Azərbaycanda
baramaçılığın inkişaf etdirilməsi ilə
bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini
verməkdədir
Ənənəvi və ixracyönümlü təsərrüfat
sahəsi olan baramaçılığın bərpası
regionlarda yaşayan əhalinin məşğulluğunun
artırılmasına, onların sosial rifahının yüksəldilməsinə
xidmət edir
Məlum olduğu kimi, Azərbaycanda həyata
keçirilən uğurlu siyasət nəticəsində
bütün sahələrdə inkişaf qeydə
alınıb. Eyni zamanda, digər sahələrdə olduğu
kimi, aqrar sektorun inkişafı istiqamətində aparılan
uğurlu siyasət öz bəhrəsini verməkdədir. Belə ki, kənd təsərrüfatında
innovativ metodların, qabaqcıl təcrübənin tətbiqi,
ixracyönümlü məhsul istehsalının təşviq
edilməsi, azad sahibkarlığın hərtərəfli
şəkildə dəstəklənməsi, fermerlərə
subsidiyalar, güzəştli kreditlər verilməsi, texnika və
gübrələrlə təminatın
gücləndirilməsi, bölgələrdə dövlət
vəsaiti hesabına müasir infrastrukturun yaradılması, həmçinin
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində məqsədyönlü
tədbirlərin həyata keçirilməsi son nəticədə
respublikamızda aqrar sektorun keyfiyyətcə yeni
inkişaf mərhələsinə çıxmasını təmin
edib.
Məhz bunun nəticəsidir ki, 2018-ci ildə
kənd təsərrüfatı məhsullarının
ümumi istehsal həcmi əvvəlki illə müqayisədə
4,6 faiz, o cümlədən bitkiçilik məhsullarının
istehsalı 6,8 faiz artıb. Heyvandarlıq məhsullarının
istehsalında artım 2,7 faiz təşkil edib. Keçən
il 1,5 milyon tondan çox tərəvəz, 1 milyon tondan
çox meyvə və giləmeyvə istehsal olunub. Bu isə
müstəqillik dövründə qazanılmış ən
yüksək nəticədir. Həmçinin meyvə-tərəvəz
məhsullarının ixracı 11,1 faiz artaraq 530 milyon ABŞ
dolları olub. Aqrar sahədə müsbət inkişaf
dinamikası cari ildə də davam edir. Birinci
rübdə əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə ümumi istehsal həcmi 3,6 faiz, o cümlədən
bitkiçilik 24,7 və heyvandarlıq 2,8 faiz artıb. 32 faiz
çox tərəvəz istehsal olunub, meyvə-tərəvəz
ixracının həcmi 28,2 faiz artıb.
Bir sözlə, bu sahə də
daim diqqət mərkəzindədir və eyni zamanda, Azərbaycanın
regionlarında qədim ənənələrə söykənən
baramaçılığın və ipəkçiliyin bərpası
kənd təsərrüfatının prioritet istiqamətlərindən
biri kimi müəyyən edilib.
Beləliklə, son illər respublikamızda
dövlət dəstəyi sayəsində yenidən bərpa
edilən məşğuliyyət sahələrindən biri də
baramaçılıqdır. Məlum olduğu kimi, bu sahə
hələ sovet dövründən əməktutumlu, az zəhmət
tələb edən və kənd adamlarına əlavə gəlir
qazandıran bir fəaliyyət növü kimi formalaşıb.
Onu da qeyd edək ki,
baramaçılığın bərpası regionlarda
yaşayan əhalinin məşğulluğunun
artırılmasına, onların sosial rifahının yüksəldilməsinə
xidmət edir. Çünki baramaçılığın
inkişafı iş yerləri, əlavə qazanc və
yaxşı güzəran deməkdir.
Eyni zamanda, ölkəmizdə ənənəvi
və ixracyönümlü təsərrüfat sahəsi olan
baramaçılığın inkişaf etdirilməsi ilə
bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini
verməkdədir. Daha dəqiq desək, baramanın
satış qiymətinin artırılması,
istehsalçılara subsidiyaların verilməsi, ipəkqurdu bəsləməklə
qısa vaxt ərzində gəlir götürmək imkanı
tərtərli fermerlərin də bu sahəyə
marağını artırıb. Kənd adamları
yaxşı başa düşürlər ki,
baramaçılıqla məşğul olmaqla, hər il
öz ailə gəlirlərini daha da artıra bilərlər.
