Ölkəmizdə təhsil infrastrukturu quruculuğu uğurla davam edir

 

Hazırda bir çox bölgələrdə yeni məktəb binaları tikilib istifadəyə verilir

Məlum olduğu kimi, ölkəmizdə digər işlər kimi infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə də, Azərbaycanın bütün bölgələrində infrastrukturun yenilənməsi, o cümlədən abadlıq-quruculuq işləri reallaşdırılıb və bu gün də uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilir.

Bu məqamda qeyd edək ki, ölkəmizdə təhsil infrastrukturunun yenidən qurulması işi də dövlətimizin xüsusi diqqət mərkəzindədir. Bu da səbəbsiz deyil. Belə ki, Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Yəni Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Bir sözlə, Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib.

Beləliklə, ötən illərdə olduğu kimi, hazırda da regionlarda yeni məktəb binalarının, o cümlədən modul tipli məktəblərin tikintisi uğurla davam etdirilir. Məsələn ötən ay Füzuli şəhər 24 nömrəli tam orta məktəb üçün Beyləqan rayonu ərazisində quraşdırılan modul tipli bina istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və təhsil şöbəsinin müdiri Ramella Məmmədova müəllim, şagird və valideynləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, məcburi köçkünlərə və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.

Məlumat verilib ki, Prezident İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına Füzuli şəhər 20 və 24 nömrəli tam orta məktəblər üçün modul tipli binalar quraşdırılıb. 20 nömrəli tam orta məktəb üçün İmişli rayonu ərazisində quraşdırılan bina 80, 24 nömrəli tam orta məktəb üçün Beyləqan rayonu ərazisində qurulan bina isə 56 şagird yerlikdir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasındadır. Modul tipli məktəb binalarının tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Tədbirdə çıxış edən pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına və birinci xanım Mehriban Əliyevaya ölkə təhsilinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Tanışlıq zamanı bildirilib ki, sinif otaqları, direktor və müəllimlər otağı, kitabxana, sanitar qovşaqdan ibarət məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətdə abadlıq işləri aparılıb.

Qeyd edək ki, ötən ay Beyləqan rayonunun Əhmədli və Gödəklər kənd tam orta məktəbləri üçün də quraşdırılan modul tipli binalar istifadəyə verilib. Prezident İlham Əliyevin “Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 2018-ci il 27 mart tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına qurulan binaların hər biri 96 şagird yerlikdir.

Məktəb binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Çıxış edənlər müəllim, şagird və valideynləri təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.

Bildirilib ki, 2003-2018-ci illərdə Beyləqan rayonunda 16 yeni məktəb binası tikilib, 5 məktəb əsaslı təmir edilib, 2 məktəbin hər birində 120 yerlik 6 sinif otağı inşa olunub. Bu məktəblərdə təhsil alan 7018 şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Hazırda Xalac kənd tam orta məktəbinin binası əsaslı təmir olunur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 fevral tarixli Sərəncamı ilə rayonun Dünyamalılar kəndində 624 şagird yerlik yeni məktəb binası inşa ediləcək.

Təhsil infrastruktur quruculuğu istiqamətində görülən işlər çərçivəsində Ağdam şəhər 65 nömrəli köçkün tam orta məktəbi üçün Bərdə rayonu ərazisində quraşdırılan modul tipli bina istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov və təhsil şöbəsinin müdiri Mətanət Misirxanova müəllim, şagird və valideynləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.

Bildirilib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 56 şagird yerlik məktəb 7 sinif otağı, müəllimlər otağı və sanitar qovşaqdan ibarətdir. Məktəbə su, kanalizasiya, rabitə xətləri çəkilib, istilik sistemi, telefon, internet, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Bununla yanaşı, Ağdam şəhər 85 nömrəli köçkün tam orta məktəb üçün quraşdırılan modul tipli bina da istifadəyə verilib. Prezident İlham Əliyevin “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamına əsasən quraşdırılan bina 96 şagird yerlikdir.

Onu da qeyd edək ki, hazırda Ağdamın Birinci Yüzbaşılı kənd tam orta məktəbi üçün 132 şagird yerlik yeni bina inşa edilir. Tikinti işləri Prezident İlham Əliyevin “Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında” 2018-ci il 5 noyabr tarixli Sərəncamına əsasən aparılır. İkimərtəbəli yeni məktəb binasında sinif otaqları, hərbi hazırlıq, informatika və hesablama texnologiyası kabinələri, kimya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və sair otaqlar yaradılacaq. Həyətdə idman meydançası, qazanxana, transformator, içməli, çirkab və yanğın əleyhinə su anbarları inşa ediləcək, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.

Artıq binanın B və C bloklarının təməli qoyulub, A blokunun zirzəmi hissəsində dəmir-beton işləri yekunlaşıb. Tikinti işlərinin bu ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulur.

Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisinə başlanılması kənd sakinlərinin, ziyalıların, müəllimlərin, şagirdlərin və valideynlərin böyük sevincinə səbəb olub. Birinci Yüzbaşılı kənd tam orta məktəbinin direktoru Polad Zeynalov KİV-ə açıqlamasında bildirib ki, 1991-ci ildən bir sinif kompleksindən ibarət ibtidai məktəb kimi yaradılan təhsil ocağı sonralar əsas məktəb, 2008-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbdə 111 şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim məşğuldur. Tam orta məktəb üçün uyğun olmayan binada fəaliyyət göstərməsinə baxmayaraq, məktəbin şagirdlərinin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.

“Ağdam rayonunun cəbhə xəttində yerləşən Birinci Yüzbaşılı kəndində yeni məktəb binasının tikilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən Sərəncam imzalanması təhsilin inkişafına yönələn siyasətin bariz nümunəsidir. İnanıram ki, məktəbimiz üçün yeni binanın inşa edilməsi təhsilin səviyyəsinin daha da yüksəlməsinə səbəb olacaq”, - deyə P.Zeynalov bildirib.

Respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də uşaq bağçalarının, orta və ali təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki bazasının zənginləşdirilməsi, ümumilikdə isə təlim-tərbiyə işinin müasir səviyyədə qurulması və təhsilin bütün pillələrində keyfiyyətə nail olunması istiqamətində kompleks işlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin 1076 şagird yerlik 7 nömrəli tam orta məktəbinin binasında hazırda əsaslı təmir işləri davam etdirilir. Cari ildə, həmçinin şəhərin 18, 28 və 34 nömrəli tam orta məktəblərinin əsaslı təmiri, 7 və 32 nömrəli körpələr evi-uşaq bağçalarının isə tikintisi nəzərdə tutulur.

Xızı rayonunda isə 420 şagird yerlik ikimərtəbəli məktəb binasının inşasına başlanılıb. Rafiq İsmayılov adına Xızı şəhər 1 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina bu ilin sonuna kimi istifadəyə veriləcək. Hazırda özülünün inşası aparılan məktəb binasının tikinti sahəsi 2 min 164 kvadratmetrdir.

Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.

Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunacaq. Xızı Rayon Təhsil şöbəsindən bildirilib ki, son 5 ildə rayonda 4 yeni məktəb binası tikilərək istifadəyə verilib. Bu təhsil ocaqlarından ikisi modul tipli məktəblərdir.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 8 mart.- S.7