Azərbaycanda
baramaçılığın inkişaf etdirilməsi ilə
bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini
verməkdədir
Ənənəvi və ixracyönümlü təsərrüfat
sahəsi olan baramaçılığın bərpası
regionlarda yaşayan əhalinin məşğulluğunun
artırılmasına, onların sosial rifahının yüksəldilməsinə
xidmət edir
(əvvəli ötən sayımızda)
Mərkəzi Aran iqtisadi rayonuna daxil olan Zərdabda
da yaş barama tədarükü davam edir və iyunun 10-na olan
məlumata görə, kümçülər hələlik
50 tondan çox məhsul təhvil veriblər. Rayon İcra
Hakimiyyətindən bildirilib ki, cari mövsümdə 3800 nəfəri
əhatə edən 760 ailə tərəfindən 1750 qutu ipəkqurdu
toxumu bəslənilib və bol məhsul yetişdirilib. Onlarca
təcrübəli kümçü bu mövsümdə
yüksək göstəriciyə nail olub. Belə ki, Gəlmə
kəndindən Teymur Teymurzadə 476 kiloqram, Alıcanlıdan
Əlişah Cavadov 415 kiloqram, Nəzəralılıdan Surxay
Xəlilov 327 kiloqram, Məmmədqasımlıdan Rəşad
Rəşidov 258 kiloqram bol məhsuldarlıq əldə ediblər.
Qeyd edilib ki, Prezident İlham
Əliyevin baramaçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğu konkret vəzifələrin
icrası istiqamətində son illər Zərdabda
ardıcıl tədbirlər həyata keçirilir və
uğurlu nəticələr qazanılır. Təkcə
keçən il rayon kümçüləri 1300 qutu (24700
qram) inkubasiya olunan ipəkqurdu toxumu qəbul edərək
normal bəsləmə aparıblar. Nəticədə 53 ton
880 kiloqram barama tədarük edərək respublikada ən
yüksək göstəriciyə nail olublar. Bu il də
yaxşı nəticə gözlənilir. Belə ki, mütəxəssislər
cari mövsümdə 70 ton yaş barama tədarük
olunacağı qənaətindədirlər.
İqtisadi rayona daxil olan digər
bir rayonda - Ucarda da yaş barama tədarükünə
başlanılıb. Ötən il 12 ton 500 kiloqram barama
istehsal olunan bölgədə cari mövsümdə iki dəfə
çox - 24 ton məhsul tədarük ediləcəyi
proqnozlaşdırılır.
Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu
il kümçülər 600 qutu ipəkqurdu toxumu bəsləyiblər
və bol məhsul yetişdirməyə nail olublar. Artıq 6,5
ton yaş barama tədarük olunub və proses davam edir. Rayonun əksər ərazilərində, xüsusilə
təcrübəli kümçülərin
yaşadıqları Yuxarı Şilyan, Boyat, Qurabənd və
bir sıra digər ərazi dairələrində daha çox
məhsul yetişdirilib.
Prezident İlham Əliyevin respublikada
baramaçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğu vəzifələr
Sabirabadda uğurla icra olunur. Rayon Dövlət Aqrar İnkişaf
Mərkəzindən bildiriblər ki, ötən il rayonda 14 ton 200 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 20 ton məhsul istehsal
etmək nəzərdə tutulub və bunun üçün
kümçülərə 500 qutu ipəkqurdu toxumu
paylanılıb.
Dövlətin bu sahənin inkişafı
üçün göstərdiyi qayğı və hər
kiloqram məhsul üçün verdiyi əlavə subsidiya
rayonda ipəkçiliyə olan marağı artırıb. Ötən il
rayon üzrə 338 ailə barama istehsalı ilə məşğul
olmuşdusa, bu mövsüm 500 kümçü ilə
müqavilə bağlanılıb və onlara ödənişsiz
olaraq ipəkqurdu toxumu paylanılıb. Bir
neçə gündür ki, sabirabadlı kümçülər
bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun
tədarükünə başlayıblar. İndiyədək
tədarük məntəqəsinə 6 ton 150 kiloqram barama təhvil
verilib.