Məlumat üçün bildirək ki, Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramının icrası nəticəsində
2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min
tona çatdırılması nəzərdə tutulur.
Yaş barama istehsalı dövlət tərəfindən
subsidiyalaşdırılır. Kümçülər
yaş baramanı kiloqramı 4 manatdan “Azəripək” MMC-yə
təhvil verirlər. Dövlət əlavə olaraq hər
kiloqram yaş barama istehsalına görə fermerlərə 5
manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil
verdiyi hər kiloqram yaş baramanın əvəzində 9
manat alır.
Baramaçılığın yem
bazasının yaradılması məqsədilə son
üç ildə Çin Xalq Respublikasından ölkəmizə
3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək
rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də
Çindən gətirilən 1 milyon ədəd tut tingi 36
rayon üzrə paylanıb və əkini aparılıb. Beləliklə, ötən il olduğu kimi, bu il də
Çin Xalq Respublikasından 20 min qutu hibrid ipəkqurdu sənaye
toxumları (qrena) gətirilərək Qax Damazlıq İpəkçilik
Stansiyasında inkubasiyaya qoyulub, 35 rayon üzrə
kümçülərə ödənişsiz olaraq
paylanılıb. Qeyd edək ki, 2018-ci ildə
kümçülər tərəfindən ümumilikdə
513,9 ton yaş barama təhvil verilib ki, bu da bir il əvvəlki
göstəricidən 2,1 dəfə çoxdur. 2019-cu ildə
isə 800 ton barama istehsalı proqnozlaşdırılır və
ayrı-ayrı rayonlar üzrə əldə edilən nəticələr
bu hədəfə çatılacağına işarə
edir.
Rayonlar üzrə nəticələrə
keçməzdən öncə bildirək ki, respublika üzrə
yaş barama tədarükü davam edir. İyunun 18-dək
kümçülər tərəfindən “Azəripək”
MMC-yə 565 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı
Nazirliyindən bildiriblər ki, barama tədarükünə
görə Zərdab, Füzuli, Zaqatala, Balakən, Ağcabədi,
Bərdə, Şəki, Kürdəmir, Qax və Ağdam
rayonları öndədir. İyunun 18-dək Zərdabda 65 ton,
Ağcabədidə 51 ton, Zaqatalada 51 ton, Füzulidə 49,72
ton, Balakəndə 43,24 ton, Şəkidə 39 ton, Qaxda
25 ton yaş barama tədarük olunub. Hazırda ölkə
üzrə 38 rayonda yaş barama tədarükü
aparılır.
Bir sıra rayonlar kimi, Zaqatala rayonunda da
istehsalçılardan yaş barama tədarükü gündən-günə
artır. Kümçülər qısa müddətdə
Zaqatala barama toxumu zavodunun qəbul məntəqəsinə 51
ton yaş barama təhvil veriblər.
“Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı
ölkəmizdə baramaçılığın inkişaf
etdirilməsi üçün geniş imkanlar açıb.
Son illər respublikamızın bir çox bölgələrində
olduğu kimi, Qazax rayonunda da baramaçılıq ildən-ilə
inkişaf etdirilən sahələrdən birinə
çevrilib. Qazaxlı kümçülər
2016-cı ildə 1502 kiloqram yaş barama təhvil veriblər.
2017-ci ildə rayon kümçüləri bu rəqəmi 4
min 623 kiloqrama çatdırıblar. Ötən il
kümçülər tərəfindən 6 min 260 kiloqram
yaş barama istehsal olunaraq “Azəripək” ASC-yə təhvil
verilib. Cari ildə isə kümçülər tərəfindən
8 ton yaş baramanın istehsalı nəzərdə tutulur.
Artıq rayonun Cəfərli və Xanlıqlar
kəndlərində baramanın tədarükü
üçün hazırlıqlar başa çatıb.
Kümçülər bildiriblər ki,
baramaçılıqda məhsul mövsümüdür. Belə ki, ipəkqurdları beşinci yuxunu başa
vuraraq barama sarımağa başlayıb. İpəkqurdu
üçün sonuncu hesab edilən beşinci yaşda ən
vacibi yemin normativlər əsasında verilməsi, yer
sıxlığının azaldılması,
havalandırmanın düzgün qurulmasıdır. Bu mərhələdə
yarpaqlar qurudularaq verilməlidir. Əks halda, kümxanada xəstəlik
yarana bilər.
