Azərbaycanın regionlarında yol-nəqliyyat infrastrukturunun yenilənməsi həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır

 

Son 15 ildə ölkə üzrə təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib

Azərbaycanda 2004-cü ildən bəri uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə boyunca çoxlu sayda müxtəlif təyinatlı infrastruktur obyektləri tikilərək istifadəyə verilib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələrin nəticəsidir ki, hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasında yer alır.

Bəhs olunan Dövlət proqramları çərçivəsində həmçinin respublikanın bölgələrində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində böyük iş həcmi yerinə yetirilib. Belə ki, son 15 ildə respublikamızda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib.

Azərbaycanın dövlət siyasətində bütün ölkə boyunca müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasına böyük diqqət göstərilməsi bir sıra amillərlə şərtlənir. Ölkənin bütün bölgələrində Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yüksək səviyyəli yol infrastrukturu quruculuğunun hədəflənməsi, əlbəttə ki, ilk növbədə respublika daxilində iqtisadi aktivliyin artırılmasına münbit şərait yaradılması kimi vacib məqsədə xidmət edir. Xalqımıza məxsus məşhur bir deyim var: Abad el yollarından bəlli olar. Mövcud yolların əsaslı şəkildə yenidən qurulması, həmçinin yeni müasir yolların salınması Azərbaycanın ümumi inkişafına böyük təkan verir. Təsadüfi deyil ki, son illərdə respublikanın bölgələrində iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan yol infrastrukturundan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər.

Ölkə üzrə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, eyni zamanda, ciddi sosial mahiyyət daşıyır. Müasir yollar insanların həyatına rahatlıq gətirir, onlarda məmnunluq hissi yaradır. Bu məqamda belə bir amili də vurğulamaq yerinə düşər ki, son illərdə respublikamızda insanların regionlardan paytaxt Bakıya, digər iri şəhərlərə miqrasiyası dayanıb və hətta əks proses müşahidə edilməkdədir. Respublikamızda yüksək səviyyəli müasir infrastruktur quruculuğu sayəsində paytaxt Bakı ilə regionlar arasındakı fərq, demək olar ki, tam aradan qalxıb. Bölgələrdə hər cür kommunal rahatlıqlarla, o cümlədən də yüksək səviyyəli yollarla təmin olunan sakinlər öz həyatlarını yaşadıqları yerlərdə qurmağa üstünlük verirlər ki, bu da Azərbaycanın müsbət reallıqlarından biridir.

Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi perspektivdə də diqqət mərkəzində saxlanılacaq. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bölgələrdə magistral və kənd yollarının əsaslı şəkildə yenidən qurulması ilə bağlı çox sayda tədbirlər nəzərdə tutulub. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, hazırda respublikanın ayrı-ayrı bölgələrində yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı layihələr uğurla icra edilir.

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsinin icrasına başlanılıb

Bir qədər bundan əvvəl “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsinin icrasına başlanılıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 kilometrdir. Layihə üzrə yolun II texniki dərəcəyə uyğun təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla, buraya 7,5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlər daxildir.

Layihə çərçivəsində yeni yol yatağı inşa olunur. Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılacaq. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 kilometrlik yolboyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1,8-ci kilometrində (Qızıl arx kanalı), 3,1-ci kilometrində (Əzizbəyov kanalı) və 38,8-ci kilometrində inşa olunacaq. Körpülərin uzunluqları müvafiq olaraq 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik 256 borunun inşası nəzərdə tutulur ki, bunlardan 14-ü düzbucaqlı su keçidləridir. Artıq bir neçə ərazidə suötürücü boruların inşası işlərinə də başlanılıb. Layihəyə uyğun olaraq, yolboyu 7 yeraltı keçidin inşası, 28 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur. Vurğulamaq yerinə düşər ki, Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.

İmişlidə yenidən qurulan yol 50 min sakinin həyat şəraitinin yaxşılaşmasını təmin edəcək

İmişli rayonu ərazisində Bəhrəmtəpə-Göbəktala-Məhəmmədli-İmişli-Cəfərli-Oruclu-Ağaməmmədli avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, bu, sözügedən yolun uzunluğu 14,3 kilometr olan III texniki dərəcəli Bəhrəmtəpə-İmişli, həmçinin 21,7 kilometrlik IV texniki dərəcəli Cəfərli-Oruclu-Asğaməmmədli hissələridir.

Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü və 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni müvafiq olaraq 7-6 metr, çiyinlərin eni 2-2,5 metr olmaqla yolun ümumi eni 12-10 metr təşkil edəcək. Layihə çərçivəsində yeni yol yatağı inşa olunub. Bundan başqa, yolboyu müxtəlif diametrlərə malik 398 poqonmetr uzunluğunda yeni dəmir-beton borular quraşdırılıb və izolyasiya olunub.

Hazırda yeni yol əsasının alt və üst layının tikintisi işləri aparılır. Yol əsası hazır olan hissələrdə isə artıq 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yolboyu 190 yol nişanı, kilometr göstəriciləri, 1372 siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətləri və piyada zolaqları çəkiləcək, həmçinin 8 ədəd avtobus dayanacağı inşa ediləcək.

Avtomobil yolunun yenidən qurulmasında məqsəd yolboyu yaşayan 50 min sakinin həyat şəraitinin yaxşılaşdırılması, onların istər rayon mərkəzinə, istərsə də digər magistrallara, o cümlədən də Ağsu-Kürdəmir-İmişli avtomobil yolu vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi və Bakı-Şamaxı-Yevlax magistral avtomobil yollarına rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyatın inkişafına təkan verməkdir.

Yenidənqurmadan sonra Biləsuvar rayonunun Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad yolu ilə yük və sərnişin daşıması asanlaşacaq

Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində yenidən qurulur. Uzunluğu 13,2 kilometr təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Layihə çərçivəsində yolun 1-5 və 12-13-cü kilometrlik hissələrində torpaq yatağının genişləndirilməsi işləri görülür və ortalama 0,8 metr qaldırılaraq normativ hündürlüyə çatdırılır. Tikinti zamanı mövcud suötürücü borular bərpa edilir, həmçinin müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular inşa olunur. Ümumilikdə 286 poqonmetr uzunluğunda yeni suötürücü boruların tikintisi işləri aparılır.

Çaylı-Bağbanlar-Aranlı-Zəhmətabad avtomobil yolu vasitəsilə əhali nəinki rayon mərkəzinə, həmçinin Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə edəcək, respublikanın bütün istiqamətlərinə yük və sərnişin daşıması asanlaşacaq.

Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması bölgədə kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək

Respublika əhəmiyyətli Lənkəran-Lerik avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri davam etdirilir. Yol 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3,5 metr, çiyinlərin eni isə 2,5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yol profilə salınır və yeni yol yatağı inşa edilir. Avtomobil yolunun bir neçə hissəsində sürüşmə əraziləri mövcud olduğu üçün burada yol yatağının əlavə bərkidilməsi işləri də aparılır, dəmir-beton küvetlər inşa edilir. Bundan başqa, bu və digər ərazilərdə istinad divarı inşa edilir, dəmir-beton svaylar vurulur, drenaj xətləri çəkilir və yeni suötürücü borular quraşdırılır. Torpaq işləri yekunlaşan ərazilərdə asfaltlanma işləri görülür. Layihəyə uyğun olaraq, yolda olan mövcud körpülərin təmiri və genişləndirilməsi işləri aparılır.

İşlərin tərtib olunmuş qrafikə uyğun bu ilin sonu, gələn ilin əvvəli yekunlaşdırılması nəzərdə tutulub. Bütün işlər vətəndaşların hərəkətinə və təhlükəsizliyinə maneə yaratmadan aparılır. Bunun üçün ərazilər boyu müvəqqəti yol hissələri salınmaqla əlavə təhlükəsizlik tədbirləri görülüb. Yenidənqurma işlərinin sonuncu mərhələsində yolboyu 6 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün yolboyu zəruri olan yerlərdə yol nişanı, məlumatverici lövhə, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılacaq. Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması avtomobillərin hərəkətinin təhlükəsizliyinə, nəqliyyat xərclərinin azalmasına zəmin yaratmaqla, kənd təsərrüfatı və turizmin inkişafına təkan verəcək.

 

(davamı növbəti sayımızda)

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2019.- 29 iyun.- S.7