Ulu Öndər
Heydər Əliyev Azərbaycanı vətəndaş
müharibəsi və
tənəzzüldən xilas
edərək inkişaf
yoluna çıxardı
Müstəqil Azərbaycan dövlətçiliyinə
və xalqımıza
qarşı yönəlmiş
4 iyun hadisələrindən
26 il ötür
Azərbaycanın qısa müstəqillik tarixi heç də hamar olmayıb.
Zaman-zaman müstəqilliyimizin
başı üstünü
qara buludlar alıb, bütövlükdə
respublikamızın təhlükəsizliyinə
çox ciddi təhdidlər yaranıb.
Bu baxımdan
1993-cü ilin 4 iyunu və həmin gün yaşanan hadisələr xüsusi qeyd edilməlidir. 4 iyundan 26 il ötsə
də, bəhs olunan tarixdə respublikamızda yaşanan
arzuolunmaz hadisələr
heç vaxt yaddan çıxmır. Xatırladaq ki, həmin ərəfədə respublikamızın
XX yüzillikdə ikinci
dəfə qazandığı
müstəqilliyinin itirilməsi
təhlükəsi yaranmışdı.
Belə çətin
məqamda xalqımız
növbəti dəfə
böyük müdriklik
göstərərək qarşıdurmaların,
respublikada qardaş qanı axıdılmasının miqyasının
genişlənməsinə, ölkənin parçalanmasına
imkan vermədi.
1993-cü ilin yayında AXC-“Müsavat” iqtidarı ölkəni vətəndaş müharibəsi
həddinə gətirib
çatdırmışdı
Müstəqilliyimizin ilk illərində,
daha konkret desək, 1992-ci il mayın 14-də respublikada
cərəyan edən
son dərəcə ziddiyyətli hadisələrin
fonunda qeyri-qanuni yolla hakimiyyətə yiyələnən AXC-”Müsavat”
iqtidarının siyasi
səriştəsizliyi ölkəni
idarəolunmaz vəziyyətə
gətirib çıxarmışdı. Bütün
hakimiyyət pillələrinə
sirayət edən özbaşınalıq, xaos,
hərc-mərclik o dövrü
xarakterizə edən əsas cəhətlər
idi. Torpaqları işğala məruz qalan ölkənin ordusunda vahid komandanlıq yox idi. Cəbhə bölgəsində döyüş əməliyyatlarına
cəlb olunan hərbi hissələrə
faktiki nəzarəti siyasi hakimiyyətə iddialar nümayiş etdirən və bir-biri ilə ədavətdə olan partiyaların təmsilçiləri
həyata keçirirdilər
ki, bu da
çox ağır nəticələrə gətirib
çıxarırdı. Məntiqsiz,
bir-birini təkzib edən fərmanlar, tez-tez dəyişən qərarlar, ölçüyəgəlməz
özbaşınalıqlar AXC-”Müsavat” iqtidarının
ölkəni idarə
edə bilməyəcəyini
göstərirdi. Ən
acınacaqlısı isə
o idi ki, hakimiyyətin ən yüksək ranqlarında
mövcud olan qruplaşmalar arasında münasibətlər
silahlı qarşıdurma
həddinə çatmışdı.
Hakimiyyət strukturlarına,
o cümlədən silahlı
birləşmələrə nəzarəti itirən
AXC-”Müsavat” iqtidarı
1993-cü ilin yayında
ölkəni vətəndaş
müharibəsi təhlükəsi
ilə üz-üzə
qoydu. Artıq bir sıra ərazilərdə
bəzi silahlı birliklər separatçı
iddialarla çıxış
edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Belə bir məqamda
Azərbaycan hakimiyyəti
silahlı birləşmələri,
demək olar ki, zorla vətəndaş
qarşıdurmasına sürükləyirdi.
1993-cü il iyunun 4-də
Gəncədə sabiq
korpus komandiri və AXC-”Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət
Hüseynovun rəhbərlik
etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki
qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi
əmrini verdi.
1993-cü il 4 iyun tarixində Gəncədə
Surət Hüseynovun başçılıq etdiyi
hərbi qüvvələrlə hökumət qüvvələri arasında
silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində
olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən
əməliyyat uğursuzluqla
nəticələndi, hər
iki tərəfdən
35 nəfər həlak
oldu. Gəncəyə göndərilmiş dövlət rəsmiləri
S.Hüseynovun dəstəsi
tərəfindən girov
götürüldü. Bu
hadisə Azərbaycanda
dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı,
ölkə vətəndaş
müharibəsi astanasına
gəlib çıxdı.
Yalnız Ümummilli
Lider Heydər Əliyevin səyləri nəticəsində ölkədə
vətəndaş qarşıdurmasının
qarşısını almaq
mümkün oldu
Gəncə hadisələrinə ilk operativ reaksiya Naxçıvandan gəldi.
