Regionlarda meyvəçiliyin
və çayçılığın inkişafı ilə
bağlı çoxşaxəli tədbirlər
görülür
Dövlətin
aqrar sektorun inkişafına göstərdiyi hərtərəfli
dəstəkdən yararlanan bağbanlar bağlardan bol məhsul
götürürlər
(əvvəli ötən sayımızda)
Həmin bağlarda əkilən sortlar ənənəvi
bağlardan 3-4 dəfə daha çox məhsul verir. Ənənəvi
bağların hər hektarından 20-25 ton məhsul
yığılırsa, superintensiv bağçılıqda
bu göstərici 60-70 ton arasında dəyişir.
Müasir bağlarda alma
ağaclarının ara məsafəsi 1 metrdən də az
olur. Belə olan halda bir hektara düşən
meyvə tinginin sayı artır və nəticədə məhsuldarlıq
da çox olur. Hazırda Quba rayonunda
ümumilikdə 17 min 900 hektar meyvə bağı var.
Onu da
xatırladaq ki, qubalı bağbanlar iyulun ilk günlərindən
başlayaraq tezyetişən alma
sortlarından məhsul yığımına
başlayıblar. Hələlik “Papirovka” sortu alma
yığılır. Bu sort almanın
yığımı iyulun 15-nə qədər yekunlaşacaq.
Bağbanlar avqustdan etibarən alma
bağlarında “Slava pobeditelyam”, “Melba”, “Qrandşteyn”, “Anis” və
digər tezyetişən alma sortlarını yığacaqlar.
Bu sortların məhsulunun toplanması avqustun
sonunadək başa çatdırılacaq.
Təsərrüfatçılar ilk məhsulun yalnız
yerli bazarda satıldığını bildirirlər. Çünki
“Popirovka” dərildikdən sonra öz keyfiyyətini uzun
müddət qoruya bilmir.
Tezyetişən
alma sortlarının builki məhsuldarlığı
yüksəkdir. “Yay alması”nın 1 kiloqramının qiyməti
0,50-0,80 manat arasında dəyişir.
Qubanın bağlarında kütləvi alma
yığımına isə sentyabrın 15-dən sonra
başlanılacaq.
Kənd Təsərrüfatı
Nazirliyinin Meyvəçilik və Çayçılıq
Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi Mədət
Qurbanov bildirib ki, tezyetişən alma
sortları ümumi alma bağlarının çox cüzi
hissəsini təşkil edir. Şimal bölgəsində
“Slava pobeditelyam” adlı tezyetişən alma
növü daha çox yayılıb. Bağbanlar təxminən
100 hektaradək bağda həmin alma sortunu
yetişdirirlər. Quba rayonu üzrə ümumilikdə 15 min
hektaradək alma bağı mövcuddur.
Şimal
rayonlarında son 3 ildə 10 min hektar yeni fındıq
bağı salınıb
Qeyd
etdiyimiz kimi, “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransdakı yekun nitqində
İlham Əliyev son vaxtlar fındıqçılığa
çox böyük diqqət yetirildiyindən də bəhs
edərək əldə edilən gəlirdən və bu sahənin
genişləndirilməsi ilə yaranan yeni iş yerlərindən
danışıb: “Biz fındıq bağlarının sahəsini
qısa müddətdə böyük dərəcədə
artırmışıq. 2016-cı ildə bizim 40 min hektar
fındıq bağlarımız olub, bu gün artıq 75 min
hektara çatıb və bu il 9 min hektar da əkiləcək.
Beləliklə, biz 84 min hektarda fındıq
yetişdirəcəyik. Əlbəttə, yeni salınan
bağlar bar gətirənə qədər bir neçə il keçəcək. Amma ondan
sonra fındıq ixracının həcmi iki dəfədən
çox artacaq və fermerlərə indikindən iki dəfə
çox vəsait gələcək. Hazırda
fındıqçılıqda 20 min nəfər işləyir”.
Yeri gəlmişkən
qeyd edək ki, Xaçmazda fındıq bağlarının
sahəsi iki dəfəyədək artırılıb, bu il məhsuldarlığın çox
olacağı gözlənilir. Xaçmazlı
təsərrüfatçılar fındıq
bağlarında məhsul yığımına iyulun 20-dən
sonra başlayacaqlar. Fermerlər dövlətin
onlara ayırdığı güzəştlərdən
faydalanaraq bağlara daha yaxşı qulluq edirlər. Məhsulun bol olması isə bağ sahiblərinin
daha çox gəlir əldə etməsinə imkan
yaradır.
Rayonun Çiləgir kəndindən olan fermer Naib
Seyfullayevin sözlərinə görə, son illər
fındıqçılığa maraq xeyli artıb. Təsərrüfatçılar
əvvəllər yalnız şaftalı, alma,
gavalı bağları salırdısa, indi daha çox
fındıq bağlarına üstünlük verirlər.
Fındığın yetişdirilməsi digər meyvələrlə
müqayisədə daha az zəhmət tələb
edir.
