Xalqımızın mədəni irsinin dünyaya tanıdılması
istiqamətində daha
bir önəmli addım
“Xalq Əmanəti”
layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehin yaradıcılıq irsinə
həsr olunub
Yarandığı vaxtdan bank-maliyyə sektorunda uğurlu fəaliyyətlə yanaşı,
xalqımızın mədəni
irsinin, dəyərlərimizin
dünyaya tanıdılması
məqsədilə də
önəmli addımlar
atan Xalq Bank bu istiqamətdə
işlərini davam etdirir. Belə ki, bankın bu məqsədlə reallaşdırdığı “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi, mütəfəkkiri,
maarifçi-pedaqoqu Mirzə
Şəfi Vazehin yaradıcılıq irsinə
həsr olunub. Sözügedən nəşrlə
bağlı məlumata
keçməzdən öncə
qeyd edək ki, “Xalq Əmanəti”
layihəsi Xalq Bank tərəfindən
2010-cu ildən etibarən
həyata keçirilir.
Xalqımızın mədəni irsinin
qorunub gələcək
nəsillərə ötürülməsi,
mənəvi dəyərlərimizin
dünyaya tanıdılması
məqsədi ilə həyata keçirilən
layihə çərçivəsində
nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində
işıq üzü
görür. Nəşrlər ölkənin ali
və orta təhsil müəssisələrinə,
uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə,
xarici ölkələrin
Azərbaycanda və Azərbaycanın xaricdə
fəaliyyət göstərən
səfirlik və konsulluqlarına, dünyanın
böyük muzeylərinə, kitabxanalarına, eləcə
də sənətsevərlərə
hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa
Mirzəzadə, Maral Rəhmanzadə, Səttar
Bəhlulzadə, Xalidə
Səfərova, Mikayıl
Abdullayev, eləcə
də Mahmud Tağıyev, Vəcihə
Səmədova, Kamal Əhməd, Ələkbər
Rzaquliyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş
Samir Kaçayevin əsərlərindən ibarət
sərgilər təşkil
olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd
Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş
əsərləri, görkəmli
alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri”
kitabı və üçcildlik “Aşıq
ədəbiyyatı antologiyası”
işıq üzü
görüb.
İyun ayının
21-də isə Xalq Bankın Baş ofisində “Xalq Əmanəti” layihəsinin
on səkkizinci nəşrinin təqdimatı
keçirilib. Təqdimat mərasimində
çıxış edən
Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, millət
vəkili, akademik İsa Həbibbəyli “Xalq Əmanəti” layihəsinin Mirzə Şəfi Vazehin yaradıcı irsinə müraciət etməsini mədəniyyətimizə böyük
hədiyyə olaraq qiymətləndirib və bu kitabın şairin yaradıcılığını tədqiq
etmək üçün
fundamental vəsait olduğunu xüsusi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Xalq Əmanəti” layihəsinin
növbəti nəşrini
təqdirəlayiq və
vaxtında atılmış
addım olaraq dəyərləndirib və
kitabın Mirzə Şəfi Vazehlə bağlı bir çox mətləblərə işıq saldığını söyləyib.
Öz növbəsində “Xalq Əmanəti” layihəsini və layihə çərçivəsində
görülən işləri
yüksək qiymətləndirən
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, Milli Məclisin Mədəniyyət komitəsinin
sədri, akademik Rafael Hüseynov işıq üzü görən nəşrlərin hər
birini xəzinə adlandırıb.
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov isə Mirzə Şəfi Vazehin əsərləri bütün
xarici dillərə çevrilmiş ilk Azərbaycan şairi olduğunu bildirib və böyük rus yazıçısı
Lev Tolstoyun öz məktublarında Vazehin əsərlərinə
yüksək qiymət
verdiyini söyləyib.
Tədbirə dəvət olunmuş
xarici qonaqlar, kitab üzərində uzun müddət çalışmış Almaniyadan
professor Orxan Aras və rus
şairi Mixail Sinelnikov, həmçinin nəşrin tərtibçisi
Səlim Babullaoğlu
Vazehin yaradıcılığından
və kitabın Azərbaycan ədəbiyyatı
tarixi nöqteyi-nəzərdən
əhəmiyyətindən söz açıblar.
Qeyd olunub
ki, “Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə
Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi 1794-cü ildə
Gəncədə doğulub.
Erkən yaşlarında
mədrəsədə dinin
əsaslarını öyrənmiş
Mirzə Şəfi təhsilini başa vurduqdan sonra Azərbaycan və Şərq ədəbiyyatı,
sufilik fəlsəfəsi
ilə dərindən
maraqlanıb. Gənc şair öz əsərlərində insan
ruhunun əzəmətini,
sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edib. Vazehin qələmindən
çıxan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri,
rübailəri, kəskin
satira və yumorla dolu aforizmləri
dövrü üçün
çox cəsarətli
nümunələr idi.
