Xanlıqlar
dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni
kitabı haqqında ilk təəssüratlar
Akademik Ramiz Mehdiyevin “Tariximizin
xanlıqlar dövrünün siyasi irsi sənədlər
işığında” kitabı işıq üzü
gördüyü ilk andan etibarən elmi ictimaiyyətin
böyük marağına səbəb olub. Çünki
kitabda Azərbaycan tarixinin mühüm mərhələlərindən
birini təşkil edən xanlıqlar dövrü ilk dəfədir
siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə
yeni kontekstdə işıqlandırılır.
AZƏRTAC tarixçi alimlər
üçün yol xəritəsi hesab olunan bu dəyərli
tədqiqat işi haqqında görkəmli alim, Milli Məclisin
deputatı, akademik Nizami Cəfərovun qeydlərini təqdim
edir.
Hər bir xalqın tarixinin
müxtəlif dövrlərində, mərhələlərində
baş vermiş hadisələrin xronologiyasının
bütün təfsilatı, təfərrüatı ilə
(müxtəlif mənbələrin müqayisəsi əsasında)
ortaya çıxarılıb tarix kitablarında maksimum dəqiqliyi
ilə təsbit olunması həmin
xalqın tərcümeyi-halının yeni nəslə
çatdırılması baxımından nə qədər
mühümdürsə, sözügedən hadisələrin
(və xronologiyanın) metafizikasına və ya fəlsəfi
mahiyyətinə varmaq, baş verənləri, ümumən,
xalqın tarixi (və taleyi!) kontekstində təhlil edib
dəyərləndirərək gələcəyin bu və ya
digər dərəcədə əsaslı “yol xəritəsi”ni
müəyyənləşdirmək ondan qat-qat böyük
strateji əhəmiyyət kəsb edir. Lakin bunun
üçün mənbəşünas-tarixçi səriştəsi
ilə yanaşı, filosof və ideoloq təfəkkürü
də tələb olunur ki, biz bunun təzahürünü
akademik Ramiz Mehdiyevin müstəqillik illərində qələmə
alınmış, demək olar, bütün əsərlərində
görürük.
Bu günlərdə nəşr
edilmiş “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər
işığında” kitabı bu baxımdan istisna təşkil
etməsə də, o mənada fərqlənir ki, burada
yalnız “yol xəritəsi” müəyyənləşdirilmir,
həm də Azərbaycan xalqının tarixinin bir
dövrü - xanlıqlar dövrü əsasında tarixə
münasibətin elmi metodu (metodologiyası) təqdim olunur. Bu
da, əslində, nəzəri (fəlsəfi-ideoloji)
miqyasına görə bütün dövrlərə
münasibətdə keçərlidir.
Əlbəttə, hər hansı xalqın
tarixi istər zəfərli, istərsə də məhrumiyyətli
dövrləri ilə birgə bütövdür. Bununla bərabər,
tarixdə elə məqamlar var ki, həmin məqamda
buraxılmış səhvləri, yaxud məsuliyyətsizliyi
tarix heç vaxt bağışlamır. Akademik
Ramiz Mehdiyev Azərbaycan tarixinin təxminən yarım əsrlik
bir zamanını əhatə edən xanlıqlar
dövrünü məhz belə bir məqam hesab edərək
göstərir ki, “Azərbaycanda mərkəzləşdirilmiş
idarəçilik sisteminin əsaslarının məhv edilməsi,
həmçinin milli mədəniyyətimizin,
təsərrüfat həyatının tənəzzülünə
səbəb olmuş feodal hərc-mərcliyi və
bitib-tükənməyən ara müharibələri ilə
müşayiət edilən, ən nəhayət, tarixi
torpaqlarımızın ikiyə bölünməsinə gətirib
çıxaran bu keşməkeşli dövr
tarixşünaslığımızda hələ də
öz layiqli siyasi qiymətini almamışdır”.
Doğrudan da, xalqın öz
tarixinin bu və ya digər dövrü haqqında səhih məlumatı
yoxdursa, bu, sadəcə, məlumatsızlıq və ya
biliksizlik səviyyəsində qalmır, ciddi “sosial yaddaş
problemi”nə çevrilməklə onun ümumən taleyini təhdid
edir və son dərəcə ağır nəticələrə
gətirib çıxarır.