Xaçmaz respublikada fındıq bağlarının
artırılması nəzərdə tutulan 12 rayondan biridir. Ölkə üzrə 40
min hektar yeni fındıq bağlarının salınması
nəzərdə tutulur ki, bunun da 5 min 16 hektarı Xaçmaz
rayonunun payına düşür.
Məhsulun
bol olması təsərrüfatçıların bu il daha çox gəlir əldə edəcəyini
deməyə əsas verir. Ölkəyə
valyuta gətirən bu məhsula son zamanlar tələbatın
daha da artması torpaq mülkiyyətçilərini
fındıq bağlarının sahəsini genişləndirməyə
sövq edir. Fındığın
satış qiymətinin münasib olması fermerləri həvəsləndirən
amillərdəndir. Ötən il təsərrüfatçılar
fındığın bir kiloqramını 3,5-4
manata satıblar.
Təsərrüfatçılar
bildirirlər ki, fındığın yetişdirilməsi digər
meyvələrlə müqayisədə daha az
zəhmət tələb edir. Məsələn,
şaftalıya, almaya mövsüm ərzində 10 dəfədən
çox dərman vurulursa, fındıq bağlarında buna
ehtiyac yoxdur. Onların sözlərinə
görə, tam formalaşmış hər bir fındıq
ağacından 7-8 kiloqram məhsul yığılır.
Fermerlər deyirlər ki, məhsulun ikiqat artmasında təbii
amillərlə yanaşı, bağlara düzgün aqrotexniki
qulluq göstərilməsinin də böyük rolu var.
Rayonda fındıq yığımı avqustun sonunadək
davam edir. Ümumilikdə şimal bölgəsinin
rayonlarında son 3 ildə 10 min hektardan çox yeni
fındıq bağı salınıb. Fındıq
istehsalı bu rayonların iqtisadiyyatında mühüm rol
oynayır. Hazırda Xaçmaz, Quba, Qusar və
Şabranda 20 min hektaradək fındıq bağı var.
Xaçmazın
şaftalı bağlarında məhsul
yığımının ən qızğın
çağıdır
Hazırda Xaçmaz rayonunda şaftalı
bağlarında məhsul yığımı aparılır. Təsərrüfatçılar
iyulun ilk günlərindən şaftalı bağlarında məhsul
yığımına başlayıblar. Bu
mövsüm bağlarda məhsuldarlıq yüksəkdir.
Hazırda şaftalının “Zalatoy”, “Fədai”
və “Nektarin” kimi tezyetişən sortları
yığılır.
Xaçmaz rayonunda şaftalı bağları ən
çox Nərəcan inzibati dairəsinə aid kəndlərin
ərazisindədir. Burada 1000 hektardan çox meyvə
bağında şaftalının 50-dən çox
növü becərilir.
Meyvənin hazırkı qiyməti də təsərrüfatçıları
qane edir. Onlar şaftalının bir kiloqramını
növündən və keyfiyyətindən asılı olaraq
50 qəpikdən 1 manata kimi dəyişən qiymətlərlə
satırlar.
Mançaroba kəndindən olan təsərrüfatçı
Rafiq Ağamirzəyev deyir ki, müştəri sarıdan
korluq çəkmirlər. “Yerli və paytaxt
bazarlarında da satılan şaftalının böyük
hissəsini Rusiyanın müxtəlif şəhərlərindəki
satış mərkəzlərinə göndəririk. Rusiya bazarlarına aparılan meyvə bir müddət
rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra
iritutumlu yük avtomobillərinə yüklənərək
qonşu ölkəyə yola salınır”, - deyə o
bildirib.
Hava şəraitinin mülayim keçməsi və zərərvericilərə
qarşı görülən tədbirlər məhsuldarlığa
müsbət təsir göstərib. Çiləgir kəndində
yarım hektar sahədə şaftalı becərən Orxan
Yusifov bildirir ki, əksər sort şaftalı ağacları
bu il bol məhsul gətirib. “Bizim
bağlarda yetişdirilən şaftalı nəinki
Xaçmazda, eləcə də bütün Azərbaycanda
tanınır. Bağ sahiblərinin 90 faizi
şaftalı yetişdirir. İndi
mövsümün ən qızğın
çağıdır. Hər gün məhsul
toplayırıq. Qiymət ötən illə
müqayisədə bahadır”, - deyə təsərrüfatçı
əlavə edib. Xatırladaq ki,
Xaçmazda şaftalı yığımı oktyabradək
davam edəcək.
Ümumilikdə Xaçmaz rayonunda 3 min hektaradək
şaftalı bağı var ki, bunun da böyük hissəsi
barverəndir.
Hər il rayon bağlarından 20 min tonadək
şaftalı toplanır.
