi. Ümummilli Lider Heydər Əliyev jurnalist əməyini
yüksək dəyərləndirirdi: “Jurnalist əməyi
qeyri-adi, olduqca böyük, zəhmətli, çox səylər
göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq,
öz peşəsinə vurğunluq tələb edən əməkdir”.
Bir mühüm məqamı da qeyd edək ki, mətbuata
dövlət nəzarətini həyata keçirən Mətbuat
və İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın
özünütənzimləməsi mexanizminin tətbiqinə
şərait yaratdığından 2003-cü il martın 15-də
Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini
tənzimləyən qurum - Azərbaycan Mətbuat
Şurası yaradıldı. Atılan hər bir
addımın azad mətbuatın inkişafında öz rolu
vardır. Ümumilikdə, Ümummilli Lider mətbuatın
problemlərinin həlli ilə bağlı onlarla Fərman və
Sərəncam imzalayıb. Dahi şəxsiyyətin mətbuata
bu cür dost, səmimi münasibəti jurnalistlər tərəfindən
də yüksək dəyərləndirildi. Ulu Öndər
Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin
dostu” mükafatına layiq görüldü.
Son 15 ildən artıq dövrdə Ulu Öndər
Heydər Əliyev siyasi kursu Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azad mətbuatın inkişafına xidmət
edən addımlar davamlılığı ilə diqqət
çəkir. Dövlətimizin
başçısı İlham Əliyev bu
çağırışı edir ki, hər bir ölkənin
inkişaf səviyyəsi mətbuatın inkişaf səviyyəsi
ilə sıx bağlıdır. Ölkəmizdə söz və
mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
yüksək səviyyədə diqqət və qayğı
göstərilir. Azərbaycanın iqtisadi imkanlarının
artması digər sahələr kimi, azad mətbuatın
inkişafı istiqamətində də mühüm
addımların atılmasını şərtləndirdi. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı
ilə “Azərbaycan Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad
medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki
bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını
artırmaq, jurnalistlərin sosial vəziyyətini
yaxşılaşdırmaq məqsədilə atılan
mühüm addımlardandır. Milli mətbuatımızın
yubileylərinin ölkədə geniş qeyd olunması,
KİV-lərə birdəfəlik maddi yardımların
göstərilməsi, mətbuat işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin
milli mətbuatın inkişafındakı xidmətlərinə
görə jurnalistlərin fəxri adlarla təltif edilməsi
haqqında sərəncamlar da mətbuata göstərilən
qayğının tərkib hissələridir. Hər beş
ildən bir milli mətbuatımızın yubileyinin dövlət
səviyyəsində təntənə ilə qeyd olunması
artıq bir ənənəyə çevrilib. Dövlətimizin
başçısı İlham Əliyevin Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri haqqında sərəncamları da
böyük rəğbətlə qarşılanır. Mətbuat işçilərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması ilə
bağlı ilk Sərəncam 2010-cu ildə imzalandı və
Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon
manat vəsait ayrıldı. Jurnalistlər üçün
tikilən ilk bina 2013-cü ildə istifadəyə
verildi və növbəti Sərəncam imzalandı. 2017-ci il
iyulun 22-də Milli Mətbuat Günündə jurnalistlərin
istifadəsinə verilən ikinci binanın
açılışında iştirak edən dövlətimizin
başçısı İlham Əliyev, eyni zamanda,
üçüncü binanın təməlini qoydu. Atılan hər bir addım dövlətimizin azad mətbuatın
inkişafına diqqət və qayğısının
aydın mənzərəsini yaradır. 2017-ci ildə
jurnalistlərin mənzil şəraitinin
yaxşılaşdılması ilə bağlı Sərəncamın
imzalanması ilə yanaşı, ölkəmizdə nəşr
olunan qəzetlərə birdəfəlik maliyyə
yardımı da ayrıldı. Mətbu orqanlara maliyyə
yardımlarının ayrılması ilə bağlı sərəncamlar
artıq ənənə halını alıb. Bütün
bunların nəticəsidir ki, son 15 ildən artıq dövrdə
möhtərəm Prezidentimiz İlham Əliyev üç dəfə
“Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Dövlətimizin başçısı həmçinin
“Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin
əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı,
eyni zamanda, milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl edən media
resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai
rəyə təsirinin gücləndiyi müasir dövrdə
mətbuatımız Azərbaycan xalqının
maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin
tərəqqisinə, dövlətimizin nüfuzunun daha da
yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir”
fikirləri ilə Azərbaycan mətbuatının
qarşısında dayanan vəzifələri diqqətə
çatdırır.
