Bu ilin birinci rübü də respublikamızın qərb bölgəsi üçün uğurlu olub

 

Bəhs edilən dövrdə bölgəyə daxil olan ayrı-ayrı rayonlarda quruculuq-abadlıq işləri davam edib

(əvvəli ötən sayımızda)

 

Şəmkir rayonunda da 2019-cu ilin üç ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat məruzəsi ilə çıxış edən Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi ölkəmizin son illərdə inkişafından danışıb. Alimpaşa Məmmədov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Şəmkir rayonunun sosial-iqtisadi həyatında da cari ilin üç ayı ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirib.

Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olub, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından tədbirlər planı təsdiq olunub və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrasının nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanıb.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyasının prioritet istiqamətlərdən olduğu məruzədə qeyd edilib. Hesabat iclasında qeyd olunub ki, rayonun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti kimi istehsal sahələrində, eləcə də nəqliyyat, rabitə və ticarət kimi xidmət sahələrində son illər əldə olunmuş nailiyyətlər davam etməkdədir. Bildirilib ki, 2019-cu ilin I rübü ərzində 1224 yeni iş yeri açılıb ki, bunun da 359-u daimi iş yeridir.

Gədəbəy rayonunda da 2019-cu ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilib. Gədəbəy RİH başçısı İbrahim Mustafayev hesabat məruzəsində qeyd etmişdir ki, bütün regionlarda səngiməyən abadlıq-quruculuq işləri hesabat dövründə Gədəbəy rayonunda da uğurla davam etdirilərək, mühüm infrastruktur layihələrinin icrasına, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına başlanılıb, əhalinin sosial vəziyyətinin yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz tədbirlər həyata keçirilib, rayonun iqtisadi və sosial həyatında baş verən pozitiv dəyişikliklər bütün sahələrdə yüksəlişlə müşayiət olunub. Belə ki, 2019-cu ilin birinci rübündə rayonun ümumi daxili məhsul istehsalının həcmi 107011,0 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6492,3 min manat və ya 6,4 faiz çoxdur. Rayon üzrə sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2052,0 min manat və ya 5,6 faiz artaraq 38933,4 min manat təşkil edib.

Nəqliyyat sektorunda 607,2 min manatlıq xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,0 min manat və ya 5,9% çox olub. Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 128,3 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 min manat və ya 11% çox rabitə xidməti göstərilib. Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 9373,5 min manat məbləğində investisiya cəlb edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2092,2 min manat və ya 28,7 faiz çox olub.

İstehlak və xidmət bazarlarında əhaliyə 50198,9 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Satılmış məhsulların həcmi 45068,4 min manata, pullu xidmətlərin həcmi 5130,5 min manata çatdırılıb.

Ümumi daxili məhsul istehsalında 36,2 faiz sənayenin, 11,5 faiz kənd təsərrüfatının, 8,8 faiz tikintinin, 42,8 faiz ticarətin, 0,7 faiz isə nəqliyyat və rabitənin payına düşüb. Ümumi daxili məhsul istehsalına daxil olan məhsulların istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4778,2 min manat və ya 8,5 faiz, xidmətlərin göstərilməsində isə 2131,0 min manat və ya 4,8 faiz artım qeydə alınıb. Hesabat dövründə Gədəbəy rayonunda 111-i daimi olmaqla 307 iş yeri açılıb ki, bunlardan 5-i yeni yaradılmış müəssisə və təşkilatlar, 106-sı fiziki şəxslər tərəfindən, 196-sı isə digər hallarda yaradılıb. 2019-cu ilin birinci rübü ərzində Gədəbəy rayon büdcəsinin cari gəlirlər üzrə mədaxili ümumilikdə 955,2 min manat proqnoz plana qarşı 1459,5 min manat və ya 152,8 faiz olmaqla 504,3 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 377,5 min manat çox yerinə yetirilib. Hesabat dövründə 4 tədiyyə növü üzrə proqnoz planlar artıqlaması ilə, 6 tədiyyə növü üzrə cəmi 58,7 min manat kəsirlə yerinə yetirilib. Büdcənin xərcləri 96,4 faiz və ya 72,1 min manat az yerinə yetirilib, artıq və qanunsuz xərclərə yol verilməyib.