Ötən
yarım ildə ölkədən 325 min ton meyvə-tərəvəz
ixrac edilib
Mərkəzi Aran rayonlarında meyvə
yığımı sürətlə davam edir. Belə ki,
İmişlidə təsərrüfatın digər sahələri
ilə yanaşı, bağçılığın
inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin
aqrar sektorun inkişafı ilə bağlı məhsul
istehsalçılarına göstərdiyi hərtərəfli
dəstəkdən yararlanan bağbanlar ötən il rayondakı 784 hektar meyvə bağından
506 ton meyvə tədarük ediblər. Bağbanlar
cari ildə də meyvə sahələrindən bol məhsul
götürmək üçün ağaclara nümunəvi
qulluq göstəriblər. Bunun nəticəsində
də bağlarda bol məhsul yetişib.
Rayon statistika idarəsindən verilən məlumata
görə, artıq xeyli vaxtdır ki, imişlili bağbanlar
yetişdirdikləri məhsulun yığımına
başlayıblar. Qısa müddətdə bağlardan 509,9
ton meyvə yığılıb ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 3,9 ton çoxdur. Tədarük
olunan meyvənin 16,2 tonu alma, 21,3 tonu armud, 73,9 tonu ərik, 12,5
tonu albalı, 25,4 tonu şaftalı, 25,9 tonu gavalı, 186 tonu
alça, 40,4 tonu gilas meyvəsidir. Rayonun
Şaverdilər, Göbəktala, Qaralar və Cavadxanlı kəndlərində
fəaliyyət göstərən fermerlər meyvə
yığımında fərqlənirlər.
Neftçalada
isə bağbanlar ötən il rayondakı 591,7
hektar meyvə bağından 1849 ton məhsul tədarük
ediblər. Bağbanlar cari ildə də meyvə
sahələrindən bol məhsul götürmək
üçün ağaclara nümunəvi qulluq göstərib,
qurumuş, məhsuldarlığı aşağı olan
ağaclar yeni tinglərlə əvəz olunub. Bunun nəticəsində də bağlarda bol məhsul
yetişib.
Rayon statistika idarəsindən bildirilib ki,
neftçalalı bağbanlar yetişdirdikləri məhsulun
yığımına başlayıblar. Qısa müddətdə
bağlardan 369,5 ton meyvə
yığılıb ki, bu da ötən ilin eyni dövrü
ilə müqayisədə 16,7 faiz çoxdur. Tədarük
olunmuş meyvənin 68 tonu alma, 18,2 tonu armud, 51 tonu ərik,
9,1 tonu albalı, 9,5 tonu şaftalı, 45 tonu gavalı, 166,5
tonu alça, 2,2 tonu gilas meyvəsidir. Cari ilin 6 ayında
salyanlı bağbanlar becərdikləri 944 hektar meyvə
bağından 313,2 ton məhsul tədarük
ediblər.
Rayon
statistika idarəsinin rəisi Elnur Hüseynov bildirib ki, ilin
ötən dövründə bağbanlar becərdikləri
meyvə bağlarından 313,2 ton meyvə tədarük ediblər,
bu da ötən ilin eyni ayları ilə müqayisədə
32,8 ton çoxdur. Yığılan məhsulun 9 tonunu alma, 25
tonunu armud, 21,8 tonunu ərik, 41 tonunu gavalı, 37,8 tonunu
alça, 22,7 tonunu şaftalı, 10,1 tonunu gilas, 43,7 tonunu isə
albalı təşkil edib. Həmçinin məhsul
istehsalçıları sahələrdən 102,1
ton giləmeyvə də toplayıblar. Tədarük
olunan meyvənin, demək olar ki, yarıdan çoxunu Xalac,
Yenikənd və Çuxanlı kəndlərinin
bağbanları toplayıblar.
Saatlıda meyvə yığımı uğurla davam
edir. Ötən
il çoxillik meyvə bağlarından
2300 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə
də bağlarda bol məhsul yetişdiriblər.
Rayon
statistika idarəsinin rəisi Seyfəddin Soltanov
AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məhsul
yığımına mütəşəkkil başlayan
bağbanlar cari ilin ötən aylarında rayondakı 2 min 501
hektar meyvə bağından 2 min 74,8 ton meyvə
toplayıblar. Yığılmış məhsulun 119,4 tonu
alma, 371,6 tonu ərik, 194,3 tonu albalı, 262,5 tonu gavalı,
691,7 tonu alça, 149,6 tonu gilas, 285,7 tonu isə sair meyvələrdir.
Tədarük
olunan əriyin, demək olar ki, hamısı rayonun Qaranuru, Fətəlikənd,
Şirinbəyli kəndlərinin, alçanın isə
yarıdan çoxu Dədə Qorqud, Əhmədbəyli və
Əlisoltanlı kəndlərinin bağbanları tərəfindən
yığılıb.
Sonda qeyd
edək ki, Dövlət Gömrük Komitəsinin (DGK)
yaydığı məlumata görə, ötən yarım
ildə ölkədən 325 min 60 ton meyvə-tərəvəz
ixrac edilib. Hesabat dövründə ixrac edilən
meyvə-tərəvəzin dəyəri isə 318 milyon 370
min ABŞ dolları olub.
Qaşqay RAMAZANOV
Yeni Azərbaycan.- 2019.- 20 iyul.- S.-7.