Azərbaycanın bölgələrində turizmin inkişafı istiqamətində layihələr reallaşdırılır

 

Turizm potensialı baxımından əlverişli olan regionlarımız yay mövsümündə xarici və yerli qonaqları qəbul etməyə hazırdır

Hazırda bütün dünyada turizm iqtisadiyyatın əsas inkişaf və gəlir istiqamətlərindən biri sayılır. İstər ölkələrin tanıdılması, istərsə də ölkənin gəlirlərinin artırılması üçün turizm sahəsinə diqqət ildən-ilə artır. Ölkəmizdə də qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində turizm sahəsinə xüsusi diqqət ayrılıb. Vurğulamaq gərəkdir ki, məhz Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Ölkənin turizm potensialının yalnız Bakı şəhəri üzrə deyil, eyni zamanda, regionlar üzrə aşkarlanması, regional turizmi inkişaf etdirmək üçün tədbirlər görülür.

Azərbaycanın bölgələrinin turizm potensialının xaricdə beynəlxalq auditoriyaya çatdırılması işində genişmiqyaslı təbliğat və marketinq tədbirləri görülür. Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi də şübhəsizdir ki, turizmin inkişafına, ölkəmizin tanıdılmasına öz davamlı töhfələrini verməkdədir. Belə ki, ölkəmizə turistlərin cəlb edilməsi üçün dövlət səviyyəsində Azərbaycanın dünya arenasında müxtəlif istiqamətli təbliğatı həyata keçirilir.

Ölkəmizə gələn əcnəbilərin sayını artırmaq üçün Bakıda və regionlarda Azərbaycanın turizm potensialı təbliğ edilir

Bu yaxınlarda Azərbaycanın turizm şirkətlərinin nümayəndələri Gürcüstanın Acarıstan Muxtar Respublikasında səfərdə olublar. Səfər çərçivəsində ölkəmizi təmsil edən şirkətlərin təmsilçiləri Acarıstanın turizm potensialı ilə tanış olublar. Keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Nümayəndə heyətimizin üzvləri Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı və artan turizm potensialı barədə acarıstanlı həmkarlarına ətraflı məlumat veriblər. Qarşılıqlı olaraq turist səfərlərinin təşkili barədə razılıq əldə olunub. Azərbaycan nümayəndə heyəti Batumi şəhərinin turizm məkanları, mehmanxana infrastrukturu ilə tanış olub, Acarıstanın digər bölgələrinə səfərlər ediblər.

Bu yaxınlarda Batumi şəhərində “EXPO BATUMI TRAVEL / EXPO MED 2019” 12-ci beynəlxalq mehmanxana avadanlığı və tibbi turizm sərgisi də baş tutub. Acarıstan hökuməti, Acarıstan Turizm və Kurortlar Departamenti, Batumi şəhər meriyası, Acarıstan Ticarət-Sənaye Palatası və Gürcüstan Beynəlxalq Sərmayəçilər Assosiasiyasının himayədarlığı ilə keçirilən sərgidə Azərbaycan da təmsil olunub. Batumidəki Baş konsulluğun təşkilatçılığı ilə sərgidə Azərbaycanın “Buta Airways” aviaşirkətinin, “Premier Travel”, Naxçıvan Muxtar Respublikasının turistik şirkətlərinin nümayəndələri iştirak ediblər.

Bu yaxınlarda Naxçıvan şəhəri ilə qardaşlaşan Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 16-cı ənənəvi “Mədəni turizm” Beynəlxalq Turizm Sərgisində də Azərbaycan növbəti dəfə milli stendlə təmsil olunub. Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilmiş ölkəmizin turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb. Sərgidə Azərbaycanın mədəniyyəti, adət-ənənələri, tarixi və turizm imkanları, eləcə də 2018-ci ilin yanvar ayında açılan Bakı ilə Sofiya arasında birbaşa hava əlaqəsi barədə ətraflı məlumat verilib. Ölkə stendində Azərbaycan xalçaları və sənətkarlıq nümunələri, eləcə də rəqs geyimləri nümayiş etdirilib. Sərgidə həmçinin Azərbaycanın istehsalı olan nar şirəsinin dequstasiyası keçirilib, ziyarətçilərə Azərbaycan milli şirniyyatları olan şəkərbura və paxlava paylanılıb. Sözügedən sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Nikolina Angelkova, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi qonaqlar Azərbaycan stendini ziyarət edib, ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılıb.

Qeyd edək ki, 16-cı “Mədəni Turizm” sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, İndoneziya, Çin və Serbiya daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 30-a yaxın bolqar və xarici şirkət və qurumlar iştirak ediblər.

Azərbaycanın turizm potensialının xarici ölkələrdə təbliği ilə yanaşı, bu yöndə daha bir tədbir Bakıda keçirilib. Dövlət Turizm Agentliyi tərəfindən Almaniyadan olan turoperatorlarla yerli turizm şirkətlərinin nümayəndələri arasında tanışlıq görüşü təşkil edilib. Dövlət Turizm Agentliyindən bildirilib ki, 150-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə alman şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə olunub, gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb.

