Xocalı faciəsi
qurbanlarının xatirəsi Rumıniyada anıldı
Xocalı soyqırımının
27-ci ildönümü ilə bağlı silsilə tədbirlər
çərçivəsində Buxarestdə yerləşən
Rumıniya Milli Kitabxanasında anım mərasimi
keçirilib.Modern.az “Azərtac”a istinadən xəbər verir
ki, tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik
korpusun rəhbərləri, nümayəndələri,
ziyalılar, universitetlərin professor və tələbə
heyətləri, Türk İş Adamları Dərnəyinin,
Türk-Tatar Birliyinin, “SOCAR Petroleum SA” şirkətinin əməkdaşları,
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan
İkitərəfli Sənaye və Ticarət Palatası,
Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər
Assosiasiyası İdarə heyətlərinin üzvləri, bu
ölkədə yaşayan və təhsil alan azərbaycanlılar,
yerli jurnalistlər iştirak ediblər.
Əvvəlcə tədbir
iştirakçıları Xocalı soyqırımı
qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla
yad ediblər.
Anım mərasimini giriş
sözü ilə açan Azərbaycanın
Rumıniyadakı səfiri Hüseyn Nəcəfov qeyd edib ki,
Xocalı faciəsi Azərbaycan xalqına və
insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən biridir. 1992-ci il fevralın
25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri SSRİ dövründən
Xankəndi şəhərində yerləşən 366-cı
motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin
köməyi ilə Xocalı şəhərində qadın,
qoca və uşaqlar da daxil olmaqla yüzlərlə
günahsız dinc əhaliyə qarşı ən qəddar
cinayətlər törədiblər.
Səfir bildirib ki, erməni millətçilərinin
“böyük Ermənistan” yaratmaq xülyası ilə Azərbaycan
xalqına qarşı törətdikləri bu qətliam nəticəsində
106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan
olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov
götürülüb, 150 nəfərin taleyi isə bu
günədək naməlum olaraq qalmaqdadır. Həmin
gecə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki
valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı
uşaq olmaqla 487 nəfər yaralanıb.Bunun insanlığa
sığmayan, öncədən planlaşdırılmış,
milli mənsubiyyətinə görə insanların məhv
olunması xarakteri daşıyan bir cinayət olduğu və
buna görə də beynəlxalq hüquqa əsasən
Xocalı faciəsinin soyqırımı olması tədbir
iştirakçılarının diqqətinə
çatdırılıb.
Səfir qeyd edib ki, yalnız Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra bu qanlı faciəyə
siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan
parlamenti tərəfindən 26 fevral Xocalı
soyqırımı günü elan edildi.Xocalı
faciəsinin dinc əhaliyə qarşı yönəldilmiş
soyqırımı kimi tanıdılması və bu barədə
bütün həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində məqsədyönlü
və ardıcıl fəaliyyət həyata keçirildiyini
deyən H.Nəcəfov qeyd edib ki, 2008-ci
il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə “Xocalıya
ədalət!” beynəlxalq informasiya və təbliğat
kampaniyasına başlanılıb. Ötən müddət ərzində
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində
70-dən çox ölkədə müxtəlif tədbirlər
təşkil edilib. Dünyanın 10-dan
çox ölkəsinin parlamenti, 57 ölkəni özündə
birləşdirən İslam Əməkdaşlıq Təşkilatı,
eləcə də ABŞ-ın 20-dən çox
ştatının qanunverici orqanı Xocalı qətliamının
soyqırımı olduğunu təsdiq ediblər.
Səfir hər il Xocalı soyqırımının
ildönümünün respublikamızda və dünyanın
müxtəlif ölkələrində ürəkağrısı
ilə qeyd olunduğunu bildirib. Diplomat diqqətə
çatdırıb ki, Xocalı soyqırımının
27-ci ildönümü ilə əlaqədar Bakıda ön
sıralarında Azərbaycan Prezidenti İlham Əliyevin və
birinci xanım Mehriban Əliyevanın olduğu ümumxalq
yürüşü keçirilib.Sonra Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər
üzrə köməkçisi Əli Həsənov
çıxış edib. Əli Həsənov qeyd edib ki, son
iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan
torpaqları hesabına mifik “böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək məqsədilə
dəfələrlə xalqımıza qarşı terror,
kütləvi qırğın, deportasiya və etnik təmizləmə
kimi bəşəri cinayətlər törədiblər. Erməni xalqının bir neçə nəsli
milli müstəsnalıq, Azərbaycan xalqına qarşı
düşmənçilik ruhunda tərbiyə edilib, erməni
“alim”lərinin səyləri ilə bölgənin tarixi
saxtalaşdırılıb, azərbaycanlılara qarşı
kəskin mənəvi təcavüz kampaniyası aparılıb.Prezidentin köməkçisi XX əsrin 80-ci illərinin
ikinci yarısında ermənilərin SSRİ-də
yaranmış siyasi vəziyyətdən istifadə edərək
Azərbaycana qarşı açıq ərazi iddiası irəli
sürmələrindən, Ermənistanda yaşayan 200 minə
qədər azərbaycanlının deportasiya edilməsindən, Dağlıq Qarabağın azərbaycanlı
icmasına qarşı kütləvi terror və
qırğınlar həyata keçirilməsindən,
Dağlıq Qarabağ probleminin əsl mahiyyətindən ətraflı
bəhs edib.Xocalı soyqırımı haqqında
danışan Əli Həsənov bildirib ki, bu qətliamı
törətməkdə düşmənin məqsədi
Azərbaycan xalqını sarsıdaraq suverenlik və ərazi
bütövlüyü uğrunda mübarizədən çəkindirmək
və torpaqlarını zorla ələ keçirmək idi. Ermənistan Xocalı faciəsini törətdikdən
sonra Azərbaycana qarşı hərbi təcavüzün
miqyasını daha da genişləndirdi, Dağlıq
Qarabağın hüdudlarından kənara çıxaraq
daha 7 rayonu işğal etdi, bir milyona yaxın azərbaycanlını
qaçqın və məcburi köçkünə
çevirdi.Prezidentin köməkçisi
vurğulayıb ki, Azərbaycan dövləti və şəxsən
Prezident İlham Əliyev Xocalı soyqırımının
dünyada tanıdılması, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması və
təcavüzkarın ifşa olunması
üçün bütün zəruri addımları
atıb, bu istiqamətdə irəli sürülən ictimai təşəbbüsləri
dəstəkləyib. Daha sonra Əli Həsənov
son illər geniş vüsət almış “Xocalıya ədalət!”