Keçilən yola qısa baxış fonunda
Azərbaycan mətbuatının parlaq gələcəyini
daha aydın görürük.
- Jurnalist məsuliyyəti və peşəkarlığı
bütün dövrlər üçün aktualdır. Sizcə,
bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxşdirmi?
- Əvvəldə də qeyd etdiyimiz kimi, azad
medianın səviyyəsi hər bir ölkənin səviyyəsini
göstərir. Əsas hədəflərimizdən biri
inkişaf etmiş ölkələr sırasında
addımlamaqdır. Məhz elə bu hədəfimizin
özü digər sahələr kimi, mətbuatda da təkmilləşməni,
yeniləşməni zərurətə çevirir. Nəzərə alsaq ki, bu gün 5 mindən
artıq kütləvi informasiya vasitəsi dövlət
qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları
və ictimai birliklər fəaliyyət göstərir, internet
istifadəçilərinin sayı əhalinin 85 faizindən
çoxdur, bu statistikanın özü sağlam rəqabətin gücləndirilməsini, jurnalistin öz peşəkarlığını
artırmasını, bundan öncə məsuliyyət amilini
fəaliyyətinin əsas prinsipi kimi öndə
saxlamasını bir tələb kimi ortaya qoyur. 2009-cu ildən
fəaliyyət göstərən Azərbaycan Respublikası
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirdiyi müsabiqələrin əsasında jurnalist
peşəkarlığının artırılması əsas
yer tutur. Jurnalistlərin peşəkarlığı, məsuliyyəti,
dəqiq informasiyanın ötürülməsi və sair kimi
məsələlər çox vacibdir. Bu vəhdət fonunda ərsəyə
gələn hər hansı bir materialın ictimai fikrə təsir
imkanları da geniş olacaqdır. Dövlətimizin
başçısı İlham Əliyevin “Əgər biz
keçmiş illərə nəzər salsaq, görərik
ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da
böyük yol keçmişdir. Bu, sadəcə, xoş
sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki
qəzetləri vərəqləsək, görərik ki, orada
daha çox böhtan, təhqir, iftira mövzuları
üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu
gün də vardır. Ancaq onların miqdarı xeyli
azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq,
dəqiq informasiya mütləq hər bir medianın imicini
göstərir” fikirləri Azərbaycan mətbuatının
keçdiyi inkişaf yolunda bu istiqamətdə də əldə
etdiklərinin ümumiləşdirilmiş ifadəsidir. Peşəkarlıq və məsuliyyət hissinin
birliyi fonunda ərsəyə gələn yazı həmin mətbu
orqanın əqidəsinə, tutduğu yola, məqsəd və
məramına işıq salmaqla yanaşı, jurnalistin mətbuatın
prinsiplərinə hansı səviyyədə
yanaşmasını da ortaya qoyur. Möhtərəm
Prezidentimiz İlham Əliyevin 2010-cu ildə Mətbuat
Şurasının yeni binasının
açılışında söylədiyi bu
çağırışı da xatırlatmaq istərdik:
“Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada
bax, qeyd etdiyiniz, bu reket məsələləri də aradan
qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə
xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır.
Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən
hesab edirəm ki, bunun vaxtı çatıbdır”. Günümüzün əsas tələblərindən
olan informasiya təhlükəsizliyinin təmin edilməsi də
jurnalist məsuliyyətini və peşəkarlığını
aktuallaşdırır. Əqidəsindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik
maraqlarını öndə saxlamalı, vətənpərvərlik,
milli şüur kimi prinsipləri əsas tutmalıdır.
- Vüqar müəllim, çoxsaylı mətbu
orqanları sırasında özünəməxsusluğu
şərtləndirən amilləri qeyd etdiniz. Bu günlərdə
rəhbərlik etdiyiniz “İki sahil” qəzetinin 28 yaşı
tamam oldu. Arxada qalan bu illər “İki sahil”ə hansı
uğurları qazandırıb?
