Monteneqronun Baş Naziri Duşko Markoviç İçərişəhərlə
tanış olub
Azərbaycanda rəsmi səfərdə
olan Monteneqronun Baş Naziri Duşko Markoviç iyunun 24-də İçərişəhərlə
tanış olub.
AZƏRTAC xəbər verir ki, Qız
qalasından başlanan
tanışlıq zamanı
qonağa Bakının
rəmzlərindən biri
sayılan abidənin tarixi barədə məlumat verilib.
Bildirilib ki,
eramızdan əvvəl
VII-VI əsrlərdə əsası
qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr,
diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə
gələcək nəsillərə
çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında
2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.
Qız qalasının
yaxınlığındakı Sıratağlı dini-memarlıq
kompleksinin ərazisindəki
daş ekspozisiyanın
yenidən təşkili
işləri qonağın
böyük marağına
səbəb olub.
Gəzinti zamanı Baş
Nazirə və nümayəndə heyətinin
üzvlərinə UNESCO-nun
Dünya Mədəni
İrsi Siyahısına
daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu, burada aparılan abadlaşdırma
və bərpa işləri barədə
məlumat verilib.
Qeyd edilib ki, İçərişəhər
ərazisində müxtəlif
əsrlərə aid nadir tarixi memarlıq
abidələri var və bunlar dövlət tərəfindən
qorunur.
Daha sonra
qonaqlar orta əsr Şərq memarlığının şah
əsəri, dünya
əhəmiyyətli tarixi-memarlıq
abidəsi olan Şirvanşahlar sarayı
kompleksi ilə tanış olublar.
Məlumat verilib
ki, XV əsrin əvvəllərində inşa
olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin
ən hündür nöqtəsində yerləşir.
Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı
yüksəkliklərdən aydın görünür.
Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü
saxlamaqdadır.
İçərişəhərlə
tanışlıq Monteneqronun
Baş Nazirində zəngin təəssürat
yaradıb.
Yeni Azərbaycan.-
2019.- 26 iyun.- S.7