Ulu Öndər Heydər Əliyevin
Naxçıvandan Bakıya gəlişi bütün
xalqın, bütün millətin arzusu idi
Kamal Abdulla: Dünya ictimaiyyəti Azərbaycanın
multikulturalizm modelini öyrəndikcə Azərbaycan dilini, ədəbiyyatını,
mənəviyyatını da öyrənir
Prezident
İlham Əliyevin mayın 25-də imzaladığı
müvafiq Sərəncama əsasən “Xalq
yazıçısı” fəxri adı ilə təltif
olunmuş akademik, Azərbaycan Dillər Universitetinin rektoru
Kamal Abdulla Azərbaycanın müasir ədəbiyyatının
ən tanınmış nümayəndələrindən
biridir. Əsərləri Azərbaycanla
yanaşı ABŞ-da, Avstriyada, Fransada,
İtaliyada, Braziliyada, Serbiyada, Monteneqroda, Polşada, Rusiyada,
Türkiyədə, Qazaxıstanda, Qırğızıstanda,
Gürcüstanda, Litvada, İranda, Yaponiyada, Rumıniyada,
Macarıstanda, Misirdə, Bolqarıstanda çap olunan və
milyonlarla oxucunun sevgisini qazanmış Kamal Abdulla həm də
bir sıra tanınmış akademiyaların həqiqi və fəxri
doktoru adına layiq görülüb.
Akademik Kamal Abdulla ilə
görüşümüz mühüm bir tarix - 15 İyun -
Milli Qurtuluş Günü ərəfəsinə təsadüf
etdi. “Yeni Azərbaycan” qəzetinə müsahibəsində
həmin günləri yada salan K.Abdulla həmçinin ədəbi
mühitin bugünkü inkişafının, Azərbaycan
yazıçılarının əsərlərinin
dünyanın bir sıra ölkələrində tərcümə
olunaraq yayılmasının ölkəmizin iqtisadi-siyasi yüksəlişi,
dünyada qazandığımız mövqe ilə əlaqəli
olduğunu bildirdi. Beləliklə, “Yeni Azərbaycan” qəzetinin
müsahibi Xalq yazıçısı, Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdulladır.
- Kamal müəllim, ilk olaraq sizi “Yeni Azərbaycan”
qəzetinin kollektivi adından möhtərəm Prezidentimiz
İlham Əliyevin imzaladığı müvafiq Sərəncama
əsasən “Xalq yazıçısı” fəxri adı
almağınız münasibətilə təbrik edirik...
- Mən ilk olaraq cənab Prezidentimiz İlham
Əliyevə təşəkkürümü bildirmək istərdim.
“Yeni Azərbaycan” qəzetinin kollektivinin də səmimi təbriklərinə
görə öz minnətdarlığımı bildirirəm.
Bu təltif mənim indiyə qədərki fəaliyyətim
üçün verilən bir təltif idisə, bundan sonra da
çalışacağam ki, bu adı fəaliyyətimlə
və qələmimlə doğruldum.
- Çox əlamətdar bir
gün - 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində
görüşürük. 26 il öncə bu günlərdə
gənc, hələ müstəqilliyi möhkəmlənməmiş
Azərbaycan dövlətçiliyi, suverenliyi böyük bir
təhlükə qarşısında idi. Həmin
dövrdə xalqının səsinə səs verən, onu tək
qoymayan Ulu Öndərimiz Heydər Əliyev
Naxçıvandan Bakıya gəlməklə nəinki
dövlətimizin yaşamasına zəmin yaratdı, həm də
gələcək inkişafımızın təməlini
qoydu. İstərdik, həmin günlərə sizinlə
birlikdə ekskurs edək...
