Nəsimi ili: klassik ədəbi irsə
müasir baxış, milli və bəşəri
ideyaların təbliği
Əsərlərində ümumbəşəri
fikirləri yüksək poetik şəkildə ifadə edən
mütəfəkkir-şair İmadəddin Nəsimi Azərbaycan
ədəbiyyatının ən görkəmli nümayəndələrindən
biri kimi zamanında bədii söz sənətinin dəyərli
incilərini ortaya qoyub. Nəsiminin ədəbiyyatımızın
inkişafında misilsiz xidmətlərinə Azərbaycan
dilində fəlsəfi qəzəlin banisi olmasını,
yaratdığı şah əsərlərdə işlətdiyi
söz, ifadə və anlayışlarla dilimizi zənginləşdirməsini
aid etmək olar.
Təsadüfi deyil ki, ədəbiyyatımıza
və xalqımızın mənəvi sərvəti olan ana
dilimizə böyük diqqət və qayğı ilə
yanaşan Prezident İlham Əliyev dilimiz və elmimizin
inkişafında xüsusi rolu olan ədəbiyyatımızın
görkəmli nümayəndəsi İmadəddin Nəsiminin
xidmətlərini yüksək qiymətləndirib. Dövlət başçısı şairin 650
illik yubileyi şərəfinə “Böyük Azərbaycan
şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi
haqqında” 2018-ci il 15 noyabr tarixli və “Azərbaycan
Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında”
11 yanvar 2019-cu il tarixli sərəncamlar imzalayıb. Nəsimi irsinin müasir humanitar düşüncənin
tələbləri kontekstində aktuallığını,
milli mədəni-mənəvi dəyərlərin təbliği
baxımından xüsusi əhəmiyyətini nəzərə
alaraq imzalanan həmin sərəncamlara uyğun olaraq Nəsiminin
yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda
yüksək səviyyədə qeyd olunur.
Ümummilli Lider tərəfindən əsası
qoyulan ənənə davam etdirilir
Bu məqamda qeyd etmək
lazımdır ki, 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi
ili” elan edilməsi Prezidentimizin, Azərbaycan dövlətinin ədəbiyyatımıza
və mədəniyyətimizə böyük dəyər
verməsinin və xüsusi diqqət göstərməsinin
bariz nümunəsidir. Buna görə də
“Nəsimi ili” çərçivəsində ədəbiyyatşünas
və dilçilərlə yanaşı, Azərbaycan mətbuatının,
ümumiyyətlə, KİV-in qarşısında Nəsiminin
ədəbi irsini, fəlsəfəsini, onun milli və bəşəri
xüsusiyyətləri seçilən ideyalarını, o
cümlədən bütün bu məziyyətlərin əks
olunduğu əsərlərini, Azərbaycan ədəbiyyatı
tarixindəki yerini və əhəmiyyətini, dilimizin inkişafında,
zənginləşməsində xidmətlərini ictimaiyyətə
çatdırmaq kimi böyük vəzifələr durur.
Digər tərəfdən, Prezident İlham
Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan
Respublikasında “Nəsimi ili” elan edilməsinin əsası Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən
qoyulan ənənənin davamıdır. Belə
ki, Ulu Öndər hələ Sovet İttifaqı
dövründə Azərbaycanda hakimiyyətdə olduğu
illərdə görkəmli şairimizin
yaradıcılığına xüsusi diqqət göstərib.
Ümummilli Lider 1969-cu ilin iyulunda Azərbaycanda birinci dəfə
hakimiyyətə gələndə Nəsiminin
yaradıcılığını dilimizdə və ədəbiyyatda
oynadığı rolu nəzərə alaraq onun adını
və xidmətlərini əbədiləşdirmək
üçün mühüm təşəbbüslə
çıxış edib, Onun ciddi təkidi sayəsində
şairin 600 illik yubileyinin təntənəli şəkildə
qeyd olunması 1973-cü ildə baş tutub. Azərbaycan ədəbi
dilinin zənginləşməsində, onun tarixində
böyük xidmətlərinə görə Nəsiminin
adı 1973-cü ildə Elmlər Akademiyasının
Dilçilik İnstitutuna verilib, Nəsimi haqqında bədii
film çəkilib. Həmin xidmətlərin əbədiləşdirilməsinin
davamı olaraq 1979-cu ildə Bakının mərkəzində
şairin heykəli ucaldılıb.
