Azərbaycanda ənənəvi və ixrac potensialı yüksək sahələrin inkişafı istiqamətində davamlı tədbirlər görülür

 

Regionlarda meyvəçiliklə yanaşı, digər bağçılıq sahələri də inkişaf etdirilir

 

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Daha dəqiq desək, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının hərtərəfli və sürətli inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, torpaq və su resurslarından səmərəli istifadə ilə bağlı qarşıya çox mühüm tapşırıqlar qoyulub. Resurslardan səmərəli istifadə və innovativ texnologiyaların geniş tətbiqi ilə bu sahədə məhsuldarlıq daha da artırılmalıdır. Aqrar siyasətin əsasını ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu sahədə məşğulluğun genişlənməsi və ixracın artırılması təşkil edir. Eyni zamanda ölkəmizdə ənənəvi və ixrac potensialı yüksək sahələrin inkişafı istiqamətində davamlı tədbirlər görülür.

Onu da vurğulamaq gərəkdir ki, meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən biridir. Azərbaycanın iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaradır. Eyni zamanda meyvəçilik, o cümlədən sitrus meyvəçiliyi və çayçılıq ölkəyə valyuta axınına imkan verən, məşğulluğu təmin edən, ixracyönümlü sahələrdəndir. Sitrus meyvəçiliyinin və çayçılığın inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında konkret hədəflər müəyyən edilib. Proqramların əsas məqsədi bu sahədə daha yüksək inkişafa, məhsuldarlığı artırmağa nail olmaqdır. Bu hədəflərə çatmaq üçün həyata keçirilən mühüm məqsədyönlü tədbirlər aqrar sahənin dinamik və dayanıqlı inkişafını təmin edir.

Yeri gəlmişkən, kənd təsərrüfatında məhsul bolluğuna nail olmaq üçün qarşıya qoyulan məqsədlər sırasında meyvəçiliklə yanaşı, bağçılığın da inkişafı diqqət mərkəzindədir. Bu istiqamətdə reallaşdırılan məqsədyönlü tədbirlərə uyğun olaraq cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sektorun digər sahələri ilə yanaşı, bağçılıq da inkişaf etdirilir, ixracyönümlü müasir təsərrüfatlar yaradılır. Məsələn, rayonun Xoruzlu kəndində “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.

“Aqropat” MMC-nin direktoru Elçin Maqsudov bildirib ki, bağçılıq təsərrüfatının yaradılmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən də istifadə edilib. Bağlarda 2018-ci ildə və bu il, ümumilikdə, 128 hektarda İspaniya və Türkiyədən gətirilmiş 200 min ədədə yaxın yüksək məhsuldar meyvə tingi əkilib. Burada almanın 7, armudun 3, gilasın və əriyin 5, gavalının 2 sortu, həmçinin alça, nar, xurma və badam ağacları müasir texnologiyalar əsasında becərilir. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Artıq ötən il əkilmiş ağaclar ilk barını verib və hazırda məhsul yığımı aparılır.

Sözügedən bağların salınmasında xaricdən dəvət olunmuş mütəxəssislərdən məsləhət alınıb, rayonun beş illik iqlim şəraiti nəzərdən keçirilib. Araşdırmalar nəticəsində Tərtər rayonunda intensiv bağçılığın inkişaf etdirilməsi üçün müvafiq iqlim şəraitinin, həmçinin məhsuldar torpaqların mövcud olduğu qənaətinə gəlinib. Müqaviləyə əsasən tinglərin alındığı şirkətlər beş il ərzində ağaclara nəzarət edəcəklər.

Meyvə ağaclarının küləkdən qorunması üçün bağların kənarlarında 12 min şam ağacı əkilib. Təsərrüfatda yollara asfalt örtük salınıb, bağların daxilindəki yollar çınqıl tökülərək hamarlanıb. Suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtrlərə, sonra isə bağa ötürülür. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistemlə damlama üsulu ilə həyata keçirilir.

Hazırda bağçılıq təsərrüfatında meyvə yığımı ilə yanaşı, ağaclara aqrotexniki qulluq edilir. Aqronom Elnur Müseyibli KİV-ə açıqlamasında deyib ki, bağda alaqdan təmizləmə, budama, meyvələri çox olan ağaclarda seyrəltmə işləri aparılır, əsas budaqlar dirəklərə bağlanılır. Ağacların suvarılmasının damlama üsulu ilə həyata keçirilməsi onların inkişafını və məhsuldarlığını artırır.

Tərtər rayonunda yaradılan intensiv bağçılıq təsərrüfatında 70 nəfər daimi, 100 nəfərdən çox sakin isə mövsümi işlərə cəlb olunub. Təsərrüfatda işlə təmin olunan sakinlərdən biri də Gülüstan Bağırovadır. “İki ildir bağçılıq təsərrüfatında işlə təmin olunmuşam. Bağın salınmasında, ağacların becərilməsində iştirak etmişəm. Artıq zəhmətimizin bəhrəsini görürük. Bağda ilk məhsul yığımını aparırıq. Məhsulumuz boldur, meyvələr gözəldir. İşimdən də çox razıyam”, - deyə G.Bağırova bildirib.

