ADA Universitetində
4-cü Beynəlxalq Təhsil
Konfransı öz işinə başlayıb
İyunun 19-da ADA Universitetində “İnklüziv,
bərabər və keyfiyyətli təhsilə
doğru: imkanlar, məqsədlər və hədəflər” şüarı
altında 4-cü Beynəlxalq
Təhsil Konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans
ADA Universitetinin, Təhsil
Nazirliyinin, Dünya Bankının və
UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilir. Konfransın məqsədi təhsil sahəsində rast gəlinən problemlərə
və onların araşdırılmasına marağı
artırmaq, islahatların
daha çox tədqiqatyönümlü olmasına
imkan yaratmaq, yerli və beynəlxalq
təcrübəni bir
araya gətirmək, gəncləri tədqiqata
cəlb etməklə onların müvafiq sahədə bacarıqlarını artırmaqdır.
Universitetin təhsil
işləri üzrə
prorektoru Vəfa Kazdal iştirakçılara
konfrans haqqında ətraflı məlumat verib. Bildirib ki, konfransa maraq
ildən-ilə artır.
Əgər 1-ci konfransa
25 tədqiqat işi təqdim olunmuşdusa,
4-cü konfransa 10-u xaricdən
olmaqla 100-ə yaxın
tədqiqat göndərilib.
Vəfa Kazdal
qeyd edib ki, təhsil sahəsində əldə
edilən nailiyyətlər
və görüləcək
işlər iki gün ərzində konfransda müzakirə olunacaq. Yerli təhsil mütəxəssisləri
ilə yanaşı, nüfuzlu beynəlxalq ekspertlər də öz təcrübələrini
bölüşəcəklər.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev çıxışında qeyd
edib ki, beynəlxalq konfransın təşkili təqdirəlayiq
haldır, ancaq belə tədbirlərin nəticələri daha vacibdir. Konfransın
4-cü dəfə keçirilməsi
əvvəlki konfransların
müsbət nəticələr
verməsinə dəlalət
edir.
“Konfransda maraqlı
mövzular müzakirə
olunacaq. Təhsildə
gündəmdə olan
problemlər araşdırılacaq
və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə
olunacaq”, - deyə rektor qeyd edib.
Təhsil naziri
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın
ən qabaqcıl ali məktəblərindən
biri olan ADA Universitetində belə konfransın keçirilməsi
olduqca əhəmiyyətlidir.
Nazir Azərbaycanda
təhsilin vəziyyəti,
müvafiq sahədə
aparılan islahatlar haqqında danışıb.
Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə
təsdiq olunmuş “Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”nın qəbulundan
ötən müddət
ərzində təhsilin
məktəbəqədər, ümumi, peşə, orta ixtisas və
ali olmaqla, bütün pillələri
üzrə nəzərdə tutulan hədəflərin həyata
keçirilməsi istiqamətində
mühüm işlər
görülüb.
Ceyhun Bayramov diqqətə
çatdırıb ki,
təhsil müəssisələrinin
maddi-texniki bazasının
gücləndirilməsi ilə
bağlı ölkə
Prezidenti tərəfindən
bu günlərdə imzalanmış sərəncamlara
əsasən regionlarda
modul tipli məktəblərin quraşdırılması
məqsədilə 18 milyon
manat, Bakı şəhəri və
onun qəsəbələrində
təhsil müəssisələrinin
tikintisi, əsaslı
təmiri və bərpası işlərinin
davam etdirilməsi məqsədilə 40 milyon
manat, təhsil müəssisələrinin qazlaşdırılması
məqsədilə 5,7 milyon
manat vəsait ayrılıb. Bu istiqamətdə həyata
keçiriləcək tədbirlər
təhsil infrastrukturunun
müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha
da artırılmasına
imkan verəcək.
Tədbirdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi son illərdə
Azərbaycanda təhsil
sahəsinə ayrılan
vəsaitdən və
əldə olunan uğurlu nəticələrdən
danışıb.
UNİSEF-in Avropa
və Mərkəzi Asiya üzrə regional təhsil məsləhətçisi Parmosivea
Soobrayan Azərbaycanda
təhsil sahəsində
əldə olunan nailiyyətlərdən danışıb.
O bildirib ki, Azərbaycanda məktəbəqədər
təhsil sahəsində
çox müsbət
irəliləyişlər müşahidə
edilir. Son üç ildə Azərbaycanda məktəbəhazırlıq
proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların
sayında nəzərəçarpan
artım qeydə alınıb. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici
2018-ci ildə 75 faizə
bərabər olub. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları
hədəfə götürmüş
erkən yaş təhsili üzrə yeni təşəbbüs
sayəsində ölkənin
100 icma əsaslı mərkəzində ümumilikdə
3 minə yaxın uşaq məktəbəqədər
təhsilə cəlb
edilib.
Parmosivea Soobrayan diqqətə
çatdırıb ki,
UNİSEF-in dəstəyi
ilə Təhsil Nazirliyi tərəfindən
həyata keçirilən
tədbirlər çərçivəsində
məktəb yaşına
çatmamış uşaqlar
üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb,
yeni metodologiyalar üzrə təlimlər
keçirilib.
“Ən azı birillik məktəbəqədər təhsilə
cəlb edilmiş uşaqların ümumtəhsil
məktəblərində müvəffəqiyyətlə
oxuması üçün
onların tələb
olunan bacarıqlarının
inkişaf etdirilməsi
cəmiyyətin və
ölkə iqtisadiyyatının
stabilliyi və inkişafı üçün
daha çox töhfə verir”, - deyə Parmosivea Soobrayan vurğulayıb.
Çıxışlardan sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Yeni Azərbaycan.-
2019.- 20 iyun.- S.3