Ulu Öndər Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və
inkişaf dövrü kimi tarixə düşüb
24 iyun 1993-cü il tarixində Milli Məclisin qərarı
ilə prezident səlahiyyətlərini icra etməyə
başlayan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı
xaos, tənəzzül və məhv olmaq təhlükəsindən
xilas etdi
Bu gün Azərbaycanın
müstəqil dövlət kimi mövcudluğu və
inkişafı liderlik amili ilə birbaşa
bağlıdır. Ölkəmizin inkişafında, gələcəyə
əmin addımlarla irəliləməsində lider fenomeni
müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan
dövlətinin tarixin səhnəsində özünəməxsus
yer tutmasını, gerçək müstəqilliyini əldə
edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət,
əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev
olmuşdur. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin həm SSRİ dönəmində,
həm də müstəqillik illərində ölkəmizə
rəhbərliyi dövründə xalqın rifah
halının daha da yaxşılaşdırılması,
respublikamızın tərəqqisinin təmin olunması və
digər istiqamətlərdə tarixi əhəmiyyətə
malik olan misilsiz işlər
görülmüşdür.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan
xalqının və dövlətinin xilaskarıdır
Bəllidir ki, 1991-ci ildə yenidən
müstəqillik əldə etdikdən sonra müxtəlif
sosial-iqtisadi, ictimai-siyasi problemlərlə üzləşən,
vətəndaş müharibəsinin astanasında olan Azərbaycan,
hətta öz müstəqilliyini itirmək təhlükəsi
ilə qarşı-qarşıya idi. Ölkə daxilində
müxtəlif silahlı qruplaşmaların hakimiyyət
və səlahiyyət savaşına çıxması həm
siyasi böhrana səbəb olmuş, həm də Azərbaycanı
müxtəlif xarici kəşfiyyat orqanlarının
mübarizə meydanına çevirmişdi. Məhz
bütün bunların nəticəsi kimi, mövcud
ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə
çatmışdı. Bir sözlə, həmin dövrdə
ölkəyə “rəhbərlik” edən qüvvələrin
səriştəsiz və milli maraqlardan uzaq siyasəti Azərbaycanı
uçurumun astanasına yaxınlaşdırmış,
ölkəmizin müstəqilliyinin itirilməsi təhlükəsini
meydana çıxarmışdı.
Beləliklə, 1993-cü ildə
respublikada artıq həyatın bütün sahələrini
böhran bürümüşdü. AXC-“Müsavat”
cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində
ölkədə tam bir xaos və anarxiya yaranmış, daxili
çəkişmələr özünün pik nöqtəsinə
çatmışdı. Artıq əlinə
silah alan hakimiyyəti ələ keçirməyə
çalışırdı və separatist meyillər kəskin
xarakter almışdı. Belə bir gərgin və
böhranlı vəziyyətdə xalq ümidini dahi siyasətçi,
böyük dövlət xadimi Heydər Əliyevə
bağlamış, 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan
ziyalısı Ona müraciət edərək
Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif
etmişdi. İyun hadisələri zamanı, hətta
ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət
etməyə məcbur olmuş, xalqın təkidli tələbi
və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Heydər Əliyev Bakıya
qayıtmışdı. Beləliklə, iyunun 9-da Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli
tələbi ilə Bakıya qayıtdı, ölkənin
xaos, vətəndaş qarşıdurması, dövlət
müstəqilliyinin itirilməsi təhlükəsindən
xilas edilməsi tarixi missiyasını həyata
keçirməyə başladı. İyunun 15-də Ulu
Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali
Sovetinin Sədri seçildi, həmin gün Azərbaycan
xalqının tarixinə Milli Qurtuluş Günü kimi
düşdü. Heç şübhəsiz, Qurtuluş
xalqımızın Ümummilli Lider Heydər Əliyevin tarixi
missiyasına verdiyi düzgün, ədalətli, obyektiv
qiyməti əks etdirir. 24 iyun 1993-cü il tarixində isə
Milli Məclisin qərarı ilə Ali Sovetin Sədri Heydər
Əliyev prezident səlahiyyətlərini icra etməyə
başladı.