- Həqiqətən də, Azərbaycan
tarixinin bu cür dəyərli səhifələri bizim nəslin
gözləri qarşısında yazılıb. Təbii ki, mənim
də hafizəmə, yaddaşıma, ürəyimə bu
günlərdən çox şeylər yazılıb. Bir məsələni
vurğulamaq istəyirəm ki, Ulu Öndər Heydər
Əliyevin Naxçıvandan Bakıya gəlişi
bütün xalqın, bütün millətin arzusu idi. Onun
qayıdışı, sözün əsl mənasında,
ümummilli bir təntənə oldu. Bu
qayıdışı, qurtuluşu hər kəs gözləyirdi
və bu, çox vacib bir məqam idi. Ulu Öndər
hələ ölkə başçısı seçilməmişdən
Azərbaycan xalqı Onun timsalında öz xilaskarını
görürdü. Təsadüfi deyil ki, Ümummilli Liderimiz
ilk səfərini də Gəncə şəhərinə
etdi, qarşıdurmanın dayanmasına nail oldu. İndiki nəsil
bunu kitablardan, qəzetlərdən oxuyur, amma həmin
günlərdə Azərbaycan həqiqi mənada böyük
bir uçurum qarşısında idi. Məhz Ulu Öndərin
fəaliyyəti nəticəsində ölkəmiz həmin
uçurumdan geri qayıtdı, inkişaf yoluna qədəm
qoydu. Heydər Əliyev Azərbaycanın mənəvi,
intellektual, iqtisadi, siyasi strategiyalarını müəyyənləşdirdi,
dünya birliyi ilə əlaqələrini tənzimlədi,
möhkəmləndirdi. Nəhayət, biz Azərbaycanın
bugünkü məqsədli, planlı inkişafını
ancaq və ancaq Ulu Öndərimizin fədakar titanik fəaliyyətinin
nəticəsində qəbul edə və o kontekstdə qiymətləndirə
bilərik. Mənim heç yadımdan
çıxmaz, o dövr elə bir zaman idi ki, Ulu Öndərimiz
bir dövlət başçısı kimi təmkinlə, səbirlə
dünya birliyinin fəal və aparıcı üzvü olan
ölkələrin rəsmilərinə, beynəlxalq təşkilatların
nümayəndələrinə Azərbaycanın harada
olduğunu, Ermənistanın işğalçı
siyasətini, ölkəmizin haqq səsini
çatdırırdı. Hətta bəzən bir müəllim
kimi yorulmadan, usanmadan xəritə qarşısında ölkəmizin
sərhədləri ilə bağlı məlumatlar verirdi. Ulu
Öndərimiz həmin dövrdə Azərbaycanı bu
cür çətin bir şəraitdə dünyaya
tanıdırdı və bunu çox böyük mənəvi
qürur hissi ilə həyata keçirirdi. Məhz həmin
böyük mənəvi qürur hissi ilə də Azərbaycan
Prezidenti adını ucalara qaldırdı və o ad bu gün
də həmin ucalıqdadır. Ulu Öndərimizin siyasi
varisi Prezident İlham Əliyevin fəaliyyəti bunu bir daha
bizə sübut edir.
- Milli Qurtuluş Günü
müstəqil Azərbaycanın tarixində bir
dönüş nöqtəsi idi. Ölkəmizin gələcək
inkişafı da məhz bu gündən başlandı. Eləcə
də 15 İyun Azərbaycan xalqında gələcəyə
inamı, baxışı dəyişdi. Bu dəyişikliklərin,
inkişafın fonunda Azərbaycan ədəbiyyatı
hansı yenilikləri qazandı?
- Əlbəttə ki, inkişaf deyilən amil
sistemli anlayışdır. Ola bilməz ki, bir məkanda
iqtisadiyyat inkişaf etsin, amma mənəvi inkişaf baş
verməsin. Və ya mədəni inkişafın olduğu yerdə
iqtisadi inkişafın olması labüddür. Bunlar hökmən
bir-birini tamamlamalıdır. Bu gün Azərbaycan son dərəcə
əsaslandırılmış, məntiqli bir sürətlə
- bunun altını xüsusilə cızıb deyirəm -
inkişaf edir. Bu, Cocuq Mərcanlının timsalında yeni
salınmış qəsəbələrdə, kəndlərdə,
yeni parklarda, yeni binalarda, ölkəmzin müxtəlif yerlərində
gedən abadlıq və çiçəklənmə
nümunələrində özünü göstərir.