Bundan əlavə, Ulu Öndər 1973-cü ildə
Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər
planına daxil edilməsinə nail olub. Həmin tədbirlər
çərçivəsində böyük söz
ustadının əsərləri xarici dillərə tərcümə
edilərək nəşr olunub. Bu kontekstdə Ümummilli
Liderin həmin təşəbbüsünü o dövrdə
müxtəlif ölkələrdə və sovet
respublikalarında Nəsimini öz adına çıxmaq istəyənlərə
cavab kimi yüksək qiymətləndirmək olar. Məhz bu baxımdan, Ulu Öndərin Nəsiminin Azərbaycan
şairi, ədəbiyyatımızın görkəmli
nümayəndəsi olduğunu UNESCO xətti ilə
bütün dünyaya tanıtması doğrudan da uzaqgörən
və müdrik siyasətinin nəticəsi idi.
Nəsimi Azərbaycan ədəbiyyatında fəlsəfi
qəzəlin banisidir
Qeyd edək ki, Nəsimi yaratdığı əsərlərdə
işlətdiyi söz, ifadə və anlayışlarla Azərbaycan
dilini zənginləşdirib. Nəsimi
yaradıcılığında dilimizin saflığı, ahəngdarlığı
və musiqiyə uyğunluğu qabarıq şəkildə
özünü göstərir. Nəsimi
adına Dilçilik İnstitutunun direktoru, akademik
Möhsün Nağısoylunun sözlərinə görə,
Nəsiminin ədəbiyyatımızın inkişafında ən
böyük xidmətlərindən biri Azərbaycan dilində
fəlsəfi qəzəlin banisi olmasıdır: “Nəsimi
Azərbaycan ədəbiyyatında fəlsəfi şeirin, fəlsəfi
qəzəlin əsasını qoyub. Ona qədər Azərbaycan
dilində fəlsəfi qəzəl yazan olmayıb. Nəsimidən
qabaq İzzəddin Həsənoğlu ana dilimizdə qəzəl
yazıb, onun da bizə cəmi 3 qəzəli çatıb.
Amma o qəzəllər fəlsəfi olmayıb”.
Nəsimi yaradıcılığına xas olan
digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini
əruz vəznində yazıb. M.Nağısoylu deyir ki, Azərbaycan
şeirinin əsas vəzni heca vəznidir: “Əruz vəzni
bizə ərəb dilindən gəlsə də, dilimizdəki
əruz vəzninin təkmilləşdirilməsində və
formalaşmasında Nəsimi mühüm rol oynayıb. Məsələn,
Nəsimidən qabaq Qazi Bürhanəddin, İzəddin Həsənoğlu
kimi şairlər qəzəl və ya tuyuq yazıblar. Amma Nəsimi
müxəmməs də, tərkibbənd də, tuyuq da
yazıb. Yəni bununla ədəbiyyatımızı daha da təkmilləşdirib”.
Akademikin sözlərinə görə, Nəsiminin
ən böyük xidmətlərindən biri Azərbaycan
milli ədəbi dilini zənginləşdirməsi və
saflaşdırması olub: “Onun dilini bugünkü oxucu da
rahat başa düşür:
Düşdü yenə dəli könül
gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün
fikri nədir, xəyali nə?
Bu cinas-qafiyədir. Bu şeir 600 il bundan qabaq
yazılıb, amma anlaşılmayan heç nə yoxdur.
