Ömrünü elm və təhsilə
həsr edən insan
Pedaqoji elmlər doktoru İranə Əliyeva
elmi-pedaqoji fəaliyyəti ilə ali məktəblərdə
tədris prosesinin təkmilləşdirilməsinə
özünün töhfələrini verib
Bütün ömrünü elm və təhsilə
həsr edən pedaqoji elmlər doktoru İranə Əliyeva,
sözün əsl mənasında, əsl vətəndaş,
ziyalıdır. Alimin gənc nəslə bəxş etdiyi biliklər
onun mənəvi paklığından, intellektinin yüksəkliyindən,
şəxsiyyətinin ucalığından qidalanır. Məhz
bu keyfiyyətlərə sahib olan alim elmi-pedaqoji sahədə
böyük uğurlara imza atıb. O, bunu çoxillik gərgin
və halal zəhməti, istedadı və yüksək insani
keyfiyyətləri ilə qazanıb. Bir alim kimi İranə
Əliyevanı fərqləndirən cəhət əsərlərinin
elmi dəyəri ilə, irəli sürdüyü fikir və
mülahizələrdəki novatorluq ilə
bağlıdır. O, elmi, pedaqoji yeniliyi görən, ona
xüsusi dəyər verən bir alimdir.
Qeyd edək ki, İranə Məmməd
qızı Əliyeva Azərbaycan Dövlət Universitetinin
(indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini
bitirib. Ali təhsili başa vurduqdan sonra 3
saylı Texniki Peşə Məktəbində rus dili müəllimi
vəzifəsində işləyib. 1986-cı ildən o,
M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı
İnstitutunda (indiki Bakı Slavyan Universiteti) əvvəlcə
saathesabı müəllim, sonra isə “Rus dili və onun tədrisi”
kafedrasında müəllim, baş müəllim vəzifələrində
çalışıb. Müəllim kimi fəaliyyəti
ilə yanaşı olaraq, İranə xanım elmi fəaliyyətlə
də dərindən məşğul olub. 1997-ci ildə isə
Azərbaycan Respublikası Təhsil Problemləri
İnstitutunda “Rus dili təlimində oyun
tapşırıqlarında istifadə prosesində tələbələrin
peşə-nitq vərdişlərinin
formalaşdırılması” mövzusunda namizədlik
dissertasiyasını müdafiə edərək pedaqoji elmlər
namizədi elmi dərəcəsini alıb. Eyni zamanda, 2000-ci
ildən Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin
“Rus dili” kafedrasının müdiri vəzifəsində
çalışıb. 2005-ci ildə Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı
ilə ona dosent elmi vəzifəsi verilib.
Elmi fəaliyyətini uğurla
davam etdirən alim 2012-ci ildə isə “Dil mühitindən kənar
rus dilinin konfiqurativ metodikası vasitəsilə tədrisin əsasları”
mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək
pedaqoji elmlər doktoru elmi dərəcəsinə layiq
görülüb. 2016-cı ildə Bakı Slavyan Universitetində
Rus dili və onun tədrisi metodikası
kafedralarının birləşdirilməsindən sonra yaranan
“Rus dili və mədəniyyətlərarası kommunikasiya”
kafedrasının müdiri vəzifəsinə seçilib.
2016-cı ilin dekabr ayından isə İranə
Əliyeva Azərbaycan Turizm və Menecment Universitetində
çalışır. Belə ki, o, ilk olaraq universitetin
İnkişaf məsələləri üzrə prorektoru
olub, 2018-ci ildə isə Tədris işləri üzrə
prorektor vəzifələrində işləyib. Hal-hazırda
isə həmin universitetdə Elm və inkişaf məsələləri
üzrə prorektor vəzifəsində
çalışır.