Ümumiyyətlə,
böyük dövlət xadimi Heydər Əliyev Azərbaycanı
vətəndaş müharibəsindən -
qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən
xilas edərək dirçəliş yoluna
çıxardı və Azərbaycanı parçalamaq,
forposta çevirmək, korporativ maraqlar əsasında idarə
etmək istəyənlər öz niyyətlərinə
çata bilmədilər. Asayiş və
qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların
əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası,
nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ müharibəsində atəşkəs
əldə edildi, münaqişənin dinc yolla nizama
salınmasına dair danışıqlara başlandı.
Qanunsuz silahlı qruplaşmaların dövlət
çevrilişləri cəhdlərinə son verilməsi, ilk
parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə
Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin
formalaşdırılması, neft müqavilələrinin
imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin
əsasının qoyulması, respublikamızın beynəlxalq
əlaqələrinin formalaşdırılması, ölkənin
dünya birliyinə inteqrasiyası prosesinə
başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini
təmin etdi.
1993-cü il oktyabr ayının
3-də keçirilən prezident seçkilərinin nəticələrinə
müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan
Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən uğurlu daxili və xarici
siyasət sayəsində Azərbaycan güclü -
qüdrətli və nüfuzlu dövlətə çevrildi.
Vurğuladığımız kimi, müstəqil
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul
edilməsi, qarışıq seçki sistemi əsasında
parlament seçkilərinin keçirilməsi, dövlətin
hüquqi əsaslarının gücləndirilməsi,
başqa sözlə, müasir dövlətçilik sisteminin
bərqərar edilməsi üçün möhkəm
hüquqi baza yaradıldı. Kütləvi informasiya vasitələri
üzərində senzura aradan qaldırıldı, insan və
vətəndaş hüquq və azadlıqları yüksək
səviyyədə təmin edildi. Bunlar isə
öz növbəsində siyasi sosiallaşmaya və siyasi mədəniyyətin
inkişafına, ümumilikdə, sosial-siyasi institutların səmərəli
fəaliyyətinə yol açdı. Bir sözlə, Ulu
Öndər Heydər Əliyevin rəhbərliyi ilə
hazırlanan milli inkişaf strategiyasının fonunda həyata
keçirilən sistematik işlər və
görülən məqsədyönlü tədbirlər
siyasi sistemin təşəkkül tapmasını, onun struktur
elementlərinin mütəmadi təkmilləşməsini təmin
etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın hərtərəfli
inkişafına həsr edən Ulu Öndər, eyni zamanda,
dövlətin hüquqi bazasının möhkəmləndirilməsi
istiqamətində növbəti addımlarını atdı.
Məhkəmə islahatlarının həyata keçirilməsi,
Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının
və digər mühüm institutların yaradılması,
ölüm hökmünün ləğv
edilməsi kimi islahat xarakterli addımlar ölkədə
demokratikləşmə prosesinin irəliyə
aparılmasında mühüm rol oynadı. Milli
ideologiyanın yaradılması da Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
dövlət quruculuğu siyasətinin mühüm tərkib
hissəsindən biridir. Məlum olduğu
kimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası təkcə bu dövlətin ərazisində
yaşayan şəxsləri yox, eyni zamanda, bütün
dünyada məskunlaşan azərbaycanlıları əhatə
edən, dünya azərbaycanlılarını vahid mərkəzdə
birləşdirən milli məfkurəyə çevrildi. Bu
illər ərzində Ulu Öndər Heydər Əliyev məhv
olmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycanı,
sözün əsl mənasında, azad və müstəqil
inkişaf edən ölkəyə çevirdi.