Akademik Ramiz Mehdiyev yazır:
“Bütövlükdə ictimaiyyətimiz, xüsusilə də
alimlərimiz özləri üçün birdəfəlik yəqin
etməlidirlər ki, milli şüurun təşəkkülü
prosesi, milli məfkurənin, düşüncənin
yaranması kortəbii şəkildə baş vermir. Milli
şüurun təşəkkülü dövlət
quruculuğu qədər mürəkkəb və çoxmərhələli
bir prosesdir. Onun düzgün istiqamətdə
inkişaf etməsi, dayanıqlı və praktik cəhətdən
faydalı olması üçün dərindən
düşünülmüş, bütün zəruri
detalların nəzərə alındığı
çevik, mütəhərrik strategiya işlənib
hazırlanmalıdır”.
“Tariximizin xanlıqlar dövrü”nün müəllifi
tamamilə haqlı olaraq qeyd edir ki, bizim nəinki ictimai, hətta
elmi tarixşünaslıq şüurumuzda da həmin dövr
barəsindəki təsəvvür çox hallarda dumanlı
və ya yanlışdır. Bir sıra elə stereotiplər
formalaşıb ki, onların aradan qaldırılması
üçün istər elmi-intellektual, istərsə də mənəvi-ideoloji
cəbhələrdə hələ çox mübarizə
aparmaq lazım gələcək.
Akademik Ramiz Mehdiyev bir neçə strateji məqam
üzərində ayrıca dayanır. Birinci məqam
ondan ibarətdir ki, “xanlıqlar dönəmində Azərbaycan
dövlətçiliyi Səfəvilər dövründən
etibarən yaradılan, Nadir şahın hakimiyyəti illərində
isə bir qədər möhkəmləndirilən mərkəzləşmə
prinsipindən məhrum olur. Vaxtilə Səfəvi
şahlarının, xüsusən Şah İsmayıl Xətainin
və Nadir şahın hərbi dühası və siyasi məharəti
hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq
statusunda idarə etdikləri böyük bir coğrafiyada
irili-xırdalı onlarla feodal dövlətinin meydana gəlməsi
siyasi böhranla yanaşı, böyük
iqtisadi və mədəni tənəzzülə aparıb
çıxarır”. İkincisi, “xalqımızın məhz
həmin siyasi dövrün səhvləri ucbatından ikiyə
bölünməsi və bu günə qədər də
parçalanmış vəziyyətdə yaşamağa davam
etməsi ilə bağlıdır”... “Buraya tərəddüd
etmədən türklərə qarşı tarixən
bütün varlığı ilə kin bəsləyən və
onu ilk fürsətdə ortaya qoyan erməni millətçiliyi
amilini də əlavə etmək lazımdır”.
Heç şübhəsiz, XVIII əsrin
ortalarından XIX əsrin əvvəllərinə qədər
istər Şimali, istərsə də Cənubi Azərbaycanda
baş verən hadisələr Rusiya-Türkiyə-İran
münasibətlərindəki hərbi-siyasi münaqişələr
fonunda cərəyan edir. Lakin bu, “Azərbaycan
xanlarının xalqın gələcək taleyinə
etinasız münasibətinə, sərhəd tanımayan
yersiz siyasi iddialarına, mənəm-mənəmliyinə bəraət
qazandırmadığı kimi, onların üzərindəki
tarixi məsuliyyəti də təmizləyə bilməz”.
Kitabda göstərilir ki, Şimaldan gələn
təhlükənin Azərbaycan xanlarını qəflətən
yaxaladığı barədəki iddialar tamamilə
yanlışdır. Hər şeydən əvvəl
ona görə ki, “Azərbaycan xanları üçün I
Pyotrun yürüşü zamanı baş verənlər o qədər
də uzaq tarix deyildi və onlar cərəyan edən proseslərdən
zəruri nəticələr çıxarmağa, sadəcə,
borclu idilər. Siyasi lider, dövlət
başçısı, ölkənin və xalqın taleyinə
cavabdehlik məsuliyyətini öz çiyinlərinə
götürən hər kəs baş verən prosesləri
soyuqqanlı şəkildə təhlil edib, düzgün həll
yolları tapmağa borcludur. Çünki o, yalnız
özü üçün deyil, məsuliyyətini üzərinə
götürdüyü xalqı, Vətəni
üçün cavabdehlik daşıyır. Azərbaycan
xanlarının heç birində belə bir müdrikliyə,
təmkinə və ümumi mənafe naminə öz
cılız iddialarını cilovlamaq böyüklüyünə
rast gəlmək mümkün deyil.
