Azərbaycanın bölgələrində
turizmin inkişafı istiqamətində layihələr
reallaşdırılır
Turizm potensialı baxımından əlverişli
olan regionlarımız yay mövsümündə xarici və
yerli qonaqları qəbul etməyə hazırdır
(əvvəli ötən sayımızda)
Konfrans çərçivəsində
“Turizmin inkişafında sosial infrastruktur, nəqliyyat və
kommunal xidmətlərin rolu və turizm sənayesində
inzibati prosedurların sadələşdirilməsi və
stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi” mövzusunda panel müzakirələr
aparılıb. Turizm sektoru sahəsində fəaliyyət
göstərən biznes subyektləri ilə dövlət
qurumları arasında aparılan müzakirələrdə
iştirakçıları maraqlandıran suallar
cavablandırılıb və təkliflər dinlənilib. Tədbir
çərçivəsində arıçılıqla məşğul
olan sahibkarların istehsal etdikləri məhsulların sərgisi
təşkil edilib.
Turistlərin Azərbaycana cəlb olunması
istiqamətində mühüm layihələr
reallaşdırılır
Ölkəmizdə aqroekoturizmin
inkişafına həsr olunan “Şəhərdən Kəndə”
layihəsinə start verilib. Layihə Kənd Təsərrüfatı
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət
Aqrar Ticarət Şirkəti tərəfindən
reallaşdırılır.
İyunun 4-də “Şəhərdən
Kəndə” layihəsinin təqdimat mərasimində
çıxış edən kənd təsərrüfatı
naziri İnam Kərimov bildirib ki, son dövrlərdə Prezident
İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda
aqrar sahə yeni mərhələyə qədəm qoyub.
Kənd təsərrüfatı sahəsində
reallaşdırılan çoxsaylı dövlət layihələri
nəticəsində məhsuldarlıq artıb. Məhsullarımızın
yerli bazarlarla yanaşı, xaricdə də satışı təmin
olunub. Nazirin sözlərinə görə, Dövlət Aqrar
Ticarət Şirkətinin həyata keçirdiyi “Kənddən
Şəhərə” layihəsi fermerlərə məhsullarını
birbaşa şəhərdəki istehlakçıya
çatdırmağa imkan verib. Hazırda isə “Şəhərdən
Kəndə” layihəsinə başlanılır. Bu layihənin əsas məqsədi kənd turizminin
inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial
rifah halının daha da
yaxşılaşdırılması, yeni xidmət sahələrinin
açılması və alternativ satış
kanallarının yaradılması, kənd sakinlərinin,
kiçik və orta fermer təsərrüfatı sahiblərinin
gəlirlərinin şaxələndirilməsi, həmçinin
onların ailə bizneslərinə dəstək olmaqdır.
Ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayev vurğulayıb ki, Prezident İlham Əliyev
ekoloji təmiz məhsulların yetişdirilməsinə və
qida təhlükəsizliyinin gücləndirilməsinə
xüsusi önəm verir. Onun sözlərinə görə,
Azərbaycanın zəngin flora və faunaya malik olması
turizm imkanlarını da artırır. Bu gün 10-dan
çox milli park fəaliyyət göstərir. Milli parklarda
turistlərə ölkəmizin müxtəlif bölgələrinin
və kəndlərinin tarixi ilə bağlı ətraflı
məlumatlar təqdim olunur. “Şəhərdən Kəndə”
layihəsi də ekoturizmin inkişafı istiqamətində
atılan növbəti addımdır. Nazir əlavə edib
ki, layihə çərçivəsində fermerlər
aqroekoturizm kimi yeni məşğulluq sahəsinə cəlb
olunacaq. Bununla da onların istehsal etdikləri məhsullar
üçün yeni satış kanalları yaranacaq, əlavə
gəlir mənbəyi olacaq və gəlirləri artacaq.
Dövlət Turizm Agentliyinin sədri Fuad
Nağıyev qeyd edib ki, son dövrlər ölkəmizdə
turizm sektorunun inkişafı üçün mühüm
addımlar atılıb. Dünyada turizm sahəsində rəqabətin
artdığını deyən F.Nağıyev bildirib ki,
turistlərin Azərbaycana cəlb olunması istiqamətində
layihələr reallaşdırılır. Agentliyin sədri əlavə
edib ki, “Şəhərdən Kəndə” layihəsi vasitəsilə
mədəni irsimiz, kənd təsərrüfatı məhsullarımızın
təbliği işi gücləndiriləcək. Nəticədə
bölgələrdə işsizliyin və miqrasiyanın səviyyəsi
azalacaq. Bundan başqa, “Şəhərdən Kəndə”
layihəsinin iştirakçısı olan həm yerli, həm
də əcnəbi turistlər maraqlı, fərqli və daha
sərfəli istirahət etmək, kənd təsərrüfatı
mallarını yerində almaq və təbiətə daha
yaxın olmaq imkanı qazanacaqlar.