Bununla yanaşı, Azərbaycan insanı da daxilən, mənən
dəyişir. Artıq Azərbaycan insanı ictimai mənafeni
öz şəxsi mənafeyindən üstün tutur. Bayraq əzəmətini,
himn əzəmətini, Prezident qürurunu artıq öz
şəxsi qüruru və əzəməti kimi qəbul
edir. Bu, onun Vətənlə, millətlə, torpaqla qaynayıb-qarışdığının
çox gözəl bir nümunəsidir. Bu isə
ədəbiyyatla yanaşı, digər sahələrin də
inkişafının nəticəsində baş verir. Ədəbiyyata
gəldikdə isə, əlbəttə ki, müstəqilliyimizin
möhkəmlənməsi, dövlətimizin inamla irəliləməsi
ədəbiyyata və onun inkişafına da böyük təsir
göstərir. Ədəbiyyat xadimləri,
yazıçılar, şairlər bu istiqamətdə
çox böyük işlər gördülər.
İnsanların ruhunu, qəlbini, mənəviyyatını
daha da zənginləşdirməyə
çalışdılar. Bu işdə Azərbaycan
Yazıçılar Birliyinin də rolu az deyil. Elə
güman edirəm ki, onun ətrafında birləşən
sağlam qüvvələr bu istiqamətdə öz sözlərini
deyə bildilər və Azərbaycanın ikişafına
layiq olan ədəbiyyatı ortaya qoya bildilər.
- Müstəqillik dövründə milli
kimliyimizin, ədəbi keçmişimizin ən böyük
nümunələrindən biri olan “Kitabi-Dədə Qorqud”
dastanlarının təbliği, araşdırılması
istiqamətində böyük işlər görülüb.
Bu mənada sizin fəaliyyətiniz xüsusi qeyd edilməlidir.
- “Kitabi-Dədə Qorqud” dastanları hələ
sovet dövründən bəlli və araşdırılan
bir abidə idi. Təbii ki, sovet
dövrünün öz spesifik xüsusiyyətləri
vardı. Ədəbiyyat adamları da, belə demək
mümkündürsə, ixtisaslaşdırılırdı və
bölüşürdülər ki, “bundan sən yaz, o birisindən
bir başqası”. Əslində, burada da məqsəd SSRİ
kimi bir ölkənin bütövlüyünü yaratmaq
idi. “Kitabi-Dədə Qorqud”la bağlı
araşdırmalar XIX əsrin əvvəlindən
başlayıb və bu, alman alimi Fridrix fon Ditsin adı ilə
bağlıdır. Ölkə Prezidenti İlham Əliyev
2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi
və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə
bağlı Sərəncam imzaladı və həmin Sərəncama
əsasən fəaliyyət proqramı hazırlandı, tədbirlər
keçirildi. Təbii ki, 200 il böyük bir zamandır və
bu zaman kəsiyində bu abidəmiz dünya ictimaiyyətinin
diqqəti altında idi. Bu dastan bir çox
ölkələrdə - İtaliyada, Rusiyada, Türkiyədə
öyrənilməyə başlanılmışdı və
ötən əsrin 50-ci illərində Azərbaycanda da bu fəaliyyətə
başlanıldı, dastanlar toplu şəklində çap
olundu, tədqiqatlar yazıldı, dissertasiyalar müdafiə
olundu, elmi məqalələr hazırlandı. Beləliklə,
bu dastanı biz mənəvi cəhətdən mənimsədik.
Dastan məhz Azərbaycan coğrafiyası ilə əlaqədar
olduğu üçün Azərbaycan mənəviyyatına
da çox gözəl bir şəkildə hopdu. Bu gün də
abidənin öyrənilməsi davam edir və türk alimləri
bu yaxında dastanın XIII boyunu aşkar ediblər, bu da diqqətlə
araşdırılır.
