Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının ilk assambleyası
keçirilib
Fuad Nağıyev: Turizm Agentlikləri Assosiasiyasının
fəaliyyətə başlaması
ölkəmizdə formalaşan
turizm sənayesinin inkişafı istiqamətində
atılan vacib addımlardan biridir
İyunun 27-də Bakıda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası
keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm Agentlikləri Assosiasiyasının fəaliyyətə
başlamasının ölkəmizdə
formalaşan turizm sənayesinin inkişafı
istiqamətində atılan
vacib addımlardan biri olduğunu qeyd edib. O bildirib ki, agentlik
turizmin ölkə iqtisadiyyatının prioritet
sahələrindən birinə
çevrilməsi üçün
çalışır.
Fuad Nağıyevin sözlərinə
görə, son illərdə
bu sahədə kifayət qədər işlər görülüb:
“Ancaq bu sahədə bəzi sualların mövcud olması da məlumdur. Turizm özü kompleks xidmət sahəsidir və inkişafı da xidmət sferasının xidmətindən, inkişaf
səviyyəsindən asılıdır.
İnanırıq ki, assosiasiyanın
gördüyü işlər
bu sahənin nümayəndələrini bir
araya toplayan güclü platforma rolunu oynayacaqdır”.
Azərbaycan Turizm Bürosunun
baş icraçı
direktoru Florian Zenqstşmid
isə çıxışında
turizm sənayesinin təşkilatlanmasının ümumi
hədəflərə çatmaq
üçün xüsusi
əhəmiyyət kəsb
etdiyini, Azərbaycan
Hotel Assosiasiyasının və
Azərbaycan Bələdçilər
Assosiasiyasının, həmçinin
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının
yaradılmasının bu
istiqamətdə atılmış
uğurlu addımlardan
olduğunu bildirib.
Azərbaycan Turizm Agentlikləri
Assosiasiyasının sədri
Rüfət Hacıyev
təşkilatın turizm
agentliklərinin maraqlarını
təmin edərək
dövlət-özəl sektor
əməkdaşlığının təşviqinə xidmət
edəcəyini qeyd edib, görüləcək
işlər, məqsədlər
və gələcək
fəaliyyət haqqında
məlumat verib: “Əsas məqsəd peşəkar və operativ yanaşmalar sərgiləmək, inkişafda
olan turizmə yeni nəfəs bəxş etməkdir. Turizm sahəsi özündə
50-dən artıq sektoru
birləşdirən sənayedir.
Yeni yaradılan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının əsas
məqsədi ümumi
rifah və nəticəyə fokuslanmaq,
sahibkarlar və dövlət qurumları arasında daimi və sıx əlaqələr
formalaşdırmaq, möhkəm
körpü yaratmaqdır.
Assosiasiyanın yaradılması ilə turizm şirkətlərinin rəy
və təkliflərini
bildirməsinə imkan
yaranacaq”.
Yeni ictimai qurumun strukturu, məqsəd və missiyası, üzvlüyə namizəd
standartlarına dair məsələlərə də
geniş toxunulan tədbirin ikinci mərhələsində maarifləndirici
təhsil və sosial proqramların yaradılması, Azərbaycan
Milli Turizm brendinin dünya turizm bazarına təşviqinə dəstək,
turizm məhsulları
və servis xidmətlərinin keyfiyyətinin
artırılması, turizm
agentlikləri arasında
sistemləşdirmə və
kooperasiya mövzusunda
müzakirələr aparılıb.
Sonda turizm agentliklərini, sahibkarları,
həmçinin KİV təmsilçilərini
maraqlandıran suallar cavablandırılıb. Turizmin inkişafı
istiqamətində görülməsi
planlaşdırılan işlərlə
bağlı sualı cavablandıran Dövlət
Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib ki, Azərbaycanda
dövlət reyestrinə
daxil olacaq turizm şirkətlərinin
sığortalanması təklif
olunacaq. Onun sözlərinə
görə, sığortalanan
şirkətlər reyestrdə
sığortası olmayan
şirkətlərdən üstün
olacaq və bu, kateqoriyaya bölünmədə də
özünü göstərəcək.
