Ölkəmizdə turizmin
inkişafı üçün məqsədyönlü siyasət
həyata keçirilir
Azərbaycanın regionlarında yeni
sanatoriyaların, mehmanxanaların inşası, mövcud olan
obyektlərin təmiri və bərpası bunu bir daha sübut
edir
(əvvəli ötən sayımızda)
Xatırladaq ki, Naftalanda
görülən işlər son illərdə Azərbaycanda
yeni səhiyyə ocaqlarının, sanatoriyaların,
mehmanxanaların inşası, mövcud olan obyektlərin təmiri
və bərpası kurort zonalarının inkişaf etdirilməsi
üzrə dövlət siyasətinin prioritet istiqamətlərindən
biri olduğunun göstəricisidir.
Turizmin inkişafı istiqamətində
aparılan məqsədyönlü siyasətin tərkib hissəsi
kimi, 2019-cu ildə Azərbaycanın turizm imkanlarının
Rusiyada təbliği işləri də intensivləşdirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, 20-dək yerli
turizm şirkətinin iştirak etdiyi tədbirdə Rusiya
turizm agentlikləri və şirkətləri ilə B2B
formatlı görüşlər keçirilib, bəzi
razılaşmalar əldə olunub.
Məlumatda o da bildirilir ki, 2018-ci ilin
dekabrından etibarən Azərbaycan Turizm Bürosunun Moskva
şəhərində rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir.
Fevralın 22-də Rusiyanın Moskva şəhərində
keçirilən “Azərbaycan: istirahət və
işgüzar turizm üzrə B2B formatlı seminar”da Rusiya
bazarı üçün Azərbaycanın yeni turizm brendi təqdim
olunması bu işlərin əsasını təşkil
edir.
Bu işlərin nəticəsidir ki, 2018-ci il
üzrə Rusiya ölkə turizminin səyahətçi
sayına görə ən böyük payına malik olmaqla
(31 faiz) Azərbaycan turizm bazarına liderlik edir. Belə ki,
2018-ci ildə Azərbaycana gələn rusiyalı qonaqların
sayı təxminən 900 min nəfər olmaqla 2017-ci ilə
nisbətdə 5 faiz artıb.
Bununla yanaşı, bu yaxınlarda Moskvada
keçirilən “Azərbaycan: istirahət və biznes turizmi”
seminarı çərçivəsində ölkəmizin
“Yenidən fərqli baxışla bax” turizm brendinin təqdimatı
olub. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan
Turizm Bürosunun təşkil etdiyi tədbirdə ölkəmizin
30 turizm şirkəti iştirak edib. Onlar 200-dən çox
yerli turizm şirkəti ilə görüşlər
keçirib, əməkdaşlıq əlaqələrini
müzakirə edib. Azərbaycan Turizm Bürosunun baş
icraçı direktorunun müavini Bəhruz Əsgərov
bildirib ki, Rusiya hazırda Azərbaycan turizmi üçün əhəmiyyətli
ölkələrdən biridir. Azərbaycan Turizm Bürosunun
Rusiya nümayəndəliyi yaxın vaxtlarda bu ölkənin
böyük şəhərlərində, o cümlədən
Moskvada, Sankt-Peterburqda və digər regionlarda
respublikamızın turizm imkanlarının təqdimatını
keçirməyi planlaşdırır.
Azərbaycan Turizm Bürosunun baş
icraçı direktoru Florian Zenqstşmidt təqdimat mərasimində
çıxış edərək bildirib ki, 2018-ci ildə
Rusiyadan Azərbaycana təxminən 900 min turist gəlib ki, bu
da 2017-ci illə müqayisədə 5 faiz çoxdur. Turizm
bürosunun rəhbəri Bakıda keçiriləcək
Formula 1 Qran-pri yarışlarının və UEFA Avropa
Liqasının final oyununun rusiyalı turistlər
üçün maraqlı olacağını da
vurğulayıb.
Azərbaycan Turizm Bürosunun Rusiyadakı
nümayəndəsi Kseniya Kiriçenkonun sözlərinə
görə, yaxın beş ildə Rusiyadan Azərbaycana turist
axınını iki dəfə artırmaq nəzərdə
tutulub. “Bugünkü tədbirdən məqsədimiz
rusiyalı turistlərə Azərbaycanın tarixi, müasir həyatı,
mədəniyyəti, mətbəxi, turizm imkanları barədə
məlumat verməkdir. Azərbaycanın 9 iqlim
qurşağının olması turistlərə həm
qarlı dağlarda xizək sürmək, həm də
narın qumlu çimərliklərdə dincəlmək,
maraqlı festivallarda, idman tədbirlərində iştirak etmək
imkanı verir. Mən hamıya bu ölkəni bir daha kəşf
etməyi arzu edirəm”, - deyə K.Kiriçenko söyləyib.