- Ölkəmizdə demokratik cəmiyyətin
varlığını təsdiqləyən əsas amillərdən
biri məhz azad mətbuatın inkişafına geniş imkanların
yaradılmasıdır ki, bunlardan biri də çoxlu sayda mətbu
orqanların qeydiyyatdan keçməsi, hər birinin
özünəməxsus yer tutmasıdır. “İki sahil”in bu gün çoxsaylı mətbu orqanlar
arasında özünəməxsus yer tutmasında, təbii
ki, əqidəsinə, tutduğu yola sadiqliyi əsas rol
oynayıb. 1991-ci ildən “Vahid Azərbaycan uğrunda”
şüarı ilə yola çıxan “İki sahil” cəmiyyətin
güzgüsü missiyasını şərəflə yerinə
yetirir. Azərbaycanın müstəqillik
tarixinin bələdçisi kimi Ulu Öndər Heydər
Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın
bu və ya digər sahələrdə qazandığı
uğurları əsaslı şəkildə, mətbuatın
əsas prinsipləri olan obyektivlik və qərəzsizlik əsasında
ölkə ictimaiyyətinə çatdırır. Bu
gün ölkəmizin ictimai-siyasi həyatında
aparıcı rol oynayan, milyonların sevgisini qazanan, Ulu Öndər
Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan
Partiyasının keçdiyi şərəfli yol qəzetimizdə
geniş təbliğ olunur. Bununla yanaşı,
“İki sahil” ölkə iqtisadiyyatının
inkişafına, Ulu Öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının icrasına böyük
töhfələr verən SOCAR-ın uğurlarının təbliğatçısıdır.
İqtisadi tərəqqiyə əsaslanan güclü sosial
siyasətimiz, milli-mənəvi dəyərlərimizin,
tariximizin, mədəniyyətimizin, milli irsimizin qorunmasına
xidmət edən addımlar və onların uğurlu nəticələri
qəzetimizin hər sayında oxuculara
çatdırılır. Oxucu
auditoriyasının günbəgün genişlənməsi
onların informasiya ehtiyaclarını yüksək səviyyədə
təmin etməyimizdən, əvvəldə də qeyd etdiyim
kimi, jurnalist peşəkarlığının və məsuliyyətinin
artması fonunda qəzetimizin çoxsaylı mətbu orqanlar
arasında özünəməxsus yer tutmasından irəli
gəlir.
Ölkəmizdə azad mətbuatın
inkişafına xidmət edən addımlar “İki sahil”in həyatında
da özünü göstərir. Qəzetimizin fəaliyyəti
daim yüksək dəyərləndirilib, əməkdaşlarımızın
bir qismi “Əməkdar jurnalist” adına layiq
görülüb, medallarla təltif olunublar. Jurnalistlərin mənzil
şəraitlərinin yaxşılaşdırılması ilə
bağlı imzalanan Sərəncama uyğun olaraq hədiyyə
olunan evlərdən bizim əməkdaşlara da pay
düşüb. Qeyd etdiyimiz kimi, “İki sahil” 28 ildə bu
yolu dövlətçilik ənənələrimizin təbliği
ruhunda qət edib və qarşıdakı illərdə də
əqidəsinə sadiqliyi ilə həyata keçirilən
uğurlu siyasətə öz töhfəsini verəcək.
- Yeni texnologiyaların inkişafının
informasiya təhlükəsizliyinin təminatında rolunu necə
şərh edərdiniz? Dünya informasiya məkanına
inteqrasiyada Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq səviyyəli
tədbirlərin rolunu necə dəyərləndirirsiniz?
- Müasir dövrün informasiya-kommunikasiya
texnologiyaları əsri olduğunu nəzərə alsaq, daim
ilklərə imza atan Azərbaycanın bu sahədə
qazandığı uğurlar göz önündədir.
İlk olaraq onu demək istərdim ki, Azərbaycan artıq
kosmik klubun üzvüdür. Son 5 ildə üç peykimiz
orbitə buraxılıb. Bu böyük uğurumuz
iqtisadiyyatın şaxələndirilməsi, informasiya təhlükəsizliyinin
təmin edilməsi, beynəlxalq kosmik məkana inteqrasiya
istiqamətində mühüm addım kimi dəyərləndirilir.
