“Azərbaycan ayrıca bir mədəniyyət planetidir”

Dünya şöhrətli rəssam Sakit Məmmədov: Vətənimizi şüar kimi yox, hiss edərək sevməliyik

Xəbər verildiyi kimi, bu günlərdə “Baku Crystal Hall”da dünya şöhrətli rəssam Sakit Məmmədovun əsərlərinin sərgisi təşkil onunub. Məşhur fırça ustasının 60 illiyinə həsr edilmiş və rəssamın 170 işinin daxil edildiyi sərgidə yubileyarla görüşüb, ondan oxucularımız üçün müsahibə aldıq. Həmin müsahibəni təqdim edirik.

Qeyd edək ki, S.Məmmədov Azərbaycanın Xalq rəssamı, UNESCO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, Dünya İncəsənət Akademiyasının isə həqiqi üzvüdür. O, həmçinin “Vətən oğlu” qızıl ordeninin, “Dədə Qorqud” mükafatı laureatı, Leonardo da Vinçi medalının, “Avropanın şərəfi” ordeninin, o cümlədən Rusiyanın nüfuzlu “Minilliyin adamı” titulunun sahibidir. Bununla yanaşı, Salvador Dalidən sonra qraf tituluna layiq görülən ikinci rəssamdır.

- Sakit müəllim, ilk növbədə, sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirik. Söhbətimizə də elə bu yubiley münasibətilə təşkil olunan sərgidən başlayaq. Sənətinizin və şəxsiyyətinizin vurğunu olan insanlar bu gün sərginizə toplaşıb sizinlə tanış olmaq və xatirə şəkli çəkdirmək imkanı əldə ediblər...

- Bildiyiniz kimi, hər 5 ildən bir Azərbaycanda sərgilərim təşkil olunur. Bundan öncə, ölkənin bir sıra nüfuzlu qalereyalarında, həmçinin Heydər Əliyev Mərkəzində də fərdi sərgilərim keçirilmişdi. Azərbaycanda ən böyük sərgim isə “Baku Crystal Hall”da baş tutdu. 60 illik yubileyimə həsr olunan sərgi “Baku Crystal Hall”un rəhbərliyinin və Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə təşkil olundu. Vurğulayım ki, sərginin açılışında Baş nazirin müavini Əli Əhmədov, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və digər qonaqlar çıxış edərək mənim sənətimə yüksək qiymət verdilər. Əlbəttə bu, mənim üçün olduqca sevindiricidir və sənətimə belə yüksək qiymətə görə bir daha minnətdarlığımı bildirirəm.

Həmçinin “Yeni era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov məhz bu sərgi üçün ölkəmizə təşrif buyurmuşdu. İncəsənətdə yüksək peşəkarlığa və seçdiyi peşəyə sadiqliyinə görə məni “Dövrün yaradıcısı” (“Tvorets epoxi”) ordeni və diplomu ilə təltif etdi. Xatırladım ki, bu mükafat ilk dəfə mənə verilib. Bu günlər ərzində sərgiyə ardı-arası kəsilməyən insan axını vardı. Bu sərgi əslində martın 25-nə kimi davam etməliydi. Lakin sənətsevərlərin “Baku Crystal Hall”un rəhbərliyinə çoxsaylı müraciətləri sayəsində sərginin vaxtı martın 29-na kimi uzadıldı.

Xatırladım ki, dünyanın bir çox yerlərində sərgilərdə çıxış etmişəm, amma paytaxtımızın sürətlə dəyişən dənizkənarı görünüşünə yeni çalarlar qatan və ən yüksək standartlara cavab verən belə möhtəşəm zal kimisi heç bir yerdə yoxdur. Bu binanın memari gücü ilə daxili gözəlliyi bir-birilə vəhdət təşkil edir. Buradan Bakını seyr etməyi çox sevirəm. Biz sənət adamlarının borcu odur ki, bu gözəllik içərisində bir gözəllik yaradaq. Azərbaycanı layiqincə təmsil edək. Sevindiricidir ki, sərginin sorağı dünyaya yayıldı və bir çox ölkələrdən dəvət aldıq. Həmin sərginin Astraxanda və Miamidə də keçirilməsi planlaşdırılır.