Agentlik rəsmisi əlavə edib ki, turizm şirkətlərinin
sığortalanması məcburi
olmayacaq: “Turist sığortalanan turizm şirkətinə daha böyük maraq göstərəcək. Bunun əsasında
digər turizm şirkətləri də
tədricən sığortaya
önəm verəcəklər.
Hazırda turizm şirkətlərinin
reyestri, onların sığortalanması, sığorta
fondunun yaradılması
ilə bağlı işlər paralel şəkildə aparılır.
Hesab edirəm ki, bu ilin
sonuna qədər
proses yekunlaşacaq və
bir çox suallara aydınlıq gətiriləcək”.
Yeniliklərdən digər biri isə budur ki, Azərbaycanda turistlərin problemlərinin
dinlənilməsi və
həll edilməsinə
kömək etmək üçün turizm polisi yaradılacaq. Turizm polisləri
turistlərə xidmət
göstərəcək şəxslər
olacaqlar. Turistlər ölkədə
olarkən, şəhərdə
gəzərkən çətinlik
çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər.
Həmçinin ölkədə turistlərə xidmət göstərən dövlət
qurumlarının bütün
xidmətlərinin vahid
mərkəzdən idarə
olunması üçün
“Qaynar xətt”in yaradılması da nəzərdə
tutulur.
Bundan başqa,
Dövlət Turizm Agentliyi turizm sənayesinin formalaşdırılması,
onlara dəstəyin göstərilməsi ilə
bağlı Vergilər
Nazirliyinə təklif
paketi təqdim edib. Təkliflərdə vergilərdən azad olunma, bəzi hallarda subsidiyalara cəlb olunma, turizm şirkətləri,
hotellərlə bağlı
məsələlər öz
əksini tapıb.
Eyni zamanda,
bu ilin sonunadək
Azərbaycanda fəaliyyət
göstərən turizm
agentliklərinin reyestri
yaradılacaq. Reyestrə
daxil olacaq turizm şirkətləri müəyyən kateqoriyalara
bölünəcək. Daha
üstün keyfiyyətlərə
malik olan turizm şirkətləri daha üstün kateqoriyalar alacaqlar. Reyestrin yaradılması turizm sənayesinin inkişafı üçün
tətbiq olunan mexanizmlərdən biridir.
Heç
bir halda turizm şirkətinin işini məhdudlaşdırmaq
niyyətində olmadıqlarını
deyən K.Qasımov əlavə edib ki, ölkədə turizm şirkətlərinin,
turizm sənayesinin fəaliyyətinin tənzimlənməsi,
onların göstərdiyi
xidmət keyfiyyətinin
artırılması çox
vacibdir.
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə isə bildirib ki, Azərbaycanda
ulduz alan hotellərdə açıq
və gizli monitorinqlər keçiriləcək.
Onun sözlərinə
görə, hazırda
heç də bütün hotellər aldıqları ulduzlara uyğun xidmət etmir: “Bakıda 100-dən çox hoteldə bu baxımdan problem yoxdur, ancaq regionlarda bu, var”.
K.Quluzadə əlavə edib ki, Azərbaycan Hotellər Assosiasiyası Avropanın Hotellər Assosiasiyasının üzvü
olduğu üçün
hotellər həmin qurumun standartlarına uyğun şəkildə
ulduz alacaq. Ulduzlar verilən hotellərdə açıq
və gizli monitorinq aparılacaq: “Açıq monitorinq birbaşa fəaliyyətin
yoxlanılmasından ibarətdir,
həmçinin məşhur
saytlar vasitəsilə
qoyulan rəyləri izləyəcəyik. Gizli
monitorinq zamanı isə Avropa və Azərbaycanın Hotel assosiasiyalarının
mütəxəssisləri burada gizli olaraq
qonaq kimi qalacaqlar, sonradan isə monitorinqin nəticələrini təqdim
edəcəklər”.
Nadir
AZƏRİ
Yeni Azərbaycan.-
2019.- 28 iyun.- S.6.