Moskvanın “Zima-tur” agentliyinin xarici əlaqələr
üzrə direktoru Alla Karasyuk şirkətin artıq 15 ildir
Azərbaycana turların satışı ilə məşğul
olduğunu qeyd edərək deyib ki, rusiyalılar Azərbaycanın
termal kurortları, sanatoriyaları və müalicə
ocaqları ilə maraqlanırlar. Rusiyalı turizm mütəxəssisi
Azərbaycan tərəfinin turizm bazarına
çıxardığı konferens-paketlərin
çeşidini artırmasını da təklif edib.
Belarus Respublikası ilə Azərbaycan
arasında da turizm əlaqələri inkişaf edir. Belarusun Azərbaycandakı səfiri Gennadi
Axramoviç qeyd edib ki, Belarus ilə Azərbaycanın ikitərəfli
əlaqələrinin inkişafının nəticəsidir
ki, 2018-ci ildə iki ölkə arasında turizm xidmətlərinin
dövriyyəsi 21 milyon dollardan çox olub, bu isə 12 faizdən
çox artım deməkdir. Eyni zamanda ötən il Azərbaycan
vətəndaşları Belarusun sanatoriya-kurort və
sağlamlıq müəssisələrində səfər edən
xarici ölkə vətəndaşları arasında ilk
beşlikdə qərarlaşıb. G.Axramoviç bildirib ki,
ötən ilin aprelində Belarusun turizm şirkətləri
17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər”
(“AITF 2018”) sərgisində iştirak edib. Bu il də Belarus
Respublikası Milli Turizm Agentliyi tərəfindən “AITF 2019”
beynəlxalq sərgisində daha geniş milli ekspozisiya təqdim
olunacaq. Həmçinin Azərbaycanın turizm şirkətlərinin
Belarusda keçiriləcək ənənəvi sərgidə
iştirakı planlaşdırılır.
Cənub qonşumuz İran
İslam Respublikasındakı müvafiq qurumların da Azərbaycan
turizm sahələrinə diqqəti artmaqda davam edir. İran
İslam Respublikasının Maku Azad Ticarət və Sənaye
Zonasının icraçı direktorunun mədəniyyət və
turizm üzrə müavini Hüseyn Həmzəli
Naxçıvan Muxtar Respublikasına səfər
zamanı apardığı müşahidələrin nəticəsi
olaraq bildirib ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi
dünyada tayı-bərabəri olmayan bir yerdir: “Mərkəzdə
insanların heç bir dərman preparatından istifadə etmədən,
təbii şəkildə müalicə ala bilməsi çox
gözəldir. Duzdağla tanışlıq zamanı bunun
üçün yüksək səviyyədə şərait
yaradıldığının şahidi olduq”.
Yeri gəlmişkən, qeyd edək
ki, martın 1-də Pekində Dövlət Turizm Agentliyi və
Çin Xalq Respublikası Mədəniyyət və Turizm
Nazirliyi arasında çinli turistlərin ölkəmizə
qrup səfərlərinin sadələşdirilməsi
haqqında anlaşma memorandumu imzalanıb. Dövlət
Turizm Agentliyindən bildirilib ki, memorandum sənədini Azərbaycan
tərəfdən agentliyin sədri Fuad Nağıyev,
Çin tərəfdən isə bu ölkənin mədəniyyət
və turizm nazirinin müavini Can Su imzalayıb.
Dövlət Turizm Agentliyinin sədri Fuad
Nağıyevin sözlərinə görə, sözügedən
sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın
yeni mərhələsindən xəbər verir. “Yeni müqaviləyə əsasən, yaxın illərdə
Azərbaycana gələcək çinli turistlərin sayı
200 min nəfərə çata bilər. 2018-ci ildə bu
istiqamətdə 50 faiz artım müşahidə olunub.
İndi isə biz Çindən Azərbaycana bir neçə
dəfə çox turist gələcəyini deyə bilərik”,
- deyə Fuad Nağıyev bildirib. Agentliyin sədri qeyd edib
ki, Çin ölkəmizə turistlərin cəlb edilməsi
üçün əsas prioritet bazarlardan biri seçilib.
F.Nağıyev onu da bildirib ki, Prezident İlham Əliyevin
tapşırığına əsasən, formalaşmaqda olan
turizm sənayesinin iştirakçıları Azərbaycana gələn
turistlərin iki dəfəyədək artmasını təmin
etməlidirlər. Bununla yanaşı, Dövlət Turizm
Agentliyinin sədri belə deyib: “Turistlərin məmnunluğu
ən yüksək səviyyədə təmin
olunmalıdır. Biz turizm sənayesinin təmsilçiləri
cənab Prezidentin və Birinci vitse-prezident xanım Mehriban
Əliyevanın diqqət və qayğısını daim
hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların
hamısı, sözsüz ki, icra olunacaq”.