-
Dünyanın bir çox universitetlərində Azərbaycan
dilini tədris etmisiniz. Bu gün dünyada Azərbaycan
dilinə olan münasibəti necə dəyərləndirərdiniz?
- Rusiyanın XIX əsrdə yaşamış görkəmili
ziyalıları, maarifçiləri, konkret ad da çəkə
bilərəm, Aleksandr Bestujev-Marlinski Azərbaycan dilini son dərəcə
yüksək qiymətləndiriblər. Hətta Tolstoy, Lermontov və
başqa görkəmli ədəbi xadimlər Azərbaycan
dilinə, reallıqlarına diqqət yetirmiş, Azərbaycan
dilini öyrənməyə də başlamışlar. Bu, ədəbi materiallarda da özünü əks
etdirir. Azərbaycan dilinin, türk dilinin
elementləri Şoloxovun da əsərlərinə zaman-zaman
keçib. Bestujev-Marlinski deyirdi ki, Azərbaycan
dili Qafqazda fransız dilinin Avropada olduğu qədər əhəmiyyətlidir.
Yəni həmin dövrdə Avropada fransız
dili böyük əhəmiyyətə malik idi və
bütün ölkələrin elmi-mədəni həyatına
daxil olmuşdu. Bu fakt Azərbaycan dilinin
Qafqazdakı mövqeyini də bu şəkildə bizə təqdim
edir. Bunu ümumi və mücərrəd
şəkildə yox, konkret şəkildə təsəvvür
etmək lazımdır. XIX əsrdə
Qafqazda müxtəlif xalqlar yaşayırdı və bu
xalqların dilində rus dili yox idi. İndi
də Şimali Qafqazda yaşayan xalqların hərəsinin
öz dili var. Bəs bu xalqlar həmin dövrdə öz
coğrafiyasında yaşayan digər xalqlarla hansı dildə
danışırdı? Təbii ki, Azərbaycan
dilində. Azərbaycan dilinin birləşdirici
funksiyası özünü ilk növbədə bunda göstərir.
Dəfələrlə istər xarici ölkələrdə,
istərsə də MDB ölkələrində Azərbaycana
və Azərbaycan dilinə olan marağın, diqqətin
böyüdüyünün şahidi olmuşam. Bu da Azərbaycanın bayaq haqqında
danışdığımız inkişafı, dünyada
get-gedə artan mövqeyi, əzəməti, azərbaycançılıq
ideallarının təntənəsi, Azərbaycanın
dünyanın artıq tanınmış ölkələrindən
biri kontekstində qəbul edilməsi sayəsində baş
verir. Biz də bütün bunların
işığında dünya liderlərinin, dünya
ziyalılarının Azərbaycan dilinə münasibətini
görə bilirik.
Bu gün azərbaycanlı gənclər rus, ingilis,
fransız və başqa xarici dilləri də bilməli və
ən əsası, öz dilini gözəl şəkildə
mənimsəməlidirlər. Eləcə də öz regionumuz
kontekstindən çıxış edərək fars, gürcü, erməni dillərini də
öyrənməliyik. Çünki bu,
coğrafi kontekstin bizim qarşımızda qoyduğu tələbdir.
Bundan istəsək də, qaça bilmərik.
Ölkədə hansısa xarici dilin mənimsənilməsinin
artması isə öz dilinin arxa plana keçməsi demək
deyil. Dillər bir-biri ilə mübarizə
aparmır. Bəzən dil ilə nitq
anlayışlarını bir-biri ilə
qarışdırırlar. Dil daha geniş
anlayışdır. Dil bizim hər
birimizin beynində bir struktur şəklində möhkəm,
basılmaz bir qaladır. Nitq bu qalanın,
sadəcə, bir təzahürüdür. Bizim dilimiz bizim təsəvvür etmədiyimiz dərəcədə
güclüdür və o, hər zaman bizdən xəbərsiz
belə özü özünü qoruyur. Amma
təbii ki, dildə fikrini gözəl ifadə etmək
üçün mütləq mütaliə olmalıdır.
