Misirdə İmadəddin Nəsiminin Azərbaycan dilində əlyazması tapılıb
“Vətənpərvər”
- Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.
Birlikdən APA-ya verilən məlumatda bildirilir ki, S.Nəsirov dahi şairin əlyazmalarını onunla bağlı apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (“Dər əl-Kutub əl-Misriyyə”) aşkarlayıb.
Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib.
Azərbaycan dilində olan əlyazmanın uzərində Nəsimi Külliyatı yazılıb. Bu külliyat şeir və nəsrdən ibarətdir. Şeirlərin çoxu rubai və məsnəvi üslubunda yazılıb. Arasında qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhlibeytindən bəhs edir.
S.Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, sonu eyni hərflə bitən ayrı-ayrı şeirlərin olması olub. Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliq xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəqş olunub.
Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şeirlərdən ibarətdir. Adı “Divan Nəsimi”dir. Şikəstə xəttinə bənzəyən nəstəliq xətti ilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu 16 sm, sayı səksən altıdır.
Birlikdən o da bildirilib ki, S.Nəsirov 20 ildən çoxdur, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır,
250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarlaməqalənin müəllifidir.
Qeyd edək ki, “Misir Kitablar Evi” “(Dər əl-Kutub əl-Misriyyə”) dünyanın ən məşhur kitabxanalarından biridir.
Yeni Azərbaycan.- 2019.- 13 iyun.- S.8