...Üstəlik, bir məqamı
da nəzərdən qaçırmamalıyıq ki, Azərbaycanın
birləşdirilməsi üçün edilən cəhdlərin
boşa çıxmasında ardıcıllıq amilinin
olmaması ilə yanaşı, ayrı-ayrı xanların
güclü müqavimət cəhdləri də az rol
oynamamışdır. Öz müstəqilliyini,
hakimiyyətini qorumaq məsələsində güzəştsiz
mövqe tutan Azərbaycan xanları birləşmə istiqamətində
atılan istənilən addıma inadla qarşı
çıxır, kiçik ittifaqlar yaradaraq vahid dövlətin
təşkilinə yönəlmiş bütün təşəbbüslərə
silahla cavab verirdilər”.
Məsələ burasındadır ki, Azərbaycanın
xanlıqlara parçalanması, dünyanın tarixi
gedişinin əksinə olaraq, orta əsrlərdə deyil, mərkəzləşmə
hərəkatı üçün səciyyəvi sayılan
yeni dövrdə baş verirdi. Digər bir
paradoks da o idi ki, akademik Ramiz Mehdiyevin dəfələrlə
xatırlatdığı kimi, əvvəl Şah
İsmayıl Xətainin, sonra isə Nadir şahın
mövcud siyasi, iqtisadi, inzibati və mənəvi- ideoloji
şərtlər zəminində qurmuş olduqları kifayət
qədər zəngin mərkəzləşmiş dövlət
təcrübəsindən məsuliyyətsizcəsinə
imtina etməklə baş verir, hətta həmin təcrübəyə
(və varisliyə) hər cəhətdən sədaqətlə
yanaşan Qacarlar hakimiyyətinə belə, lazımi etimad
göstərilmirdi.
“Tariximizin xanlıqlar
dövrü” müəllifinin aşağıdakı qənaətləri
sözügedən dövrə ona görə
tarixçi-mütəfəkkir interpretasiyasının məhsulu
hesab olunur ki, burada tarix öz içinə qapılaraq
qalmır, əksinə, müdrik bir məntiqin təkidi ilə
özü-özünü izah etməsinə məcbur
edilir:
“Əfsus ki, Azərbaycan xanlarının məsuliyyətsiz
davranışları səbəbindən həm dövlətçilik
tariximizdə, həm də siyasi ənənəmizdə dərin
kök salmış separatçılıq təmayüllərinin
ömrü xanlıqlar dövrü ilə bitməyib. Sözügedən təmayül bir xoşagəlməz
ənənə kimi özünü tariximizin növbəti mərhələlərində,
o cümlədən XX əsrin sonlarında dövlət
müstəqilliyimizi yenicə bərpa etdiyimiz illərdə də
büruzə vermiş və bu meylin müxtəlif xarici və
daxili qüvvələr tərəfindən
körüklənməsi Azərbaycanın bütövlüyünü,
suverenliyini ciddi şəkildə təhlükə altına
salmışdı. Tam əminliklə bildirirəm ki, əgər
o dövrdə tarix səhnəsində Azərbaycan
xalqının ümummilli lideri, zəngin idarəçilik təcrübəsinə
malik, böyük siyasi iradə və səriştə
sahibi Heydər Əliyev olmasa idi, bəzən ayrı- ayrı
şəxslərin hakimiyyət hərisliyi ucbatından, bəzən
isə xarici qüvvələrin əmri ilə alovlanan
separatçılıq atəşində gənc dövlətçiliyimiz
yanıb külə dönəcəkdi”. Görkəmli
tarix filosofu tamamilə haqlıdır ki, “xanlıqlar
dövrü ilə müstəqilliyimizin ilk illəri
arasında mövcud olan kədərli oxşarlıqlardan daha
biri isə torpaqlarımızın itirilməsi ilə
bağlıdır. Əgər xanların
özbaşınalığı və separatçı
davranışları Şimali Azərbaycanın çarizm tərəfindən işğalı və
1828-ci il Türkmənçay sazişinin müddəalarına
əsasən İran ermənilərinin Qarabağa,
Naxçıvana və İrəvana köçürülməsi
ilə yekunlaşmışdısa, ötən əsrin
90-cı illərinin əvvəlində üzləşdiyimiz
vəziyyət Ermənistanın öz havadarlarının
birbaşa dəstəyi sayəsində Dağlıq
Qarabağı, həmçinin onun ətrafındakı 7 rayonu
qəsb etməsi ilə nəticələndi”.