“Bu peyklərin çox böyük əhəmiyyəti var”
söyləyən dövlətimizin başçısı
İlham Əliyev bildirir ki, bu, ilk növbədə, Azərbaycanın
informasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət
kəsb edir. Bu gün peyklərimiz vasitəsilə Azərbaycan
telekanalları dünyaya öz verilişlərini təqdim
edirlər.
Dünya informasiya məkanına sürətlə
inteqrasiya edən Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq səviyyəli
tədbirlər vasitəsilə malik olduğu imkanların təqdimatına
nail olur. Təkcə Azərbaycanın Dünya
Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit
Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
(OANA) XVI Baş Assambleyasına və MDB Dövlət
İnformasiya Agentlikləri Rəhbərləri
Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi
bu fikri böyük inamla qeyd etməyə əsas verir
ki, ölkəmiz müstəqil medianın inkişafı sahəsində
böyük təcrübəyə malikdir.
Azərbaycan demokratik inkişafın əsas
göstəricilərindən olan KİV-lərin sayına
görə MDB və Şərqi Avropa ölkələri
arasında lider mövqedə dayanır. Azərbaycan internetin tam azad
olduğu ölkədir və əhalimizin 85 faizindən
çoxu fəal internet istifadəçisidir. 2019-cu ilin böyük
uğurları sırasında yer alan 10
milyonluq ölkə sevincini nəzərə alsaq, Azərbaycanda
sosial mediadan istifadə edənlərin sayının 2 milyondan
çox olması təqdirolunan hadisədir. Bu rəqəm
onu nümayiş etdirir ki, Azərbaycanda azad medianın
inkişafı üçün mühüm addımlar
atılıb. Ölkəmiz beynəlxalq səviyyəli
tədbirlərə ev sahibliyi etməklə
həm malik olduğu imkanların təqdimatında əlavə
imkanlar əldə edir, həm də təcrübə
mübadiləsinin, səylərin birləşdirilməsi
fonunda qarşıya qoyulan məqsədlərə yüksək
səviyyədə nail olur. Medianın rolunun günbəgün
artması ilə məsuliyyətinin də
artdığını önə çəkən dövlətimizin
başçısı İlham Əliyev bildirir: “Bəzən
mediada gördüklərimiz və oxuduqlarımız
reallıqdan fərqlənir. Bunu şəxsi təcrübəmdən
deyə bilərəm. Əlbəttə,
istənilən dövlətin Prezidenti kifayət qədər
dəqiq məlumat mənbələrinə malikdir. Ancaq
beynəlxalq media vasitəsilə izlədiyimiz bu və ya digər
eyni hadisə onun kim tərəfindən təqdim
edilməsindən asılı olaraq, bəzən fərqli
şəkildə çatdırılır. Bu səbəbdən
biz eyni hadisənin siyasi motivlərə əsaslanan fərqli təqdimatının
şahidi oluruq. Yaxın Şərq,
müharibələr, Avropa, postsovet məkanı - burada eyni
hadisə fərqli şəkildə təqdim edilir. Yəni, biz burada siyasi motivlər və müəyyən
mənada müxtəlif siyasi dairələrin müdaxiləsinin
şahidi oluruq. Hadisələrin gedişi
müəyyən çərçivəyə salınır,
təqdim edilməli olan məsələlər müəyyənləşdirilir,
digər mövzular isə qadağan edilir”. Ölkə Prezidenti beynəlxalq tədbirlərin bu
kimi məsələlərin həllinə böyük dəstək
olduğunu bildirir.
- Hər
dövrün öz çağırışları
vardır. Müharibə şəraitində
yaşayan ölkəmizdə ictimaiyyətin yazılı və
elektron KİV-lərdən gözləntiləri fərqlidir.
Əsas məsələ vətənpərvərlik
hissinin aşılanması, həqiqətlərimizin faktlar əsasında
təbliğ olunmasıdır. Mətbuat
bu vəzifəni hansı səviyyədə yerinə yetirir?
- XXI əsr
informasiya mübarizəsi əsridir. Dövlətimizin
başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
internet resurslarının mövcudluğu bu mübarizəni
daha da kəskinləşdirir. Müxtəlif
dillərdə internet resurslarının
yaradılmasının vacibliyi bildirilir.