Bunlarla yanaşı, Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu praqmatik xarici siyasət
kursu nəticəsində ölkəmiz beynəlxalq arenada
müstəqil dövlət kimi tanındı, ikitərəfli
və çoxtərəfli səmərəli xarici əlaqələr
quruldu. O da qeyd edilməlidir ki, 1994-cü ildə
“Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana
böyük həcmdə xarici sərmayə qoyuluşuna
başlandı. Bütün sahələrdə olduğu kimi,
iqtisadiyyatda da institusional islahatlar həyata keçirildi, azad
bazar iqtisadiyyatının formalaşdırılması məqsədilə
hüquqi baza yaradıldı, xalqın həyat səviyyəsi
yüksəldi. Daha sonra Azərbaycan neftinin dünya
bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət
kəsb edən tədbirlər görüldü və
mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi.
Digər tərəfdən, Ümummilli Lider Heydər
Əliyevin gərgin əməyi və ardıcıl səyləri
nəticəsində Dağlıq Qarabağ münaqişəsinin
həllinə yönəlik məqsədyönlü, sistemli və
davamlı addımlar atıldı, məsələnin mahiyyəti
dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər
Əliyev bir çox dünya dövlətləri ilə bu
mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə,
o cümlədən sammitlərdə Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi və Ermənistanın
işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin
və bəyanatların qəbul olunmasına nail oldu.
Bütövlükdə, Ümummilli Lider Heydər
Əliyev Azərbaycanı, sözün əsl mənasında,
müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi
daimi və dönməz etdi. Başqa sözlə, Ulu Öndər
Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik
etdiyi 1993-2003-cü illər ölkəmizdə sabitlik və
inkişaf dövrü kimi tarixə düşüb.
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir
Bu gün sabitlik adası kimi
tanınan və yüksək beynəlxalq nüfuza malik olan Azərbaycan
dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir.
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi nəticəsində Azərbaycan
ötən müddət ərzində möhtəşəm
nailiyyətlər qazanıb, ölkəmizin
qarşısında yeni perspektivlər açılıb. Son
16 il ərzində ölkəmizin valyuta ehtiyatları
artıb, müxtəlif sahələri əhatə edən
layihələr uğurla reallaşdırılıb,
çoxşaxəli islahatlar aparılıb, milli
iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi
olduqca artıb. Bu gün Azərbaycanın
inkişaf modeli mütərəqqi nümunə kimi səciyyələndirilir.
Əldə edilən möhtəşəm nailiyyətlər
Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin,
bütövlükdə milli gücünün artmasını
təmin edib.
Eyni zamanda, Azərbaycan müasir
beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş
kimi tanınır və dünyada böyük etimad
qazanıb, strateji tərəfdaşlıq əlaqələri
güclənir, dostlarının və tərəfdaşlarının
sayı artır. Regional güc mərkəzi
olan ölkəmizin təşəbbüsü və liderliyi
ilə gerçəkləşdirilən geostrateji layihələr
regional, beynəlxalq əməkdaşlığa və təhlükəsizliyə
fundamental töhfələr verir. Ümumiyyətlə, Azərbaycan
nəinki yerləşdiyi regionda, həm də
bütövlükdə Avrasiya geosiyasi məkanında
işbirliyinə, təhlükəsizliyə xidmət edən
strateji əhəmiyyətli layihələrin
reallaşdırılmasında aparıcı rola malikdir. Təsadüfi
deyil ki, açıq dənizə çıxışı
olmayan Azərbaycan Avrasiyada nəqliyyat mərkəzinə
çevrilib. Bunun qanunauyğun nəticəsidir ki, Azərbaycan
hazırda regionda sülhün və təhlükəsizliyin təmin
olunması üçün dayaq nöqtəsi, ən
perspektivli tərəfdaş hesab edilir. Bu gün Azərbaycan
sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli
şəkildə istifadə etməklə, beynəlxalq
miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayan aparıcı dövlətlərdəndir.
Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə
gerçəkləşdirilə bilməz. Hazırda
Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə
milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin
uzunmüddətli perspektiv üçün əməkdaşlıq
münasibətlərini inkişaf etdirməyə can
atdığı tərəfdaş ölkələrdəndir.
Bütövlükdə, Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir,
Azərbaycan möhtəşəm nailiyyətlər əldə
edərək yeni zirvələr fəth edir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 22 iyun.- S.3