Ulu Öndər Heydər Əliyev Azərbaycanın
müstəqilliyinin əbədiyyətə qədər davam
edən yolunu müəyyənləşdirdi
Azərbaycan Ağsaqqallar Şurasının sədri,
Milli Məclisin Regional məsələlər komitəsinin sədr
müavini Fəttah Heydərov www.yap.org.az saytına müsahibə
verib:
- Fəttah müəllim, 15 İyun - Milli
Qurtuluş Günü ərəfəsindəyik. Həmin
tarixdə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə
hakimiyyətə gələrək Azərbaycanı məhv olmaqdan
xilas etdi. İstərdik ki, o dövrə qayıdaq, baş verən
proseslər haqqında fikirlərinizi bildirəsiniz...
- Həqiqətən, bu gün müstəqil
Azərbaycanın tarixində ən əhəmiyyətli,
yaddaqalan, dövlətçiliyimizin qorunmasında müstəsna
rol oynamış bir gündür. Ona görə də hər
il bu tarix ölkəmizdə qeyd olunur, yada salınır,
geniş təhlil olunur. Milli Qurtuluş Günü
taleyüklü gündür. Əgər qurtuluş
olmasaydı, Azərbaycanı nə gözlədiyi bəlli
deyildi. O zamankı prosesləri təhlil edəndə
görürük ki, 15 İyun - Milli Qurtuluş Günü
çox tarixi əhəmiyyət kəsb edən
gündür. Bu tarix təkcə bu günümüz yox, gələcəyimiz
üçün də vacibdir. 15 iyun 1993-cü ildə faktiki
olaraq Azərbaycanın müstəqilliyinin əsası
qoyulub.
Bilirsiniz ki, 1980-ci illərin
sonunda Sovet İttifaqı deyilən dövlət parçalanırdı.
Bu dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları başladı, torpaqlarımızın bir hissəsini
itirdik, 20 mindən çox şəhid verdik, 1 milyon insan
öz doğma torpağından qaçqın və məcburi
köçkün vəziyyətinə düşdü.
Əgər Azərbaycan xalqının böyük oğlu
Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı,
bunların heç biri baş verməyəcəkdi. Heydər
Əliyevin yüksək vəzifədən kənarlaşdırılması
keçmiş SSRİ rəhbərliyinin məkrli
addımı idi. Heydər Əliyev Azərbaycanın
siması idi. SSRİ-də yüksək dövlət vəzifəsi
tutan Heydər Əliyev ilk növbədə böyük azərbaycanlı
idi. Böyük ideyaların daşıyıcısı olan
Heydər Əliyev bütün dünyada tanınırdı,
Onun şəxsiyyətinə böyük hörmət var idi.
Ona paxıl olan qüvvələr, Azərbaycana qarşı
olan qüvvələr Heydər Əliyevin hakimiyyətdən
uzaqlaşdırılmasına bais oldular. Bununla da, Azərbaycanın
başı üzərini qara buludlar aldı.
Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana
qayıtdıqdan sonra Ona Bakıda da yaşamağa imkan vermədilər.
Belə olan halda, O, Naxçıvana pənah gətirdi.
Hansı ki, o zaman ermənilər Naxçıvanı
işğal etməyə çalışırdılar. Mən
o zaman Naxçıvanın mədəniyyət naziri idim,
hadisələri çox yaxşı xatırlayıram. Muxtar
respublika blokadada idi, ərzaq qıtlığı var idi. Xalq
yaddan çıxmışdı, vəzifə uğrunda
mübarizə gedirdi. Belə bir vəziyyətdə ilahi bir
qismət idi ki, Heydər Əliyev Naxçıvana gəldi və
bu torpağa Öz işığını, nurunu gətirdi. Xalq hələ sovetlər dövründə Ulu
Öndərin Azərbaycan üçün gördüyü
misilsiz işləri yaxşı xatırlayırdı. O
dövrdə Heydər Əliyev keçmiş SSRİ-də ən
geridə qalan Azərbaycanı inkişaf baxımından
ön sıralara çıxardı. Bu mənada, Ulu Öndərin
Naxçıvana gəlişi insanlarda inam yaratdı,
xalq Heydər Əliyevi böyük sevgi ilə
qarşıladı.
O dövrdə mən Türkiyə
ilə Naxçıvan arasında Ümid
körpüsünün tikintisi ilə bağlı qardaş
respublikada bir sıra görüşlər keçirirdim.
Çünki belə bir körpünün olması blokadada
olan Naxçıvan üçün həyati əhəmiyyət
kəsb edirdi. Bu məqsədlə Türkiyədə
dövlət rəsmiləri ilə danışıqlarım
olmuşdu. Ulu Öndər Heydər Əliyev Naxçıvana
qayıtdıqdan sonra Onunla ilk görüşümüzdə
bu haqda da məlumat verdim. O, bu məsələni çox
müsbət qarşıladı.
