Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır

 

Bu ilin ötən dövründə 463 sahibkarın ümumi dəyəri 175,7 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 46 milyon manat güzəştli kredit verilib

(əvvəli ötən sayımızda)

 

Sahibkarlara istənilən yerdən təlimə birbaşa qoşulmaları, təlimi canlı rejimdə izləmələri üçün KOBİA və Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən lazımi dəstək göstərilib.

Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıblar.

KOBİA sahibkarlardan daxil olan müraciətləri nəzərə almaqla mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək vergi, gömrük, qida təhlükəsizliyi və maliyyə resurslarına çıxış imkanlarına həsr edilmiş onlayn maarifləndirici tədbirlərdən 1500-dən çox sahibkar yararlanıb.

Bundan əlavə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda müzakirələr də təşkil edilir. Növbəti belə forum “Təhsil biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunub. Tədbirdə təhsil sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri, eləcə də Təhsil, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Milli Elmlər Akademiyasının və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, KOBİA yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Forumda təhsil sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə ictimai şuraların və vətəndaş cəmiyyəti institutlarının rolu, dövlət-özəl əməkdaşlığı müzakirə edilib. Tədbirdə təhsilin insan kapitalının inkişafında mühüm rol oynadığı vurğulanıb, ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsinə, peşə təhsili sisteminin KOB-ların ehtiyaclarına uyğun qurulmasına, KOB subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinə, təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələr aparılıb, təhsil sektoruna investisiya qoyuluşu, təhsil müəssisələrində innovativ strukturların yaradılması və digər təkliflər səsləndirilib.

Forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Agentliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu bildirib. KOBİA-nın fəaliyyətinin bir sıra istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslandığını qeyd edən Orxan Məmmədov təhsil sahəsində əməkdaşlığa dair təkliflər səsləndirib. Qeyd olunub ki, Agentlik KOB subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB-ların potensialından da faydalanmaqda maraqlıdır. Hazırda yaradılması istiqamətində tədbirlər görülən və Agentliyin strukturuna daxil olan kiçik və orta biznesin inkişafı mərkəzlərini (KOB İnkişaf Mərkəzi) özəl təhsil müəssisələrinin iştirakı ilə formalaşdırmaq mümkündür və bu istiqamətdə Agentlik təkliflərə açıqdır. Sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif mövzular üzrə təlimlərin təşkil edilməsi Agentliyin vəzifələri sırasındadır və bu sahədə təhsil biznesi sektorunda çalışan müəssisələrlə əməkdaşlıq oluna bilər. Hazırda Agentlik tərəfindən “KOB kadr bankı”nın yaradılması istiqamətində işlərə başlanıb və inanırıq ki, bu sistem təhsil müəssisələri üçün faydalı platforma olacaqdır. Agentlik dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” çərçivəsində də təhsil sektorunda fəaliyyət göstərən özəl qurumlarla əməkdaşlıq edə bilər.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin inkişafı, bu sahədə görülən işlər, özəl təhsil müəssisələrinin fəaliyyəti barədə danışıb, ölkə qanunvericiliyinin təhsilin istənilən pilləsində özəl təhsil müəssisələrinin yaradılmasına və bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verdiyini qeyd edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların fəaliyyət göstərdiyi müxtəlif sahələrdə belə formatda tədbirlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov təhsil sahəsində fəaliyyət göstərən sahibkarlarla daha sıx və səmərəli əməkdaşlıq üçün forumun əhəmiyyətli platforma olduğunu vurğulayıb, tədbirdə Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 18 sahibkar və menecerdən ibarət daha bir qrupun təlim və istehsalat təcrübəsi keçmək üçün Almaniyaya getməsi də sahibkarlar üçün əhəmiyyətlidir. Turizm, nəqliyyat, inşaat, İKT və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 11 iyun-6 iyul tarixlərini əhatə edən ixtisasartırma kursu müddətində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim, müvafiq müəssisələrdə istehsalat təcrübəsi keçəcəklər. Bundan başqa, sahibkar və menecerlərin işgüzar əlaqələrinin qurulması və genişləndirilməsi üçün müxtəlif alman şirkətləri ilə görüşlərinin təşkili də nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində indiyədək 400-dən çox sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.