Heç şübhəsiz, “tarix ondan zəruri
dərslər çıxarılmadığı təqdirdə
daha amansızlıqla təkrar olunur”. Odur ki, millətin öz
tarixi ilə fəxr etməsi milli özünüdərk
baxımından nə qədər önəmlidir. Bir millət olaraq biz, əlbəttə, ilk növbədə,
Şah İsmayıl Xətainin, Nadir şahın
övladlarıyıq, ancaq heç vaxt istisna edilə bilməz
ki, milli ictimai şüurumuzun hansısa küncündə
xanlıqlar dövrü “dərəbəyləri”nin mənəm-mənəmlik
iddiaları mürgüləmir.
Akademik Ramiz Mehdiyev yazır: “Dövlət
idarəçiliyində, iqtidar arasında kiçik bir
çatın, ziddiyyətin yaranması kifayətdir ki,
sadalanan dağıdıcı təmayüllər Azərbaycanın
müstəqilliyini, dövlətçiliyini təhdid edəcək
qədər böyük miqyas alsın. Məhz
buna görədir ki, sözügedən amil, yəni,
etnopsixologiyamızda mövcud olan və xalqımızın gələcək
inkişafına mənfi təsir göstərə biləcək
qüsurların islahı, yüksək siyasi mədəniyyətə
və mütərəqqi təfəkkürə malik,
öz Vətəninin həyati mənfəətlərinə
sadiq olan cəmiyyətin təşkili azərbaycançılıq
məfkurəsinin mühüm elementləri sırasına
daxildir.
Həm Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin, həm də
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin həyata keçirdikləri dövlət
quruculuğu siyasətinin, yürütdükləri ictimai
inkişaf xəttinin hədəfi yalnız dayanıqlı,
müasir və güclü dövlətçiliyin
yaradılması deyil, eyni zamanda, müasir baxışlara
malik, tarixi-mənəvi köklərinə bağlı,
sağlam düşüncəli vətəndaşların
formalaşdırılmasıdır. Dövlət
başçısı tərəfindən daim vurğulanan
“insan kapitalı” anlayışı bütün digər mənaları
ilə yanaşı, eyni dərəcədə haqqında
danışdığımız ali məqsədi də ehtiva
edir”.
Əminliklə demək olar ki,
müstəqillik illərində Azərbaycanda milli ictimai
şüurun inkişafı üçün çox
böyük işlər görülüb, xüsusilə Azərbaycan
insanının təbiətində yüzillər boyu kök
salmış ikinci, yaxud üçüncü dərəcəli
olmaq kompleksi xeyli dərəcədə aradan
qaldırılıb. Öz tarixinin üçüncü
onilliyini başa vurmağa hazırlaşan müstəqil Azərbaycan
dövləti təkcə Azərbaycan Respublikası vətəndaşlarının
həmrəyliyinin, mənəvi-siyasi mütəşəkkilliyinin,
xalq- iqtidar birliyinin nümunəsi olaraq qalmayıb, eyni zamanda,
dünya azərbaycanlılarının etimadını
qazanıb... Lakin unutmaq olmaz ki, dünyanın gərdişi
kimi insanların xarakteri də mürəkkəb olaraq
qalır və tarix həm müsbət, həm də mənfi
mənada bizə yoldaşlıq etməkdədir.