Məlumat üçün onu da bildirək ki,
professor İranə Əliyeva ali məktəblərdə tədris
prosesinin təkmilləşdirilməsinə dair bir sıra təklif,
fikir və mülahizələrlə çıxış
edib. “Azərbaycanda dərin savada, biliyə, ixtisasa malik olan
müəllimlər var və onlar cəmiyyətin çox
hissəsini təşkil edirlər. Müəllimin gənc nəslə
bəxş etdiyi biliklər onun mənəvi
paklığından, intellektinin yüksəkliyindən, şəxsiyyətinin
ucalığından qidalanmalıdır. Məhz
bu keyfiyyətlərə sahib olan alim elmi-pedaqoji sahədə
böyük uğurlara imza ata bilər”, - deyən
müsahibimiz, pedaqoji elmlər doktoru İranə
Əliyevanın fikrincə, ali təhsil ocağında tədris
prosesinin keyfiyyətini yüksəltmək üçün
müəllimlər tələbələri lazımi ədəbiyyata
yönəltməli, dərslərdə və
daha sonra seminarlarda mövzuları araşdırmalı,
imtahana hazırlıq dövründə imtahan
suallarını tələbələrlə birlikdə
araşdırıb işləməlidirlər. Çünki
tədris elə prosesdir ki, onu təkmilləşdirmək
üçün üzərində daim işləmək
lazımdır.
1980-ci ildən tədris prosesinə
dair innovativ təkliflərlə çıxış edən,
bu istiqamətdə araşdırmalar aparan İranə
Əliyeva, eyni zamanda, həmin illərdə 3 nömrəli
peşə məktəbində yeni metodika ilə rus dilinin
xarici dil kimi tədrisi üçün yeni proqramlar, dərsliklər
hazırlayıb. Onun tərəfindən
hazırlanmış sistem Azərbaycanın bir neçə
peşə məktəbində tətbiq olunub və müsbət
qiymətləndirilib. Müsahibimiz deyir ki, bəhs edilən
illərdə hərbi
çağırışçılar üçün də
rus dilini bilmək çox vacib idi. Çünki azərbaycanlı
gənclər rus dilini bilmədikləri üçün ancaq
tikinti batalyonunda hərbi xidmət etməli olurdular. Ona görə
həmin vaxt İranə xanımın qarşısına
vacib bir məsələ qoyuldu. Qısa bir zamanda (1 ay müddətində)
rayonlardan çağırış vərəqələrini
alan gənclərə rus dili öyrədilməli idi ki, onlar
mühəndis qoşunlarında xidmət edə bilsinlər. “Bu, çox məsuliyyətli iş idi, amma indi də
hesab edirəm ki, bu, mənim üçün böyük bir
təcrübə, araşdırmalarım üçün isə
təkan oldu”, - deyən İ.Əliyeva həmin vaxt bu
tapşırığın öhdəsindən yüksək
səviyyədə gəldiyinə görə təşəkkür
sertifikatı ilə təltif olunub.
Professor İ.Əliyeva qeyd edir ki, bu eksperimentin
nəticəsi M.F.Axundov adına Azərbaycan Pedaqoji
İnstitutunun (indiki BSU) rəhbərliyini də
maraqlandırıb. Orada tələbələr rus dili müəllimi
ixtisası üzrə təhsil alırdılar. Rus dilini sərbəst
bilmək əsas məqsəd idi və bu innovativ metodikanı
tədrisdə tətbiq etmək İranə xanıma təklif
olunur. “Bu təklif çox maraqlı, həm də məsuliyyətli
idi. Mənim dərs dediyim tələbələr gələcəyin
rus dili müəllimləri idilər. Yeni metodika ilə dili
öyrənənlər düşüncələrini yaza, sərbəst
danışa bilirdilər və imtahanda yüksək səviyyədə
biliklərini nümayiş etdirdilər”, - deyə o bildirib. Bu
təcrübə, həmçinin İranə xanımın
öz araşdırmalarını tədrisin
formalaşdırılmasına, təşkilinə, tədrisin
məzmununa və metodikasına yönəltməsinə səbəb
oldu.
1990-cı illərdə isə universitetə qəbul
olunan ingilisdilli əcnəbi tələbələrin dərslikləri,
işçi proqramları, dərs vəsaitləri də
İranə xanım tərəfindən hazırlanıb. Eyni
zamanda, respublikada dil mühitində baş verənlərin
fonunda İranə xanım qurduğu sistemi yenidən təkmilləşdirməyə
ehtiyac duyub. Və yenidən eksperimentlər, yoxlamalar, testlər
və s. ... 1980-ci ildən qazandığı təcrübə
gələcək alimə dayaq olub. O, yeni “Konfiqurativ metodika”nı
dərc edib və müəlliflik sertifikatını
qazanıb.