Ölkənin subtropik regionu Lənkəran rayonunda isə sitrusçuluq, çayçılıqla yanaşı, digər bağçılıq sahələri də inkişaf etdirilir. Bir neçə gündür rayonun meyvə bağlarında məhsul yığımına başlanılıb. Lənkəran rayonunun Bürcəli kəndində Avropa ölkələrindən gətirilərək 52 hektar sahədə əkilən meyvə ağaclarında bu il də məhsul boldur. Ümumi sahənin 30 hektarı nektarin və şaftalı ağacları olan bağlarda bir neçə gündür sözügedən meyvələrin, eyni zamanda, əriyin yığımı aparılır. Bu günədək 1 tonu ərik olmaqla 15 tonadək məhsul tədarük edilib. Məhsul, demək olar ki, hər gün toplanır. Bağ sahibləri deyir ki, martda çiçəkləmə dövründə intensiv yağışlar tozlanmaya bir qədər təsir etsə də, aparılan müvafiq tədbirlər öz müsbət nəticəsini göstərib. Bundan başqa, ilboyu lazımi aqrotexniki qulluq göstərilən bağda biokimyəvi üsullarla xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görülüb. Meyvənin növündən asılı olaraq bir ağacdan orta hesabla 120-130 kiloqram məhsul yığılır.

Təsərrüfat sahibləri bol və keyfiyyətli məhsul əldə etmək üçün qulluq, yığım proseslərində mütəxəssis məsləhətlərindən də yararlanırlar. Bağlardan toplanan məhsul təsərrüfatın anbarında saf-çürük edilir, tarlalara düzülərək soyuducu anbara yığılır. Daxili bazarda kifayət qədər tələbat olduğundan alıcılar əsasən yerli tədarükçülərdir. Tədarük olunan meyvələr paytaxt və digər regionların bazarlarında satışa çıxarılır.

Bu il daha 2 hektar sahədə müasir texnologiyalar əsasında məhsuldar meyvə tingləri əkilib, yeni bağ salınıb. Bir neçə gündən sonra isə təsərrüfatda gilas yığımına başlanacaq. Daha sonra gavalı, armud, heyvanın yığım dövrü olacaq. Bu mövsüm bağlardan 150 tondan çox meyvə tədarükü gözlənilir.

Neftçalanın meyvə bağlarında da artıq məhsul tədarükünə başlanılıb. Ötən il çoxillik meyvə bağlarından 1849 ton məhsul tədarük edən bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün meyvə ağaclarına nümunəvi qulluq göstərib, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəz olunub. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.

Rayon statistika idarəsindən bildirilib ki, artıq neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımına başlayıblar. Qısa müddətdə bağlardan 14 ton məhsul götürülüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə çoxdur. Meyvənin 2 tonu 6,5 hektarı albalı, 12 tonu isə 27 hektar alça sahəsindən toplanıb.

Qeyd edək ki, hazırda Neftçalada 591,7 hektar meyvə bağı var ki, bunun da 98 faizdən çoxu bar verəndir.

Şimal regionunda üzümçülüyün daha çox inkişaf etdiyi Şabranda təsərrüfatçılar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər. Şabranda daha çox ağ və qara şanı, “Ağadayı”, “Mədrəsə”, “Təbrizi” kimi yerli üzüm sortları becərilir. Son illər salınan yeni bağlarda isə texniki üzüm sortları yetişdirilir. Şabranlı fermerlər toplanan məhsulu Bakıda və respublikamızın digər bölgələrindəki satış mərkəzlərinə göndərirlər. Rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 140 hektaradək sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq olunan üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib texniki üzüm sortlarına üstünlük verilib.

Rayonun təcrübəli üzümçülərindən olan Polad Quliyev bu il də məhsuldarlığın yüksək olacağına əmindir. Təsərrüfatçılar avqust ayında üzüm bağlarından ilk məhsulun toplanmasına başlayacaqlar. Hazırda sahələrdə budama və digər aqrotexniki işlər görülür. Budama zamanı tənəklər gücdən düşmüş bar çubuqlarından təmizlənir. Yaşıl budama 1 ay davam edəcək. P.Quliyev bildirir ki, ziyanvericilərə və xəstəliklərə qarşı vaxtında aparılan tədbirlər və aqrotexniki qulluq öz müsbət təsirini göstərib. Məhsuldarlıq yüksəkdir. Ötən il üzümçülük təsərrüfatından 800 tonadək məhsul əldə olunub. Fermerlər cari ildə məhsuldarlığın həmin göstəricidən daha çox olacağını proqnozlaşdırırlar.

Rayonun Gəndov, Ağbaş və Dəvəçikənd inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb. Şabran ərazisində, ümumilikdə, 400 hektaradək üzüm bağı var.

Zaqatala rayonunda isə ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Ötən il rayonun Aşağı Tala kəndində “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

“AzRose” MMC-dən bildirilib ki, bu il yaz mövsümündə müəssisənin ərazisində 20 hektarda yeni qızılgül plantasiyası salınaraq cəmiyyətə məxsus plantasiyaların ümumi sahəsi 181 hektara çatdırılıb. Plantasiyaların 144,8 hektarında “Dəməşq qızılgülü”, 36,2 hektarda isə “Lavanda” gülü əkilib. Bundan əlavə, cari ildə sınaq məqsədilə 0,5 hektar sahədə nanə plantasiyası da salınıb. Nəticə yaxşı olarsa, payızda nanə plantasiyasının sahəsinin 3 hektara çatdırılması nəzərdə tutulur.

Yaz aylarında “AzRose” MMC-yə məxsus 125 hektar bar verən qızılgül plantasiyasından 280 ton gül ləçəyi toplanıb. Bundan əlavə, 36 hektaradək bar verən “Lavanda” gülü plantasiyasından indiyədək 14 ton gül ləçəyi tədarük olunub və hazırda gül yığımı davam edir.

Xatırladaq ki, 2018-ci ildə “AzRose” MMC-nin 64 hektar barverən qızılgül plantasiyasından 120 ton 787 kiloqram qızılgül ləçəyi, 35 hektar “Lavanda” plantasiyasından isə 22 ton 663 kiloqram lavanda gülü yığılıb. Tədarük edilən yaş gül ləçəklərindən 38 litr qızılgül və 290 litr lavanda yağı istehsal olunub.

 

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2019.- 28 iyun.- S.7