Ölkəmizdə turizmin
inkişafı üçün məqsədyönlü siyasət
həyata keçirilir
Azərbaycanın regionlarında yeni
sanatoriyaların, mehmanxanaların inşası, mövcud olan
obyektlərin təmiri və bərpası bunu bir daha sübut
edir
Azərbaycan Respublikasında
qeyri-neft sektorunun daha çox gəlir gətirən əsas
sahələrindən olan turizmin bütün növlərinin
- mövsümi xarakter daşıyan yay və qış
turizmləri, beynəlxalq kütləvi tədbirlərlə əlaqədar
olan idman turizmi, xüsusən də müalicə turizminin
inkişafı və genişləndirilməsi
istiqamətində son illərdə böyük nailiyyətlər
əldə olunub. Ölkəmizin beynəlxalq turizm mərkəzlərindən
birinə çevrilməsində Azərbaycan Respublikasında
turizm sektorunun dayanıqlı inkişafını təmin etmək
və turizmin ölkə iqtisadiyyatının aparıcı
sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə Prezident İlham
Əliyev tərəfindən 6 aprel 2010-cu il tarixində təsdiq
edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan
Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində
görülən irimiqyaslı işlər böyük
rol oynayıb.
Təsadüfi deyil ki, fevralın
12-də “Real” televiziya kanalına müsahibəsində Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmiz üçün
perspektiv vəd edən sahələrdən biri olan turizmin
inkişafı üzrə görülən işlərdən
bəhs edərək deyib ki, çalışırıq ki,
Azərbaycanın turizm imkanlarını genişləndirək
və bu istiqamətdə müxtəlif addımlar
atırıq: “İlk növbədə, əlbəttə ki,
infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa,
heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda
altı beynəlxalq hava limanı fəaliyyət göstərir.
Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu,
hotellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə
ki, hər bir turist üçün təhlükəsizlik məsələləri,
xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan
dünyanın bəlkə də ən təhlükəsiz
ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi,
gözəl iqlim, gözəl şərait. Bütün bunlar
turizmin inkişafı üçün əsas şərtlər
idi ki, biz bunları yaratdıq”.
Dövlətimizin
başçısı Azərbaycana turistlərin cəlb
olunmasında ölkəmizdə keçirilmiş beynəlxalq
tədbirlərin xüsusi rol oynadığını
vurğulayıb: “2015-ci ildə keçirilmiş Avropa
Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş
birinci Formula 1 yarışından sonra Azərbaycana gələn
turistlərin sayı 22 faiz artdı... Ondan sonra - 2017-ci
ildə İslam Həmrəyliyi Oyunları
keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən
gələn turistlərin sayı kəskin artdı. Bəzi
ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların
da çox böyük təsiri oldu... Təkcə Formula 1
yarışı birbaşa ölkəmizə, ölkəmizin
xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin
daxil olmasına şərait yaratdı. Yarım milyard
auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan
üçün çox böyük fayda gətirir...”.
Dövlət başçısı Azərbaycanda
turizm sənayesinin daha da sürətlə inkişafında əsas
rol oynayan xidmət sektorunda əldə edilən nailiyyətlər
və turizmdən dövlətimizin büdcəsinə daxil
olan gəlirlərdən də bəhs edib: “Turizm ixracın
bir növüdür. Mən bir müqayisə gətirim sizin
üçün. Keçən il kənd təsərrüfatı
məhsullarının ixracından Azərbaycan turizmdən gələn
vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm
ixrac növüdür. Keçən il Azərbaycana turizmdən
iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara,
xidmət sektoruna, vergilərə və ümumi inkişafa
xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin
təcrübəsini öyrənirik və
çalışırıq ki, Azərbaycanda turizm sənayesi
daha da sürətlə inkişaf etsin. Keçən il
ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il
daha çox gələcək. Bu, bizim iqtisadi
inkişafımızın çox önəmli istiqamətidir”.