beynəlxalq kampaniyasından bəhs edib, ayrı-ayrı
ölkələrin dövlət qurumlarını və
ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə
adekvat qiymət verməyə çağırıb.Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə
dair beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrdən
danışan Əli Həsənov Azərbaycanın ərazi
bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığının bu qətnamələrdə
öz təsbitini tapdığını tədbir
iştirakçılarının diqqətinə
çatdırıb. Hazırda Ermənistan bütün beynəlxalq
hüquq normalarını pozaraq işğalçılıq
siyasətini davam etdirir. Bununla yanaşı,
dünyadakı erməni diasporu və lobbisi mütəmadi
olaraq 1915-ci il hadisələrini gündəmə gətirərək
Azərbaycan torpaqlarının işğalını,
Dağlıq Qarabağ problemini və Xocalı
soyqırımını, evindən qovulmuş bir milyona
yaxın azərbaycanlının böyük faciəsini
unutdurmaq və diqqətdən kənarda saxlamaq istəyir. Ona görə də bu günlərdə həm Azərbaycanın,
həm də qardaş Türkiyənin vətəndaş cəmiyyəti
təşkilatları, diaspor qurumları və
ziyalıları öz ölkələrinin rəsmi dövlət
orqanlarına hər cür ictimai dəstək verərək
Xocalı soyqırımı və Azərbaycan
torpaqlarının işğalına dair digər faktları
dünya ictimaiyyətinin diqqətinə
çatdırmalı, baş verənlərin obyektiv
qavranılmasına və adekvat hüquqi-siyasi qiymətinin
almasına çalışmalıdırlar. Azərbaycan və
türk diaspor təşkilatları öz çevikliyini və
mütəşəkkilliyini artırmalı, əlaqəli
şəkildə fəaliyyət göstərməlidirlər.
Daha sonra çıxış edən
Buxarest Dövlət Universitetinin professoru, Rumıniya-Azərbaycan
Dostluq Cəmiyyətinin sədri Dumitru Balan Azərbaycan
xalqının uzaq və yaxın keçmişdə öz
dövlətinin qurulması və müstəqilliyinin
qorunması uğrunda böyük əziyyətlər çəkdiyini
deyib. Bildirib ki, Azərbaycanın Cənubi Qafqazın ən
zəngin ölkələrindən biri olması, regiondakı
strateji əhəmiyyəti bu çətinliklərin əsas
səbəbləridir. Professor Azərbaycanın
hər zaman böyük imperiyaların diqqət mərkəzində
olduğunu vurğulayıb. Ölkəmizin müstəqillik
tarixindən danışan D.Balan Xocalı
soyqırımının yalnız Xocalı şəhərinin
günahsız sakinlərinə qarşı deyil, həm də
bütünlüklə bəşəriyyətə,
bütün sivilizasiyalara və beynəlxalq aləmə
qarşı törədilən soyqırımı olduğunu
vurğulayıb.
Sonda çıxış edən
“Geopolitika” jurnalının baş redaktoru Vasile Simileanu Azərbaycan
xalqına başsağlığı verərək bildirib ki,
rəhbərlik etdiyi “Topform” nəşriyyatı tərəfindən
Dağlıq Qarabağ münaqişəsinin, Xocalı
soyqırımının həqiqətlərini təbliğ
edən bir sıra kitablar çap edilib. O cümlədən
Azərbaycan xalqının müstəqillik tarixi, İrəvan
xanlığı, Rumıniya və Azərbaycan arasında
münasibətlərə dair kitablar da işıq üzü
görüb. Bütün bu nəşrlər rumın cəmiyyətində
dost, qardaş Azərbaycan xalqının tarixini dərindən
başa düşməyə fürsət yaradıb.
Xocalı faciəsinə toxunan V.Simileanu bəşəriyyətə
qarşı törədilən bu cinayətin təşkilatçılarının
tezliklə cəzalarını alacaqlarına əmin
olduğunu və Cənubi Qafqazı hər zaman sülh
içində görmək istədiyini vurğulayıb.
Tədbirdə Heydər Əliyev Fondunun
hazırladığı “Xocalı soyqırımı”
adlı film nümayiş olunub.
Xocalı soyqırımı qurbanlarının
əziz xatirəsinə ehsan süfrəsi açılıb.
Xocalıda törədilən vəhşilikləri
əks etdirən fotoşəkillər və xarici ölkələrin
nüfuzlu nəşrlərində bu faciə barədə dərc
edilmiş materiallar, rumın, ingilis və digər dillərdə
broşürlər, kitablar, CD-lər, məqalələr tədbir
iştirakçılarının marağına səbəb
olub.
Yeni Azərbaycan.-
2019.- 1 mart.- S.4.