Naxçıvan Muxtar
Respublikasının xilası və dirçəlişi
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin
adı ilə bağlıdır
14 mart 1991-ci ildə Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvan
MR-in Ali Məclisi SSRİ-nin saxlanılmasına dair
ümumittifaq referendumunda Muxtar Respublikanın iştirak etməməsi
barədə qərar qəbul edib
Müasir Azərbaycan dövlətinin
tarixin səhnəsində özünəməxsus yer
tutmasını, gerçək müstəqilliyini əldə
edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət,
əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev
olmuşdur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
xalqı və dövləti qarşısındakı
xidmətləri misilsizdir. Ümumiyyətlə, Ulu Öndər
Heydər Əliyevin xalqımız və dövlətimiz
qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin
bütün mərhələlərini əhatə edir. Ulu
Öndərin xalqımız qarşısında ən
böyük xidmətlərindən biri, şübhəsiz ki,
Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində
ölkənin siyasi tarixində yeni bir mərhələnin
açılmasıdır. Bu kontekstdə Ümummilli Liderin fəaliyyətinin
Naxçıvan dövrü də xüsusi qeyd edilməlidir.
Çünki həmin dövrün prosesləri və
reallıqları Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən
birini təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
ilə görülən işlər Naxçıvan Muxtar
Respublikasının tənəzzüldən xilas olaraq tərəqqi
yoluna çıxmasını təmin etdi
Həmin dövrə nəzər saldıqda bu
mərhələnin milli dövlətçilik ənənələrinin
bərpası baxımından da xüsusi əhəmiyyətə
malik olduğu görünür. Bu kontekstdə bir sıra məqamları
xüsusi vurğulamaq lazımdır.
Əvvəla qeyd etmək gərəkdir ki,
1990-cı ildə Azərbaycan olduqca mürəkkəb
situasiya qarşısında idi. Eyni zamanda, həmin dövrdə
Naxçıvan Muxtar Respublikasının blokada şəraitində
olması, sosial-iqtisadi durumunun bərbad olması, hakimiyyətin
muxtar qurum üzərində oynamağa
çalışdığı oyunlar Naxçıvanın
da vəziyyətini olduqca mürəkkəbləşdirmişdi.
Yalnız 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin
fəaliyyəti və səyləri sayəsində muxtar
respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi
vəziyyət yaxşılaşdırıldı. Müharibənin
davam etdiyi, sənaye məhsullarının
çatışmadığı, elektrik enerjisinin
olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə
Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər
Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər
və işlər sayəsində Naxçıvanda sabitliyin,
tərəqqinin və həmrəyliyin təmin olunmasına
nail oldu.
Bundan öncə isə 17 noyabr 1990-cı il
tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk
dəfə olaraq üçrəngli bayrağımız
qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar
2 bəndlik qərar qəbul edildi. Bununla
yanaşı, Naxçıvan MSSR adından “Sovet” və
“Sosialist” sözləri çıxarıldı. SSRİ-nin
mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul
və icra edilməsi olduqca yüksək siyasi səriştə
və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər
Əliyev bunu nümayiş etdirdi. Eyni
zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti
dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri
Naxçıvan MR ərazisindən çıxarıldı.
Bundan başqa 1990-cı il 20 Yanvar hadisələrinə
siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul
edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti,
siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla
yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan edilməsi barədə də
tarixi qərar qəbul olundu.
Bir məqama da ayrıca diqqət yetirmək gərəkdir.
Belə ki, o zamankı Azərbaycan rəhbərliyinin
SSRİ-nin qorunub saxlanmasına dair göstərdiyi təşəbbüslərin
əksinə olaraq, Naxçıvan MR Ali Məclisi 1991-ci il 14
mart tarixli qərarı ilə SSRİ-nin saxlanmasına dair
ümumittifaq referendumunda Naxçıvan MR-in
iştirakının yolverilməz olduğunu bəyan
etmişdi. Daha dəqiq desək, Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci
il martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sessiyasında “SSRİ-nin saxlanılmasına dair ümumittifaq
referendumunda Naxçıvan Muxtar Respublikasının
iştirak etməməsi barədə” qərar qəbul edildi.
Ümummilli Liderimizin rəhbərliyi ilə
26 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikası Ali Sovetinin
18 oktyabr 1991-ci il tarixli sessiyasında qəbul edilmiş “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktına münasibətlə əlaqədar
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatı
barədə” qərar qəbul olundu. Bunlar, hər
şeydən əvvəl, Ümummilli Lider Heydər
Əliyevin uzaqgörən siyasətinin, qətiyyəti və
cəsarətinin bariz ifadəsi idi.
Bütövlükdə, Ulu
Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
seçilməsi müasir müstəqil Azərbaycanın
dövlətçilik tarixinin ən mühüm səhifələrindən
birini təşkil edir. Siyasi fəaliyyətinin
Naxçıvan dövründə Ulu Öndər Heydər
Əliyev gördüyü işlər, atdığı
tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın
qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin
etmiş oldu.
