Dövlət İdarəçilik
Akademiyasında elmi-praktik konfrans: “Dövlət qulluğunun
aktual problemləri”
İyunun 21-də Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında “Dövlət qulluğunun aktual problemləri”
mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət
Qulluqçularının Peşə Bayramı Gününə
həsr edilən konfrans Dövlət İdarəçilik
Akademiyası və Dövlət İmtahan Mərkəzinin
(DİM) birgə təşkilatçılığı ilə
reallaşıb. Konfrans “Dövlət qulluqçularının
peşə bayramı gününün təsis edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına
uyğun olaraq, Prezident Administrasiyası rəhbərinin
“Dövlət qulluqçularının peşə bayramı
gününün qeyd edilməsi ilə bağlı tədbirlər
planı”nın təsdiq edilməsi haqqında Sərəncamı
əsasında keçirilib.
Konfransı giriş sözü ilə
açan Dövlət İdarəçilik
Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Azərbaycanın
qısa müddətdə inklüziv və davamlı
inkişaf siyasətini reallaşdırmağa müvəffəq
olduğunu bildirib. Vurğulayıb ki,
bütün bu nailiyyətlər Ulu Öndər Heydər
Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham
Əliyev tərəfindən həyata keçirilən dərin
düşünülmüş strategiya və tətbiq olunan
orijinal innovativ idarəetmə texnologiyaları əsasında
qazanılıb. Ölkənin qazandığı
uğurların əsasında insan potensialının
formalaşması, idarəedilməsinə elmi yanaşma əsas
yer tutur.
Prezidentin vətəndaşlara münasibəti
bütün məmurlar üçün örnəkdir
Elmi-praktik konfransda Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə
və vətəndaşların müraciətləri ilə
iş şöbəsinin müdiri, Dövlət Qulluğunu
İdarəetmə Şurasının üzvü Süleyman
İsmayılov çıxış edərək deyib ki,
Prezident İlham Əliyevin “Dövlət
qulluqçularının peşə
bayramı gününün təsis edilməsi haqqında”
2006-cı il 25 may tarixli Sərəncamı ölkədə
demokratik, hüquqi, dünyəvi dövlət qurulması
prosesində dövlət qulluğunun rolunu artırmaq məqsədilə
atılan mühüm addımlardan biridir. Azərbaycan
Respublikası praqmatik, gələcəyin hədəflərini
çox düzgün seçməyi bacaran, özünü
uzaqgörən siyasətçi kimi təsdiq edən Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirdiyi islahatlarla çoxlarını heyrətə
salıb. Azərbaycanın müstəqillik
illərində əldə etdiyi nailiyyətlərin əsas səbəbini
Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiləşməsinə
yönəldilmiş siyasətinin onun layiqli varisi İlham
Əliyev tərəfindən böyük qətiyyətlə
davam etdirilməsində, bu siyasətin mütəmadi olaraq
müasir dövrün çağırışlarına
uyğun surətdə yeni ideyalar və konsepsiyalarla zənginləşdirilməsində
axtarmaq lazımdır. Məhz bu siyasət nəticəsində
son illərdə ölkənin iqtisadi potensialı və
müdafiə qüdrəti dəfələrlə artıb.
Dövlət Qulluğunu İdarəetmə
Şurasının üzvü Süleyman İsmayılov
vurğulayıb ki, iqtisadi nailiyyətlərimiz ölkəmizin
müdafiə qüdrətini getdikcə artıracaq və
Qarabağa böyük qayıdışın sürətli
davamı təmin ediləcək, bütün bunların nəticəsində
Azərbaycan dövlətinin nüfuzu daha da möhkəmlənəcək.
Prezident Administrasiyasının şöbə
müdiri dövlət qulluğuna kadr hazırlanmasında
Dövlət İdarəçilik Akademiyasının fəaliyyətini
xüsusi qeyd edərək deyib: “Dövlət İdarəçilik
Akademiyası respublikamızın ən nüfuzlu ali məktəblərindən
biridir. Öz spesifik tədris proqramı, metodikası ilə
başqa ali məktəblərdən seçilir. Burada təhsilini başa vuran hər bir şəxs
dövlət qulluqçusu kimi müstəqil Azərbaycan
dövlətinin idarəetmə sistemində
çalışır, onun inkişafında yaxından
iştirak edir və gələcəkdə də yaxından
iştirak edəcək”.
Süleyman İsmayılov Dövlət
Qulluğunu İdarəetmə Şuranın üzvü kimi
son illərdə dövlət qulluğunun təkmilləşdirilməsi
ilə bağlı fikirlərini də bölüşüb.
