Azərbaycan qətiyyətli mövqeyi və milli maraqları özündə əks etdirən siyasəti ilə daim irəli gedir

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva www.yap.org.az saytına müsahibə verib:

- Sevinc xanım, Azərbaycan Respublikası hazırda bütün regional məsələlərin əsas iştirakçısıdır. Ölkəmizin mövqeyi bölgədə getdikcə daha da güclənir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Ümumiyyətlə, ölkəmiz Cənubi Qafqazın lideri olaraq bölgədə əsas söz sahibidir. Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda bildirib ki, biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq. Dövlət başçısının qeyd etdiyi kimi, əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yol keçmişdir. Cənab Prezidentin də vurğuladığı kimi, ölkəmiz mühüm geosiyasi məkan kimi regionun özündə sülh və təhlükəsizliyin təmin edilməsi üçün dayaq nöqtəsi və ən perspektivli tərəfdaş hesab edilir.

Azərbaycan artıq praktik olaraq bütün regional məsələlərin əsas iştirakçısıdır və regionda strateji əhəmiyyətli bütün layihələrin həm onun razılığı, həm də iştirakı olmadan gerçəkləşdirilməsi mümkün deyil. Hazırkı inkişaf mərhələsində Azərbaycan Cənubi Qafqaz regionunda aparıcı mövqe tutan dövlət kimi, çətin və hətta mürəkkəb geosiyasi şəraitdə öz müstəqil siyasətini aparır. Bu sahədə əsas diqqət ölkənin ərazi bütövlüyünün tezliklə bərpasına, regionda təhlükəsizlik və sabitliyin güclənməsinə, Xəzər dənizi hövzəsinin demilitarizasiyasına, Avratlantik strukturlar və Avropa institutları ilə əməkdaşlığa yönəldilib. Eyni zamanda, iqtisadi baxımdan böyük və hiss olunacaq yüksəkliklərə çatıb, donor ölkə olub, inamla, müstəqil sərbəst siyasət apararaq regional lider kimi qəbul edilib.

- Nəzərə alaq ki, Azərbaycanın artan nüfuzu müəyyən dairələr tərəfindən qıcıqla qarşılanır. Sizcə, bunun səbəbləri nədir?

- Təbii ki, bu fakt bizi istəməyənləri sevindirə və göz qabağında olan uğurlarımıza bədxahlıqla yanaşanları narahat etməyə bilməz. Məhz buna görə də Azərbaycana qarşı informasiya müharibəsi aparılır, ölkəmizə dair məlumatları saxtalaşdırmağa cəhd edirlər, daha aydın ifadə etsək, bizə qarşı hibrid müharibə həyata keçirirlər. Hibrid müharibənin ənənəvi müharibədən əsas fərqlərindən biri müasir informasiya texnologiyalarının imkanlarının geniş istifadəsidir. Bir sıra hallarda onlar düzgün informasiyanın qərəzli təhrif edilməsi vasitəsi, tarixin saxtalaşdırılması, bilərəkdən yalan məlumatların yayılması, uydurma faktların ortaya atılması, eləcə də ən çirkin sosial texnologiyaların istifadəsi mənbəyinə çevrilir. Bizim dövrümüzdə informasiya məkanı getdikcə daha çox döyüş əməliyyatlarının aparılması üçün meydan kimi nəzərdən keçirilir. Müasir münaqişələrin başlıca məqsədi isə rəqib üzərində informasiya üstünlüyünün qazanılması və qorunub saxlanılmasıdır. İnformasiya müharibəsi öz mahiyyətinə görə hibrid müharibənin başlıca elementidir. O, daim dezinformasiyaya, psixoloji təsirə, informasiya hücumlarına əsaslanır. İnformasiya üstünlüyü müasir münaqişələrdə qələbə qazanmağın zəruri şərtidir. Lakin informasiya müharibələri dinc dövrdə də aparılır. Psevdoinformasiyanın daşıyıcıları qismində informasiya domenləri çıxış edə bilər. İnformasiya domenlərinə radio, yerüstü, kabel və peyk televiziyası, mətbuat, internet, sosial şəbəkələr, axın videolar, mobil telefonlar, ictimai təşkilatlar və şayiələr aiddir. Kütləvi informasiya və kommunikasiya vasitələri, internet qlobal informasiya şəbəkəsi, açıq informasiya resursları zəruri olduqda ictimai rəyin manipulyasiyası, dezinformasiya və hədəf ölkə ictimaiyyətində yanlış fikrin yaradılması məqsədilə fəal istifadə edilir. Azərbaycan qonşu Ermənistan tərəfindən bu cür hallarla dəfələrlə qarşılaşıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı hərbi əməliyyatlardan başqa informasiya-psixoloji əməliyyatlar da tətbiq edilib. İşğal olunmuş ərazilərdə bir milyondan çox azərbaycanlı ilə münasibətdə qanlı etnik təmizləmənin törədilməsini gizlətmək üçün Ermənistan informasiya müharibəsinə, dezinformasiyaya əl atır və öz çirkin niyyətini müxtəlif bəhanələrlə və bizə qarşı atdığı böhtanlarla gizlətməyə çalışır. Erməni dairələri və ölkəmizə təzyiq etmək üçün səbəb axtaranlar inkişafımıza qısqanclıqla yanaşanlar, birbaşa və dolayısı ilə maddi və digər dəstək alan destruktiv müxalifət qüvvələrini də bu işə cəlb edir. Son zamanlar Azərbaycana qarşı başlanmış bu hibrid müharibəyə, çox təəssüflər olsun ki, xaricdə yaşayan bəzi azərbaycanlılar da qoşulub və bu minvalla xəyanət yolunu tutublar. Onlar internet məkanında getdikcə daha çox peyda olur, iğtişaş və itaətsizliyə daha fəal şəkildə çağırışlar edir, ölkənin ünvanına və hökumətə qarşı əsassız iddiaları daha sərt şəkildə irəli sürərək, ümumi qəbul edilmiş ədəb sərhədlərini keçərək təhqirlərə qədər alçalırlar.

