Regionlarda taxıl biçini uğurla davam edir

 

Məhsul biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb

(əvvəli ötən sayımızda)

 

Cari mövsümdə Qəbələ rayonunda 20 min 190 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 15 min 790 hektarını buğda, 4 min 400 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda arpa biçini davam edir. Bu günədək 2 min hektardan çox sahənin arpası biçilib, 7 min tondan artıq məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edir. Hazırda sahələrdə 37 taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.

Qəbələli fermerlər ötənilki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

İsmayıllı rayonunda taxıl biçini kampaniyasına başlanılıb və ilkin olaraq bölgənin cənub ərazilərində, o cümlədən Qubaxəlilli, Gəraybəyli, Zərnava, Kürdmaşı və Kəlbənddəki zəmilərin məhsulu yığılıb. İyunun 20-nə olan məlumata əsasən, 1654 hektar arpa, 193 hektarda isə buğda biçilib. Səpin kampaniyasının vaxtında və keyfiyyətlə aparılması, məhsuldar toxumlardan istifadə olunması və yüksək aqrotexniki qulluq nəticəsində fermerlər, eləcə də fiziki şəxslər bol məhsul yetişdirməyə nail olublar. Elə bunun nəticəsidir ki, arpa zəmilərinin hər hektarında orta məhsuldarlıq 32 sentner, buğda sahələrində isə 36,5 sentnerdir. Hazırda bütün qüvvələr bu strateji məhsulun vaxtında və itkisiz yığılmasına cəlb olunub.

Mütəxəssislər builki mövsümdə rayonda 100 min tondan çox taxıl istehsal olunacağını proqnozlaşdırırlar.

Bərdə rayonunda da taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Rayonda 2500 hektara yaxın buğda, 2600 hektardan çox arpa zəmilərində biçin aparılıb, 20 min 686 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq buğda zəmilərində 43,8 sentner, arpa sahələrində isə 38,2 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.

Qeyd edək ki, cari ilin məhsulu üçün torpaq mülkiyyətçiləri 11 min 573 hektar sahədə taxıl bitkiləri becəriblər. Onun 9005 hektarı buğda, 2568 hektarı dən üçün arpadır.

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçininin mütəşəkkil və optimal müddətdə başa çatması üçün bütün qüvvələr səfərbər edilib. Cari ilin məhsulu üçün rayonda 10 min 908,4 hektar sahədə taxıl becərilib. Onun 7 min 93,9 hektarı buğda, 3 min 814,5 hektarı arpa zəmiləridir. İyunun 20-nə olan məlumata əsasən, 3551 hektar sahədə arpa, 1344 hektar sahədə buğda biçilib, 17 min 312 ton məhsul istehsal edilib. Hər hektardan orta məhsuldarlıq 35,4 sentner, o cümlədən arpa sahələrində 33,7 sentner, buğda sahələrində 39,8 sentnerdir. Hazırda rayonda taxıl biçini sürətlə davam edir.

Cari mövsümdə Zaqatala rayonunda 10 min 990 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 7 min 630 hektarını buğda, 3 min 360 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini davam edir. İndiyədək 1800 hektara yaxın arpa və 170 hektardan artıq buğda sahəsinin məhsulu biçilib, 5 min tondan artıq taxıl istehsal olunub. Arpa sahələrində hər hektardan orta məhsuldarlıq 27, buğda sahələrində isə 28 sentner təşkil edir. Hələlik sahələrdə 25 taxılbiçən kombayn işləyir. Zərurət yaranarsa, biçinə əlavə kombaynlar da cəlb olunacaq.

Ağdam rayonunda taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Rayonun işğal altında olmayan ərazilərində bu il 14 min 443 hektar sahədə payızlıq dənlilər becərilib. Bunun 12 min 228 hektarı buğda, 2 min 215 hektarı arpadır. Həmin sahələrin 6 min 776 hektarında və ya 46,9 faizində itkisiz olaraq biçin aparılıb, 25 min 545 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı orta hesabla 37,7 sentner təşkil edir. Taxıl biçini kampaniyasına 30 kombayn cəlb edilib.

Zərdab rayonunda taxıl biçini davam edir və artıq arpa zəmilərində məhsul yığımı başa çatıb. Cari ildə 18 min 715,5 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 5 min 729,5 hektarı arpa, 12 min 988 hektarı isə buğdadır. Rayonda artıq arpa biçini başa çatıb. Sahələrdən 17 min 533 ton arpa götürülüb. Hər hektardan orta məhsuldarlıq 30,6 sentner olub. Hazırda isə buğda biçini davam edir. Qısa vaxtda 2207 hektarın məhsulu yığılıb, sahələrdən 6674,1 ton buğda götürülüb.

Rayonun əksər ərazilərində, xüsusilə Pərvanlı, Bəyimli, Körpükənd və digər ərazi dairələrində məhsuldarlıq daha yüksəkdir. Mütəxəssislər cari mövsümdə zəmilərdə orta məhsuldarlığın 35 sentnerədək yüksələcəyi qənaətindədirlər.

Qobustan taxılçıları da iyunun ikinci ongünlüyünün daxil olması ilə biçin kampaniyasına start veriblər və bir neçə gündə 1310 hektar sahənin məhsulu yığılıb. Cari mövsümdə 31 min 183 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 22 min 258 hektarı buğda, 8 min 925 hektarı isə arpadır. Hazırda bütün qüvvələr məhsulun tez və itkisiz toplanmasına səfərbər edilib.