Kitabda Şah İsmayıl Xətaidən
başlayan mərkəzi hakimiyyət (və dövlət
bütövlüyü) uğrunda mübarizənin XVIII əsrin
sonlarına doğru Ağa Məhəmməd şahın
timsalında Qacarlar tərəfindən davam etdirilməsinə,
ümumiyyətlə, Qacarlar xanədanının tarixinə
geniş yer ayrılıb ki, bu da səbəbsiz
deyil. İstər Azərbaycan
tarixşünaslığında, istərsə də ictimai-mədəni
fikrində həmin dövrün müxtəlif mərhələləri,
yetirdiyi görkəmli şəxsiyyətlər haqqında fərqli,
çox hallarda isə həqiqətə uyğun olmayan
mülahizələr, hətta haqq-ədalət naminə
belə aradan qaldırılması çətin olan “qələti-məşhur”lar
mövcuddur. Böyük şair Səməd
Vurğunun “Vaqif” dramındakı Şah Qacar obrazı on illərlə
Azərbaycan tarixinin görkəmli şəxsiyyəti barədə
cəmiyyətdə elə bir neqativ təsəvvür
yaradır ki, həmin təsəvvürün təkzibi
üçün hələ çox illər lazım gələcək.
Ancaq söhbət ondan getmir ki, “Vaqif” dramının müəllifinin,
yaxud Şah Qacar rolunun ifaçısı Sidqi Ruhullanın
qeyri-adi istedadı inkar olunmalı, yaxud onların tarixi
şöhrətinə hər hansı şəkildə
kölgə salınmalıdır. Məsələnin mahiyyəti
ondadır ki, Qacarlar xanədanının əsasını
qoymuş Ağa Məhəmməd şah Qacarın da halal
tarixi şöhrətinin özünə qaytarılmasına
ehtiyac var. Tariximizin xanlıqlar
dövrünü araşdıran müəllif, haqlı olaraq
qeyd edir ki, “addım-addım tarixi həqiqətlərə
yaxınlaşmaq, keçmişin qaranlıq səhifələrinə
işıq salmaq, təhrifləri aradan qaldırmaq naminə
var gücümüzlə çalışmalıyıq.
Başqa bir yol axtarmaq da mənasızdır, ən əsası
ona görə ki, bunu, bizdən başqa etmək istəyində
olan kimsə yoxdur!”.
Akademik Ramiz Mehdiyevin Qacarlar xanədanının
həm etnik, həm də siyasi genotipi barədəki mötəbər
mənbələrə, konkret faktlara əsaslanan qənaətləri,
heç şübhəsiz, metodoloji mahiyyəti, zəngin məzmun-mündərəcəsi
etibarilə olduqca mükəmməl milli
tarixşünaslıq dərsləridir ki,
həmin dərsləri bu səviyyədə demək
üçün tarixi bilmək azdır, hər cəhətdən
geniş dünyagörüşünə, fəlsəfi təfəkkürə
əsaslanan səmimi milli dövlətçilik təəssübkeşliyi
də tələb olunur: “Qacarların Azərbaycan
tarixinə və dövlətçilik ənənələrinə
aid olmadığına özlərini inandıranlar bir
faktı da heç zaman unutmasınlar ki, Pəhləvilər
İran dövlətçiliyinin yaranma tarixi, təməli
qismində nə Səfəviləri, nə də Nadir
şahı əsas götürmürdülər. Onlar
İran dövlətçiliyinin yaradılması, atası və
ideoloqu qismində Əhəmənilər imperiyasının
qurucusu, etnik cəhətdən fars olan II Kiri (e.ə. 559-530-cu
illər) ucaldır, ona istinad edirdilər. Həmin dövrdə
İranın dövlətçilik tarixi üçün əhəmiyyət
daşıyan bütün əlamətdar mərasimlərin məhz
Kirin Şirazdakı məqbərəsi önündə təşkil
edildiyi hər kəsə məlum olan faktdır. Zənnimcə, Pəhləvilərin bu
davranışları fonunda Qacarların öz siyasi varisliklərinin
və mənəvi-tarixi mənsubiyyətlərinin
istinadgahı qismində Azərbaycanı və türk mənşəli
Səfəviləri və Nadir şahı seçməsi
faktları onların hansı təfəkkürün
daşıyıcıları olduqlarını aydın
şəkildə nümayiş etdirir”.