Lakin şairin yaradıcılığı, onun
tədris və maarifçilik sahəsində
səyləri din xadimlərinin ürəyincə
deyildi. Böyük təzyiqlər altında Mirzə Şəfi
1840-cı ildə doğma
şəhərini tərk
edərək o vaxt Qafqazın mütərəqqi
mədəniyyət, elm
və təhsil mərkəzi sayılan Tiflisə köçməyə
məcbur olur. Mirzə Şəfi Tiflis məktəbində mükəmməl
bildiyi “nəstəliq”
xətti ilə yazıdan, sonra isə Şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Şair öz evində “Divani-Hikmət” ədəbi
məclisi yaratmışdı.
Dövrünün tanınmış
şair, yazıçı
və filosofları, o
cümlədən Vazehin
şagirdi və davamçısı
Mirzə Fətəli
Axundzadə axşamlar
tez-tez bu məclisdə toplaşardılar.
Eyni zamanda, Mirzə Şəfi Azərbaycan poeziyasının
ilk müntəxəbatını
yazır və Tiflis gimnaziyası üçün “Tatar-rus lüğəti”ni tərtib
edir (İ.Qriqoryevlə
birgə).
Mirzə Şəfi
Vazehin ədəbi məclisinin dinləyicilərindən
biri Qafqazın tədqiqatçısı, alman
tərcüməçi, ondan
bir neçə il ərzində Şərq dilləri dərsi alan Fridrix Martin fon Bodenştedt olub. Bodenştedtin sözlərinə görə,
vətəninə dönərkən
Vazeh ona öz əlyazmalarını
verir, o isə müəlliminə əlyazmaları
tərcümə edib
nəşr edəcəyini
və bir nüsxəsini müəllifə
göndərəcəyini vəd
edir. Bodenştedt
1850-ci ildə “Şərqdə
min bir gün”
kitabını nəşr
edir və həmin kitabda azərbaycanlı müəllimi,
şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır. Kitab böyük uğur
qazanır və 1 il sonra həmin
kitabın məzmunu genişləndirilərək “Mirzə
Şəfinin nəğmələri”
adı ilə ayrıca şeir toplusu kimi çap
edilir. 23 il keçəndən sonra Bodenştedt “Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr
etdirir ki, bu kitabda o artıq şeirlərin əvvəlki kitablarda söylədiyi kimi, Mirzə Şəfiyə deyil, ona məxsus
olduğunu iddia edir. Vazehin “nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı
40 il ərzində 145
dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə
çevrilmiş, dünya
şöhrəti qazanmışdı.
O dövrün reallığı
nəzərə alınarsa,
Mirzə Şəfinin
Avropadakı şöhrətinin
miqyasını təsəvvür etmək
çox çətindir.
Dövrünün böyük musiqiçisi,
rus pianoçusu və bəstəkarı Anton Rubinşteyn Mirzə Şəfidən
seçdiyi 12 şeir
əsasında silsilə
romanslar bəstələmişdi
ki, bu əsərləri
1855-ci ildə böyük
Avstriya-macar bəstəkarı
Ferens List bəyənmiş və nəşrinə kömək
göstərmişdir. “İran motivləri”
adı ilə populyarlıq qazanan romansları sonradan digər böyük rus bəstəkarı Pyotr Çaykovski alman dilindən rus dilinə tərcümə etmiş,
dünya opera sənətinin əfsanələrindən
biri Fyodor Şalyapin isə onları uzun illər uğurla ifa etmişdir. 1887-ci ilin noyabr ayında isə Berlinin küçələrini
Fridrix Vilhelm teatrında Emil Polun librettosu və bəstəkar Karl Milyokerin “Mirzə Şəfinin şərqiləri” operettasının
afişaları bəzəyirdi.
Mirzə Şəfi
Vazehin “Bütün əsərləri” “Xalq Əmanəti” kollektivinin təcrübəsində ən
mürəkkəb işlərdən
biri olub. Beş ildən çox müddət ərzində
üzərində müxtəlif
ölkələrin çoxsaylı
mütəxəssislərinin çalışdığı, zərrə-zərrə toplanaraq
üç dilə tərcümə edilən
külliyyatın gəncəli
müdriki və onun yaradıcılığını
xalqımıza yenidən
qaytaracağı şübhəsizdir.
Azərbaycan, rus və alman dillərində
işıq üzü
görən kitabda böyük şairin bütün əsərləri
yer alıb.
Əlamətdardır ki, kitabın nəşri şairin anadan olmasının 225-ci
ildönümünə təsadüf
edir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2019.- 25 iyun.- S.11