İlk günlərdən sahələrə 30 kombayn çıxarılıb və ilkin olaraq arpa biçilir. Hələlik hər hektardan orta məhsuldarlıq 23,8 sentnerdir ki, bu da ötənilki göstəricidən 1,8 sentner çoxdur. Bir sıra ərazilərdə, o cümlədən Dərəkənd, Qobustan şəhər, Sündü, Təklə, Cəyirli və digər ərazi dairələrində məhsuldarlıq 25-30 sentnerdir.

Rayonda cari mövsümdə 70 min ton taxıl istehsal ediləcəyi gözlənilir.

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 68 min 68 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 45 min 962 hektarını buğda, 22 min 106 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini yüksək sürətlə davam etdirilir. İyunun 20-nə olan məlumata görə, 17 min 130 hektar arpa və 9 min 240 hektar buğda sahəsinin məhsulu biçilib, 90,5 min ton taxıl istehsal olunub. Tədarük olunan taxılın 58 min 242 tonu arpa, 32 min 340 tonu buğdadır. Arpa sahələrinin hər hektardan orta hesabla 34 sentner, buğda sahələrindən isə 35 sentner məhsul götürülüb.

Ümumilikdə, biçin kampaniyasına 125 taxılbiçən kombayn, 95 küləşpresləyən aqreqat, 250 şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin 5 yanğınsöndürən və 9 su maşını cəlb olunub.

Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 221 min ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb. Taxıl istehsalı ötən il 2017-ci illə müqayisədə 7 min ton artıb.

Ağcabədi rayonunda da taxıl biçini davam edir. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib. İyunun ikinci ongünlüyünün başlanması ilə start alan biçin kampaniyasının ilk günlərində 5 min hektardan artıq arpa, 3 min 479 hektarda buğda biçilib, 29 min 728 ton məhsul tədarük edilib. Bunun 12 min 228 tonu buğda, 17 min 500 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 34,26 sentner təşkil edir. Qeyd edək ki, cari ilin məhsulu üçün Ağcabədidə 22 min 413 hektarı buğda, 5 min 637 hektarı arpa olmaqla 28 min 50 hektarda taxıl becərilib.

Hacıqabulun taxıl sahələrində də iyunun ikinci ongünlüyündə arpa biçininə başlanılıb. Hazırda zəmilərdə 54 kombayn işləyir. Gün ərzində 250-300 hektar sahənin taxılı biçilir. Qısa müddətdə 8 mindən hektardan artıq sahədən 23 min tona yaxın məhsul yığılıb. Biçin aparılmış arpa sahələrində məhsuldarlıq orta hesabla 28 sentner təşkil edir.

Qeyd edək ki, ötən ilin payızında bu ilin məhsulu üçün rayonda 36 min 933 hektar sahədə taxıl əkilib. Bunun da 11 min 8 hektarını arpa, 25 min 925 hektarını isə buğda sahəsi təşkil edir. Biçin kampaniyasına ciddi hazırlıq işləri görülüb, 54 kombayn, 170-ə yaxın maşın mexanizm baxışdan keçirilərək mülkiyyətçilərin istifadəsinə verilib. Əkin zamanı yüksək reproduksiyalı məhsuldar taxıl sortlarından istifadə olunması və bitkiyə aqrotexniki qaydada qulluq göstərilməsi nəticəsində istehsalçılar sahələrdən yaxşı məhsul götürürlər.

“Kərəmli” kəndli fermer təsərrüfatının rəhbəri Naze Şahverdiyev bu il 600 hektar sahədə taxıl əkib ki, bunun da 300 hektarını arpa, 300 hektarını isə buğda sahəsi təşkil edir. Fermer qısa müddətdə taxıl yığımını başa çatdırıb, sahədən 1106 ton məhsul götürüb. Hər hektarın məhsuldarlığı 31 sentner olub.

Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Aidiyyəti orqanların rəhbərlərinin daxil olduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər yerindəcə həll olunur.

Neftçalanın fərdi fermer təsərrüfatlarında isə arpa biçini uğurla yekunlaşıb. Ötən ilin payızında rayonda 39 min 386 hektar sahədə taxıl əkilib. Bunun 31 min 404 hektarı arpa, 7 min 982 hektarı isə buğdadır.

Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 86 min 180 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 27 sentner çox olub. Hazırda buğda sahələrinin məhsulu yığılır. Qısa müddətdə 735 hektar buğda sahəsindən 200 tondan artıq məhsul əldə olunub. Buğda sahələrinin məhsuldarlığı orta hesabla 28,5 sentner təşkil edir. Qeyd edək ki, Neftçalada məhsul yığımına 120 kombayn cəlb olunub və gün ərzində 250-300 hektar sahənin taxılı yığılır.

Xocavənd rayonu üzrə taxıl biçini də artıq yekunlaşmaq üzrədir. Bütün qüvvələr bu strateji məhsulun itkisiz və optimal müddətdə yığılmasına yönəldilib. Bu il 8400 hektar sahədə taxıl becərilib. Onun 8100 hektarı Xocavənd rayonunun, 300 hektarı isə Beyləqan rayonunun inzibati ərazisindədir. Taxıl əkinlərinin 8150 hektarı buğda, 250 hektarı arpadır. Artıq arpa zəmilərində biçin başa çatdırılıb, hər hektardan 23,3 sentner olmaqla, 582,5 ton məhsul əldə edilib. Buğda zəmilərinin də 3000 hektarından artığında biçin aparılıb. Hər hektarın orta məhsuldarlığı 21,5 sentner təşkil edir. Qeyd edək ki, ötən il 8101,8 hektar sahədə taxıl becərən xocavəndli məcburi köçkünlər 16 min 909 ton məhsul götürüblər.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.-2019.- 26 iyun.- S.11