Qacarlar sülaləsinin banisinin
“vəliəhdin, sadəcə, atası deyil, anası da
Qacarlar soyundan olmalıdır” göstərişini təhlil
edən akademik Ramiz Mehdiyev göstərir ki, “məsələyə
müasir demokratik anlayışlar prizmasından
yanaşdıqda Ağa Məhəmməd şahın belə
bir qaydanı qanun şəklinə salması
tayfabazlığın və klançılığın,
feodal təfəkkürünün təzahürü kimi
görünə bilər. Ancaq bu məsələdən
danışarkən iki məqamı da unutmaq olmaz. Birincisi, Ağa Məhəmməd şahın
hakimiyyətə gəldiyi dövrdə bütün Yaxın
Şərqdə olduğu kimi, Azərbaycanda və İranda
da feodalizm dövrü hökm sürür, bütün
münasibətlər sistemi orta əsr normaları ilə tənzimlənirdi.
İkincisi isə, barəsində danışdığımız
qanun Qacarların simasında hakimiyyətin Azərbaycan
türklərindən başqa hər hansı digər etnik
qrupun, o cümlədən farsları təmsil edən siyasi
qüvvənin ixtiyarına keçməsinin
qarşısına sədd çəkmiş olurdu”.
Kitabda Qacarların XIX əsrin
sonu, XX əsrin əvvəllərində maarifçiliyə,
milli oyanışa, demokratik hərəkatlara münasibətinə
dair də maraqlı mülahizələr irəli
sürülməklə, bir sıra polemik məsələlərə
aydınlıq gətirilir ki, onlardan biri də ana dilində təhsilin
vəziyyətidir: “Azərbaycan dilində tədrisə
marağın olmaması Qacarlardan deyil, ümumən İranda
əsrlərdən bəri hökm sürən məlum ənənə
və dəbdən qaynaqlanmaqda idi. Lakin Qacarlar
heç zaman azərbaycanlı maarifçilərin ana dilində
məktəb açmaq təşəbbüslərinə mane
olmamış, bu ideya uğrunda mübarizə aparanlara
qarşı heç vaxt dövlət səviyyəsində hər
hansı bir təqib həyata keçirməmişlər.
Faktlar göstərir ki, ana dilində müasir,
dünyəvi təhsil ideyasını həyata keçirmək
istəyənlər daha çox yeniliklərə, tərəqqiyə,
müasirliyə qənim kəsilən mühafizəkar,
xurafatçı ruhanilərin müqaviməti ilə
qarşılaşmış, onlar tərəfindən təzyiqlərə
məruz qalmışlar. Bu cür hallar o dövrdə təkcə
Qacarlar dövləti üçün deyil, bütün
İslam dünyası, o cümlədən Qafqaz Azərbaycanı
üçün də xarakterik idi”.
Bununla belə, kitabda hakimiyyət
tərəfindən həm mənəvi, həm də maddi dəstək
alaraq anadilli məktəblər açan Mirzə Həsən
Rüşdiyyənin maarifçilik fəaliyyətinin
geniş işıqlandırılması bir daha sübut edir
ki, Qacarlar türk-Azərbaycan dilinin ölkədə (və
onun hüdudlarından kənarda)
yayılmasında hər halda maraqlı olduqlarını gizlətməmişlər.
XX əsrin əvvəllərində İran azərbaycanlılarının
ictimai-siyasi fəallığı da təsadüfi deyil. Tamamilə doğrudur ki, “1905-1911-ci illərdə
İranda demokratik təsisatların qurulması uğrunda
aparılan və Səttarxan kimi görkəmli şəxsiyyəti
tarix səhnəsinə çıxaran inqilabi hərəkat məhz
Təbrizdən başlamış, onun başlıca hərbi
və siyasi qüvvəsini sona qədər əsasən Azərbaycan türkləri təşkil etmişlər.
İran öz tarixində parlamentarizm ənənələrinin
yaranmasına və ilk konstitusiyanın qəbuluna görə
məhz sözügedən hərəkata, yəni Azərbaycan
xalqının mübarizliyinə, mütərəqqi siyasi təfəkkürünə
borcludur. Səttarxanın qiyamı yatırılsa da,
onun işini bir neçə il sonra Azərbaycan
xalqının digər görkəmli oğlu Xiyabani davam
etdirmişdir”. Bu isə o deməkdir ki, hakimiyyət
mənsub olduğu etnosun yaradıcılıq
istedadını, mənəvi iradəsini, ictimai-siyasi fəallığını
nəinki məhdudlaşdırırdı, əksinə, onun
qarşısında, təbii ki, mövcud şərait
hüdudunda hər cür imkanlar açırdı.