Burada ədəbiyyatın, abidələrin,
yazılı nəsnələrin rolu ortaya, hətta önə
çıxır.
- Siz, həm
də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər
Şurasının sədrisiniz. Azərbaycan bu
gün dünyaya bir multikultural model təqdim edir və bu cəhətdən
nümunə kimi göstərilir. Ümumiyyətlə,
multikulturalizmin təbliği istiqamətində görülən
işlər daha geniş mənada Azərbaycanın təbliğində
hansı rolu oynadı?
-
Bildiyiniz kimi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il
15 may tarixli Fərmanı ilə yaradılıb. Möhtərəm Prezidentimizin müvafiq Sərəncamı
ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
fəaliyyətinin bir istiqaməti də müxtəlif Avropa
ölkələrində Azərbaycan multikulturalizmini təbliğ
etmək, bu haqda məlumat vermək və bunun tədrisini
başlamaqdan ibarət idi. Bunu möhtərəm
Prezidentimiz həmin mərkəzə tövsiyə etmişdi.
Biz İtaliyada, Almaniyada, Portuqaliyada, hətta
İndoneziyada, yaxın Gürcüstanda, uzaq Yaponiyada, Rusiyada,
Litvada və başqa bir çox ölkələrdə Azərbaycan
multikulturalizminin tədrisinə nail olduq. Azərbaycan
multikulturalizmi prinsip etibarı ilə həm də Azərbaycan
dili, mənəviyyatı, psixologiyası, ədəbiyyatı
deməkdir. Multikulturalizm bizim əsrlərdir
həyat tərzinə çevirdiyimiz,
yaşatdığımız bir dəyərdir. Böyük Füzuli XVI əsrdə yazırdı
ki, “həm ver mənə qəm yemək kəmalı, həm
aləmi qəmdən eylə xali”. Budur Azərbaycan
multikulturalizmi. Azərbaycan şairi, Azərbaycan
insanı bütün aləmi qəmdən qurtarmaq
üçün öz qəlbinə bütün aləmin qəmini
yığmaq istəyir, bütün bu qəmləri,
Füzulinin təbirincə desək, öz dili-həzninə
salmaq istəyir. Bu, Azərbaycan
insanının qələbəsidir. Həmin
xətt XX əsrdə digər Azərbaycan şairi Hüseyn
Cavid tərəfindən davam etdirilib. Şairin “Qız məktəbində”
şerinin sonluğunu xatırlayaq: “Başqa sevdiklərin
nasıl, yoxmu? Var... Kimdir onlar? Anam, babam,
müəlliməm, bir də bütün insanlar...”. Balaca qızcığaz
bütün insanları sevdiyini dilinə gətirir və
Füzuli xəttinin davamçısı rolunda
çıxış edir. Sevindirici haldır ki, ölkə
Prezidenti İlham Əliyev Azərbaycan multikultural hərəkatının
intensivliyini bir az da sürətləndirdi
və Ulu Öndərimiz Heydər Əliyevin əsasını
qoyduğu siyasi multikulturalizm xəttini davam etdirdi. Bu gün də ölkə başçısı bəyan
edir ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsindədir.
Bununla da bizim Azərbaycan multikulturalizm modeli, cənab
Prezidentimizin bildirdiyi kimi, bütün dünyada öyrənilir.
Dünya ictimaiyyəti Azərbaycanın
multikulturalizm modelini öyrəndikcə Azərbaycan dilini, ədəbiyyatını,
mənəviyyatını da öyrənir. Ən vacibi, bütün bunlarla yanaşı,
dünya Azərbaycan həqiqətlərini öyrənir.
