Ölkəmizdə turizmin inkişafı üçün məqsədyönlü siyasət həyata keçirilir

 

Azərbaycanın regionlarında yeni sanatoriyaların, mehmanxanaların inşası, mövcud olan obyektlərin təmiri və bərpası bunu bir daha sübut edir

Azərbaycan Respublikasında qeyri-neft sektorunun daha çox gəlir gətirən əsas sahələrindən olan turizmin bütün növlərinin - mövsümi xarakter daşıyan yay və qış turizmləri, beynəlxalq kütləvi tədbirlərlə əlaqədar olan idman turizmi, xüsusən də müalicə turizminin inkişafı və genişləndirilməsi istiqamətində son illərdə böyük nailiyyətlər əldə olunub. Ölkəmizin beynəlxalq turizm mərkəzlərindən birinə çevrilməsində Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq məqsədilə Prezident İlham Əliyev tərəfindən 6 aprel 2010-cu il tarixində təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində görülən irimiqyaslı işlər böyük rol oynayıb.

Təsadüfi deyil ki, fevralın 12-də “Real” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkəmiz üçün perspektiv vəd edən sahələrdən biri olan turizmin inkişafı üzrə görülən işlərdən bəhs edərək deyib ki, çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq: “İlk növbədə, əlbəttə ki, infrastruktur yaradılmalı idi. Əgər infrastruktur yoxdursa, heç bir turist buraya gəlməz. Azərbaycanda hazırda altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Gözəl yollar, dəmir yolları, xidmət infrastrukturu, hotellər, ictimai yerlər yaradılmalı idi. Əlbəttə ki, hər bir turist üçün təhlükəsizlik məsələləri, xüsusilə indiki zəmanədə ön plandadır. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. Xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, gözəl şərait. Bütün bunlar turizmin inkişafı üçün əsas şərtlər idi ki, biz bunları yaratdıq”.

Dövlətimizin başçısı Azərbaycana turistlərin cəlb olunmasında ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlərin xüsusi rol oynadığını vurğulayıb: “2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula 1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artdı... Ondan sonra - 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Biz gördük ki, müsəlman ölkələrindən gələn turistlərin sayı kəskin artdı. Bəzi ölkələrdən 3-4 dəfə. Yəni, bu Oyunların da çox böyük təsiri oldu... Təkcə Formula 1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratdı. Yarım milyard auditoriyası olan bu yarış əlbəttə ki, Azərbaycan üçün çox böyük fayda gətirir...”.

Dövlət başçısı Azərbaycanda turizm sənayesinin daha da sürətlə inkişafında əsas rol oynayan xidmət sektorunda əldə edilən nailiyyətlər və turizmdən dövlətimizin büdcəsinə daxil olan gəlirlərdən də bəhs edib: “Turizm ixracın bir növüdür. Mən bir müqayisə gətirim sizin üçün. Keçən il kənd təsərrüfatı məhsullarının ixracından Azərbaycan turizmdən gələn vəsaitdən daha az vəsait əldə etdi. Yəni, turizm ixrac növüdür. Keçən il Azərbaycana turizmdən iki milyard dollar vəsait daxil oldu. Bu vəsait vətəndaşlara, xidmət sektoruna, vergilərə və ümumi inkişafa xidmət göstərir. Ona görə biz qabaqcıl ölkələrin təcrübəsini öyrənirik və çalışırıq ki, Azərbaycanda turizm sənayesi daha da sürətlə inkişaf etsin. Keçən il ölkəmizə 2 milyon 800 min xarici qonaq gəlmişdi. Bu il daha çox gələcək. Bu, bizim iqtisadi inkişafımızın çox önəmli istiqamətidir”.

Regionlarda yolların və körpülərin inşası, bərpası işləri də bu yöndə aparılan fəaliyyətlərin tərkib hissəsidir. Məsələn, turistlərin daha çox səfər etdiyi Xınalıq kəndinə gediş-gəlişi asanlaşdırmaq üçün Quba rayonunun Susay-Xınalıq avtomobil yolunda tikinti işləri davam edir. Məlum olduğu kimi, təbii amillərin təsiri, qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez bağlanmasına səbəb olur. Layihəyə uyğun olaraq bu il ərzində 53 kilometr uzunluğundakı Quba-Susay-Xınalıq avtomobil yoluna asfalt döşənəcək. Yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 11 metr təşkil edəcək. Yolun 5 kilometrində asfaltlama işləri başa çatdırılıb.

Hazırda tikinti işləri rayonun Alpan kəndi ərazisində, Quruçay üzərində yeni körpülərin inşası ilə davam etdirilir. Quba-Susay-Xınalıq avtomobil yolunun Quruçay çayı üzərindən keçən hissəsində hər birinin uzunluğu 60 metr olan iki körpü tikiləcək. Artıq birinci körpünün özülünün və sütunlarının tikintisinə başlanılıb. Körpülərin inşası 3 aya yekunlaşacaq. Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi yerli əhalinin və turistlərin Xınalıq kəndinə alternativ yolla rahat gediş-gəlişinin təmin edəcək.

