Regionlarda tikinti-quruculuq
işləri davamlı xarakter daşıyır
Bu ilin üç ayı ərzində
də bölgələrdə infrastruktur layihələri
uğurla reallaşdırılıb
Məlum olduğu kimi, ölkəmizdə
uğurla reallaşdırılan sosial-iqtisadi siyasət
respublikamızın hərtərəfli inkişafını təmin
edib. Heç şübhəsiz ki, bu
inkişafda ölkəmizdə 2004-cü ildən etibarən
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarının xüsusi
payı var. Çünki məhz bu proqramlar çərçivəsində
atılan addımlar, həyata keçirilən
genişmiqyaslı layihələr Azərbaycanın
regionlarının ümumi inkişaf dinamikasını təmin
edib. Eyni zamanda, onu da xüsusi olaraq vurğulamaq
yerinə düşər ki, respublikamızda regionların
sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət
Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca
üçüncü proqramın icrası da yüksək səviyyədə
təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu
il tarixində imzaladığı növbəti Fərmanla isə
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiqlənib. Yeri gəlmişkən,
dövlət başçısı cari il yanvarın 29-da
keçirilən “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin
inkişafı baxımından üçüncü Dövlət
Proqramını yüksək qiymətləndirib:
“Regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramının icrası
təmin edildi. Beş il bundan əvvəl qəbul edilmiş
proqram artıqlaması ilə yerinə yetirildi. Son beş il ərzində
qarşımıza qoyduğumuz bütün vəzifələr
icra olundu. Üçüncü proqramın çox
böyük əhəmiyyəti var. Bu proqram bizə imkan
yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan
islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, görünən
odur ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının reallaşdırılması
respublikanın bölgələrinin hərtərəfli
inkişafını təmin edib və hər bir rayonda əldə
edilən uğurlarla müşayiət olunub. Təsadüfi
deyil ki, məhz bu proqramlar çərçivəsində
regionlarda genişmiqyaslı tikinti-quruculuq işləri
görülüb. Hazırda da bu istiqamətdə işlər
davam etdirilir.
Məsələn,
respublikamızın ayrı-ayrı bölgələrində
olduğu kimi, Gəncə şəhərində də
qeyri-neft sektorunun vacib sahələrindən olan turizmin
inkişafı məqsədilə müasir infrastrukturun, hotellərin
və istirahət-əyləncə mərkəzlərinin
yaradılması işləri həyata keçirilir. Belə ki, hazırda Gəncə şəhərində
5, onun inzibati ərazisinə daxil olan Hacıkənd qəsəbəsində
isə 1 yeni hotel tikilir. Şəhərin mərkəzində
Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin
kəsişməsində inşa edilən və ümumi sahəsi
5 min 586 kvadratmetr olan “Majestic Palace” mehmanxanasının
daxilində hazırda son tamamlama işləri
görülür.
Şəhərin mərkəzində,
Nağı bəy Şeyxzamanlı küçəsində
inşa edilən və ümumi sahəsi 2 min 500 kvadratmetr olan
8 mərtəbəli “Otel Univermaq”da, həmçinin Nizami Gəncəvi
prospektindəki 8 mərtəbəli və 4 mərtəbəli
hotellərin də binasında tikinti işləri
yekunlaşıb.
Eyni zamanda, şəhərin Şah
İsmayıl Xətai prospektində 4 mərtəbəli, Zərifə
Əliyeva prospektində isə 2 mərtəbəli
mehmanxanalar da inşa edilir.
Hacıkənd qəsəbəsində tikilən
7 mərtəbəli ARFA mehmanxanasının daxilində son
tamamlama işləri görülür. ARFA
mehmanxanasının istifadəyə verilməsi Hacıkənd
və Göygöldə qış turizminin inkişafına
töhfə olacaq.
Son illərdə
respublikamızın bütün bölgələrində
ümumtəhsil məktəblərinin infrastrukturunun
müasirləşdirilməsi və maddi-texniki
bazasının zənginləşdirilməsi
üçün həyata keçirilən tədbirlərə
uyğun olaraq Goranboy rayonunda da 24 məktəb binası və
3 əlavə tədris korpusu tikilib. Həmçinin 11 məktəb
əsaslı təmir edilib. Vurğulanmalıdır ki, ötən
il Xoylu kənd tam orta məktəbin əlavə korpusu əsaslı
təmir edilib, Səfikürd və Balakürd kəndlərində
mini-stadionlar quraşdırılıb. Bununla belə,
hazırda 15 məktəbin tikintisinə, 4 məktəbin isə
əsaslı təmirinə ehtiyac var.