Möhtərəm Prezidentimizin hər
çıxışında Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsinin gündəlik
işimiz olması ən mühüm
çağırış kimi səsləndirilir. Ümummilli məsələlərdə
birlik, həmrəylik vacibdir. Siyasi əqidəsindən,
mövqeyindən asılı olmayaraq bütün mətbu orqanlar,
media nümayəndələri yeganə problemimiz olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin
açıqlanmasına öz töhfələrini verməlidir.
Azərbaycanın diplomatik uğurları, eyni
zamanda, iqtisadi imkanlarının artması fonunda güclənən,
qüdrətlənən ordusu bu problemimizin də tezliklə
öz ədalətli həllini tapacağına əminlik
yaradır. Aprel döyüşləri,
Naxçıvan qələbələri Azərbaycan Ordusunun
gücünün nümayişi oldu. Həmçinin
Cocuq Mərcanlı kəndinə qayıdış
Böyük Qayıdışın başlanğıcı
kimi dəyərləndirilir. Cənab
Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın
üçrəngli bayrağının Şuşada, Xankəndidə
dalğalanacağı gün uzaqda deyil.
Dövlətçilik maraqları şəxsi maraqlardan
öndə dayanmalıdır. Bu gün Azərbaycanın
uğurları xarici anti-azərbaycan dairələr tərəfindən
böyük qısqanclıq hissi ilə
qarşılandığından onların əsassız,
heç bir məntiqə söykənməyən qarayaxma
kampaniyaları həyata keçirmələrinə səbəb
olur. Əqidəsindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq hər bir mətbu orqan bu kimi çirkin
kampaniyalara qarşı mübarizədə fəal olmalı,
Azərbaycanı istəməyən bu ünsürlərin
şər və böhtanlarını
reallıqlarımıza söykənərək əsaslı
şəkildə cavablandırmalıdır.
Dövlətimizin başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, hücum diplomatiyasını daha da
gücləndirməliyik. Bu gün Azərbaycana
hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin
şahidi olarıq. İqtisadi
imkanlarını günbəgün artıran ölkəmizin
ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar
göz önündədir. Dövlətimizin
diplomatik uğurlarını, ordumuzun gücünü,
qüdrətini təbliğ etməklə yanaşı, bu
gün heç bir sahədə Azərbaycanla rəqabət
aparmaq imkanında olmayan Ermənistanın
işğalçılıq siyasətinin ona
qazandırdığı uğursuzluqları da beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırmalıyıq.
Saxta tarix yazıb, qonşu dövlətlərə
qarşı əsassız torpaq iddiası ilə yaşayan və
bu istəyini zaman-zaman həyata keçirmək
üçün havadarlarından dəstək alan
ermənilərin iç üzü
açılmalıdır. Diplomatik
uğurlarımızın miqyası genişdir. Dövlətimizin uğurlu daxili və xarici siyasəti
nəticəsində artıq dünya ictimaiyyəti Azərbaycan
reallıqlarını düzgün dəyərləndirməyə
başlayıb. Ayrı-ayrı nüfuzlu
dünya dövlətlərinin və beynəlxalq təşkilatların
qəbul etdikləri qərar və qətnamələrdə
Azərbaycanın haqlı mövqeyi dəstəklənir.
Təbii ki, bu uğurlar Heydər Əliyev siyasətinin
təntənəsidir. Bu reallıqların
təbliğində mətbuatın üzərinə
böyük məsuliyyət düşür. Hər bir mətbu orqan vətənpərvərlik
hissinin möhkəmləndirilməsinə, həqiqətlərimizin
təbliğinə öz töhfəsini verməlidir. Bu həm bir mətbu orqan olaraq vəzifəmiz, həm
də vətəndaşlıq borcumuzdur.
Bugünkü uğurlarımız
xalqımızın yeganə problemimiz olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tezliklə
öz ədalətli həllini tapacağına əminliyini
artırır. Mətbuatın növbəti 145 illiyində qələbə
sevincimizi paylaşmaq arzusu ilə bütün həmkarlarımı
qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü
münasibətilə təbrik edir, yeni-yeni
yaradıcılıq uğurları arzulayıram.
Yeni Azərbaycan.-
2019.- 20 iyul.- S.5