Ölkəmizdə təhsilin
inkişafına böyük diqqət və qayğı
göstərilir
Prezident İlham Əliyevin bu günlərdə
imzaladığı müvafiq sərəncamlar təhsil sahəsində
aparılan uğurlu islahatların davamıdır
Azərbaycan
Prezidenti İlham Əliyevin həyata keçirdiyi
düşünülmüş və məqsədyönlü
siyasət ölkəmizin inkişafına,
xalqımızın əmin-amanlıq şəraitində
yaşamasına tam təminat verir. Bu siyasətin əsas
məqsədi insanların rifah halının
yaxşılaşdırılması, onlara göstərilən
qayğının daha da artırılması və həyat səviyyəsinin
yüksəldilməsidir. Prezident İlham Əliyevin sosial
islahatlar paketinin yeni uğurlu nəticələri, sosial
müdafiə sahəsində atılan mühüm addımlar
müəllimləri də əhatə edir. Dövlət
başçısının iyunun 18-də
imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının
artırılması haqqında” və “Dövlət peşə
təhsili müəssisələrində çalışan,
bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi
aparılmış müəllimlərin, idarəetmə və
təlim fəaliyyəti ilə məşğul olan
işçilərin əməkhaqlarının
artırılması haqqında” sərəncamlar bu istiqamətdə
daha bir əhəmiyyətli addımın atılmasına
imkan verib.
Məlumat üçün bildirək
ki, “Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının
artırılması haqqında” Sərəncamda həmin
müəllimlərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta
hesabla 20 faiz artırılması tapşırılır. Sərəncam
ümumilikdə 160 minə yaxın müəllimi əhatə
edir və onların orta aylıq əməkhaqqının 605
manata çatmasına imkan verir. Artımın təmin edilməsi
üçün dövlət büdcəsindən əlavə
olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə
isə 73 milyon manat vəsait ayrılacaq.
Prezident İlham Əliyevin
“Dövlət peşə təhsili müəssisələrində
çalışan, bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılmış müəllimlərin,
idarəetmə və təlim fəaliyyəti ilə məşğul
olan işçilərin əməkhaqlarının
artırılması haqqında” Sərəncamı isə həmin
təbəqədən olan müəllimlərin və
işçilərin aylıq vəzifə
maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla
20 faiz artırılmasını nəzərdə tutur.
“Yeni Azərbaycan” qəzeti olaraq, sözügedən
sərəncamlarla bağlı Bakı şəhərində
fəaliyyət göstərən müəllimlərin fikirlərini
öyrəndik.
Səbail rayonu, M.Rahim adına 7
nömrəli tam orta məktəbin direktoru Könül Həsənova
Azərbaycan dövlətinin apardığı uğurlu siyasətdən,
həyata keçirilən təhsil islahatlarından və təhsil
işçilərinin maddi rifah halının
yaxşılaşdırılması sahəsində
görülən işlərdən danışıb:
“Dövlət ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının
artırılması haqqında” Sərəncam barədə məlumatı
dərs zamanı aldıq. Təbii ki, bu xəbər
pedaqoji kollektivin çox böyük sevincinə səbəb
oldu. Ölkəmizdə son illərdə təhsilin
inkişafı ilə bağlı həyata keçirilən
kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili
dövlət siyasətinin mühüm prinsipləri
sırasına daxil etməsi, təhsil işçilərinə
hərtərəfli qayğı göstərilməsi dövlətin
gələcəyini daha etibarlı və inamlı görmək
əzmindən xəbər verir. Təhsil
işçilərinin əməkhaqlarının
artırılması, müəllimlərin sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində atılan
addımlar bizim üçün böyük stimul olmaqla
yanaşı, həm də məsuliyyətimizi artırır.
Ümumiyyətlə, vətəndaşların həyatının
yaxşılaşdırılması Prezidentin həyata
keçirdiyi strategiyanın əsasını təşkil
edir”.
Eləcə də sözügedən tam orta məktəbin
riyaziyyat müəllimi Şəhla Yolçuyeva son sərəncamları
əhalinin rifahının
yaxşılaşdırılması istiqamətində
atılan inqilabi addımların davamı kimi qiymətləndirib.
Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
təhsilinə göstərdiyi yüksək diqqət və
qayğı bu gün uğurla davam etdirilir: “Çox sevinirik
ki, zəhmətimiz, əziyyətimiz daim qiymətləndirilir.
Hər zaman dövlətimizin diqqət və
qayğısını öz üzərimizdə hiss
etmişik. Bildiyiniz kimi, bu yaxınlarda diaqnostik qiymətləndirməyə
görə maaşlarımız artmışdı, artıq
yeni dərs ilindən etibarən maaşlarımız orta
hesabla 20 faiz də artacaq. Bu, bizim üçün bir stimul
oldu. Təbii ki, bu diqqət bizi sevindirir və qürurlandırır.
Eyni zamanda, məsuliyyət hissimizi artırır. Qeyd edim ki, 7
nömrəli tam orta məktəbin ən gənc müəllimlərindən
biriyəm. Müəllim peşəsini seçən biz gənclərin
üzərinə böyük məsuliyyət
düşür. Buna görə biz gənclər müstəqil
dövlətimizin qədrini bilməli, onu göz bəbəyimiz
kimi qorumalıyıq”.
94 nömrəli tam orta məktəbin
direktoru Şəmsəddin Vəliyev də bəhs olunan sərəncamlarla
bağlı fikirlərini bölüşərək
vurğulayıb ki, Azərbaycanda təhsil sahəsində
aparılan islahatlar gənclərin təhsilə cəlb
olunmasına, təhsil sahəsində kadr problemlərinin həllinə
və müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə
öz müsbət təsirini göstərir: “Müəllim cəmiyyətin
sabahının və gözəl gələcəyinin
yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev
müəllim peşəsinə və əməyinə həmişə
yüksək qiymət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi
illərində ölkəmizdə yüzlərlə yeni məktəb
binası, uşaq bağçası tikilib istifadəyə
verilib. Sevindirici haldır ki, müəllimin əməyinə
bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
yüksək qiymət verilir, bu peşə sahiblərinin
sosial rifahının yaxşılaşdırılması
üçün davamlı tədbirlər həyata
keçirilir. Bu gün təhsilə, müəllimə diqqət
göz qabağındadır. Azərbaycan Prezidentinin
müvafiq sərəncamları məktəb kollektivləri tərəfindən
böyük ruh yüksəkliyi ilə qarşılanır, təlim-tərbiyə
işinin daha da yaxşılaşmasına öz töhfəsini
verir”.
“Azərbaycanda əhalinin sosial rifahının
yaxşılaşdırılması dövlət siyasətinin
əsas prioritetlərindəndir. Dövlətimizin
başçısı dəfələrlə bəyan edib ki,
dövlətin yürütdüyü siyasətin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”. Bu fikirləri
K.Kərimov adına 8 nömrəli məktəbin direktoru Aytən
Baxşıyeva qəzetimizə açıqlamasında deyib.
Onun sözlərinə görə, son illər ölkəmizdə
görülən işlərin əsas məqsədi Azərbaycan
vətəndaşının rifah halını yüksəltmək,
işsizliyi, yoxsulluğu aradan qaldırmaqdır: “Biz də
Prezidentimizin bütün sahələr üzrə uğurlu
siyasətini görür, daim dəstəkləyir və Onun ətrafında
sıx birləşmişik. Sözügedən sərəncamlarla
bağlı xoş xəbəri aldıqdan sonra bütün
müəllimlərimiz bir-birinə zəng edib sevinclərini
paylaşıblar. Cəmiyyətdə müəllim peşəsinə
hörmət artır. Bu, islahatlar nəticəsində
mümkün olub. Yeri gəlmişkən
xatırladım ki, məktəbimiz əvvəllər
A.S.Loginovun adını daşıyırdı. 2017-ci ildə
Nazirlər Kabinetinin müvafiq qərarı ilə 8 nömrəli
tam orta məktəbə kosmonavtikanın inkişafında
misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun
adı verildi. Ötən il ölkə
başçısının müfaviq Sərəncamı ilə
məktəbimiz yenidən təmir edildi. Cənab Prezident məktəbdə
yenidənqurmadan və əsaslı təmirdən sonra
yaradılan şəraitlə tanış olub. Təhsil sahəsində
aparılan islahatlara görə təhsil işçiləri
adından Prezident İlham Əliyevə təşəkkürümüzü
bildiririk”.