Bu gün multikulturalizmin təbliği dünyada
Azərbaycanın dostlarının sayını
artırır. Dostlarımızın
sayının artmasına isə bizim ehtiyacımız var.
- Müəyyən
bir zamandır ki, böyükhəcmli əsərlərinizin,
daha çox romanlarınızın oxucusuna çevrilə
bilmirik. İşlərinizin çoxluğu buna vaxt
ayırmağa imkan vermir, ya...?
- Roman gələndə
baxmır ki, harda gəlir, necə gəlir. O, ana bətnindən
çıxan uşaq kimidir, görmür, zamanı, məkanı
təyin etmir. O baxmır ki, onu qələmə alan evdədir, işdədir, istirahətdədir.
Bu, öz vaxtında çıxır və
zühur edir. Bu yaxınlarda bir
romanımı bitirmişəm. Bəzi
dostlar oxuyublar, fikirlərini söyləyiblər. Həmin romanın üzərində son cilalama
işləri gedir.
- İstərdik bir qədər də
günümüzün ədəbi prosesləri barədə
danışaq.
Siz hazırda ədəbi mühitimizdə
baş verənləri necə dəyərləndirirsiniz?
-
Çox yüksək səviyyədə. Müasir
ədəbiyyatımızın görkəmli nümayəndələri
var. Bu yaxınlarda cənab Prezidentimiz onların bir qismini Fəxri
adlar və digər mükafatlarla təltif etdi. Onların hamısı o adlara layiqdirlər. Artıq dünyada Azərbaycan ədəbiyyatı
tanınır, özünə yer edir. Elə
bir zaman gəldi ki, biz artıq öz klassiklərimizlə
tanınmadıq, müasir yazıçılarımız da
dünya miqyasına çıxmağa başladı.
Bir daha vurğulamaq istəyirəm ki, dünyada Azərbaycan ədəbiyyatına,
adına maraq Azərbaycanın
bugünkü durumu ilə bağlıdır. Bu
durum isə Azərbaycan Prezidenti İlham Əliyevin və
ölkə başçısının ətrafında birləşən
siyasi xadimlərin fədakar əməyinin nəticəsidir.
- Qeyd
etdiniz ki, bu gün xaricdə çap olunan, xarici dillərə
tərcümə olunan yazıçılarımız var. Bu
ardıcıllıq davam edirmi və gənc nəsil
arasında sizlərin davamçılarınız varmı?
- Hər
kəs öz üslubunda yazır. Kim necə yazır, kim kimdən nə ilə fərqlənir, bu,
başqa məsələdir. Xaricilərin
gözü ilə nə cür görünürük? Mən çox vaxt çalışıram ki,
Bakı küçələrinə bir xaricinin, Azərbaycanda
ilk dəfə olan insanın gözü ilə baxım, qiymət
verim. Bu mənada xaricilərin gözü
ilə ədəbiyyatımız necə görünür,
onu qiymətləndirmək çox çətindir. Bir şeyi bilirəm ki, bu gün biz ədəbiyyatımızı
çıxarmağa çalışırıqsa, biz bunu
birtərəfli şəkildə etməməliyik. Biz bunu dünya mədəniyyətinin ən gözəl
örnəklərini əxz edə-edə, onu öz daxilimizdə
əridə-əridə edə bilərik. “Kitabi-Dədə Qorqud” dastanları ilə
bağlı uzun sürən bir layihəmiz vardı. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar”
dastanlarının müqayisəli şəkildə öyrənilməsi
ilə bağlı olan bu layihəni alman həmkarlarımızla
birlikdə həyata keçirirdik. “Nibelunqlar”
təxminən almanların “Kitabi-Dədə Qorqud” qədər
qədim dastanıdır. Onların
arasında müştərək cəhətlər
mövcuddur. Bunları öyrənməklə
biz, eyni zamanda, “Dədə Qorqud” anlayışını,
konseptini alman mühitinə, germanistlərin müstəvisinə
aparmış oluruq. Biz Dədə Qorqudu
belə daha effektiv təbliğ edə bilərik. İndiki halda biz Dədə Qorqud dastanlarının
ingilis xalqının dastanları ilə müqayisəli təhlilinin
üzərində işləyirik. Eləcə
də “Kitabi-Dədə Qorqud” və fransızların “Rolan
haqda nəğmələr”i, bundan başqa, yunan əsatirləri
ilə müqayisəli təhlilinin üzərində işləyirik.