Qeyd edim ki, Heydər Əliyev siyasətə
qoşulmaq istəmirdi. Amma hər gün dəstə-dəstə
adamlar Onun yanına gəlirdilər. Eləcə də Heydər
Əliyev Naxçıvanı gəzirdi. Bütün
görüşlərdə insanlar Ondan kömək istəyirdilər.
Həmin vaxtlar həm ölkəmizdə, həm də muxtar
respublikada parlament seçkiləri keçiriləcəkdi.
İnsanlar təkidlə Heydər Əliyevdən parlament
seçkilərində iştirak etməyi xahiş edirdilər.
Amma Ulu Öndər heç bir vəzifə istəmədiyini
deyirdi.
Nəhayət, xalqın istəyinə uyğun
olaraq Heydər Əliyev parlament seçkilərində
iştirak etdi. O, Azərbaycan
parlamentinin və muxtar respublika Ali Məclisinin deputatı
seçildi. Naxçıvan Ali Məclisinin ilk
sessiyasının açılışında O, ağsaqqal
millət vəkili kimi iclasa sədrlik etdi. Və inqilabi addım atdı. Belə
ki, Ulu Öndər Heydər Əliyev ilk dəfə
üçrəngli bayrağımızı qaldırdı və
muxtar respublikanın adındakı “sovet sosialist” sözü
götürüldü. Əslində, bu
addımlar böyük qəhrəmanlıq idi. Bunu Heydər
Əliyevdən başqa heç kim edə
bilməzdi.
Sonra xalqın tələbi ilə Heydər Əliyev
Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. O, Ali Məclisin Sədri
olduqdan sonra İran və Türkiyə ilə əlaqələr
gücləndi, ərzaq çətinlikləri aradan
qaldırıldı. Zaman olub ki, səhərə qədər
Onun kabinetində oturub Türkiyədən un
maşınlarının çörəkbişirmə
müəssisələrinə gəlməsini gözləmişik.
Əgər onlar gəlməsəydi, şəhər
əhalisi ac qalardı. Hər gün sərhədlərdən
şəhidlər gəlirdi. Azərbaycanı
istəməyən qüvvələr o zaman da mövcud idi.
Onlar Naxçıvanda ikinci cəbhənin
açılmasını istəyirdilər. Heydər Əliyev hakimiyyətə gəlməsəydi,
Naxçıvan da işğal olunardı.
- O zaman
Bakıda da vəziyyət çox gərgin idi. Sizcə, həmin dövrdə Azərbaycanın dərin
böhran keçirməsinin əsas səbəbi hansı
amillərlə bağlı idi?
- Həmin
dövrdə proseslər Azərbaycanın məhvinə
yönəlmişdi. Artıq ermənilər
işğalçı siyasəti başlamışdılar,
torpaqlarımız əldən gedirdi, insanlar qaçqın və
məcburi köçkün vəziyyətinə
düşmüşdülər. Azərbaycanda vəziyyət
çox pis idi: iqtidar doğru siyasət yürüdə
bilmirdi, cəbhədə müharibə gedirdi, Bakıda isə
hər gün mitinq keçirilirdi, hakimiyyət uğrunda
mübarizə gedirdi. Azərbaycan parlamenti isə
vəziyyətdən çıxmaq üçün heç
nə etmirdi. Parlament mübahisə,
qarşılıqlı ziddiyyət, xırda məsələlərin
müzakirə olunduğu yerə çevrilmişdi. Dövlətin taleyi isə kənarda
qalmışdı. Ona görə də
dövlətçilik əldən gedirdi. Daxili
gərginlikdən istifadə edən xarici qüvvələr
Azərbaycanı dağıtmaq istəyirdilər. Çünki təbii sərvətlərimizə
göz dikənlər çox idi.
Belə bir şəraitdə Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı
böyük zərurət idi. Xalq təkidlə Onun
hakimiyyətə gəlməsini tələb edirdi. Hakimiyyətdə olan qüvvələr də Heydər
Əliyevi köməyə çağırdılar. Yaxşı ki, Ulu Öndər Heydər Əliyev
hakimiyyətə qayıtdı, Azərbaycanı
parçalamaq istəyən qüvvələr arzularına
çata bilmədilər.
- Ulu
Öndər Heydər Əliyev hakimiyyətə
qayıtdıqdan sonra qısa müddət ərzində
bütün təhlükələri dəf etdi...