Azərbaycan əzəldən müxtəlif sivilizasiya və mədəniyyətlər arasında körpü olub, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri əsrlər boyu ölkəmizin ərazisində tam sülh və mütləq razılıq şəraitində yaşayıblar. Biz dünya ictimaiyyəti tərəfindən tanınmış din azadlığı, tolerantlıq və multikulturalizm nümunəsiyik. Buna görə də erməni təxribatının Azərbaycanda yaşayan xalqları bir-birinə qarşı qoymaq cəhdləri heç vaxt perspektivə malik olmayıb və olmayacaq da! “Dənizdən-dənizə böyük Ermənistan”ın yaradılması ideyasının daşıyıcılarının - “dünya erməniləri” adlı radikal ideologiya adeptlərinin törətdiyi saysız vəhşiliklər haqqında informasiya Azərbaycanın çoxsaylı xalqlarının yaxın keçmişinin tarixi yaddaşında çox yaxşı qalıb. Onların törətdiyi faciələr, saxta tarix yaratmaq cəhdləri bütün dünyaya məlumdur.

- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həlli prosesinin hazırkı durumu haqqında nə deyə bilərsiniz?

- Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində qətiyyətli mövqeyini, prinsipial siyasətini davam etdirir. Son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatların səsləndirilməsi, bu istiqamətdə mühüm sənədlərin qəbul olunması Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsini ifadə edir. Ermənistan tərəfinin beynəlxalq hüquq normalarına zidd olan iddiaları isə heç bir nəticə vermir, dünya ictimaiyyəti bu cür iddiaları qəbul etmir. Bütün hallarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil. Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Bu gün hərtərəfli inkişafımızda əldə etdiyimiz uğurlarla yanaşı, informasiya müstəvisində də aktivliyimiz müsbət mənada nəzərə çarpır. Bu, bizim informasiya məkanında əldə etdiyimiz uğurların və ölkə rəhbərinin düzgün, uğurlu siyasətinin nəticəsində mümkün olub.

- Ermənistan tərəfi təxribatçı addımlarını davam etdirir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri zamanı erməni snayperi tərəfindən Azərbaycan hərbçisi qətlə yetirilib...

- Əlbəttə ki, Ermənistanın təxribatçı hərəkətləri, o cümlədən erməni snayperlərindən istifadə olunması münaqişənin sülh yolu ilə həllinə zərbə vurur. Bu baxımdan, real vəziyyət dəyişməz olaraq qalır. Bilirsiniz ki, bizim güclü ordumuz var, ordumuz müasir texnika və avadanlıqla təchiz olunub. Bütövlükdə, Azərbaycan Ermənistanla müqayisədə hər sahədə böyük dərəcədə üstündür.

Qeyd edim ki, torpaqlarımızı işğaldan

azad etmək üçün müharibəyə başlamaq heç zaman gec deyil. Amma müharibə itki, fəlakət, dağıntı deməkdir, vaxtilə çox itkilərimiz olub. Yenidən qan tökülməsinin, dağıntıların baş verməsinin tərəfdarı deyilik. Ona görə də, bütün sülh yollarından istifadə etməliyik. Əks halda, biz müharibə yolu ilə torpaqlarımızı azad etməyə həm mənəvi, həm də hərbi nöqteyi-nəzərdən hazırıq!

Bir sözlə, Azərbaycan qətiyyətli mövqeyi, milli maraqları özündə əks etdirən siyasəti ilə mətin addımlarla irəli gedir və heç bir təzyiq bizi qorxutmur, çəkindirmir. Çünki biz müstəqilliyimizin qorunması və dünyada sülhün bərqərar olunması üçün mübarizə aparır və fəaliyyət göstəririk. Bunun üçün hər birimiz bu gün ayıq-sayıq olmalı, ölkəmizə qarşı həyata keçirilən informasiya müharibəsində üstünlüyü əldən verməməliyik. Müstəqilliyimizin qorunması, əbədi olması üçün ölkə rəhbərinin qarşıya qoyduğu vəzifələrin icrasında yorulmadan fəaliyyət göstərməliyik.

 

Yeni azərbaycan.- 2019.- 5 iyun.- S.4.