2000-ci ildə indiki BSU-da kafedra
müdiri vəzifəsində işləyərkən İranə
Əliyeva həm kafedrada çalışan təcrübəli
müəllimləri, həm də yeni gələn müəllimləri
bu yeni kofiqurativ metodikanın sistemi ilə tanış edib və
onların da bu istiqamətdə tədrisə yaradıcı
yanaşmalarına kömək göstərib. O, bu
istiqamətdə təcrübəsini prorektor kimi
çalışdığı Azərbaycan Turizm və
Menecment Universitetində də uğurla tətbiq edib. “Azərbaycan
Turizm və Menecment Universitetində tədrisi konfiqurativ
metodika əsasında qurdum və yenə də müsbət nəticələr
əldə etdim. Bu sistemdə tətbiqi qiymətləndirmə
prosesi də nəzərə alınır”, - deyə İranə
Əliyeva bildirib. Onun təbliğ etdiyi yeniliyin nəticəsində
tələbələrin bilik səviyyəsi artıb və imtahanlardan
kəsilmə halları minimuma enib. Professor hesab edir ki, elm və
bilik tərəqqinin əsasıdır və bir-birindən
asılıdır: “Elmsiz və təhsilsiz cəmiyyət nə
inkişaf edə, nə də irəliyə gedə bilər.
Tədris prosesində əldə edilən biliklərin təcrübədə
tətbiqi də əsas məsələlərdən biridir. Tələbələr
üçün istehsalat təcrübəsinin təşkili,
onların bacarıqlarının üzə
çıxarılması, yeni nəsil peşəkarların
yetişdirilməsi hər bir müəllim üçün
unikal bir stimuldur”.
“Dərsi maraqlı edən təkcə
mövzunun bütün təfsilatı ilə
çatdırılması deyil. Onun hansı üsul və
metodologiya ilə ötürülmə keyfiyyəti
mühüm rol oynayır”, - deyən İranə
Əliyevanın fikrincə, tələbələr müəllimlərdən
dərsin gedişində kreativlik və maraq tələb edirlər.
Qeyd edək ki, İranə Əliyevanın məhsuldar
pedaqoji fəaliyyəti dövlət rəhbərliyi tərəfindən
də yüksək qiymətləndirilib. O, Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli Sərəncamı
ilə “Əməkdar müəllim” fəxri adı ilə təltif
olunub.
İranə Əliyeva fəaliyyət
göstərdiyi illər ərzində elmi məqalələrin,
proqramların, tezislərin, dərsliklərin, didaktik və
metodik vəsaitlərin, metodik tövsiyələrin, testlərin,
lüğətin, monoqrafiyanın müəllifidir. 2014-cü
ildən Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət
göstərən Dissertasiya Şurasının
üzvü olan alim, həmçinin elmi-tədqiqat işlərinə
rəhbərlik edir, elmi işlərdə opponent kimi
çıxış edir, doktorluq dissertasiyalarına məsləhətçi
kimi təyin olunur.
Bu uğurların arxasında böyük zəhmət,
əziyyətlə yanaşı, təcrübə dayanır.
İranə xanım bütün bunlarla kifayətlənmir, tədrisi
daha maraqlı etmək üçün daim yeni metodikalar
axtarışındadır. O, dərslərini interaktiv şəkildə
keçməyi üstün tutur və bu, tələbələr
tərəfindən çox bəyənilir. Gördüyü
işi sevən, ona hər zaman məsuliyyət hissi ilə
yanaşan professor İranə Əliyeva deyir: “Ən
böyük məqsədim cəmiyyətimiz üçün
savadlı və peşəkar kadrlar yetişdirməkdir.
Ən böyük arzum isə Ulu Öndər Heydər
Əliyevin “Mən Azərbaycanın sadə vətəndaşıyam.
Bu addan yüksək ad yoxdur. Ancaq bundan da yüksək ad
müəllimlikdir” sözlərinə layiq olmaqdır”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2019.- 30 mart.- S.6