Akademik Ramiz Mehdiyev yazır: “Qacarların
hakimiyyətinin son dövrünə nəzər saldıqda
biz açıq-aşkar mərkəzi hökumətin zəiflədiyi,
feodal hakimlərin, nüfuzlu ordu komandanlarının mərkəzlə
hesablaşmayacaq qədər gücləndiyinin şahidi
oluruq. Yaranmış vəziyyət siyasi hakimiyyətdə
fars əsilli məmurların, xüsusilə də ingilislərin
dəstəyi ilə çoxalmasına, onların həlledici
vəzifələrə irəli çəkilməsinə
münbit zəmin hazırlamışdır. İllər sonra
həmin məmurlardan biri, Qacar ordusunun polkovniki, qatı fars
millətçisi Rza şah Pəhləvi (1878-1944)
ingilislərin bilavasitə hərbi və maddi dəstəyi ilə
1925-ci ildə hakimiyyəti ələ keçirir”.
Göründüyü kimi,
kitabda Qacarların siyasi aqibəti mərkəzləşmiş
dövlət qurmaq (və onu idarə etmək)
üçün tələb olunan təxirəsalınmaz tədbirlər
görmək barədəki tarixi təcrübəyə əsaslanan
ideya-anlayışlarla çox aydın bir şəkildə
izah olunur.
Müəllif yenidən xanlıqlar
dövrünə qayıdaraq təkzibolunmaz bir
qanunauyğunluq təqdim edir: “Toxunduğumuz faktları
ümumiləşdirib təhlil etdikdə maraqlı bir
qanunauyğunluqla rastlaşmağımız göz önündədir.
Həmin qanunauyğunluq isə öz hakimiyyəti,
taxt-tacı naminə çarizmlə müttəfiqlik
münasibətlərinə gedən Azərbaycan
xanlarının hamısının faciəli sonluğundan
ibarətdir. İbrahim xanın və ailəsinin qətli, Səlim
xanın və Mustafa xanın Azərbaycandan didərgin
salınması bunun ən bariz nümunələrini təşkil
etməkdədir. Həqiqətən də bütün bunlar ətrafında
çox ciddi düşünüləsi faktlardır!”.
Xanlıqlar dövründə erməni məsələsi
kitabda bilavasitə mənbələrə dayanılaraq
bütün təfsilatı (və metafizikası) ilə təhlil
edilib ümumiləşdirilir. Həmin mənbələrdən
biri 1805-ci il mayın 14-də Qarabağ xanlığı ilə
Rusiya imperiyası arasında imzalanmış Kürəkçay
müqaviləsidir. Kitabda göstərilir ki,
“müqavilənin mətnində Qarabağdakı erməni məlikləri,
onların hüquqları, yaxud siyasi vəziyyəti
haqqında bir müddəa belə mövcud deyil. Şübhəsiz
ki, əgər həmin dövrdə ermənilər Qarabağ
xanlığının ictimai-siyasi həyatında ciddi
nüfuz və təsir sahibi olsaydılar, Rusiya onlardan təzyiq
aləti qismində istifadə etmək imkanından mütləq
şəkildə bəhrələnərdi. Onlar
üçün müəyyən imtiyazlar və xüsusi
status tələb edilərdi”.
Başqa bir mühüm mənbə Fətəli
şah Qacarın 1800-cü ilin oktyabrına aid fərmanıdır.
Həmin fərman tam aydınlığı ilə
nümayiş etdirir ki, erməni katolikoslarını
tutduqları vəzifəyə məhz şah təsdiq etməli
idi... “Sual olunur ki, əgər ermənilərin İrəvan ərazisində
müstəqil dövləti var idisə, onların katolikosunu
niyə erməni hökmdarları yox, Səfəvi,
Əfşar, yaxud Qacar şahları vəzifəyə təsdiqləməli
idi? Yaxud da hansı səbəbdən erməni kilsəsinə
tətbiq edilən vergi güzəştlərinə dair fərmanları
erməni hökmdarları yox, məhz türk şahları
verirdilər? Qoyulan suallar ətrafında ermənilərdən
daha çox onların yalançı təbliğatına alət
olan bəzi əcnəbilər bir qədər dərindən
düşünə bilsəydilər, çox yaxşı
olardı”.