Öz növbəsində, 8
nömrəli tam orta məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Sevinc Əliyeva da
bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin təhsil
siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. “Azərbaycan
Prezidenti həmişə vurğulayır ki, dövlətin,
xalqın gələcəyi intellektual inkişafla
bağlıdır və elmə qoyulan sərmayə millətin
sabahına xidmət edir. Ölkədə həyata
keçirilən neft strategiyasından gələn gəlirlərin
insan kapitalına yönəldilməsi sosial-iqtisadi
islahatların davamlılığına və tarazlı
inkişafa xidmət edir. Bir sözlə, daha savadlı, istedadlı
və dinamik gəncliyin formalaşması üçün bu
gün hökumətimiz bütün sahələrlə
yanaşı, təhsil sistemində islahatlar həyata
keçirir, gənclərin ictimai-siyasi həyatda rolunun
artırılmasına xüsusi diqqət yetirir. Dövlətimizin
başçısının məqsədyönlü siyasəti
nəticəsində respublikamız bu sahədəki strateji məqsədlərinə
doğru inamla irəliləyir. Həmin islahatlardan biri də
biz təhsil işçilərinin könlünü şad edən
xəbər idi. Sözsüz ki, bu şad xəbər pedaqoji
heyətimiz tərəfindən sevinclə
qarşılandı. Maaşların artırılması biz
müəllimlərin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün
çox böyük addımdır. Bu, peşə sahiblərinin
hər birinin ailəsinə və ailə üzvlərinin
güzəranının yaxşılaşmasına öz
müsbət təsirini göstərəcək. Təhsilə
və müəllimlərə qayğı,
xalqımızın savadlı gələcəyinə
yatırım deməkdir. Böyük müəllim ordusu
adından daim təhsilin və təhsil işçilərinin
qayğısına qaldığı üçün dövlət
başçımıza təşəkkürümü
bildirirəm”, - deyə S.Əliyeva vurğulayıb.
Bu gün ölkədə müəllim
peşəsinin nüfuzunun xeyli artdığını deyən
Binəqədi rayonu 246 saylı məktəbin Azərbaycan
dili və ədəbiyyatı müəllimi Səadət
Cahangirzadə isə bildirib ki, son illər ölkəmizdə
təhsilin inkişafı ilə bağlı kompleks tədbirlər
həyata keçirilir, təhsil müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirilir, müəllimlərin
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
mühüm addımlar atılır. “Müəllimlik
çox çətin və şərəfli peşədir.
2005-ci ildən bu məktəbdə pedaqoji fəaliyyət
göstərirəm. Azərbaycan dili və ədəbiyyatı
fənnini tədris edirəm. Şagirdlərimin təlim-tərbiyəsində,
onların xeyirli bir vətəndaş kimi formalaşmasında
əlimdən gələni etməyə
çalışıram. Sevindirici haldır ki,
ötən illərlə müqayisədə müəllim
işləmək arzusunda olanların sayı xeyli artıb.
Ölkəmizdə davamlı olaraq aparılan məktəb
tikintisi, məktəblərin maddi-texniki bazasının
gücləndirilməsi, müəllimlərin bilik və
bacarıqlarının diaqnostik qiymətləndirilməsi
nəticəsində əməkhaqqı artımı, müəllimlərin
işə qəbulunun şəffaf təşkili bu peşənin
cazibədarlığını artırıb. Azərbaycan
Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam
bizi çox sevindirdi. Dövlət qayğısı təhsildə
keyfiyyətin yüksəldilməsinə zəmin yaradır.
Biz vətəndaşlar olaraq öz dövlətimizə və
Prezidentimizə ürəkdən inanır, hər bir işdə
Ona güvənir və Prezidentimizin gücünü həmişə
hiss edir, bununla da qürur duyuruq”, - deyə S.Cahangirzadə
söyləyib.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 20 iyun.- S.6.