Onu da qeyd edək ki, bu günlərdə
turizm sahəsində çalışan sahibkarların və
bu sektorda sahibkarlıq fəaliyyətinə başlamaq istəyən
şəxslərin, eləcə də Azərbaycan Qadın
Sahibkarlığının İnkişafı
Assosiasiyasının nümayəndələrinin
iştirakı ilə “Mədəni turizmdə klasterləşmənin
səmərəliliyinin artırılması” mövzusunda dəyirmi
masa keçirilib. Dəyirmi masada mədəni
turizm sahəsində klasterlərin yaradılması, klasterlərlə
bağlı qanunvericilikdəki yeniliklər, mədəni
turizmdə klasterləşmənin səmərəliliyinin
yüksəldilməsi kimi məsələlər müzakirə
edilib, sahibkarların müvafiq sahədə təklifləri
dinlənilib, onları maraqlandıran suallar
cavablandırılıb.
Tədbirdə KOBİA-nın
nümayəndələri tərəfindən məlumat
verilib ki, “KOB klaster” eyni və ya bənzər sektorda, əlaqəli
və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin
müəyyən coğrafi bölgədə yerləşməsi
ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid
bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq
qarşılıqlı iqtisadi əlaqələrin
qurulması, birgə fəaliyyət imkanlarına malik olan əməkdaşlıq
modelidir. Vergi Məcəlləsində “KOB klaster”lər
üçün bir sıra vergi güzəştləri nəzərdə
tutulur. Belə ki, “KOB klaster şirkəti” 7 il müddətində
mənfəət, torpaq və əmlak vergisindən,
texnikanın, texnoloji avadanlıqların və
qurğuların idxalı üçün ƏDV-dən
azaddır. “KOB klasterin iştirakçısı” isə 7 il
müddətində əldə etdiyi mənfəətin
kapital xarakterli xərclərinin çəkilməsinə
yönəldilən hissəsinin gəlir vergisindən azad
olunur.
Turizm potensialı baxımından əlverişli
olan regionlarda yay turuzm mövsümünə start verilib
Ramazan bayramı münasibətilə elan olunan
qeyri-iş günlərində Qubadakı istirahət mərkəzlərində
dincələn turistlərin sayı iki dəfə artıb.
Qonaqlar arasında xeyli sayda əcnəbilər də var. Bayram
günlərində Quba rayonuna gələn turistlər daha
çox Qəçrəş və Quba-Xınalıq istiqamətində
yerləşən istirahət mərkəzlərinə üz
tutublar. Turizm obyektlərinin sahibləri bildiriblər ki, bu
günlərdə rayona gələn turistlərin sayı adi
günlərdəkindən iki dəfə çoxdur.
Qonaqların əksəriyyətini yerli turistlər təşkil
edir. Quba rayonunun Azərbaycan paytaxtına məsafə
baxımından yaxın olması da turist axınında
böyük rol oynayır. Rayona gələn qonaqların
çoxluğu nəzərə alınaraq, regiondakı Turizm
İnformasiya Mərkəzi istirahət və bayram günlərində
də fəaliyyət göstərir.
Ölkəmizin cənub bölgəsində fəaliyyət
göstərən turizm obyektləri və istirahət mərkəzləri,
adətən, may ayının sonları və iyun
ayının əvvəllərindən etibarən daha
çox turist qəbul edirlər. Builki yay turizm
mövsümü ərəfəsində cənub bölgəsində
havaların isti keçməsi turizm obyektlərinə turist
axınına səbəb olub. Həm turizm obyektlərində,
həm də dənizkənarı çimərliklərə
üz tutanların sayı ötən ilin mövsümü ilə
müqayisədə xeyli artıb. May ayında cənub
bölgəsinə 6 minə yaxın turist gəlib. Ramazan
bayramı günlərində isə təkcə Lənkəran
rayonunda 2 min turist dincəlib.
Ölkəmizə gələn turistlərin ilk
üz tutduğu yerlərdən biri də Lerikdir. Lerik bir tərəfdən meşəlik, digər tərəfdən
dağlarla əhatə olunduğundan, turizm potensialı
yüksək qiymətləndirilir. Əsasən Avropa ölkələrindən
buraya gələn turistlər arasında flora və faunaya maraq
göstərənlər çoxdur. Ələt-Astara magistral
yolunun istifadəyə verilməsi də turistlərin gəlişinə
müsbət təsir göstərib.
Hazırda tikintisi davam etdirilən
Lənkəran-Lerik yolunun genişləndirilməsi bölgənin
turizm imkanlarına müsbət təsir göstərəcək.