2019-cu ilin I rübündə də Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilib, yeni qəbul edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun inkişafını təmin edəcək 16 tədbirin icrası ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Abadlıq işləri çərçivəsində şəhərin Səməd Vurğun küçəsində səkilər yenidən qurulub, yüksəkgərginlikli hava xətləri yer altına keçirilib, istinad divarları üzlənib və burada yerləşən ticarət obyektləri yeni dizaynda əsaslı təmir edilib. Dilarə Əliyeva küçəsində isə genişləndirmə işləri aparılıb. Hər iki küçəyə yeni asfalt örtüyünün salınması nəzərdə tutulur. Azərbaycan Prezidenti İlham Əliyevin rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası davam etdirilib, rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə davam edən layihələr hesabına 225,0 min manat investisiya cəlb edilib. Rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi 1-ci istehsal sahəsində və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrində tikinti işləri başa çatıb.

Rüb ərzində “Novruz” bayramı münasibətilə və bayramdan sonra Bakı şəhərində keçirilən yarmarkada rayondan olan fermerlərin iştirakı təmin edilib və 26 ton kartof, 180 kq bal, 1,2 ton süd və digər kənd təsərrüfatı məhsulları satılıb. Rayonda əkinçiliyin və heyvandarlığın daha da inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilərək 2019-cu ilin birinci rübü ərzində rayonda 80,5 ha sahədə yazlıq əkin aparılıb. Yaz tarla işlərinin vaxtında və keyfiyyətli aparılması məqsədilə 128 ədəd traktor, 18 ədəd kotan və digər asma texnikalar saz vəziyyətə gətirilib. Əkin işləri davam etdirilir. Qeyd edək ki, bu il rayon ərazisində 10 hektar tütün əkilməsi nəzərdə tutulur və bu məqsədlə işlərə başlanılıb.

İstehsalçıların gübrə təminatını yaxşılaşdırmaq məqsədilə rayonun Novosaratovka kəndində səyyari gübrə satışı təşkil olunub və 34,4 ton gübrə güzəştli qiymətlərlə satılıb. Gəmiricilərə qarşı 3300 ha sahədə müşahidə, 2350 ha sahədə sirayətlənmə və 1700 ha sahədə mübarizə tədbirləri aparılıb. Tovuz Regional Aqrokimya Laboratoriyasının mütəxəssisləri tərəfindən rayonun Çanaqçı, Nərimankənd və Moruxlu kəndlərində analiz məqsədilə vətəndaşların torpaqlarından nümunələrin götürülməsinə başlanılıb.

Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 45208 baş, xırdabuynuzlu heyvanların baş sayı 233228 baş olub, diri çəkidə 22,5 min sentner ət, 46,9 min sentner süd istehsal edilib. Rayon baytarlıq idarəsi tərəfindən 7348 baş iri, 34 baş xırdabuynuzlu mal-qarada bruselyoza qarşı seroloji müayinə aparılıb. Onu da qeyd edək ki, 2019-cu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 15896 nəfər pensiyaçı qeydiyyatda olub ki, onlardan 8464 nəfəri və ya 53,3 faizi yaşa görə, 6218 nəfəri və ya 39,1 faizi əlilliyə görə, 1214 nəfəri və ya 7,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” müvafiq Sərəncamına əsasən cari ilin aprel ayının 1-dən etibarən müavinətlərin məbləğində ciddi artımlar olub, eyni zamanda, bir neçə müavinət ilk dəfə verilməyə başlanılıb. Hesabat dövründə rayon üzrə əmək pensiyalarının ödənilməsi üçün 9,4 milyon manat, müavinətlərin ödənilməsi üçün isə 1,6 milyon manat vəsait daxil olub və hər ay vaxtında pensiyaçıların plastik kartlarına köçürülüb və bu işlər daim nəzarətdə saxlanılıb.

Onu da qeyd edək ki, 2019-cu ilin 1-ci rübü ərzində Gədəbəy rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1124 nəfər müraciət edib. Onlardan 283 nəfəri və ya 25,2 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin edilib, işlə təmin olunanların 77 nəfəri və ya 27,2 faizi qadınlar, 64 nəfəri və ya 22,6 faizi gənclərdir. Hesabat dövrünün sonuna qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların sayı 2389 nəfər olub. Azərbaycan Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşlardan təlimləri uğurla başa vurmuş 49 nəfər aktivlərlə təmin olunub, rüb ərzində 15 nəfər aztəminatlı ailə təlimlərə cəlb edilib. Rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə cəmi 395 iş yeri yaradılıb ki, onlardan 275 nəfəri yanvar ayından haqqı ödənilən ictimai işlərə cəlb edilib, 120 nəfərin müqavilələri isə “DOST İş Mərkəzi” MMC-yə təqdim olunub. Bu sahədə vətəndaşların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi və neqativ hallara yol verilməməsi məqsədilə komissiya yaradılıb və bu işlər daim nəzarətdə saxlanılır.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 5 iyun.- S.7.