Akademik Xoşbəxt
Yusifzadənin biblioqrafiyası
çapdan çıxıb
“Akademik Xoşbəxt Yusifzadə.
Biblioqrafiya” kitabının
yeni nəşri çapdan çıxıb.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin birinci vitse-prezidenti, AMEA-nın akademiki,
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli
Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya
Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki
və Rusiya Təbiət Elmləri Akademiyasının xarici
üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor
Xoşbəxt Yusifzadənin biblioqrafiyası SOCAR tərəfindən
2007-ci və 2012-ci illərdə Bakıda Azərbaycan, rus və
ingilis dillərində, Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər Akademiyası tərəfindən 2009-cu
ildə Ankarada türk, ingilis, rus və Azərbaycan dillərində
nəşr olunmuş “Akademik Xoşbəxt Yusifzadə. Biblioqrafiya”ları əsasında
yenidən işlənmiş
və əlavələr
edilmiş dördüncü
nəşrdir.
Biblioqrafiya akademik Xoşbəxt
Yusifzadənin 1957-2018-ci illərdə
Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş elmi məqalələrinə, habelə
monoqrafiyalarına, geoloji
xəritə və atlaslarına, elmi sessiya, simpozium və konfranslardakı məruzə və çıxışlarına, dəniz
neft-qaz yataqlarının
kəşfinə və
texniki ixtiralarına dair informasiyaları əhatə edir.
Biblioqrafiyanın üç dildə
yenidən işlənmiş
nəşri “X.B.Yusifzadənin
elmi-tədqiqat işləri,
neft-qaz yataqlarının
kəşfiyyatı və
işlənilməsi sahəsində
nailiyyətləri barəsində
qısa məlumat”, “Akademik X.B.Yusifzadənin həyat və fəaliyyətinin əsas
mərhələləri”, “Nəşr edilmiş
elmi əsərləri
xronoloji ardıcıllıqla”
və “Alim ömrü fotolarda” hissələrindən ibarətdir.
Kitab Ulu Öndər
Heydər Əliyevin “Azərbaycanda Xəzər
dənizini Xoşbəxt
Yusifzadə kimi bilən ikinci adam yoxdur” və
Prezident İlham Əliyevin “Akademik Xoşbəxt Yusifzadə
... nəinki Azərbaycanda
və keçmiş Sovet İttifaqında, eləcə də dünya miqyasında tanınmış mütəxəssisdir”
fikirləri ilə başlanır.
Biblioqrafiyada, həmçinin Əməkdar
jurnalist Ələkbər
Abbasovun (Şəhrili)
akademik “X.B.Yusifzadənin
həyatı, elmi və istehsalat fəaliyyəti haqqında”
oçerki yer alıb.
Azərbaycan neft və qaz
sənayesinin patriarxlarından
biri olan Xoşbəxt Yusifzadə respublikada neftin həm birinci, həm də ikinci milyard tonunun hasil edilməsinin
iştirakçısıdır. Görkəmli neftçi-alim
həyatını və
elmi-istehsalat fəaliyyətini
respublikamızda, xüsusən
də Xəzər dənizində neft və qaz-kondensat yataqlarının kəşfinə
və işlənilməsinə
həsr edib. O, tutduğu vəzifədən
asılı olmayaraq, elmi işdən ayrılmayıb. Onun elmi məqalələri, fundamental monoqrafiyaları bu gün neftçi-geoloqların,
ali məktəblərin
müvafiq fakültələrində
mühazirə oxuyan müəllimlərin və
təhsil alan tələbələrin stolüstü
kitablarıdır.
Məşhur alimin və
görkəmli istehsalat
təşkilatçısı Xoşbəxt Yusifzadənin
rəhbərliyi və
iştirakı ilə
aparılan elmi-tədqiqat
işlərinin nəticələri
onun 200-dən çox
elmi əsərində,
o cümlədən 18 monoqrafiyasında
və ixtirasında öz əksini tapıb.
X.Yusifzadə neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı
və işlənilməsinin
aktual problemlərinə,
yanacaq-energetika kompleksinin
inkişafına dair Azərbaycan paytaxtında və xarici ölkələrdə keçirilmiş
bir çox elmi konfrans və
simpoziumlarda məruzələrlə
çıxış edib,
milli neft elminin, Azərbaycan geoloq və geofiziklərinin daim böyük maraq doğuran nailiyyətlərini uğurla
nümayiş etdirib.
1988-ci ildən
başlayaraq, X.Yusifzadə
xarici şirkətlərlə
birgə aparılmış
bütün işlərdə,
o cümlədən Xəzər
dənizinin Azərbaycan
sektoru və quru sahələri üzrə bugünədək
bağlanmış 35 neft
sazişinin hazırlanmasında
və imzalanmasında
bilavasitə iştirak
edib. Alimin əməyi dövlət tərəfindən hər
zaman layiqincə qiymətləndirilib. O, SSRİ-nin iki “Qırmızı
Əmək Bayrağı”,
“Şərəf nişanı”
ordenləri, bir sıra medallar və fəxri fərmanları ilə təltif edilib, iki dəfə Azərbaycan SSR Dövlət
mükafatına layiq görülüb. Ona
“SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı”, istər sovet dönəmində, istərsə
də müstəqillik
illərində Azərbaycanın
“Əməkdar mühəndisi”
fəxri adları verilib. Müstəqillik illərində Azərbaycanın
“İstiqlal”, “Şöhrət”,
“Şərəf” və
1-ci dərəcəli “Əmək”
ordenləri ilə təltif olunub.
Xoşbəxt Yusifzadənin xidmətləri
xaricdə də yüksək qiymətləndirilib.
Vyetnam Sosialist Respublikası üçün
yüksəkixtisaslı neft
mütəxəssislərinin hazırlanmasında böyük
xidmətlərinə görə
2011-ci ildə həmin
ölkənin “Dostluq”
ordeni ilə təltif olunub.
Türk Dünyası Araşdırmaları
Beynəlxalq Elmlər
Akademiyasının qərarı
ilə türk dünyasının elmi, təhsili və iqtisadiyyatı sahəsində
böyük xidmətlərinə
görə X.Yusifzadə
2008-ci ildə bu akademiyanın beynəlxalq
“Qızıl Ulduz Medalı” ilə təltif edilib, “İlin alimi” elan olunub, 2011-ci ildə isə “Türk dünyasının
fəxri alimi” adına layiq görülüb.
Neft hasilatında nanotexnologiyaların
inkişaf etdirilməsi
və tətbiqi sahəsində xidmətlərinə
görə 2010-cu ildə
Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisi ilə birlikdə UNESKO-nun xüsusi medalı ilə təltif olunub, adı bu beynəlxalq
təşkilatın ensiklopediyasına
daxil edilib.
BMT-nin Cenevrə
şəhərində fəaliyyət
göstərən İctimai
Təltif Şurasının
2018-ci il 27 dekabr tarixli qərarına əsasən dünya elmi və iqtisadiyyatı
qarşısında xidmətlərinə
görə Avropa Ali Xidmət ordeni ilə təltif olunub.
Akademik Xoşbəxt
Yusifzadənin həyatı,
elmi-istehsalat fəaliyyəti
haqqında ətraflı
məlumatı biblioqrafiyadan
əldə etmək mümkündür. Nəşrin
redaktoru Ələkbər
Abbasov, mətnləri
tərcümə edənlər
Riçard Peqq, Emil Bağırov və Vadim Abramenkodur.
Yeni Azərbaycan.-
2019.-19 iyun.- S.7