41 min hektar meşə zolağının mövcud olduğu
Lerik rayonunda 17-dən çox istirahət mərkəzi var.
Leriklə Lənkəran həmsərhəd olduğundan dənizlə
dağın arasında cəmi 20-25 dəqiqəlik məsafə
var. Bu da turistlərin həm dənizdə, həm meşədə,
həm də dağlar qoynunda istirahətinə imkan verir.
Bir çox turizm obyektləri qiymətlər
sabit qalmaq şərti ilə əlavə turlar da təşkil
edir. İstirahətin bir günlük qiyməti isə
komfortundan asılı olaraq dəyişir. Artıq sifarişlərin
qəbuluna başlanılıb. Növbəti aylarda da cənub
bölgəsinə yerli və xarici turistlərin
sayının artması gözlənilir.
Gözəl və füsunkar təbiəti ilə
seçilən Lənkərana respublikamızın müxtəlif
şəhər və rayonlarından, həm də xarici
ölkələrdən 30 mindən çox turistin gələcəyi
proqnozlaşdırılır. Mütəxəssislərin
fikrincə, yay fəslində Lənkəran İstisu və
Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi nəticəsində
bölgəyə daha çox əcnəbi turist gələcək.
Ötən ildən etibarən Lənkəranda
demək olar, bütün ilboyu turizm mövsümü
sayılır. Burada ilin bütün fəsillərində
xarici və yerli turistlər müşahidə edilir.
2016-2017-ci illərdə Lənkəranda mehmanxana və
mehmanxana tipli obyektlərdə qalan turistlərin sayı təxminən
20 min təşkil edirdisə, 2018-ci ildə bu rəqəm 30
minə yaxın olub. Yay turizm mövsümü
başlamamış, 2019-cu ilin ilk 3 ayında isə bu rəqəm
6 mini ötüb.
Lənkəran Turizm İnformasiya Mərkəzinin
direktoru İlqar Əzimov deyir ki, Lənkəran rayonu,
mehmanxanalar turizm mövsümünə tam hazırdır:
“İyul-avqust ayları üçün əksər otellərdə
boş yer yoxdur. Bu il, həmçinin bölgədə turizm
sahəsində baş verəcək əlamətdar hadisə
turistlərin bu bölgəyə diqqətini daha çox
çəkəcək. Belə ki, Lənkəranda
böyük müalicəvi sanatoriya kompleksi istifadəyə
veriləcək. Bu müalicəvi sanatoriya kompleksi Qafqazda ən
böyük komplekslərdən biri hesab olunur. Bu, öz növbəsində,
Lənkərana müalicə üçün üz tutan həm
yerli, həm də xarici vətəndaşlar üçün
əlverişli imkandır”.
Hotel meneceri Mirmehdi Məmmədov isə bildirir
ki, cənub bölgəsinə bu il daha çox turistin gəlməsinə
səbəb ötən il istifadəyə verilən Ələt-Astara
magistralıdır. “Dövlət əhəmiyyətli yol
müasir standartlara cavab verir. Respublikanın ən rahat, ən
münasib və məsafəsi az olan magistral yollarından
biridir. Əgər qonaqlar əvvəllər Bakıdan Lənkərana
4 saata gəlirdilərsə, indi 2 saata rayona çatmaq olur.
Keçən ilə nisbətən builki
qonaqlarımızın əksəriyyəti Rusiya, İran və
Türkiyədən olacaq. Keçən ilə nisbətən
bu il turist sayı çoxdur, otaqlarımız indidən
tutulub”, - deyə o qeyd edib.
Turizm məkanlarının qiymətlərinə
gəlincə, təklif olunan xidmətlərin qiyməti
ötən ildəkindən fərqlənmir. “İstirahət
mərkəzimizdəki orta seqmentli kotteclərdə yerlər
1 nəfər üçün səhər və axşam yeməyi
də daxil olmaqla, təxminən 30 manat civarındadır”,
- deyə Akif Əliyev bildirib. Ümumilikdə isə, cənub
bölgəsində bir nəfərin bir günlük istirahəti
göstərilən xidmətlərdən asılı olaraq
20-250 manata başa gəlir.
Bölgədə müalicəvi əhəmiyyətli
təbii bulaqlar da var. Təsadüfi deyil ki, əksər
turistlər yay fəslində cənub bölgəsinə əsasən
müalicəvi bulaqlardan istifadə etmək üçün
gəlirlər. Bölgənin flora və faunasının zənginliyi
isə əcnəbi turistlərin daha çox diqqətini
çəkir. Qeyd edək ki, cənub bölgəsində
60-dan çox turizm istirahət mərkəzi var. Onlardan da 10-a
yaxını müalicəvi əhəmiyyətlidir.
Qaşqay
ZİYƏDDİNOĞLU
Yeni Azərbaycan.- 2019.- 15 iyun.- S.11