Goranboyda tikilən Ailə və Uşaqlara Dəstək
Mərkəzi isə bu il istifadəyə veriləcək.
Artıq Mərkəz üçün binanın tikintisi
başa çatıb. Hazırda binanın daxilində təmir
işləri davam etdirilir. Mərkəzin əsas məqsədi
rayonda sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə
inteqrasiyasına, onlarda müstəqil həyat
bacarıqlarını inkişaf etdirməyə kömək
etməkdir. Bu məqsədlə Mərkəzdə anaların
və uşaqların iştirakını nəzərdə
tutan məktəbəqədər məşğələlər
təşkil ediləcək, xidmətlər göstəriləcək.
Onu da vurğulamaq yerinə düşər ki,
son illərdə respublikamızda ənənəvi məktəb
binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin
quraşdırılması da həyata keçirilir. Xatırladaq ki, modul tipli məktəblərin
üstünlüyü onların azməsrəfli olması,
qısa müddət ərzində istənilən relyefdə
quraşdırılması, asan daşınması, sinif
otaqlarının sayının şagirdlərin sayına
uyğun olaraq rahatlıqla
azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin
tikintisində əsasən yerli istehsal məhsullarından
istifadə edilir.
Yeri gəlmişkən, tezliklə Tərtər
rayonunun Kovdadıq və Zolgəran kəndlərində
quraşdırılan modul tipli məktəb binaları müəllim
və şagirdlərin istifadəsinə veriləcək. Məktəb binalarının tikinti-quraşdırma
işləri Prezident İlham Əliyevin “Ağdam,
Laçın, Füzuli və Tərtər rayonlarında təhsil
infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər
haqqında” 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə
ayrılan vəsait hesabına həyata keçirilib.
Kovdadıq kənd ibtidai məktəbi
üçün quraşdırılan bina 20, Zolgəran kənd
ümumi orta məktəbi üçün qurulan bina isə
56 şagird yerlikdir. Artıq tikinti-quraşdırma işləri
başa çatıb. Məktəb binaları müasir
avadanlıqlar və mərkəzləşdirilmiş istilik
sistemi ilə təmin edilib. Hazırda binaların su təminatı
üçün işlər davam etdirilir, həyətlərində
abadlıq işləri aparılır, yaşıllıqlar
salınır. Qeyd edək ki, ötən il Tərtər
rayonunun Bayandur və Poladlı kəndlərində də
modul tipli məktəb binaları quraşdırılıb.
Xaçmaz şəhərində isə 432
şagird yerlik ikimərtəbəli məktəb binası
inşa olunur. Hazırda binanın birinci mərtəbəsinin
tikintisi həyata keçirilir. Bəybala Rəsulov adına
Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbi
üçün inşa olunan yeni bina növbəti tədris
ilindən istifadəyə veriləcək. Yeni məktəb
binasının həyətində qazanxana və su çənləri
də inşa olunacaq. Otuz sinif otağından ibarət olacaq tədris
ocağında fənn kabinetləri, kitabxana, kompüter
otağı, akt və idman zalları fəaliyyət göstərəcək.
Təhsil müəssisəsi müasir istilik və
işıqlandırma sistemi ilə təchiz ediləcək.
Ümumiyyətlə, 2018-ci ildən şimal
bölgəsinin altı rayonunda 20 yeni modul tipli məktəb
binasının tikintisinə başlanılıb. Bu məktəblərdən
18-i artıq istifadəyə verilib. Xaçmaz rayonunun
Cığatay, Siyəzənin Qalaaltı kəndlərində
quraşdırılan modul tipli məktəblər isə
yaxın günlərdə şagirdlərin ixtiyarına veriləcək.