Görün nə qədər saf, təmiz və axıcı
şəkildə yaradıb. Həm də şairin elə qəzəlləri
var ki, orada yalnız ana dilimizə xas olan sözlər işlədib:
Al ilə ala gözlərin
aldadı aldı könlümü,
Alini
gör nə al edər,
kimsə
erişməz alinə.
Burada, “a” saiti və “l” samiti bir növ assonans yaradır. Digər tərəfdən,
bu beytdə heç bir əcnəbi söz yoxdur. Həmçinin
burada “al” kəlməsi iki mənada - birinci sətirdə “al”
sözü “hiylə”, ikinci sətirdə isə
“qırmızı” mənasında işlədilir. Daha bir
nümunə deyim:
Dilbər
aydır,
ey Nəsimi,
sabir ol, qılma fəqan,
Şimdi
fəqan etməsən,
danla fəqanı
neylərəm.
Burada artıq ana dilində olan əski iki kəlmə -
“aydır” və “danla” işlədilib”.
Ümumiyyətlə, mütəxəssislərin qənaətinə
görə, Nəsiminin dili melodikdir, zəngindir, onun qəzəlləri
musiqi üzərində köklənib. Nəsiminin
şeirləri o qədər oynaq və ahəngdardır ki,
onu ifa etmək üçün ayrıca musiqiyə ehtiyac
yoxdur.
Qeyd olunan faktlardan yola çıxaraq, birmənalı
şəkildə demək olar ki, ədəbiyyatımızın
ən böyük nümayəndələrindən olan Nəsimi
ana dilimizi yüksək zirvəyə qaldırıb. Çünki
milləti dünyada tanıdan onun dilidir. Dil
də millətin varlığı və ən böyük
milli-mənəvi sərvətidir. Bu sərvətimizin inkişafında
Nəsiminin xidmətləri az deyil. Nəsiminin
yaşadığı dövrdə savadlı adam
üç dili mükəmməl bilirdi: ərəb, fars,
türk. Onun yaradıcılığına qədər elmi əsərləri
ərəb, şeirləri fars dilində
yazırdılar. Nəsimi sübut etdi ki, Azərbaycan dili də
şeir dilidir və ana dilimiz o dövrdə geniş
yayılmış ərəb və fars
dilləri ilə bir səviyyədə dayanan bir dildir.
Nəsiminin
yaradıcılığında bəşəri ideyaların
təbliği əsas yer tutur
Məlum olduğu kimi, 1369-cu ildə Şamaxıda anadan
olan İmaməddin Nəsimi mükəmməl təhsil alıb,
üç səmavi dinin kitablarını - “İncil”i,
“Tövrat”ı və “Quran-i Kərim”i də dərindən mənimsəyib. Qədim dini və
fəlsəfi təlimləri bilib və onun əsərlərinin
hamısında bu dinlərə və təlimlərə
istinadlar var. Məhz bu səbəblərdən bədii
söz sənətinin ən dəyərli incilərini ortaya
qoyan, əsərlərində ümumbəşəri fikirləri
yüksək poetik şəkildə ifadə edən mütəfəkkir-şair
Azərbaycan ədəbiyyatının nadir simalarından
biridir.
Azərbaycan
Respublikası Prezidentinin 15 noyabr 2018-ci il
tarixli Sərəncamında deyilir: “Nəsimi dünya
poeziyasının ən kamil nümunələri
sırasında diqqətəlayiq yer tutan əsərlərində
daim insanın əzəmətini, insani məhəbbəti və
şəxsiyyətin azadlığını tərənnüm
etmişdir”.