Hər dəfə yeni bir şey öyrəniləndə, həmin
müqayisələr aparılanda həmin ölkənin alimləri
bu tarixi abidə ilə yaxından tanış
olurlar. Bu isə həm də Azərbaycanın,
xalqımızın tanınması deməkdir.
- Yeri gəlmişkən,
məşhur italyan yazıçısı Umberto Eko ilə
görüşünüz olmuşdu. İstərdik o
görüşlə bağlı xatirələrinizi
oxucularımızla bölüşəsiniz...
- Umberto Eko dünyanın çox məşhur
və inandığı yazıçılarındandır.
Umberto Eko İtaliyanın bir ədəbi, mədəni, elmi
brendidir. Mənim İtaliyada nəşr olunan
“Yarımçıq əlyazma” romanımı görəndə,
ilk olaraq o, mənə romanı aldığı
üçün bir təşəkkür yazmışdı
və bu, mənim üçün böyük bir hadisə
idi. Romanı oxuyandan sonra isə mənə bir məktub
yazmışdı ki, İtaliyada olanda sizi Milandakı evimə
dəvət edirəm. Bu dəvətdən çox şad
oldum və çox qürurverici idi. Bizim
görüşümüz 2 saatdan çox çəkdi.
Umberto Eko məni bütün kitabxanası ilə tanış
etdi. Orada çox gözəl qədim əlyazmalar
topluları vardı. Sizə deyim ki, o, bütün bunları
göstərərkən çox mənəvi zövq
alırdı. Bizim çox maraqlı söhbətimiz oldu. Mən onu Bakıya dəvət etdim və Azərbaycan
ilə yaxından tanış olmasını istəyirdim.
Ölkəmiz haqqında, iqtisadi inkişafımız, mədəni
mühitimiz haqda danışarkən ona çox maraqlı gəlmişdi
və Azərbaycana gəlməyə də böyük həvəslə
razılıq vermişdi. Təəssüf ki, əcəl
imkan vermədi.
- Müsahibənin əvvəlində bundan
sonra Xalq yazıçısı fəxri adını fəaliyyətinizlə
və qələminizlə daha yüksək səviyyədə
doğrultmağa çalışacağınızı
vurğuladınız. Demək ki, bundan sonrakı mərhələdə
sizdən yeni əsərlər gözləyək.
- Mən məni oxuyan və məni oxumayan
bütün oxuculara ən dərin və səmimi qəlbdən
məhəbbətimi bildirirəm. Kimisə oxuyurlarsa, bu, mənim
üçün, mənim yazdığım üçün
böyük qənimətdir. Çünki kimlərisə
oxuyub, nə zamansa mənə dönəcəklərsə,
bu, böyük xoşbəxtlikdir. Deyim ki, ən vacib məqam
odur ki, Azərbaycan oxucusu var. Bu gün Azərbaycan oxucusu təkcə
Azərbaycan ədəbiyyatı ilə kifayətlənmir və
dünya ədəbiyyatını geniş və dərin
şəkildə öyrənməklə məşğuldur.
Bunu bizim çap edilən ədəbi məhsullardan da
görmək olar. Demək ki, tələbat var. Güman edirəm
ki, başqa xalqları, mədəniyyətləri, ədəbiyyatları
daha dərindən bilsək, bu, təkcə o ölkənin ədəbiyyatını
bizə gətirmək yox, eyni zamanda, öz ədəbiyyatımızı
həmin ölkəyə aparmaq deməkdir.
Pərviz SADAYOĞLU
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 15 iyun.- S.7.