İyunun 5-də Heydər
Əliyevin rəhbərlik
etdiyi Naxçıvan
Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət
edilərək onların
imperiya nökərlərinə
layiqli cavab verəcəklərinə, müstəqilliyimizi
və gənc Azərbaycan dövlətini
qoruyub saxlayacaqlarına
böyük inam ifadə olunurdu.
Elə xalqın ümid
dolu nəzərləri
də həmin dövrdə Naxçıvanda
yaşayıb fəaliyyət
göstərən və
şəxsi nüfuzu,
aldığı müdrik
qərarlarla muxtar respublikanın ayaqda qalmasını təmin edən Ulu Öndər
Heydər Əliyevə
dikilmişdi. AXC-”Müsavat”
iqtidarının yarıtmaz
rəhbərliyindən cana
doyan xalq Vətənin bu ağır günündə
öz dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini
qətiyyətlə təkid
edirdi. Bütövlükdə
Azərbaycanın inkişaf
salnaməsini yazan Ulu Öndər isə bu dəfə
də xalqın istəyinə biganə qalmayaraq çiyinlərini
çox ağır yükün altına verməkdən çəkinmədi.
Heydər Əliyev xalqın və respublikanın o vaxtkı rəhbərliyinin təkidli
dəvətini qəbul
edib, iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Ümummilli
Lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə
böyük ümidlər
yaratdı. Ulu Öndər hər şeyi öyrənib təhlil etdikdən sonra Milli Məclisin
növbəti iclasında
Gəncə hadisələri
barədə Özünün
qəti sözünü dedi: “Hadisələr dəhşətlidir,
qan tökülüb,
cinayət edilib. Bunlar araşdırılmalıdır
və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən
asılı olmasına
baxmayaraq qanun qarşısında məsuliyyət
daşımalıdır”.
Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik
əldə etdiyi bir məqamda tarixin təkrarına - müstəqilliyin itirilməsinə
yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin
varlığını qorudu.
Yalnız Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində ölkədə
vətəndaş qarşıdurmasının
qarşısını almaq
mümkün oldu. Ulu Öndər özünəxas uzaqgörənliklə
qısa müddətdə
cəmiyyətin potensialını
inkişafa, müstəqilliyimizin
möhkəmlənməsinə yönəltdi.
1993-cü ilin
4 iyununda ölkədə
baş verən gərgin və ziddiyyətli hadisələrdən
sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə
gəlməsi müstəqillik
tariximizdə dönüş
nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyev iyunun 15-də parlamentin
Sədri seçildi. Azərbaycan xalqı
1993-cü və 1998-ci illərdə
Ulu Öndərə böyük etimad göstərərək Onu
Azərbaycan Respublikasının
Prezidenti seçdi. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə müstəqil respublikamızda ilk parlament seçkiləri keçirildi. Onun rəhbərliyi ilə
hazırlanaraq 1995-ci il
noyabrın 12-də ümumxalq
səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün fundamental
baza rolunu oynayır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi
və qətiyyəti
sayəsində 1993-1996-cı illərdə ölkədə
dövlət idarəçiliyi
institutları formalaşdırıldı,
qanunsuzluğa və anarxiyaya son qoyuldu, cəmiyyətin bütün sahələrində
sabitlik təmin edildi, 1996-cı ildən isə iqtisadi artım dövrü başladı.
Bu gün müstəqil
Azərbaycan dünyada
milli maraqlarını
qətiyyətlə qoruyan
güclü dövlət
kimi tanınır. Ölkəmizdə Ümummilli
Lider Heydər Əliyevin əsasını
qoyduğu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi xalqımızda gələcəyə
böyük inam doğurur. Dövlət başçısının rəhbərliyi ilə ardıcıllıqla həyata
keçirilən məqsədyönlü
siyasət sayəsində
respublikamız qısa
müstəqillik tarixində
dünyada ən yüksək sürətlə
inkişaf edən ölkəyə çevrilib.
Respublikamızın iqtisadi,
maliyyə potensialı
genişlənib, beynəlxalq
nüfuzu əhəmiyyətli
dərəcədə artıb.
Qısa müstəqillik
tarixində Azərbaycan
dünyanın 155 ölkəsinin
dəstəyini qazanaraq
2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır. Bölgədə
Azərbaycanın təşəbbüsləri
və iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün
deyil.
Azərbaycanın qısa müstəqillik tarixində qazandığı
belə uğurların
siyahısı kifayət
qədər genişdir.
Müstəqilliyimizi möhkəmləndirən,
Azərbaycanı dünyada
nüfuzlu dövlətə
çevirən nailiyyətlərimizin
təməli isə 4
iyun 1993-cü il hadisələrindən sonra
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı
ilə qoyulub. Buna görə də Azərbaycan xalqı Ulu Öndərin Vətənin
ağır günündə
məsuliyyətdən çəkinməyərək
respublikaya rəhbərliyi
ələ almasını
həmişə minnətdarlıq
hissi ilə xatırlayacaq.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2019.- 5 iyun.- S.3