Diqqətə çatdırıb ki, Ulu Öndər Heydər
Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə
dövlət qulluğu sahəsində yeni dövr
başlanıb. Son 26 ildə yüzlərlə qanun, fərman,
sərəncam imzalanıb, qərarlar qəbul olunub. “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanunun 2000-ci il iyulun 21-də qəbul
olunduğunu xatırladan Süleyman İsmayılov həmin
vaxtdan bəri bu qanundan irəli gələn çoxlu sayda
normativ-hüquqi aktlar imzalandığını, eyni zamanda, bu
qanuna çoxlu sayda əlavələr və dəyişikliklər
olduğunu, son nəticədə mükəmməl bir sənədin
ortaya çıxdığını bildirib. Diqqətə
çatdırıb ki, sözügedən qanun qəbul
olunandan bugünə qədər ona 180-dən çox əlavə
və dəyişiklik edilib. Bütün bunlar qanunun təkmilləşməsinə
yönəlib.
Süleyman İsmayılov vurğulayıb ki,
dövlət quruculuğu məsələləri Prezident
İlham Əliyevin daim diqqət mərkəzindədir. Son 5-6
il ərzində dövlət quruculuğu məsələləri
ilə bağlı 450-dən çox fərman, sərəncam,
qanun imzalanıb. Prezident İlham Əliyev dövlət
qulluqçuları qarşısında ciddi tələblər
qoyub. Prezidentin vətəndaşlara, onların müraciətlərinə
olan münasibəti bütün məmurlar üçün
örnəkdir.
Ölkənin idarə olunmasında və
inkişafında dövlət qulluqçularının rolu
böyükdür
Süleyman İsmayılov onu da
diqqətə çatdırıb ki, dövlət qulluğu
heç də müəyyən səlahiyyətlər əldə
etmək kimi başa düşülməməlidir. Əksinə,
dövlət qulluqçularının çiyinlərinə
böyük bir yük düşür. Ölkənin idarə
olunmasında, onun inkişafının daha da sürətlənməsində
dövlət qulluqçularının böyük rolu var.
Dövlət qulluğunda
çalışanlarla bağlı statistik göstəriciləri
diqqətə çatdıran şöbə müdiri
Süleyman İsmayılov deyib ki, 2019-cu il yanvar ayının
1-nə olan məlumata görə dövlət
qulluqçularının sayı 29 min 127 nəfərdir.
Aparılan son struktur islahatları nəticəsində
onların sayı 0,7 faiz azalıb. Dövlət
qulluqçularının 28,5 faizini qadınlar təşkil
edir. Dövlət qulluqçularının orta yaş həddi
43 ildir. Bu rəqəm gənclərə zəngin
təcrübə məktəbindən bəhrələnmək
imkanı yaradır. 35-44 yaş arasında olan dövlət
qulluqçularının sayı 26,3 faiz, 63-64 yaş
arasında olan dövlət qulluqçularının sayı
isə 2,9 faizdir. Bütövlükdə dövlət
orqanlarında çalışan dövlət
qulluqçularının sayı ölkənin məşğul
əhalisinin çox cüzi bir hissəsidir - 0,6 faiz. Ona
görə də dövlət qulluğunda
çalışan hər bir şəxs hazırlıqlı
olmalı və öhdəsinə düşən vəzifəni
yüksək keyfiyyətlə icra etməlidir.
Prezident Administrasiyasının
şöbə müdiri son vaxtlar ölkədə həyata
keçirilən sosial islahatların əhəmiyyətini qeyd
edərək, dövlətimizin başçısı
İlham Əliyev tərəfindən iyunun 18-də təqdim
olunmuş sosial paketdə dövlət
qulluqçularının maaşlarının
artırıldığını vurğulayıb,
bütün bunların müvafiq sahələrdə
çalışanların daha yaxşı işləməsinə
stimul yaratdığını deyib.
Sonra Dövlət İmtahan Mərkəzi
Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov
dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən islahatların
uğurlu nəticələrindən bəhs edib. Bildirib ki,
dövlət qulluqçularının seçimi sisteminin
formalaşdırılmasında sivil, demokratik və vətəndaş
cəmiyyətinin tələblərinə cavab verən
prinsiplər həlledici vasitədir. Bu sahədə
Dövlət İmtahan Mərkəzinin üzərinə
düşən əsas vəzifələrdən biri də
dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədilə
dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş
qaydada, müsabiqə və səmərəli əsaslarla
aparmaqdan ibarətdir.
Azərbaycanda
çevik dövlət qulluğu sistemi formalaşıb
Elmi-praktik
konfransda DİA-nın rektoru, akademik Urxan Ələkbərov
“Dövlət idarəçiliyində yeni texnologiyalar: Azərbaycan
Respublikasının innovativ təcrübəsi beynəlxalq təşkilatların
sənədlərində” mövzusunda məruzə ilə
çıxış edib.