Həmin dövrün xarakteristikasından -
ölkədə ozamankı ictimai-siyasi vəziyyətdən bəhs
edərkən mühüm bir məqama da nəzər salmaq məqsədəmüvafiqdir.
Belə ki, ölkəmizdə hökm sürən
mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr
ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə
müraciət etdi. Ümummilli Lider Heydər Əliyev
ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda
Yeni Azərbaycan Partiyasının (YAP)
yaradılmasına və ona rəhbərlik etməyə
razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də
Naxçıvanda keçirilən təsis konfransında Yeni
Azərbaycan Partiyası təsis edildi və Ulu Öndər
Heydər Əliyev partiyanın Sədri seçildi. Yeni Azərbaycan
Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi
yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə
gəldi.
Ulu Öndər Heydər Əliyev müstəqil
Azərbaycan dövlətinin banisidir
Həmin dövrdə ölkəmizdə
mövcud olan vəziyyətə nəzər saldıqda
görünür ki, Azərbaycan vətəndaş müharibəsi
və parçalanmaq təhlükəsinin astanasında olarkən
xalqımız 1993-cü ildə Azərbaycan dövlətini
xilas etmək üçün Ümummilli Lider Heydər
Əliyevə üz tutdu. Beləliklə, iyunun 9-da Ulu
Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi
Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son
qoydu. Bu qayıdış xalqımızı fəlakətdən
xilas etdi. 1993-cü il iyunun 15-də isə Ümummilli lider
Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil
olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri
seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə
yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə
müşayiət edilən daxili siyasi böhrandan
qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli
Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli
Qurtuluş Günü Azərbaycan tarixinin şanlı
qürur səhifəsinə çevrildi.
Bir sözlə, Ulu Öndər Heydər
Əliyev Azərbaycan xalqının xilaskarı
olmasını ölkəmizin müstəqilliyini qoruyub
saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla
sübut etdi. Bütün bunların
qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr
ayının 3-də keçirilən prezident seçkilərinin
nəticələrinə müvafiq olaraq xalqın yüksək
etimadı ilə Azərbaycan Prezidenti seçilən
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata
keçirilən məqsədyönlü tədbirlər
sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin
edildi. Xüsusilə də, 1994-cü il
mayın 12-də cəbhədə atəşkəsin əldə
edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi,
nizami ordu quruculuğu, eləcə də ölkə həyatının
bütün sahələrində dinamik inkişafın təmin
edilməsi baxımından zəruri addımlar
atıldı.
Bunlarla yanaşı, Ümummilli
Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik
xarici siyasət kursu sayəsində ölkəmiz beynəlxalq
arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli
və çoxtərəfli səmərəli xarici əlaqələr
quruldu. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan
iqtisadiyyatında dönüş yarandı və
böyük işlərə başlandı, mühüm əməkdaşlıq
layihələri gerçəkləşdirildi. Eyni
zamanda, Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi
və ardıcıl səyləri nəticəsində Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları əsasında, yəni ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllinə
yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı, məsələnin
mahiyyəti dünya ictimaiyyətinin diqqətinə
çatdırıldı. Ulu Öndər Heydər Əliyev
bir çox dünya dövlətləri ilə bu mövzuda
danışıqlar apararaq beynəlxalq tədbirlərdə,
o cümlədən sammitlərdə Azərbaycanın ərazi
bütövlüyünün dəstəkləndiyi və
Ermənistanın işğalçılıq siyasətinin
pisləndiyi qətnamələrin və bəyanatların qəbul
olunmasına nail oldu.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan
inkişaf yolunda əmin addımlarla irəliləyir
Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycanda son 15 ildə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasət nəticəsində
bütün sahələrdə tarixi əhəmiyyətə
malik olan möhtəşəm nailiyyətlər əldə
olunub, ölkəmizin qüdrəti daha da artıb. Həyata
keçirilən uğurlu siyasətin nəticəsi kimi,
ötən illər ərzində ölkəmizin valyuta
ehtiyatları artıb, müxtəlif sahələri əhatə
edən layihələr uğurla reallaşdırılıb,
çoxşaxəli islahatlar aparılıb. Bu
gün Azərbaycanın inkişaf modeli mütərəqqi
nümunə kimi səciyyələndirilir. Əldə edilən
möhtəşəm nailiyyətlər Azərbaycanın
iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə
milli gücünün artmasını təmin edib.
Uğurlu daxili və xarici siyasət güclü, nüfuzlu
dövlət kimi tanınan Azərbaycanın
qarşısında yeni perspektivlər açıb.
Eyni zamanda, bölgədə
sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan
müasir beynəlxalq münasibətlər sistemində
etibarlı tərəfdaş kimi tanınır və
dünyada böyük etimad qazanıb, strateji tərəfdaşlıq
əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının
sayı artır.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 14 mart.- S.3