Abşeron rayonunda da turizm sektorunun inkişafı üşün bir sıra işlər aparılır. Belə ki, 2018-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat iclasında Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hesabat məruzəsində bildirib ki, Prezidentin müvafiq Sərəncamı ilə 2018-ci ilin iyul ayında Məmmədli kəndində yerləşən “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və ərazidə turizm infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon manat vəsait ayrılıb və hazırda bununla bağlı yenidənqurma işləri davam etdirilir.

Hələ müstəqillikdən əvvəlki dövrdən müalicə turizmi ənənələrinə malik olan regionların potensialını dəyərləndirməklə turizmin inkişafı proqramlarının yerinə yetirilməsi çərçivəsində xeyli işlər görülüb. Bu qəbildən olan kurort yerlərindən biri də bütün dünyada tanınan və müasir səviyyəli turizm obyektlərindən olan Naftalan şəhəridir. Yeri gəlmişkən, xatırladaq ki, Naftalanın inkişafı Ulu Öndər Heydər Əliyevin daim diqqət mərkəzində olub. Hələ 1982-ci il fevralın 19-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi “Naftalan kurort şəhərinin daha da inkişaf etdirilməsi haqqında” xüsusi qərar qəbul edib, sonrakı illərdə Naftalanda müalicə olunanların sayı 35 mindən 70 minə yüksəlib.

Həmin ənənənin davamı olaraq Prezident İlham Əliyevin Naftalan kurortunun inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin uğurlu icrası və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində şəhər özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün Naftalan həm müalicəvi neftinə, həm də müasir turizm infrastrukturuna görə yerli və xarici turistlərin diqqətini daha çox cəlb edən kurort şəhərlərindən birinə çevrilib. 2018-ci il də şəhər iqtisadiyyatının əsasını təşkil edən turizm sahəsi üçün uğurlu illərdən olub.

Belə ki, ötən il Naftalana sağlamlığını bərpa etmək və ya istirahət etmək üçün üz tutan turistlərin sayı əvvəlki illə müqayisədə 4,6 faiz artıb. Keçən il şəhərin turizm obyektlərində 37 min 623 nəfər turist qeydə alınıb ki, onların da 11 min 700-ü dünyanın 57 ölkəsindən gələn turistlər təşkil edib. Xarici ölkələrdən gələnlərin sayı əvvəlki hesabat ili ilə müqayisədə 24,2 faiz artıb.

Bir faktı da qeyd etmək lazımdır ki, “Chinar Hotel & SPA Naftalan” kompleksi və “Qaşaltı” sanatoriya kompleksi, həmşinin “Qarabağ SPA and Resort” hotelində yeni il ərəfəsində boş yer olmayıb. Ümumilikdə həmin günlərdə 2500 nəfərdən çox turist həm istirahət edib, həm də müalicə alıb. Naftalanda yeni ili qarşılamaq istəyənlər arasında xarici ölkə vətəndaşları çoxluq təşkil edib. Xüsusən də Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Belarusdan olan vətəndaşlar Naftalanı seçib. Hazırda şəhərdə fəaliyyət göstərən 3-ü beşulduzlu olmaqla 10 sanatoriya və müalicə mərkəzi 2200 turisti qəbul edə bilir.

Statistik təhlillər göstərir ki, Naftalana gələn xarici turistlərin sayı ildən-ilə artır. İndi şəhərin beynəlxalq turizm potensialını inkişaf etdirmək üçün Naftalanda yeni Avtovağzal-hotel kompleksi tikilir. Tikinti işlərində 30 nəfər çalışır. İnşaat işləri yekunlaşdıqdan sonra burada 40-50 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Bununla yanaşı, yenidən qurulan 10 mərtəbəli “Naftalan” mehmanxanasında 35 nəfər müvəqqəti işlə təmin edilib. Hazırda binada son tamamlama işləri aparılır. İstifadəyə verildikdən sonra mehmanxana “Naftalan Hotel & SPA” adı altında fəaliyyət göstərəcək.

Naftalan nefti əsasında müalicə olunmaq istəyən turistlərin, eləcə də səhhətində müəyyən problemlər olan insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunaraq ötən ilin yay mövsümündə istifadəyə verilib. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarətdir. Burada 15 nəfər daimi işlə təmin olunub.

18,8 hektar ərazidə yerləşən 312 yerlik “Chinar Hotel & SPA Naftalan” kompleksinin əsaslı təmirinə 2007-ci ilin mayında başlanılıb, 2010-cu ilin noyabrında sona çatdırılıb. Kompleksdə 200 nəfər işlə təmin edilib.

“Qaşaltı” sanatoriya kompleksi “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində inşa olunub. 200 işçinin çalışdığı beşmərtəbəli sanatoriyada poliklinika şöbəsi, su prosedurları və yataq korpusları fəaliyyət göstərir.

13 hektardan çox sahəsi olan “Qarabağ SPA and Resort” kompleksinin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Helikopter meydançasının da olduğu kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb.

 

(davamı növbəti sayımızda)

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2019.- 5 mart.- S.7.