Bakıda Ümumdünya
Gömrük Təşkilatının
İnformasiya Texnologiyaları
və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb
İyunun 12-də Bakıda, Heydər Əliyev Mərkəzində
Ümumdünya Gömrük
Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları
və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransın
açılış mərasimində
Azərbaycan Respublikasının
Baş Naziri Novruz Məmmədov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı
məktubu oxuyub və çıxış
edib.
Ümumdünya Gömrük Təşkilatının
Baş katibi Kunio Mikuriya və tədbir iştirakçılarını salamlayan Novruz Məmmədov deyib: “Bugünkü tədbirdə
siz - gömrük orqanlarının, sərhəd
idarəçiliyi üzrə
qurumların, işgüzar
dairələrin nümayəndələri
birlikdə gömrük
işinin müxtəlif
mövzularına həsr
olunan aktual strateji yanaşmalarla bağlı müzakirələr
aparacaqsınız. Konfransda
sərhəd idarəçiliyinin,
beynəlxalq ticarətin
təhlükəsizliyinin və
dayanıqlılığının təmin edilməsi kimi vacib məsələlər
müzakirə olunacaq”.
Baş Nazir
qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarla,
o cümlədən Ümumdünya
Gömrük Təşkilatı
ilə fəal əməkdaşlıq edir.
Belə ki, Ümumdünya Gömrük Təşkilatının
Potensialın Gücləndirilməsi
üzrə Avropa Regional Ofisinin ölkəmizin paytaxtında
yerləşməsi, eləcə
də Azərbaycanın
Ümumdünya Gömrük
Təşkilatının Avropa
Regionu üzrə sədr müavini vəzifəsinə seçilməsi
əməkdaşlığımızın yüksək səviyyəsini göstərir.
“Ümumdünya Gömrük Təşkilatının
bu mötəbər tədbirinin Bakı şəhərində keçirilməsi
təqdirəlayiq haldır.
Bakı son illər mədəniyyətlər,
sivilizasiyalararası dialoq,
idman, enerji, nəqliyyat və digər sahələrdə
mühüm beynəlxalq
tədbirlərə ev
sahibliyi edir. Bu konfransın da Bakıda keçirilməsi ölkəmizin
mötəbər tədbirlərə
ev sahibliyi etməsi sahəsində qazandığı etimadın
göstəricisidir”, - deyə
Novruz Məmmədov bildirib.
Baş Nazir
deyib ki, Azərbaycan əlverişli
coğrafi mövqedə,
beynəlxalq nəqliyyat
dəhlizlərinin və
informasiya magistrallarının
kəsişdiyi məkanda
yerləşir. Son illər
respublikamız bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə
böyük sərmayələr
qoyur, regionda və ölkə daxilində irimiqyaslı infrastruktur layihələri
həyata keçirir.
2008-ci ildən etibarən
Azərbaycanda kosmik sənayenin yaradılması
və telekommunikasiya peyklərinin orbitə çıxarılması
ilə bağlı işlərə başlanılıb.
Artıq
Azərbaycan müxtəlif
təyinatlı 3 peykini
orbitə çıxarıb
və dünyanın kosmik ölkələr klubunun üzvüdür.
2013-cü ilin Azərbaycanda
“İnformasiya-kommunikasiya texnologiyaları
ili” elan edilməsi bu sahənin inkişafına
ən yüksək səviyyədə göstərilən
diqqətin əyani təsdiqidir.
“Dövlət orqanlarında, o cümlədən
gömrük sahəsində
müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi
ilə idarəçiliyin
təkmilləşdirilməsi Azərbaycan üçün
əsas vəzifələrdən
biridir. Azərbaycan Prezidenti İlham
Əliyevin rəhbərliyi
ilə həyata keçirilən dövlət
proqramları və islahatlar nəticəsində
ölkəmizin ümumdünya
elektron məkanına
sürətli inteqrasiyası
təmin edilib, elektron hökumətin, rəqəmsal iqtisadiyyatın,
elektron kommersiya və data-mərkəzlərinin,
texnoloji parkların, biznes inkubatorların
yaradılması, informasiya
təhlükəsizliyinin təmini
istiqamətində mühüm
addımlar atılıb.
Hörmətli qonaqlar,
sizi Azərbaycanda bir daha salamlayır,
konfrans və sərginin işinə uğurlar arzulayıram”, -
deyə Novruz Məmmədov vurğulayıb.
Dövlət Gömrük Komitəsinin
(DGK) sədri, gömrük
xidməti general-leytenantı
Səfər Mehdiyev çıxışında tədbirin
önəmini diqqətə
çatdıraraq vurğulayıb
ki, Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən
qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi
ilə davam etdirilən mütərəqqi siyasət
nəticəsində bu
gün bütün sahələrdə olduğu
kimi, gömrük işinin müasir idarəçilik prinsipləri
əsasında təşkili
istiqamətində də
mühüm nailiyyətlər
əldə olunub.