- Bu gün Azərbaycanda incəsənətə, mədəniyyətə, eləcə də rəssamlığa dövlət qayğısını necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan mədəniyyətinin inkişafı, mədəniyyətimizin dünya mədəniyyətinə inteqrasiyası və tanıdılması, sənət adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür. Son illər ərzində mədəniyyət sahəsində mühüm dövlət proqramları həyata keçirilib, paytaxtda və regionlarda bir sıra mədəniyyət mərkəzləri, teatr binaları, konsert-tamaşa salonları, rəsm qalereyaları tikilib istifadəyə verilib, habelə mövcud obyektlərin müasir standartlara uyğun təmiri, maddi-texniki bazasının gücləndirilməsi, ekspozisiyaların zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycanda mədəniyyət sahəsi üzrə verilən fərmanlar, qəbul olunan qanunlar, dövlət başçısının ayrı-ayrı illərdə imzaladığı sərəncamlar, Dövlət proqramları mədəniyyətin inkişafına təkan verib. Bizim çalışdığımız sahədə qazanılan nailiyyətləri qeyd etmək kifayətdir ki, ölkə mədəniyyətində görülmüş işlərin mahiyyəti barədə təsəvvür yarana bilsin. Bilirsiniz ki, möhtərəm Prezidentimiz İlham Əliyev həmişə mədəniyyət xadimlərinə, sənətkarlara xüsusi diqqətlə yanaşır. Mən Azərbaycan mədəniyyətinin inkişafında, dünyaya tanıdılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etmək istəyirəm. Bir sözlə, incəsənətə, mədəniyyətə yüksək səviyyədə qayğı göstərilir. Sərgi üçün bu cür məkanın ayrılması da elə diqqətdən xəbər verir. Bu gün insanlar zaman tapıb mənim sərgimə gəlirlər. Onların sırasında cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini görmək mümkündür. Sevindirici haldır ki, hər kəs öz övladları və nəvəsi ilə gəlir. Bu bizim gələcəyimizdən, mədəniyyət sahəsində aparılan təbliğatın gücündən xəbər verir. Bir neçə il öncə mən italyan rəssamları ilə birlikdə məşhur Florensiya Rəsm Qalereyasında - dünyanın ən prestijli qalereyasında sərgidə iştirak edib, qızıl medala layiq görülmüşdüm. Onda bu qalereyanın rəhbərləri mənə II İoann Pavelin portretini çəkməyi təklif etdilər. Etiraf edirəm ki, italyanlar tərəfindən bu cür etimadı heç zaman gözləmirdim. Təbii ki, Roma Papası səhhəti və yaşı üzündən rəsm üçün poza verə bilməzdi. Amma sifarişçilər Bakıya mənim üçün Papanın müxtəlif vaxtlarda müxtəlif rakurslarda çəkdirdiyi fotoşəkillərdən ibarət fotoalbom göndərdilər. Mən bu önəmli sifariş üzərində, demək olar ki, iki ay işləmişəm. Nəticədə 1,70 x 1,20 m ölçüsündə rəsm alındı. Yeri gəlmişkən, portretdə II İoann Pavelin masasının üstündə dörd müqəddəs kitabı çəkmişəm və Qurani-Kərimi ən yüksəkdə yerləşdirmişəm. Portret başa çatandan sonra italyanlar onu Roma Papasına Florensiya Qalereyası adından hədiyyə vermək istədilər. Amma mən imtina etdim. Daha sonra Prezident İlham Əliyevin Vatikana səfəri zamanı çəkdiyim portret Roma Papasına təqdim edildi. Bu sadaladıqlarımın hər biri dəstəkdir. Biz mədəniyyət xadimləri də qarşılığında aktiv olmalı və çalışmalıyıq. Bilirsiniz, dövlətimiz gəncdir. Dövlət quruculuğunda hər bir vətəndaşın, o cümlədən mənim də rolum olmalıdır. Çalışırıq ki, Azərbaycanımızı bütün dünyada tanıdaq. Sevindirici haldır ki, bu gün ölkəmiz, xüsusilə də paytaxt Bakımız haqqında yüksək təəssüratlar yaranıb. Xarici ölkələrə səfərim zamanı insanlarla söhbətləşdikcə buna daha çox əmin oluram. Vaxtilə xəritədə belə göstərə bilmədikləri ölkəmiz bu gün inkişaf etmiş ölkələr sırasında öz yerini alıb. Bu məni sevindirir. Mən fəxr edirəm ki, Azərbaycanda doğulmuşam, Azərbaycan vətəndaşıyam və Azərbaycan incəsənətinə şərəflə xidmət edirəm.

- Bilirik ki, sizin Ulu Öndər Heydər Əliyevlə bağlı bir çox xatirələriniz var. Ümumiyyətlə, Ümummilli Liderin mədəniyyətə, incəsənətə, mədəniyyət xadimlərinə münasibəti necə idi?