Ölkə sahibkarlarının fəaliyyətinin təbliği baxımından 21-23 iyun tarixlərində Dənizkənarı Milli Parkda keçirilən “Organic Food Festival 2019” tədbiri də ictimaiyyətdə maraqla qarşılanıb. Azərbaycanda ilk dəfə olaraq keçirilən və “Made in Azerbaijan” brendini təşviq etmək, ölkəmizdə yerli və xarici ekoloji təmiz qida məhsulları istehsalçılarını tanıtmaq məqsədilə təşkil olunmuş festivala üç gün ərzində 10 mindən çox ziyarətçi qatılıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Dövlət Aqrar Ticarət Şirkəti və “Proaktiv” PR Agentliyinin təşkilatçılığı ilə keçirilmiş festivalda 50-dən çox şirkətin, o cümlədən mikro və kiçik sahibkarların 150-yə yaxın məhsul və xidmətləri təqdim olunub.

KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar festivalda onlar üçün ayrılmış xüsusi stenddə ekoloji təmiz qida məhsullarını - bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış şirniyyatlar, ədviyyat, düyü, meyvə quruları və s. məhsulları, eləcə də orqanik qablaşdırma materiallarını, sosial sahibkarlıq layihələrini təqdim ediblər.

Növbəti “Organic Food Festival”ın 2020-ci ilin iyun ayında keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini müxtəlif sərgi, yarmarka və festivallarda təqdim etməsinə, bu tədbirlər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Bu dəstək 2019-cu ildə ölkəmizdə keçiriləcək müxtəlif sərgi, yarmarka və festivallar çərçivəsində davam etdiriləcək.

Azərbaycanda sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi qadın sahibkarlığının inkişafına da müsbət təsirini göstərməkdədir. Azərbaycanda qadınlar sahibkarlığın inkişafında mühüm rol oynayır və biznes fəaliyyəti ilə fəal şəkildə məşğul olurlar. Ölkə üzrə qeydiyyatdan keçmiş fərdi sahibkarların təqribən 20%-ni qadınlar təşkil edir. Regionlarda qadınların maliyyə savadlılığının artırılması və maliyyə idarəetmə davranışlarının inkişaf etdirilməsi, onların biznesə başlamaq və inkişaf etdirmək üçün potensialının artırılması diqqət mərkəzindədir. Bu barədə Bakıda keçirilmiş Qadın sahibkarlığın inkişafına dair Beynəlxalq Forumda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. Ölkəmizdə qadın sahibkarlığının inkişaf etdirilməsinin KOBİA-nın qarşısında duran prioritet məsələlərdən olduğunu qeyd edən Agentlik rəhbəri kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması, qadın sahibkarlığının inkişafının təşviq edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar əməkdaşlığı platformaları əsasında həyata keçirilir. Bu baxımdan, Agentliyin yanında yaradılmış və sahibkarların ictimai birliklərinin təmsil olunduğu İctimai Şuranın imkanlarından geniş istifadə edilir. Agentliyin yanında fəaliyyət göstərən İctimai Şurada həmçinin Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur.

Qadın sahibkarlığının inkişafı məqsədilə layihə və proqramlar hazırlanan zaman xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olmalıdır və bu yerlərdə qadın məşğulluğunun daha perspektivli istiqamətləri müəyyənləşdirilməli və müvafiq tədbirlər görülməlidir. Qadın sahibkarlığının inkişafının dəstəklənməsinin təşkilati modellərinin, o cümlədən biznes inkubatorların yaradılması da Agentlik tərəfindən dəstəklənəcək.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 28 iyun.- S.7.