Regionlarda yolların və körpülərin
inşası, bərpası işləri də bu yöndə
aparılan fəaliyyətlərin tərkib hissəsidir. Məsələn,
turistlərin daha çox səfər etdiyi Xınalıq kəndinə
gediş-gəlişi asanlaşdırmaq üçün Quba
rayonunun Susay-Xınalıq avtomobil yolunda tikinti işləri
davam edir. Məlum olduğu kimi, təbii amillərin
təsiri, qar uçqunları, torpaq sürüşmələrinin
baş verməsi və iri qaya parçalarının yola
tökülməsi ölkənin cəlbedici turizm
marşrutlarından olan, 2007-ci ildə istifadəyə
verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez bağlanmasına
səbəb olur. Layihəyə uyğun olaraq bu il ərzində
53 kilometr uzunluğundakı Quba-Susay-Xınalıq avtomobil
yoluna asfalt döşənəcək. Yolun hərəkət
hissəsi 7 metr olmaqla, yol yatağının eni 11 metr təşkil
edəcək. Yolun 5 kilometrində asfaltlama işləri
başa çatdırılıb.
Hazırda tikinti işləri rayonun Alpan kəndi
ərazisində, Quruçay üzərində yeni
körpülərin inşası ilə davam etdirilir.
Quba-Susay-Xınalıq avtomobil yolunun Quruçay çayı
üzərindən keçən hissəsində hər
birinin uzunluğu 60 metr olan iki körpü tikiləcək.
Artıq birinci körpünün özülünün və
sütunlarının tikintisinə başlanılıb.
Körpülərin inşası 3 aya yekunlaşacaq. Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30
kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin
sözügedən yoldan 4,8 kilometr məsafədə
dağlıq ərazidə yerləşən Qrız kəndinə
gedən avtomobil yolunun tikintisi yerli əhalinin və turistlərin
Xınalıq kəndinə alternativ yolla rahat gediş-gəlişinin
təmin edəcək.
Abşeron rayonunda da turizm sektorunun
inkişafı üşün bir sıra işlər
aparılır. Belə ki, 2018-ci ildə
sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə
qarşıda duran vəzifələrə dair hesabat
iclasında Abşeron Rayon İcra Hakimiyyətinin
başçısı İradə Gülməmmədova
hesabat məruzəsində bildirib ki, Prezidentin müvafiq Sərəncamı
ilə 2018-ci ilin iyul ayında Məmmədli kəndində
yerləşən “Yanardağ” dövlət
tarix-mədəniyyət və təbiət qoruğunun
müasir standartlara uyğunlaşdırılması və ərazidə
turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan
Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon
manat vəsait ayrılıb və hazırda bununla
bağlı yenidənqurma işləri davam etdirilir.
Hələ müstəqillikdən əvvəlki
dövrdən müalicə turizmi ənənələrinə
malik olan regionların potensialını dəyərləndirməklə
turizmin inkişafı proqramlarının yerinə yetirilməsi
çərçivəsində xeyli işlər
görülüb. Bu qəbildən olan kurort yerlərindən
biri də bütün dünyada tanınan və müasir səviyyəli
turizm obyektlərindən olan Naftalan şəhəridir. Yeri gəlmişkən,
xatırladaq ki, Naftalanın inkişafı Ulu Öndər Heydər
Əliyevin daim diqqət mərkəzində olub. Hələ 1982-ci il fevralın 19-da Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsi “Naftalan kurort
şəhərinin daha da inkişaf etdirilməsi haqqında”
xüsusi qərar qəbul edib, sonrakı illərdə
Naftalanda müalicə olunanların sayı 35 mindən 70 minə
yüksəlib.
Həmin ənənənin
davamı olaraq Prezident İlham Əliyevin Naftalan kurortunun
inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin
uğurlu icrası və regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları çərçivəsində
həyata keçirilən tədbirlər nəticəsində
şəhər özünün yeni inkişaf
dövrünə qədəm qoyub. Bu gün
Naftalan həm müalicəvi neftinə, həm də
müasir turizm infrastrukturuna görə yerli və xarici turistlərin
diqqətini daha çox cəlb edən kurort şəhərlərindən
birinə çevrilib. 2018-ci il də şəhər
iqtisadiyyatının əsasını təşkil edən
turizm sahəsi üçün uğurlu illərdən
olub.