Məhsul tədarükündə rayonun Nizami, Şəhriyar
və Qaralar kəndlərinin kümçüləri fərqlənirlər. Nizami kənd sakini Teymur Bəhramov
üçüncü ildir ki, ipəkqurdu bəsləyir və
hər il də yaxşı nəticə əldə
edir. “Ötən il ailə üzvlərimlə
birlikdə 8 qutu ipəkqurdu bəsləyərək 750 kiloqram
barama tədarük etdik. 35-40 gün ərzində
istehsal etdiyimiz məhsuldan 6750 manat gəlir
götürdük. Bu il də 8 qutu
ipəkqurdu toxumu götürüb bəsləyirik. Bu günə kimi 200 kiloqramdan çox məhsul tədarük
etmişik. Hələ toplanmamış məhsulumuz
çoxdur. Təxmini hesablamama görə, məhsulumuz
ötən ildəkindən də çox olacaq”, - deyə
kümçü bildirib.
Qeyd edək ki, son üç ildə rayonda
baramaçılığın inkişafı məqsədilə
82 min ədəd tut tingi əkilib.
Builki mövsümdə Qəbələ rayonunda yaş
barama istehsalının ötən illə müqayisədə
iki dəfədən çox artırılaraq 20 tona
çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi
üçün 102 kümçü ilə müqavilə
bağlanılıb, onlara 500 qutu və ya 9,5
kiloqram ipəkqurdu paylanılıb. İki
gündür ki, istehsalçılardan barama qəbuluna
başlanılıb. Qəbələli
kümçülər ilk günlər qəbul məntəqəsinə
314 kiloqram yaş barama təhvil veriblər. Bu barədə Qəbələ Dövlət Aqrar
İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, ötən il rayonun kümçüləri
236 qutu ipəkqurdundan 9,1 ton yaş barama əldə
ediblər.
“Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin
inkişafına dair 2018-2025-ci illər üçün
Dövlət Proqramı”nın icrası ilə
əlaqədar olaraq Goranboy rayonunda məqsədyönlü
işlər görülür. Ötən il
rayonda 9807 kiloqram barama istehsal edilib. Bu, əvvəlki
ildəkindən 7637 kiloqram çoxdur. Bu il
isə 375 qutu ipəkqurdu toxumu gətirilərək 250
kümçüyə paylanılıb. Hazırda
rayonun 47 yaşayış məntəqəsində ipəkqurdu
bəslənir. Cari ildə
kümçülər tərəfindən 20 min kiloqram
yaş baramanın yetişdirilməsi nəzərdə
tutulub.
Cəbhə bölgəsində yerləşən
Ağdam rayonunda barama tədarükü davam edir. Artıq kümçülərin
yetişdirdikləri 12 min 761,4 kiloqram məhsul
“Azəripək” MMC nümayəndələri tərəfindən
qəbul olunub. Bir neçə ildir
respublikamızın digər bölgələrində
olduğu kimi, Ağdam rayonunda da
baramaçılığın keçmiş şöhrətinin
qaytarılması istiqamətində mühüm addımlar
atılır. İpəkqurdunun yem
bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə
rayon ərazisində 200 min ədədə yaxın tut tingi əkilib.
2016-cı ildə rayonda 2,4 ton, 2017-ci ildə
13 ton, 2018-ci ildə 16 ton 722,9 kiloqram barama istehsal olunub. Bu il
isə rayonda 126 kümçüyə 525 qutu (9975 qram) ipəkqurdu
verilib, 21 ton barama istehsalı nəzərdə tutulub.
Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə
tutulub. Bu məqsədlə 425 qutu (8 min 75 qram)
ipəkqurdu toxumu gətirilərək müqavilə
bağlanılmış kümçülərə
paylanılıb. Respublikada ipəkçiliyin
inkişafı ilə bağlı həyata keçirilən tədbirlər
rayon baramaçılarının bu sahəyə
marağını xeyli artırıb. Əgər ötən
il İmişlidə 134 ailə ipəkqurdu
bəsləyirdisə, bu il onların sayı 156-ya
çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən
bildiriblər ki, ötən il 10 ton 87
kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 17 tona
çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı kümçülər
üçün bütün zəruri şərait
yaradılıb.
Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə
başlanılıb. Kümçülər qısa müddətdə
tədarük məntəqəsinə 5 ton 46 kiloqram məhsul
təhvil veriblər. Barama tədarükündə
rayonun Oruclu, Cəfərli, Gödəktala və Telişli kəndlərinin
kümçüləri fərqlənirlər.