Qeyd edək ki, bu gün xeyli sayda kənd sakini
baramanın yetişdirilməsində çalışır.
Hətta onların arasında Prezident İlham Əliyevin sosial
təşəbbüsü əsasında əhalinin məşğulluğunun
təmin edilməsi məqsədilə haqqı ödənilən
ictimai işlərə cəlb olunan sakinlər də var. Bu
gün “DOST İş Mərkəzi” MMC-də
çalışan hər bir kənd sakini istər ictimai
işin təşkilinə, istərsə də ölkəmizdə
baramaçılığın inkişafına görə
ölkə başçısına minnətdarlıq edir. Hər
il olduğu kimi, bu il də kümçülər daha
çox məhsul götürməyi qarşıya məqsəd
qoyduqlarını söyləyirlər.
Dövlət başçısının
müvafiq Sərəncamının icrası ilə əlaqədar
olaraq Tovuz rayonunda da məqsədyönlü işlər
görülüb. Belə
ki, ötən il rayonda 9 ton 781 kiloqram
barama istehsal edilib. Bu, 2017-ci ildəkindən 2911
kiloqram çoxdur. Bu il isə
kümçülər tərəfindən 13 min kiloqram
yaş baramanın yetişdirilməsi nəzərdə
tutulub.
Hazırda rayonun Aşağı Öysüzlü,
Yuxarı Öysüzlü, Cəlilli və Düz Cırdaxan
kəndlərinin kümçüləri barama yetişdirməklə
məşğuldurlar.
Qeyd edək ki, ipəkqurdu yetişdirmək
üçün kümçülər tərəfindən əvvəlcədən
lazımi hazırlıq işləri görülüb, otaqlar
istiliklə təmin edilib. Həmçinin rayonda
kifayət qədər yem bazası yaradılıb. Kümçülər bildiriblər ki, respublikada ipəkçiliyin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
rayon baramaçılarının bu sahəyə olan
marağını xeyli artırıb.
Prezident İlham Əliyevin
tapşırığı ilə ənənəvi təsərrüfat
sahəsi olan baramaçılığın inkişaf etdirilməsi
həmçinin cəbhə bölgəsində yerləşən
Füzuli rayonunda diqqət mərkəzində
saxlanılır. Rayon ərazisinin xeyli hissəsi
işğal altında olmasına, yaşayış məntəqələrinin
çoxunun təmas xəttinə yaxın məsafədə
yerləşməsinə baxmayaraq,
baramaçılığın keçmiş şöhrətinin
qaytarılmasını, barama istehsalına görə ölkədə
ön sırada olmağı hədəfləyən
füzulililər istəklərinə nail olublar. Belə
ki, Füzuli kümçüləri barama tədarükünə
görə nəzərdə tutulan planı respublikada birinci
olaraq yerinə yetiriblər. Bu günədək 46 ton plana
qarşı 49 ton barama tədarük edilərək, “Azəripək”
MMC-yə təhvil verilib. Cari ildə 1150 qutu (21 min 850 qram) ipəkqurdu
toxumu yetişdirən rayon kümçüləri hazırda
barama tədarükünü davam etdirirlər.
Füzuli rayon İcra Hakimiyyətindən
KİV-ə verilən məlumata əsasən,
baramaçılıq 1970-1980-ci illərdə Füzuli
rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən
olub. 1990-cı illərin əvvəllərində tənəzzülə
uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa
edilməyə başlanılıb. Həmin il rayonda 4 ton, 2017-ci ildə
24,3 ton, 2018-ci ildə isə 37,5 ton barama
istehsal olunub. İpəkqurdunun yem
bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə
rayon ərazisində 130 min ədədə qədər tut
tingi əkilib.
Dövlətin baramaçılığın
inkişafına diqqət göstərməsi, bir kiloqram
baramanın qiymətinin subsidiya ilə birgə 9 manat
olması rayon sakinlərinin bu sahəyə marağını
artırıb.
Çünki baramaçılığın inkişafı
iş yerləri, əlavə qazanc və yaxşı güzəran
deməkdir. Rayon kümçüləri ötən il barama istehsalından 340 min manata yaxın gəlir
əldə etmişdilərsə, bu il 450 min manat gəlir
götürülməsi nəzərdə tutulur.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2019.- 19 iyun.- S.7.