Belə ki, ötən il Naftalana
sağlamlığını bərpa etmək və ya istirahət
etmək üçün üz tutan turistlərin sayı əvvəlki
illə müqayisədə 4,6 faiz artıb. Keçən il
şəhərin turizm obyektlərində 37 min 623 nəfər
turist qeydə alınıb ki, onların da 11 min 700-ü
dünyanın 57 ölkəsindən gələn turistlər
təşkil edib. Xarici ölkələrdən gələnlərin
sayı əvvəlki hesabat ili ilə müqayisədə 24,2
faiz artıb.
Bir faktı da qeyd etmək
lazımdır ki, “Chinar Hotel & SPA Naftalan” kompleksi və
“Qaşaltı” sanatoriya kompleksi, həmşinin “Qarabağ SPA
and Resort” hotelində yeni il ərəfəsində boş yer
olmayıb. Ümumilikdə həmin günlərdə 2500 nəfərdən
çox turist həm istirahət edib, həm də müalicə
alıb. Naftalanda yeni ili qarşılamaq istəyənlər arasında
xarici ölkə vətəndaşları çoxluq təşkil
edib. Xüsusən də Rusiya, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan və Belarusdan olan vətəndaşlar
Naftalanı seçib. Hazırda şəhərdə fəaliyyət
göstərən 3-ü beşulduzlu olmaqla 10 sanatoriya və
müalicə mərkəzi 2200 turisti qəbul edə bilir.
Statistik təhlillər göstərir ki,
Naftalana gələn xarici turistlərin sayı ildən-ilə
artır. İndi şəhərin beynəlxalq turizm
potensialını inkişaf etdirmək üçün
Naftalanda yeni Avtovağzal-hotel kompleksi tikilir. Tikinti işlərində
30 nəfər çalışır. İnşaat işləri
yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə
təmin olunması nəzərdə tutulur. Bununla
yanaşı, yenidən qurulan 10 mərtəbəli “Naftalan”
mehmanxanasında 35 nəfər müvəqqəti işlə
təmin edilib. Hazırda binada son tamamlama işləri aparılır.
İstifadəyə verildikdən sonra mehmanxana “Naftalan Hotel
& SPA” adı altında fəaliyyət göstərəcək.
Naftalan nefti əsasında
müalicə olunmaq istəyən turistlərin, eləcə də
səhhətində müəyyən problemlər olan
insanların sayının çoxluğu nəzərə
alınaraq şəhərdə daha bir müalicə mərkəzi
inşa olunaraq ötən ilin yay mövsümündə
istifadəyə verilib. Ümumi sahəsi 300 kvadratmetrə
yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən,
12 otaqdan ibarətdir. Burada 15 nəfər daimi işlə təmin
olunub.
18,8 hektar ərazidə yerləşən 312
yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə
2007-ci ilin mayında başlanılıb, 2010-cu ilin
noyabrında sona çatdırılıb. Kompleksdə 200 nəfər
işlə təmin edilib.
“Qaşaltı” sanatoriya kompleksi
“Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə
inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində
inşa olunub. 200 işçinin
çalışdığı beşmərtəbəli
sanatoriyada poliklinika şöbəsi, su prosedurları və
yataq korpusları fəaliyyət göstərir.
13 hektardan çox sahəsi olan “Qarabağ SPA
and Resort” kompleksinin əhəmiyyətini artıran
mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə
çoxsaylı istirahət məkanlarının
olmasıdır. Helikopter meydançasının da olduğu
kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və
geniş yaşıllıq zolaqları salınıb.
(davamı növbəti
sayımızda)
Qaşqay RAMAZANOV