Xanlıqlar dövrünün metafizikası
bizim tarixi şüurumuzda, əlbəttə, yalnız bədbinlik
doğurmamalıdır... “Azərbaycan ərazilərinin
ayrı-ayrı xanlıqlara parçalanması, vahid mərkəzləşdirilmiş
dövlətçiliyin itirilməsi və bəzi
xanlıqların acınacaqlı aqibəti istər-istəməz
ölkədə yenidən birləşmək və
bütöv, müstəqil dövlət yaratmaq zərurətini
meydana qoymuşdur. İkincisi isə, Azərbaycan xanlıqlarından
hər biri o qədər də böyük əraziləri əhatə
etmədiyindən, bəlli bir coğrafiyada fəaliyyət
göstərdiyi üçün xalqa yaxın olmuşdur”.
“Tariximizin xanlıqlar dövrünün siyasi
irsi sənədlər işığında” kitabı,
sözügedən dövrün mədəniyyətindən
qısaca da olsa (çünki həmin mövzu kitabın
predmetinə bilavasitə daxil deyil), söhbət
açır: “Hakimiyyətlə xalqın
yaxınlaşması şifahi xalq
yaradıcılığının, xalq sənətinin,
aşıq ədəbiyyatının inkişafında və
nəhayət, yazılı ədəbiyyatda folklor ənənələrinin
qüvvətlənməsində mühüm rol
oynamışdır. XVIII əsrdə Molla Pənah
Vaqifin şeirlərində xalq həyatı və sadə
insanlar, ölkə təbiətinin real mənzərələri
tərənnüm olunmuşdur”.
Yeri gəlmişkən, mən hələ
1991-ci ildə “XVIII əsr Azərbaycan ədəbi dili”
mövzusunda doktorluq dissertasiyası müdafiə etmişəm.
Odur ki, əminliklə deyə bilərəm: Azərbaycan
Səfəvilərinin milli (və siyasi) mərkəzləşdirmə
təcrübə-ənənələri həmin dövrə
qədər davam etsəydi, həm ədəbi dilimizin, həm
də ədəbiyyatımızın mövcud intibah
imkanları elə bir miqyas alardı ki, sonrakı mərhələlərdə
hər hansı təcavüz onu öz mehvərindən
çıxara bilməzdi.
Kitaba Azərbaycan dilinə tərcüməsi
ilə birlikdə son dərəcə qiymətli mənbələrin,
onların izahının, eləcə də xanlıqlar
dövrü tarixi şəxsiyyətləri, hadisələri
barədə dəqiq məlumatların əlavə edilməsi
böyük məmnunluq doğurur.
Kitabda dərin analitik təhlil,
mükəmməl məntiqi-fəlsəfi ümumiləşdirmə
ilə yanaşı, hər cəhətdən canlı bir epos
təhkiyəsi də var ki, oxucunu sona qədər öz təsiri
altında saxlamaqla ona həm məlum mənbələrə
yeni gözlə baxmağı öyrədir, həm də
üzə çıxarılmış yeni mənbələrdəki
məlumatların həyəcanını yaşamağı
aşılayır. Eyni zamanda, tarixlə bu günün
arasında elə bir körpü salır ki, tarixdə bu
gün, bu gündə isə tarix bütün əzaları
ilə görünür.
Heç şübhəsiz, bu fundamental tədqiqatın
dəyərini bir məqalə ilə müəyyənləşdirmək
mümkün deyil. Mən yalnız ilk təəssüratlarımı
bildirdim. Əsərdə irəli sürülmüş hər
bir müddəa, mülahizə isə geniş müzakirələrin
predmeti olmağa layiqdir.
Akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün
siyasi irsi sənədlər işığında” kitabı
tarixlə ciddi maraqlanan hər kəsin, xüsusilə
tarixşünasların stolüstü kitabı
olmalıdır. Yalnız tarixi öyrənmək
üçün deyil, həm də onu sözün əsl mənasında
mənimsəmək, dərk etmək, milli şüur
faktına çevirmək üçün...
Yeni Azərbaycan.-
2019.- 28 mart.- S.3.