- Bununla bağlı bir xatirəmi bölüşmək istəyirəm. Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra Ulu Öndər tərəfindən Avropa Şurasının Baş katibi V.Şvimmberqə hədiyyə aparması üçün 50-dən çox əsər toplanmışdı. Ulu Öndər mənim “Babadağ” əsərimi imzaya belə baxmadan seçdi. Şvimmberq tabloya baxıb: “Biz Azərbaycanı həmişə belə bir yüksəklikdə görməyi arzulayırıq” demişdi. Bununla yanaşı, Ulu Öndər mənim əsərlərimi Vladimir Putinə, Nursultan Nazarbayevə və Süleyman Dəmirələ də hədiyyə etmişdi. Yaxşı xatırlayıram, 2002-ci ildə Moskvada Ulu Öndərin tapşırığı və göstərişi ilə Azərbaycan günləri keçirilmişdi. Burada maestro Niyazi, Fikrət Əmirov və mənim gecəm təşkil olundu. Moskvanın Solanka qalereyasında baş tutan sərgi hər iki ölkənin TV kanallarında da yayımlandı. Çox möhtəşəm sərgi idi. Azərbaycanda mədəniyyətə qayğı elə Ulu Öndərdən başladı. Onun mənə göstərdiyi böyük diqqəti heç zaman unutmaram. Bir dəfə mən Süleyman Dəmirəl ilə Ulu Öndər Heydər Əliyevin portetini çəkmişdim. Bu səbəblə də Süleyman Dəmirəl ilə görüşmək imkanı əldə etdim. Soruşdum ki, siz Ulu Öndər Heydər Əliyev haqqında nə deyə bilərsiniz? O mənə cavab verdi ki, Heydər Əliyev kimi bir şəxsiyyət olmaq üçün dünyaya 3-4 dəfə yenidən gəlmək lazımdır.

- Dünyaya səs salan əsərlərinizdən biri də “Heydər Əliyev” portretidir. Bu, bir xəzinədir, desək yanılmarıq. Bu xəzinədə hansı sirlər yatır?

- Ulu Öndər Heydər Əliyev miniatürləri çox sevdiyi üçün portretdə miniatürlərə xüsusi yer vermişəm. Günəş kimi doğan bir Azərbaycan fonunda çəkmişəm. Əsərdə Ulu Öndərin xüsusi ruh yüksəkliyi ilə aram və rahat vəziyyətdə oturuşunu təsvir etmişəm. Bu rahatlıq və əminlik Onun böyük tarixi və fərdi missiyasının parlaq nəticəsidir. Təbii ki, mənim üçün çox böyük əsərdir. Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamına nəzərən deyərdim ki, “Mən fəxr edirəm ki, belə bir şəxsiyyətin həmvətəniyəm”.

- Biz sizi həm də vətənpərvər rəssam kimi tanıyırıq. Azərbaycanı öz əsərlərinizlə təmsil edirsiniz.

- Azərbaycanı sevmək, qorumaq lazımdır. Vətənimizin inkişafında hər birimizin rolu olmalıdır. Xalqın milli kimliyini təsdiqləyən atributlarından biri də dildir. Ona görə də vacib olaraq dilimizdən səlis istifadə etməliyik. Uşaqlarımıza öz dilimizi öyrətməli, onlara bu dildə danışmağa üstünlük verməyi aşılamalıyıq. Dil dünən, bu gün və sabah arasında nəsilləri bağlayan qırılmaz bir körpüdür. Təəssüf hissi ilə qeyd edim ki, baxırsan professordur, akademikdir, ana dilində normal danışmağa çətinlik çəkir. Başqa dili öyrənmək olar. İngilis dilində səlis danışmaq olar. Amma bu bacarığı öz mədəniyyətimizi dünyaya tanıtmaq üçün istifadə etməliyik. Evdə ailə fərdlərinin bir-birilə rus dilində danışması yolverilməzdir. Biz azərbaycanlıyıq. Bir nüansı qeyd edim ki, mənim qızım Xarici Dillər Universitetini qırmızı diplomla bitirib. Gəldi mənə sevinə-sevinə dedi ki, ata, məzun oldum. Mən dedim ki, qızım, bu gün ingilis dilini İngiltərədə sadə təbəqədən tutmuş ziyalıya kimi hər kəs bilir. Bu sadəcə ünsiyyət vasitəsidir, sənət deyil. Sən bu bacarıqla yanaşı sənət tariximizi dünyaya çatdırmağa çalış. Nəticədə sözümü dinlədi, hazırda qızım da rəssamlıqla məşğuldur. Öz tələbələrini yetişdirir. Bununla yanaşı, mədəniyyət tariximizin dünyaya çatdırılması üçün məharətlə çalışır. Bu atributlardan biri də sərhədimizdir. Ərazi bütövlüyümüzdür ki, buna da ciddi yanaşmalıyıq. Çox çətinliklə qurulan ölkəmiz üçün ürəyimiz əsməlidir. Bu gün Bakı dünyanın gözüdür. Mən deyərdim ki, Azərbaycan ayrıca bir mədəniyyət planetidir. Neçə-neçə dahilər yetişdirib. Bəzən bir insanın gördüyü iş milyonlara bərabər olur, bəzən də milyonlarla insan bir insanın işini görməyə qadir deyil. Biz də çalışmalıyıq ki, hər birimiz milyonlara bərabər insanlar yetişdirək. Övladlarımız sayəsində Azərbaycanın adını daha da ucaldaq. Azərbaycan mənim üçün müqəddəs bir torpaqdır. Mənə ruh Azərbaycanda verilib. Şüar kimi yox, hiss edərək sevməliyik.