Azərbaycanda çevik dövlət qulluğu sisteminin
formalaşdığını qeyd edən rektor ölkədə
dövlət quruculuğu, dövlət idarəetmə
sisteminin formalaşması və dövlət qulluğunun
inkişafı proseslərində Ümummilli Lider Heydər
Əliyevin misilsiz xidmətlərini diqqətə
çatdırıb. Dövlət idarəçiliyi
üçün milli kadr potensialının
formalaşdırılmasının müasir dövlət
quruculuğu prosesinin tərkib hissəsi olduğunu bildirən
Urxan Ələkbərov dövlət qulluğu sisteminin təkmilləşdirilməsi
və inkişafı, bu sahədə hüquqi bazanın tənzimlənməsi
məsələlərini Prezident İlham Əliyevin daim diqqət
mərkəzində saxladığını vurğulayıb.
Eyni zamanda, o, dövlət qulluğu
üçün kadr potensialının gücləndirilməsinin
ölkədə inklüziv inkişafın
planlaşdırılması və idarə edilməsi proseslərini
daha da sürətləndirəcəyini bildirib.
Məruzədə beynəlxalq təşkilatların
2018-2019-cu illərdə dərc edilən rəsmi statistik məlumatları
təhlil olunub. Həmçinin Dünya İqtisadi
Forumunun təsisçisi və fəxri prezidenti Klaus
Şvabın hazırladığı qlobal hesabat nəzərdən
keçirilib. Qeyd olunub ki, həmin hesabatda
Azərbaycan dünyanın ən səmərəli sosial siyasət
həyata keçirən ölkəsi kimi xarakterizə edilib.
Azərbaycan bu göstərici üzrə
ABŞ, Almaniya, Danimarka, Kanada, Fransa, Yaponiya kimi inkişaf
etmiş ölkələri geridə qoyub.
Diqqətə
çatdırılıb ki, Ümummilli Lider Heydər
Əliyev tərəfindən əsası qoyulan və Prezident
İlham Əliyevin uğurla inkişaf etdirdiyi innovativ idarəetmə
texnologiyalarının nəzəri əsaslarının
işlənilməsi, onların təcrübədə tətbiqi
nəticəsində bir sıra iqtisadi və sosial
göstəricilərinə görə müasir Azərbaycan
Respublikası hazırda yüzillik tarixi olan və dünya
liderləri sayılan ölkələrlə rəqabət
aparmaq vəziyyətindədir.
Konfrans iştirakçıları Azərbaycanda
tətbiq edilən və dünya miqyasında ilk dəfə
işlənilmiş sinergetik, komplimentar və kompensasion
texnologiyaların mahiyyəti barədə məlumatlandırılıb.
Həmin texnologiyaların işlənilməsi və həyata
keçirilməsi prosesində Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və
onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xüsusi
rolu olduğu diqqətə çatdırılıb. Bildirilib ki, məhz dövlətimizin
başçısının tətbiq etdiyi idarəçilik
texnologiyaları sayəsində Davos İqtisadi Forumunun 2018-ci
ilin yanvarında dərc olunan hesabatında inklüziv
inkişaf indeksinə görə Azərbaycan dünyada
üçüncü yerdə qərarlaşaraq iqtisadi
imkanları daha yüksək olan ölkələrin
çoxunu geridə qoyub. Bu və digər təqdirəlayiq
nəticələr ölkənin səmərəli idarə
olunmasından və iqtisadi imkanlardan maksimum istifadə edilməsindən
xəbər verir.
Sonra DİA-nın rəhbər
dövlət idarəçiliyi kadrlarının
ixtisasının artırılması institutunun direktoru,
professor Gülnarə Qurbanova “Dövlət
qulluqçularının təhsilində davamlı
inklüziv inkişaf naminə innovativ metodlar”, Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzinin
Dövlət qulluğu məsələləri
şöbəsinin müdiri Vüqar Əsgərov “Azərbaycanda
dövlət qulluğuna qəbul: cari vəziyyət, hədəflər
və çağırışlar”, Mərkəzin
İctimaiyyətlə əlaqələr və
kargüzarlıq şöbəsinin mətbuatla iş və
elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə
“Dövlət qulluğu ilə bağlı elektron xidmətlər”
mövzularında məruzələrlə
çıxış ediblər. Məruzələrdə
dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilən islahatlar nəticəsində
əldə olunan uğurlardan bəhs edilib.
Daha sonra DİA-da rəhbər dövlət
idarəçiliyi sahəsində ixtisaslaşaraq məzun olan
dövlət qulluqçularına magistr dərəcəli
diplomlar təqdim edilib.
Konfransda Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının, Nazirlər
Kabinetinin, Milli Məclisin, Konstitusiya Məhkəməsinin,
müxtəlif nazirliklərin, Heydər Əliyev Mərkəzinin,
Ombudsman Aparatının, Mərkəzi Seçki
Komissiyasının, Baş Prokurorluğun, dövlət komitələri
və xidmətlərinin, Bakı şəhəri, Naxçıvan
Muxtar Respublikası və rayon icra hakimiyyətlərinin
nümayəndələri iştirak ediblər.
Yeni azərbaycan.-
2019.-22 iyun.- S.6