- Hakimiyyətə
qayıdan Heydər Əliyev qısa müddətdə problemləri
həll etdi, dövləti və xalqı bütün fəlakətlərdən
xilas etdi, müstəqilliyimizi əbədi etdi. Mən
yuxarıda qeyd etdiyim kimi, Azərbaycanın müstəqilliyinin
əsası faktiki olaraq 15 iyun 1993-cü ildə qoyuldu. Azərbaycan dünyada müstəqil dövlət
kimi tanınmağa başladı. 10 il
ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycan
üçün misilsiz xidmətlər göstərdi. Heydər Əliyev insanlara doğru yol göstərdi,
Azərbaycanın müstəqilliyinin əbədiyyətə
qədər davam edən yolunu müəyyənləşdirdi.
Həm
ideoloji, həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni
sahələrdə ölkəmizdə köklü dəyişikliklər
baş verdi. 15 iyundan ötən
dövrdə Azərbaycan beynəlxalq aləmdə
mövqeyini əhəmiyyətli dərəcədə
gücləndirib, dünyada söz sahibi olan nüfuzlu dövlətə
çevrilib. Təbii ki, bütün bunlar
Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində
əldə olundu. O fəaliyyət ki, Heydər Əliyev
Öz həyatını xalqın xoşbəxtliyinə həsr
etdi.
- Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyası və cənab Prezident İlham
Əliyevin davam etdirdiyi siyasətin uğurları
gözümüzün önündədir. Təsadüfi
deyil ki, uğurlar ardıcıl olaraq davam edir. Bütün bunların başlanğıcı
qurtuluşdan, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlməsindən başlayır. Azərbaycanın
müasir inkişafı haqqında nə deyə bilərsiniz?
- Ulu Öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi yol Onun layiqli
davamçısı cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ötən illər sübut edir ki, bu
yol ən doğru yoldur. İndi Azərbaycanımız
dünyanın hər yerindən görünür, Prezidentimiz
hər yerdə yüksək qarşılanır,
xalqımız tərəfindən sevilir. Dövlətimizin
başçısı xalqın maddi rifahının
yaxşılaşmasına, ölkəmizin hərtərəfli
inkişafına şərəflə xidmət edir. Bunu 2018-ci ilin
aprel ayında keçirilən prezident seçkiləri də
sübut etdi.
Cənab İlham Əliyev bu seçkilərdə
ana südü qədər halal olan xalqın səsini
qazandı. Bu, xalqın gözü
qarşısında baş verib. Bu
reallığı hər bir insan görür və qəbul
edir.
Bu gün Azərbaycan inkişafın ən yüksək
zirvəsindədir. Ölkəmizin inkişafını xaricdən
gələn qonaqlar da görürlər. Bakı
dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilib.
Mən deputat kimi Qəbələ rayonunu təmsil edirəm. Bu bölgənin
insanları da Azərbaycanın inkişafından qürur
hissi keçirirlər. Hələ 1995-ci
ildə ilk dəfə Qəbələdən deputat seçiləndə
Milli Məclisə gəlib işlə təmin olunmaq
üçün mənə müraciət edən
seçicilərim çox idi. Amma bu gün iş
dalınca Bakıya gəlmək üçün müraciət
edən yoxdur. İndi dünyanın hər
yerindən Qəbələyə turistlər gəlirlər.
Yəni Qəbələ bu gün çox inkişaf
edib, əcnəbi turistlər də bu inkişafı
görürlər. Təkcə Qəbələdə
deyil, Azərbaycanın digər bölgələrində də
vəziyyət belədir. Bu gün kəndlər
qəsəbə, qəsəbələr isə şəhər
siması alıb.
Bütövlükdə, ölkəmizin inkişafı
göz qabağındadır. Hazırda müxtəlif
sahələrdə həyata keçirilən islahatlar Azərbaycanı
daha da gücləndirir. Görülən
işlərin əsasında da Heydər Əliyev siyasi xətti
dayanır. Bu xəttin amalı odur ki,
torpaqlarımız barlı-bərəkətli olmalı,
dövlətimiz güclü olmalı, insanlarımız
xoşbəxt yaşamalıdırlar. Bütün
bunlar qurtuluş məfkurəsinin uğurlarıdır.
Hesab edirəm ki, Azərbaycan bundan sonra da inkişaf edəcək,
öz müstəqilliyini qoruyub saxlayacaq, dünya
üçün nümunə olacaq. Bu gün də ölkəmizi
istəməyən qüvvələr var, amma onlar heç
zaman məqsədlərinə çata bilməyəcəklər.
Dünyada gedən prosesləri hamımız
görürük. Ölkələr var ki,
daxilində müharibə gedir, dini, məzhəb
qarşıdurmaları var və s. Azərbaycan isə
tolerantlıq, multikulturalizm məkanıdır. Bütün bunlar göstərir ki, Azərbaycanda
Heydər Əliyev siyasəti uğurla davam edir. Bu
siyasət nəticəsində Azərbaycan müstəqilliyini
əbədiyyətə qədər qoruyacaq.
Yeni Azərbaycan.-
2019.- 15 iyun.- S.5.