Qeyd edək ki, 2018-ci ilin aprelində
yaradılan Dövlət Turizm Agentliyi və onun tabeliyindəki
Azərbaycan Turizm Bürosu tərəfindən ölkəyə
turistlərin cəlb edilməsi üçün
2018-2023-cü illəri əhatə edən konsepsiya
hazırlanıb. 2020-ci ilin sonuna qədər ölkənin
turizm potensialının tanıdılması məqsədilə
beynəlxalq sərgilərdə iştirak, prioritet bazarlarda təqdimatların
keçirilməsi də daxil olmaqla, geniş miqyaslı təbliğat
işlərinin görülməsi nəzərdə tutulub.
Bundan əlavə, biznes nümayəndələri ilə
görüşlər təşkil olunur, KİV-lərdə
və sosial şəbəkələrdə aktiv iş
aparılır.
Dövlət Turizm Agentliyinin təşəbbüsü
ilə ölkədə hotelçilik sənayesini inkişaf
etdirmək məqsədilə Dövlət Turizm Agentliyi və
Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət
göstərən Azərbaycan Hotellər Assosiasiyası
regionlardakı hotellərlə əməkdaşlığın
genişləndirilməsi üzrə işlərə də
başlayıb. Belə ki, 2019-cu ilin 20-24 fevral
tarixlərində Azərbaycan Hotel Assosiasiyasının (AHA)
nümayəndələrinin regionlara silsilə səfərləri
çərçivəsində Quba, Qəbələ, Gəncə
və Lənkəranda ətraf bölgələrin hotellərinin
rəhbərləri ilə görüşlər
keçirilib. AHA-nın nümayəndələri
fevralın 20-də Qubada Qusar, Quba, Şabran, Xaçmaz,
Nabran, Siyəzən və Xızıda yerləşən
mehmanxanaların, fevralın 21-də Qəbələdə
Şamaxı, Qəbələ, Oğuz, Şəki,
İsmayıllı, Qax, Zaqatala, Balakən, Göyçayda
yerləşən hotellərin, fevralın 23-də Gəncədə Göygöl, Mingəçevir, Naftalan, Şəmkir,
Gəncə, Tovuz, Gədəbəy, Goranboy, Yevlax, Bərdə,
Qazax, Ağstafa ərazisindəki hotellərin, habelə
fevralın 24-də isə Lənkəranda Masallı, Lerik,
Astara, Yardımlı, Cəlilabad, Neftçala, Salyan,
Hacıqabul və İmişlidə yerləşən hotellərin
nümayəndələri ilə görüşlər
keçiriblər.
Görüşlərdə assosiasiyanın əsas
məqsəd və fəaliyyət istiqamətləri
haqqında məlumat verilib, hotel nümayəndələrinin
fikirləri dinlənilib, qarşılaşdıqları
çətinliklər barədə müzakirələr
aparılıb. Vurğulanıb ki, region hotelləri ilə Azərbaycan
Hotel Assosiasiyasının əlaqələrinin intensivləşdirilməsi
mövcud problemlərin aradan qaldırılmasına xidmət
edəcək.
Tədbirlər çərçivəsində
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun
regionların turizm imicini formalaşdırmağı və
destinasiya brendini yaratmağı hədəfləyən yeni
qurumları - Quba və Şəki üzrə Destinasiya
Menecment təşkilatlarının (DMT) da təqdimatı
olub. Yeni model turizm qurumları kimi fəaliyyət göstərəcək
DMT-lərin fəaliyyət istiqamətlərindən biri də
regionlardakı hotelləri Azərbaycan Hotel Assosiasiyası ilə
əlaqələndirmək olacaq.
Bildirmək yerinə düşər ki, ötən
ildə olduğu kimi, bu ilin ilk ayında da Azərbaycana gələn
turistlərin sayında artım müşahidə edilib. Belə
ki, Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən
bu ilin yanvar ayında ölkəmizə 191,4 min xarici vətəndaş
gəlib. Bu rəqəm isə ötən ilin
eyni dövrü ilə müqayisədə 5 min nəfər və
ya 3 faiz çoxdur. Ölkəmizə səyahət edən əcnəbilər
arasında ən çox artım 22 faizlə
Gürcüstandan gələnlər arasında təşkil
edib. Ən yüksək artım tempi Cənubi Asiya
ölkələri olan Pakistan və Hindistana, Mərkəzi
Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar
ayında bu ölkələrin hər birindən 2 mindən
çox xarici vətəndaş gəlib.
Qaşqay
RAMAZANOV
Yeni Azərbaycan.-
2019.- 6 mart.- S.7.