Səfər Mehdiyev qeyd edib ki, qlobal
müstəvidə gömrük
işi sahəsində
tətbiq edilən informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi ilə bağlı qabaqcıl təcrübələrin öyrənilməsi
üçün beynəlxalq
əməkdaşlığın rolu vacibdir və
Azərbaycan Gömrük
Xidmətinin ÜGT ilə əməkdaşlığını
bu mənada nümunəvi saymaq olar. DGK sədri
vurğulayıb ki, bu gün Heydər
Əliyev Mərkəzində
ÜGT-nin ən böyük tədbirinin keçirilməsi heç
də təsadüfi deyil. İlk dəfə olaraq ÜGT-nin həm özəl,
həm də dövlət sektoru üçün nəzərdə
tutulan iki tədbiri - İnformasiya Texnologiyaları Sərgisi,
Texnologiyalar və İnnovasiyalar Konfransı
birləşdirilərək vahid tədbir çərçivəsində təşkil edilib.
Komitə sədri
bildirib ki, bu yeniliyə məhz Bakıda keçirilən tədbirdə
imza atılması Azərbaycanın mötəbər
tədbirlərə ev
sahibliyi etməsi işində qazandığı
xüsusi rəğbət
və etimadın göstəricisidir. Səfər Mehdiyev
onu da qeyd
edib ki, “SMART sərhədlər üçün
yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar” mövzusunda keçirilən konfransda beynəlxalq ticarətin təhlükəsizliyini və
dayanıqlığını təmin etmək məqsədilə gömrük
işi sahəsində blokçeyn texnologiyasından, süni
intellektdən istifadə
kimi məsələlər
ətrafında maraqlı
müzakirələr aparılacaq
və tətbiq edilə bilən ən müasir texnoloji həllər barədə təqdimatlar
keçiriləcək.
Daha sonra
qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
informasiya-kommunikasiya texnologiyalarının
tətbiqi sahəsində
böyük uğurlar
əldə edib. Azərbaycan gömrüyü
tərəfindən tətbiq
olunan elektron xidmətlər ölkədə
ümumilikdə ən
çox istifadə edilən elektron xidmətlər sırasındadır.
Bu gün gömrük rəsmiləşdirilməsi proseslərinin
tam avtomatlaşdırıldığını,
gömrük bəyannamələrinin
elektron formada təqdim edildiyini, gömrük ödənişlərinin
həyata keçirilməsi,
gömrük orqanlarına
müraciətlərin izlənməsi
kimi xüsusi sosial əhəmiyyət kəsb edən xidmətlərin tam kağızsız texnologiyalar
əsasında qurulduğunu
deyən komitə sədri, fürsətdən
istifadə edərək
tədbirin iştirakçı
ölkələrini şəffaf
statistika aparmağa və bu sahədə
birgə layihələr
həyata keçirməyə
dəvət edib.
Öz növbəsində, Koreya Gömrük Xidməti İnformasiya və Beynəlxalq Məsələlər İdarəsinin
Baş direktoru Taeil Kang çıxış
edərək tədbir
iştirakçılarını salamlayıb və ÜGT-nin İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinə ev sahibliyi etdiyi üçün Azərbaycan
Respublikasının Dövlət
Gömrük Komitəsinə
təşəkkürünü bildirib.
Baş direktor bu tədbirin qarşıda duran vəzifələri bir daha müəyyənləşdirməkdə
və problemlərdən
çıxış yollarını
aramaqda kömək edəcəyinə əmin
olduğunu bildirib, informasiya texnologiyaları sahəsindəki qabaqcıl
təcrübələrdən danışıb.
ÜGT-nin Baş katibi Kunio Mikuriya isə bildirib ki, bugünkü konfrans aparıcı texnologiyaların və yeniliklərin mübadiləsi
sahəsində yüksək
səviyyədə təşkil
edilib, tədbirdə
ÜGT-nin qlobal texnologiyalar üzrə peşəkar ekspertlər
qrupu iştirak edir. Əldə olunan nailiyyətləri bu tədbir çərçivəsində daha da inkişaf etdirmək niyyətində olduqlarını
deyən Baş katib, tədbirdə daha çox ticarət, səyahət və nəqliyyat üçün yeni texnologiyalar mövzusunun seçildiyini diqqətə
çatdırıb.
Kunio Mikuriya
qeyd edib ki, bu gün
elektron kommersiya və elektron ticarətin inkişafı
müşahidə olunur
və bu, bizim yaşam tərzimizdir. Süni intellekt, blokçeyn, əşyalar interneti və sair sərhəd-keçid
məntəqələrində idarə edilməsi iqtisadi inkişafa səbəb ola bilər. Baş katib onu da
bildirdi ki, biz ölkələrin təcrübə və fikir mübadiləsindən
yararlanır və konfransda müzakirələr
apararaq gələcəkdə
bu sahəni inkişaf etdirə bilərik.
Daha sonra
tədbir iştirakçıları
texnoloji yeniliklər və avadanlıqların nümayiş olunduğu sərgiyə baxıblar.
Konfrans işini
sessiyalarla davam etdirib. Sessiyalarda texnologiyaya
əsaslanan qabaqcıl
ticarət üzrə
strategiyaların yenidən
qurulması, gələcəyin
yaşıl nəqliyyat
və logistikasına sərhəd idarəçiliyinin
münasibəti, maneəsiz
sərhəd üçün
smart hava limanları, daha təhlükəsiz və dayanıqlı ticarət üçün
innovativ həllər,
gələcəyə yönəlmiş
nəqliyyat sahəsi ilə bağlı mövzular müzakirə olunub.
ÜGT-nin İnformasiya
Texnologiyaları və
Texnoloji İnnovasiyalar
Konfrans və Sərgisi iyunun 14-dək davam edəcək.
Yeni Azərbaycan.-
2019.- 13 iyun.- S.3