Məktəbəqədər tərbiyə
müəssisələrinin müasirləşdirilməsi,
maddi-texniki bazasının zənginləşdirilməsi, eləcə
də gələcək nəslin təlim və tərbiyəsinin
hərtərəfli inkişaf etdirilməsi məqsədilə
respublikamızın ayrı-ayrı bölgələrində
görülən işlərə uyğun olaraq Şəmkir
rayonunda ötən il 755 yerlik 7 körpələr evi-uşaq
bağçasında əsaslı təmir işləri
aparılıb.
Belə ki, Şəmkir şəhərində
3, 4 və 5 saylı körpələr evi-uşaq
bağçalarının, Kür qəsəbə,
Keçili, Qaracəmirli və Dəllər Cırdaxan kənd
körpələr evi-uşaq bağçalarının
binaları əsaslı təmir olunub. Şəmkirin Hərbi
şəhərcik ərazisində 8 saylı körpələr
evi-uşaq bağçası üçün 100 yerlik
binanın tikintisi başa çatdırılıb.
O cümlədən kənd təsərrüfatının
inkişafında və ərzaq təhlükəsizliyinin təmin
olunmasında baytarlıq sahəsinin oynadığı
mühüm rol nəzərə alınaraq Naxçıvan
Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və
tabeliyindəki qurumların iş şəraiti də yaxşılaşdırılır.
Babək rayon Baytarlıq İdarəsi üçün yeni
inzibati binanın inşa olunması da həyata keçirilən
tədbirlərin tərkib hissəsidir.
Yeni inzibati bina 3 mərtəbədən ibarət
olacaq. Hazırda binanın dam örtüyü vurulur, rabitə
və elektrik xətləri çəkilir. Qeyd
edək ki, müasir layihə əsasında inşa olunan
binanın birinci mərtəbəsində dərman və boya
maddələrinin saxlanılması üçün otaqlar və
qəbul otaqları, eləcə də arxiv yerləşəcək.
İkinci mərtəbədə isə virusoloq-həkim,
terapevt-həkim, epizootik-həkim, süni mayalanma və
laborant-sanitar otaqları, laboratoriyalar fəaliyyət
göstərəcək.
Naxçıvan Muxtar Respublikasının
Şahbuz şəhərində isə 40 mənzilli altımərtəbəli
yaşayış binası inşa olunur. Mənzillərdən
20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır.
Üçotaqlı mənzillərin ümumi sahəsi 83 və
90, ikiotaqlı mənzillərinki isə 63 və 70 kvadratmetr
olacaq. Binanın zirzəmisində mülki müdafiə və
səfərbərlik ehtiyatı anbarı, xidmət mərkəzi
yerləşəcək. Hazırda binanın
dördüncü mərtəbəsində beton-qəlib, digər
mərtəbələrdə isə hörgü işləri
görülür.
Yardımlı rayonunda isə Prezident İlham
Əliyevin Sərəncamına əsasən Olimpiya İdman
Kompleksinin tikintisi uğurla davam etdirilir. Gənclər və
İdman Nazirliyinin sifarişi ilə Yardımlı şəhərindəki
Heydər Əliyev prospektində inşa edilən yeni idman
obyektinin tikintisinə ötən ilin oktyabrında
başlanılıb. Bu, ölkəmizdə inşa edilən
sayca 47-ci Olimpiya İdman Kompleksidir.
Üçmərtəbəli əsas korpusda
700 yerlik böyük idman, 160 yerlik güləş zalları,
eləcə də boks zalı, voleybol və futbol
meydançaları yaradılacaq. Burada həmçinin
mehmanxana binası, 150 kubmetrlik su anbarı, qazanxana, elektrik
yarımstansiyası və digər yardımçı tikililər
də inşa ediləcək. Yardımlı Olimpiya İdman
Kompleksinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə
tutulub.
Qax rayonunda da tikinti-quruculuq işləri
uğurla davam etdirilir. Belə ki, Qax şəhərində
istismar müddəti başa çatmış 3 ədəd
ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
48 mənzilli yeni yaşayış binasının tikintisinə
başlanılıb. Bina Prezident İlham Əliyevin ötən
il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən
inşa edilir.
Şəhərin Hürü Tağıyeva
küçəsində inşa edilən 4 blokdan ibarət
dördmərtəbəli binanın tikintisində hazırda
zirzəmi hissəsinin betonlanması işləri
görülür. Yaşayış binasının bu ilin
sonunadək istifadəyə verilməsi nəzərdə
tutulur.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 30 mart.- S.6.