- Bildiyimiz kimi, Qarabağa həsr etdiyiniz “Cıdır düzü” əsərini Böyük Britaniya kraliçası II Yelizavetaya hədiyyə etmisiniz. Hazırda bu misilsiz əsər Vindzor qəsrini - ingilis monarxlarının iqamətgahını bəzəyir. Siz kraliça ilə görüş imkanı qazanmış az sayda azərbaycanlıdan birisiniz. Maraqlıdır, nədən söhbət elədiniz?

- Mən Əlahəzrətə Qarabağa həsr etdiyim “Cıdır düzü” əsərimi təqdim etdim. Bu əsərdə mən ölkəmizlə bağlı bir neçə rəmzi birləşdirmişdim: dağ çiçəyi xarı bülbülü, Qarabağ atlılarını və bülbülləri, çövkəni, atın üzərində oturmuş Xan Qızını və uzaqda qürurla dalğalanan Azərbaycan bayrağını təsvir etmişdim. II Yelizaveta əsərə diqqətlə baxaraq çövkən oynayan atlılara işarə edib soruşdu: “Bu, atlı polodur?”. Ünsiyyət üçün ayrılmış beş dəqiqə əvəzinə mən, demək olar ki, yarım saat ona Qarabağın tarixi, milli kostyumları və musiqi alətləri, qədim Azərbaycan çövkəninin bir növ polonun sələfi olması barədə ətraflı danışdım. Danışdım ki, qədimlərdən çövkən xüsusi sahədə və xüsusi təlim görmüş atlarla oynanılan aristokrat oyunu olub, çövkən yarışlarında hətta şah ailəsinin təmsilçiləri də iştirak ediblər.

- Sizin üçün həyatın rəngi hansıdır?

- Həmişə işıqlı rənglərə üstünlük verirəm. Qara rənglərdən artıq qaçıram. Çalışıram əsərlərimdə Azərbaycanımızı rəngarəng göstərim. Təsəvvür edin, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xaos içində idi. Şükürlər olsun ki, Azərbaycan bu gün qaranlıqdan aydınlığa yol alıb, Azərbaycanın indi aldığı o işıqlı rəngləri sevirəm.

- Hazırda hansı əsər üzərində çalışırsınız?

- “14 gözəl” əsərimi yeni bitirdim. Bildiyiniz kimi, Şərq dünyasında 14 gecəlik ay gözəllik rəmzidir. Burada dünyanın ən nüfuzlu 14 ölkəsi sırasında Azərbaycan da yer alıb. Belə ki, Yaponiyadan İngiltərəyə qədər sıralanmanın tən ortasında Azərbaycanı çəkmişəm. Azərbaycanın əks olunduğu rəsmdə isə Bakının neft buruqları, Nizami məqbərəsi, qaval, tar və kamança, xonça, səməni, şəkərbura, paxlava, Şirvanşahlar sarayı, o cümlədən Heydər Əliyev Mərkəzi və s. daxildir.

- Siz həm də tələbələr yetişdirirsiniz. Hər gün bu sahəni öyrənən, gələcəyini burada görən gənclərlə ünsiyyətdə olursunuz. Bu gün deyə bilərikmi, Azərbaycan rəssamlığının gələcəyi etibarlı əllərdədir?

- Rəssamlıq öyrədilmir, öyrənilir. Tələbələrim sırasında övladlarım da yer alıblar. Öz emalatxanamda tələbələrim üçün şərait yaratmışam. Mənim üçün ya tələbələrim, ya da övladlarım - heç bir fərqi yoxdur. Hər birinə diqqət və qayğı göstərməyə çalışıram. Bu yaxınlarda Kiprdə tələbələrimin də iştirak etdiyi sərgi keçiriləcək. Hər səfərimdə onları da özümlə birlikdə sərgilərə aparıram. İstəyirəm ki, onlar da yüksək səviyyədə iştirak etsinlər. Fəxrlə deyə bilərəm ki, bu yaxınlarda tələbələrimdən 4 nəfər UNESCO Rəssamlar Birliyinin üzvü seçilib. Gənclərə çox böyük inamım var. Təbii ki, onlar Azərbaycanın gələcəyidir.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 29 mart.- S.4.