Eyni zamanda Nəsimi insana böyük dəyər
verir, insanları qarşıda gözləyən təhlükələrdən
qorumaq istəyirdi. Təəssüf ki, Sovet ideologiyası qəliblərə
sığışdırmaq məqsədilə o dövrdə
Nəsimini az qala ateist kimi təqdim edirdi. Amma fakt odur ki, Nəsiminin
bütün əsərlərində “Qurani-Kərim”ə və
hədislərə istinadlar var. Onun birinci qaynağı da
müqəddəs kitab idi. Hətta şair öz fikirlərini
“Qurani-Kərim” əsasında yayırdı. M.Nağısoylu
deyir ki, Nəsimi “ən-əl həqq” deyəndə əslində
özünün heç nə olduğunu, onun bədənindəkinin
Allahın təcəllisi olduğunu göstərirdi: “Hurifilər
də insanın sonunu Allaha qovuşmaqda görür,
insanın özündə isə Allahın əlamətlərini
görürdülər. Məsələn, burunu “əlif” hərfinə,
gözü “əyn” hərfinə oxşadırdırlar.
“Hürufi” hərf sözünün cəmidir. Ona görə
də onlara “hürufilər” deyirdilər. Hürufilər hər
şeydə hərf axtarırdılar”.
Məlum olduğu kimi, ərəb əlifbasında
28 hərf var. “Quran-i Kərim” də hərflərlə, yəni
sözlər vasitəsilə nazil olub. Akademikin sözlərinə
görə, məhz o 28 hərfin hər birinin əbcəd
hesabı ilə rəmzi, simvolik əlamətləri var: “Nəsimi,
ümumiyyətlə, hürifilər həmin əlamətlərə
əsasən yozum aparırdılar. Nəsimi “vəhdəti-vücud”
prosesi ilə insanı ucaltmaq istəyir, hətta insanı bir
növ qoruyurdu. Çünki Allah-Təalanın
yaratdığı ən uca, ən kamil varlıq da
insandır. Hürufilərə görə, yalnız kamil
insan Allahı dərk edə bilərdi”.
Bu baxımdan İmadəddin Nəsiminin dərin
humanizm ifadə edən zəngin
yaradıcılığında hürufilik təlimi, onun kamil
insan konsepsiyası mühüm yer tuturdu. Alimlərimizin
qənaətinə görə, məhz buna görə də
Nəsimi bu dünyanı fani, müvəqqəti hesab edir,
kamil insanın Allahı dərk edərək ona
qovuşmağına inanırdı. Professor Hüseyn Həşimlinin
fikrincə, insanın haqqa çatması vasitəsi kimi ilahi
eşq yolunu simvollaşdıran sufilərdən fərqli
olaraq hürufilər zəkaya, elmə daha çox
üstünlük verir, kamil insan idrakının qüdrətini
önə çəkirdilər: “Hürufilər bu fikirdə
idilər ki, bəşəriyyətin səadəti, xoşbəxt
cəmiyyət quruculuğu insanın mənəvi kamilliyi ilə
bilavasitə əlaqədardır. Yaranmışların
ən alisi, şərəflisi sayılan insan özünü
dərk etməli, çirkin hisslərdən, nəfsdən, bəd
duyğulardan uzaq olmalı, haqq yolunu seçməli, yüksək
mənəvi dəyərlərə yiyələnməli,
müdrikliyə çatmalıdır”.
Sadalanan fikirlərin yekunu olaraq,
Azərbaycan ədəbiyyatı tarixində görkəmli yerə
malik olan şairimizin şərəfinə Azərbaycan
Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Nəsimi
irsini, ideyalarını elmi şəkildə, o dövrün
ideologiyasına, fəlsəfəsinə uyğun olaraq əsaslandırmaq,
dərin fəlsəfi məna tutumunu araşdırmaq və
olduğu kimi bütün dünyaya, Azərbaycan ictimaiyyətinə,
o cümlədən elmi ictimaiyyətə çatdırmaq
üçün fürsət kimi qiymətləndirmək
mümkündür.
Qaşqay ZİYƏDDİNOĞLU
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Fondunun keçirdiyi birgə
müsabiqəyə təqdim etmək
üçün
Yeni Azərbaycan.-
2019.- 23 iyun.- S.7