Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır

 

Bu ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib

Məlum olduğu kimi, son illərdə Azərbaycanda, xüsusilə də ölkənin regionlarında iqtisadi fəallığın təmin olunmasında özəl bölmənin rolu getdikcə artır. Bu da səbəbsiz deyil. Belə ki, dövlət tərəfindən respublikamızda sahibkarlığın inkişafına davamlı olaraq dəstək göstərilir. Vurğulamaq lazımdır ki, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür.

Onu da qeyd edək ki, son 16 ildə Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sayı isə 5,1 dəfə artıb. Bu il yanvarın 29-da keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, son 15 il ərzində biznes mühitinin yaxşılaşdırılması ilə bağlı böyük addımlar atılıb. Dövlət başçısı qeyd edib ki, sahibkarlığın inkişafına böyük dəstək verilib: “Təkcə güzəştli şərtlərlə sahibkarlara verilən kreditlərin məbləği 2 milyard manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət büdcəsindən bu məbləğin cəmi bir milyard manatı ayrılmışdır. Qalan bir milyard manatdan çox vəsait verilmiş və qaytarılmış kreditlər hesabına yenidən kredit şəklində verilib. Beləliklə, biz kifayət qədər böyük maliyyə resursu yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət büdcəsinin yükünü azaldaq və gələcəkdə güzəştli şərtlərlə sahibkarlara maliyyə dəstəyi göstərək”.

Onu da qeyd etmək yerinə düşər ki, yuxarıda bəhs olunan konfransda sahibkarlığın inkişafının davamlı dəstəklənməsi məsələsinə də toxunulub. Belə ki, dövlət başçısı sahibkarlıqla bağlı siyasətin davam etdiriləcəyini bildirib: “Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik. Gözləyirik ki, onlar bundan sonra da ölkə iqtisadiyyatına öz töhfələrini verəcəklər”.

Vurğulanmalıdır ki, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, respublikamızda özəl bölmənin inkişafının dəstəklənməsi, o cümlədən də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi davamlı səciyyə daşıyır. 2018-ci ildə ölkə üzrə sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. 2019-cu ildə də sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı 160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.

Hazırda da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində fəaliyyətini davam etdirir. İyunun 20-də bu istiqamətdə növbəti tədbir Göygöl rayonunda keçirilib. Forumda Göygöl rayonunun iqtisadi potensialına uyğun olaraq kənd turizmi layihələrinin maliyyələşdirilməsi, cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar təqdim olunub.

İşgüzar forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1800-dək iş yerinin yaradılmasına imkan verir.

Forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 781 min manat güzəştli kredit verilib. Verilən güzəştli kreditlər heyvandarlıq, bağçılıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə, forumda verilən kreditlər də daxil olmaqla indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 275,6 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Gəncədə güzəştli kredit ayrılan tikinti materialları istehsalı müəssisəsinə də baxış keçirilib.

Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair Şamaxı rayonunda da növbəti işgüzar forum keçirib. Forumda Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayon üçün prioritet hesab olunan sahələr kənd turizminin inkişafı, tingçilik müəssisələrinin, eləcə də üzümçülük, kartofçuluq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Tədbir çərçivəsində sahibkarların güzəştli kreditlərin alınması mexanizmi barədə sualları cavablandırılıb, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, üzümçülük, ayaqqabı istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Onu da qeyd edək ki, ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bu istiqamətdə uğurla fəaliyyət göstərir. Agentlik xarici sərmayələrin cəlb olunması yönündə də müəyyən nəticələr əldə edir. Belə ki, Birləşmiş Ərəb Əmirliklərinin “Omni World Holdings Limited” şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. “Omni World Holdings Limited” tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə yatırılacaq ilkin investisiyanın həcmi 10 milyon ABŞ dolları olacaq. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Omni World Holdings Limited”in nümayəndələri arasında görüş keçirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Görüş çərçivəsində KOBİA və “Omni World Holdings Limited” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Omni World Holdings Limited”in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, “Omni World Holdings Limited” ölkəmizdə turizm, kənd təsərrüfatı, İKT, səhiyyə sahələri də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sektorlarında potensial kiçik və orta biznes layihələrinin reallaşdırılmasına investisiya yatıracaq.

Anlaşma Memorandumuna əsasən, KOBİA və “Omni World Holdings Limited” KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, seminar, sərgi və digər təşviq tədbirlərinin təşkili və s. istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, KOBİA sahibkarlar üçün müxtəlif xarakterli maarifləndirici tədbirlər də keçirir. Belə ki, iyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri keçirilib. Sahibkarların kommunal xidmətlərə qoşulması və bu sahədə həyata keçirilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 700-dən çox sahibkar yararlanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilmiş tədbir zamanı “Azərişıq”, “Azərsu”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin və “ASAN xidmət”in nümayəndələri kommunal xidmətlərə qoşulma, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə sahibkarlara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq təqdim imkanı da yaradılıb. Yazılı müraciətlərin bir hissəsi ekspertlər tərəfindən tədbir zamanı cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə sahibkarlara tədbirdən sonra müvafiq məlumat veriləcəkdir.

 

(davamı növbəti sayımızda)

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.-26 iyun.- S.7