Azərbaycan dünyaya yeni multikulturalizm modeli təqdim edir

 

Ölkəmiz həm də mədəniyyətlər arasında dialoq imkanlarının yaradılmasında aparıcı rol oynayır

Əsrlərdir ki, tolerantlıq nümunəsi sayılan Azərbaycan həm də müasir dünyada multikulturalizmin ünvanlarından biri kimi şöhrət tapıb və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir. Məlum olduğu kimi hazırda dünyanın bir sıra ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə insan haqlarının pozulması halları artır, sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, tolerantlıq və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik, insan hüquqlarının müdafiəsi təmin edilib. Bu da Azərbaycanın demokratik, tərəqqipərvər və humanist ənənələri, multikultural dəyərləri yaşadan ölkə kimi tanınmasını şərtləndirib.

Azərbaycanda din-dövlət münasibətləri ölkəmizin milli maraqlarına uyğun tənzimlənir

Qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən də ardıcıllıqla və uğurla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Vurğulamaq yerinə düşər ki, respublikamızda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Azərbaycanda əhalinin mütləq əksəriyyətini müsəlmanlar təşkil etsə də, Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir ki, bu qurum dini icmaların fəaliyyətinin qanunun tələblərinə uyğun şəkildə qurulmasını tənzimləyir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 940 dini qurum qeydiyyatdan keçib ki, onların 907-si islam, 33-ü isə qeyri-islam (22 xristian, 8 yəhudi, 1 krişna və 1 bəhai) təmayüllüdür. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda udilərə məxsus dini abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir.

Bunlarla yanaşı, Azərbaycanda həm də İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər qorunub saxlanılır, genişləndirilir, inkişaf etdirilir. Belə ki, ölkəmizdə müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2250-dir və onların 136-sı Bakıda yerləşir. Prezident İlham Əliyevin təşəbbüsü, tapşırıq və tövsiyələri ilə xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi, İmamzadə türbəsi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. 2014-cü ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə Bakının Binəqədi rayonunda 12 min kvadratmetr sahədə inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Möhtəşəm Heydər məscidinin inşası Azərbaycanın gücünü, inkişaf dinamikasını əks etdirdiyi kimi, həm də dövlətimizin xalqın milli, dini dəyərlərinə nə qədər yüksək önəm verdiyini bir daha təsdiqləyir.

Azərbaycan həm də müsəlman ölkələri arasında - İslam aləmində nüfuzlu dövlət kimi tanınır. Məhz bunun qanunauyğun nəticəsidir ki, respublikamız müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli praqmatik əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Mədəniyyət, humanitar sahələrdə də Azərbaycan İslam ölkələri arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

Azərbaycan təcrübəsi bir daha təsdiq edir ki, multikulturalizmin alternativi yoxdur

Azərbaycanın dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınmasına gəlincə o da xüsusi olaraq vurğulanmalıdır ki, dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bu fakt müasir Azərbaycana beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdə yaxından köməklik göstərir. Qeyd etdiyimiz kimi, dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir dövrdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına dəyərli töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Buna paralel olaraq ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir.

Yeri gəlmişkən, bu il mayın 2-3-də paytaxt Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da Azərbaycanın dünyada mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolun bariz sübutudur. Vurğulanmalıdır ki, Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən Forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmilərinin iştirak etməsi tədbirin önəmini göstərən mühüm faktlardan biridir. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda, Forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir. Sivilizasiyalararası dialoqun, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığının XXI əsrin strateji prioriteti kimi vacib vəzifə olaraq qarşıda durduğu bir zamanda Azərbaycanın dünyaya belə bir mühüm platforma təqdim etməsi, ölkəmizin inkişafının, bu sahədə qazandığı nailiyyətlərin göstəricisidir. Qürurverici haldır ki, tolerantlıq nümunəsi olan, dünyaya mütərəqqi dəyərlər təqdim edən Azərbaycan mədəniyyətlər arasında dialoq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev deyib: “Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və əminəm ki, müsbət rolunu oynayır. Bizim dialoqa ehtiyacımız var. Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir. Forumun adı belə dialoq adlanır. Yəni, biz məhz bunu dünyaya təqdim edirik və bu təşəbbüs geniş beynəlxalq dəstəyə malikdir”.

Azərbaycanda multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da yüksək qiymətləndirilir

Bəli, Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Qeyd etdiyimiz kimi, dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir dövrdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına dəyərli töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Buna paralel olaraq ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizmin təntənəsi və nümunəsi müşahidə edilməkdədir. Azərbaycan təcrübəsi onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur və bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun, xalqlararası əlaqələrin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı “Multikulturalizm bizim üçün həyat tərzidir. Bu söz nisbətən yeni olsa da, biz həmin ab-havada əsrlər boyu yaşamışıq. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunması onu sübut edir ki, biz dünyanın diqqətini bu mühüm ideyaya cəlb etmək istəyirik. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bu da bizim tarixi irsimizi, kökümüzü və dünyaya açıq olduğumuzu nümayiş etdirən, rəmzi məna daşıyan addım idi. Hesab edirəm ki, bu meyillər dünyada üstünlük təşkil etsə, dünyada təhlükəsizlik, proqnozlaşdırıla bilmə və sülh bərqərar olar”, - deyə diqqətə çatdırıb.

O da qeyd edilməlidir ki, ölkəmizdə multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan elə bir ölkədir ki, burada milli, dini, irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli, dini, irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Təsadüfi deyil ki, bu gün ölkəmizdə mövcud olan milli həmrəylik, sabitlik və tolerantlıq mühiti məhz bu dəyərlərə əsaslanır.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2019.- 28 iyun.- S.7