Oruclu kənd
sakini Tacir Qaraşov ötən il 105
kiloqram barama istehsal edərək 945 manat gəlir
götürüb. Kümçü bu il 2,5
qutu ipəkqurdu toxumu bəsləyib və bu günə kimi
107 kiloqram barama tədarük edib. Kümçünün
dediyinə görə, hələ toplanmamış məhsulu
çoxdur. Bundan sonra daha 25 kiloqramdan
çox məhsul tədarük edə biləcək.
Qeyd edək
ki, ötən il kümçülər
istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir
əldə ediblər.
Saatlıda üçüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət
başçısının ölkədə
baramaçılığın inkişafı ilə
bağlı qarşıya qoyduğu vəzifələr
Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas
amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə
son üç ildə rayonda 79 min tut tingi əkilib, bir
neçə yaşayış məntəqəsində
müasir kümxana tikilib və digər zəruri tədbirlər
həyata keçirilib.
Rayon
Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər
ki, bu il rayonda 8 ton barama istehsal olunması
nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800
qram) ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər,
Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən
olan 52 kümçüyə paylanılıb. Bir
neçə gündür ki, rayonda barama tədarükünə
başlanılıb. Kümçülər
bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulu
tədarük məntəqəsinə təhvil verirlər.
Bu günədək rayon üzrə 1767,3
kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu
Azadkənd və Dəlilər kəndlərinin
baramaçıları istehsal edib.
Dəlilər kənd sakini Əlişirin Cəlilov
bu mövsüm 5 qutu ipəkqurdu toxumu götürərək
bəsləyir. “Bu sahə rayonda yeni
olduğundan digər kümçülər kimi ilk illər
çətinliklərim olsa da, mütəxəssislərdən
öyrəndiklərimi tətbiq etməklə yaxşı nəticələr
əldə etmişəm. İpəkqurduna yaxşı qulluq
etdiyimdən məhsul gözlədiyimdən də çoxdur.
Bu günə kimi tədarük məntəqəsinə 187
kiloqram barama təhvil vermişəm. Hələ kümxanada məhsulum
var. Bundan sonra daha 15-20 kiloqram məhsul təhvil verəcəyəm”,
- deyə kümçü bildirib. Rayonda barama tədarükü
davam edir. Qeyd edək ki, ötən il Saatlıda 33 ailə ipəkqurdu
bəsləyib.
Bərdəli kümçülərin bu
günədək yetişdirdikləri 30 min 390 kiloqram məhsul
“Azəripək” MMC-nin nümayəndələri tərəfindən
qəbul edilib. Baramaçılıq Bərdədə
2016-cı ildə yenidən bərpa edilməyə
başlanılıb. İpəkqurdunun yem bazasının bərpası
məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində
400 min ədəddən çox tut tingi əkilib. 2016-cı ildə 4,5 ton,
2017-ci ildə 12,5 ton, 2018-ci ildə isə 24,5 ton barama istehsal
olunub. Bu il isə
rayonda 330 kümçüyə 1000 qutu (19 min qram) ipəkqurdu
verilib, 40 ton barama istehsalı nəzərdə tutulub.
Bu il Balakən rayonunda yaş barama
istehsalının ötən illə müqayisədə 13
tondan çox artırılaraq, 43 tona
çatdırılması planlaşdırılırdı. Balakənli kümçülər barama tədarükünə
görə nəzərdə tutulan planı respublikada ikinci
olaraq yerinə yetiriblər. İstehsalçılar indiyədək
qəbul məntəqəsinə 43,7 ton
yaş barama təhvil veriblər. Bu barədə
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzindən
məlumat verilib.
Qurumdan bildiriblər ki, cari mövsümdə barama yetişdirmək
üçün 315 kümçü ailəsi ilə
müqavilə bağlanılıb, onlara 1075 qutu və ya 20
kiloqram 425 qram ipəkqurdu paylanılıb. Qazma kəndindən
Rəşad Əzizov builki mövsümdə qəbul məntəqəsinə
rayon üzrə hamıdan çox - 776 kiloqram yaş barama təhvil
verib. Mahamalar kəndindən Aypara Dadayeva
617 kiloqram, Meşəşambul kəndindən Məhəmməd
Cirinqov isə 475 kiloqram yaş barama istehsal ediblər. Rayonda
barama tədarükü davam edir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2019.- 20 iyun.- S.7