Onu da qeyd edək ki, Berlin, Frankfurt, Münhen, Bremen və Köln şəhərlərindən olan alman şirkətlərinin Azərbaycan haqqında ətraflı məlumatlandırılması məqsədilə Bakı və regionlara tanışlıq səfərləri təşkil olunub. Agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində Bakı, Qəbələ, Şamaxı və Şəkinin turizm məkanlarını ziyarətlə yanaşı, şərabçılıq və kəlağayı istehsalı ilə bağlı tarixi ənənələr haqqında da məlumat verilib. Əsasən təbiət və mədəniyyət turizmi üzrə ixtisaslaşmış turoperatorların alman turistlərə təklif etdikləri səyahət paketlərinə bu il və gələn il üçün Azərbaycanın ayrıca bir istiqamət kimi daxil edilməsi planlaşdırılır.

Azərbaycan Turizm Bürosu tərəfindən Hindistandan olan turizm şirkətləri və yerli turoperatorların nümayəndələri arasında tanışlıq görüşü də təşkil olunub. B2B xarakterli və 50-dən çox yerli turoperatorun iştirak etdiyi görüşdə turizm sahəsi üzrə ixtisaslaşmış Hindistan şirkətləri ilə mümkün əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılıb. Dövlət Turizm Agentliyindən bildirilib ki, Hindistan şirkətlərinə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat verilən tədbirin əsas məqsədi Bakıda və regionlarda Azərbaycanın turizm potensialının təqdimatı və ölkəmizə gələn əcnəbilərin sayını artırmaqdır. Mumbay şəhərindən olan şirkətlərin ölkəmiz və onun turizm imkanları barədə ətraflı məlumatlandırılması məqsədilə Bakı, Şamaxı və Qəbələ şəhərlərinə tanışlıq səfərləri təşkil olunub. Qonaqlar Bakıda xidmət göstərən hotellərə və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna baş çəkiblər. Qeyd edək ki, 2018-ci ilin sonundan etibarən Hindistanın Mumbay şəhərində ölkəmizin rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

Bununla yanaşı, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkil etdiyi “Turizm imkanlarının kəşf edilməsi” adlı işgüzar görüş keçirilib. Görüşdə xüsusi qonaq olaraq dəvət olunan Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edib. Dövlət Turizm Agentliyindən bildirilib ki, F.Zenqstşmid qonaqları Azərbaycan Turizm Bürosunun fəaliyyəti, Azərbaycan turizm strategiyasının konsepsiyası, ölkə turizminin inkişafına dair planlar barədə məlumatlandırıb və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq yeni tərəfdaşlarla əlaqələr yaratmaq üçün görülən işlər barədə danışıb.

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 45,5 milyon manat güzəştli kredit verilib

Xatırladaq ki, turizm sektorunun inkişaf perspektivləri daim diqqət mərkəzindədir. İyunun 3-də İqtisadiyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda konfrans keçirilib. Konfransda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən turizmin inkişafına ayrılmış güzəştli kreditlərdən istifadənin səmərəliliyinin artırılması barədə müzakirələr aparılıb. Konfransda İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Reklam Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Milli Turizm Təbliğat Bürosunun, Azərbaycan Hotel Assosiasiyasının, biznes subyektlərinin və QHT nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini digər sahələrə olduğu kimi turizm sahəsinə dövlət qayğısını vurğulayaraq bu sahənin inkişafı üçün geniş imkanları, əlverişli turizm infrastrukturunun yaradıldığını, beynəlxalq standartlara cavab verən hotellərin, müalicə-sağlamlıq komplekslərinin, istirahət zonalarının istifadəyə verildiyini, ölkəyə daha çox turistin cəlb olunması və milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldilməsi üçün layihələrin reallaşdırıldığını diqqətə çatdırıb: “Turizmin inkişafına digər dəstək tədbirləri ilə yanaşı, güzəştli kreditlərdən istifadə imkanları da genişləndirilib. İndiyədək Sahibkarlığın İnkişafı Fondu 202 investisiya layihəsinin maliyyələşdirilməsinə 45,5 milyon manat güzəştli kredit vəsaiti ayırıb və bu layihələrin hesabına 4 min 640 yeni iş yerinin açılması imkanı yaranıb”.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsində mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verib, son illər ölkənin turizm sektorunda inkişaf meyillərini və ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin ölkəyə turist axınının sürətləndirdiyini diqqətə çatdırıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədr müavini Faiq Abbasov qurumun fəaliyyəti barədə məlumat verərək sahibkarlara göstərilən müxtəlif dəstək mexanizmlərini, o cümlədən ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və “KOB Evi”nin yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.

 

(davamı növbəti sayımızda)

Qaşqay ZİYƏDDİNOĞLU

Yeni Azərbaycan.- 2019.-14 iyun.- S.7