İcbari tibbi sığortanın geniş tətbiqi çox ciddi sosial addım olacaq

 

Bu sistemin ölkəmizdə tətbiq olunması əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maddi-texniki təminatını daha da gücləndirəcək

Son illər Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, vətəndaşların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir. Qeyd edək ki, bir neçə ildir ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə keçidlə bağlı Nazirlər Kabinetində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu sistemin tətbiqi ilə əlaqədar Mingəçevir, Yevlax və Ağdaşda pilot layihələr həyata keçirilir. Ümumiyyətlə, icbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. Hökumətin sosial siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində aparılan islahatların davamı olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə potensialını gücləndirəcək. Agentlik səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli şəkildə əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəldilməsinə xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi üçün çəkilən xərclərin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək. İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik, şəffaflıq və keyfiyyət prinsipləri əsasında fəaliyyət göstərəcək.

Yeri gəlmişkən qeyd edək ki, gələn ildən etibarən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa 2018-ci il dekabrın 28-də mühüm dəyişikliklər qəbul olunub. 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək qanunda bütün əhaliyə təcili və təxirəsalınmaz tibbi yardım, habelə ilkin səhiyyə xidməti üçün sığorta haqlarının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulur. Həmçinin ölkə əhalisinin 45 faizini təşkil edən iqtisadi qeyri-fəal əhali, başqa sözlə desək, uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar üçün sığorta haqqı dövlət büdcəsi tərəfindən ödəniləcək. Bu isə dövlət başçısının sosialyönümlü islahatlarının və həssas əhali kateqoriyasına göstərdiyi yüksək qayğının bariz nümunəsidir.

Eyni zamanda, dövlət başçısının 2018-ci il dekabrın 20-də imzaladığı 418 nömrəli Fərmanı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin yaradılması və dövlət tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi, dövlət tibb müəssisələrinin elektronlaşdırılması, habelə icbari tibbi sığortanın sonrakı inkişafı ilə bağlı qərarlar qəbul edilib.

Aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı 3 pilot layihənin təcrübəsi çox müsbətdir: “Biz indi genişmiqyaslı proqramın icra edilməsinə hazırıq. Bu da çox ciddi sosial addım olacaq”. Ölkə başçısı həmçinin bildirib: “İcbari tibbi sığorta ilə bağlı görülən işlər gözəl nəticə verir. İki ildir ki, bu proqram icra edilir və pilot layihələr insanları razı salır, vətəndaşlar razıdır, həkimlərin əməkhaqqı qalxır. Yəni bu, ciddi addımlardır və göstərir ki, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoymalıyıq”.

Onu da qeyd edək ki, yeni maliyyələşmə sistemində dövlət vəsaitləri və icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin başlıca mənbəyi olacaq. Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın digər rəhbər prinsipləridir. Burada məqsəd yeni maliyyələşmə metodlarının tətbiqi ilə tibbi xidmətin keyfiyyətinin daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli istifadəsinin təmin edilməsidir.

Nazırlər Kabinetinin bəhs olunan iclasında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, pilot layihə çərçivəsində bir sıra mühüm addımlar atılıb. Belə ki, əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığorta olunanlar və 30 minə yaxın məcburi köçkün baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilib və əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükü əhəmiyyətli dərəcədə azaldılıb. Onun sözlərinə görə, tibb müəssisələrinin fəaliyyətində məhsuldarlıq artırılaraq tibbi-iqtisadi rentabellik təmin olunub: “Mövcud maddi-texniki baza və kadr resursları ilə daha çox pasiyentə xidmət göstərilmiş və nəticədə 2018-ci ildə pilot ərazilərdə ambulator-poliklinik gəlişlərin sayı 1,1 milyon olub, adambaşına düşən həkimə gəlişlərin sayı 3,2 dəfə təşkil edib. Evə yazılan xəstələrin sayı isə 21 min 454 nəfər olmaqla 2016-cı illə müqayisədə 11 faiz artıb. Bununla yanaşı, icbari tibbi sığortanın tətbiqi nəticəsində pilot ərazilərdə anadangəlmə ürək qüsuru ilə doğulan 37 uşaq əməliyyat edilib, onlar əlillikdən xilas edilərək öz sağlamlıqlarına qovuşublar”.

Zaur Əliyev həmçinin qeyd edib ki, əhalinin icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi xidmətlərin toplusunu ehtiva edən xidmətlər zərfinin hazırlanması, habelə tibbi xidmətlərin tariflərinin müəyyənləşdirilməsi üzərində işlər aparılır. Həmçinin qarşıya qoyulan mühüm vəzifələrdən biri də səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir. Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və layihələr ən qısa zamanda aidiyyəti üzrə təqdim olunacaq.

Bu sistemin əhəmiyyətindən danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, tibbi sığorta qanunvericiliyi 1999-cu ildə qəbul olunsa da, obyektiv səbəblərdən indiyədək bu sistemə keçmək mümkün olmayıb. Əsas problem isə maliyyə faktoru ilə bağlı idi. Amma millət vəkili hesab edir ki, hazırda icbari tibbi sığortaya keçmək mümkündür. Onun sözlərinə görə, Azərbaycanın hər yerində səhiyyə xidməti göstərə biləcək klinikalar var. Belə ki, son 15 il ərzində 600-dən çox tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub: “Eləcə də kadr hazırlığı yüksək səviyyədədir, sığorta bazarı da inkişaf edir. Sığortanın mühüm komponenti olan iş yerlərində işçilərin əmək müqaviləsinin leqallaşması, əməkhaqlarının artması icbari tibbi sığortaya keçməyə imkan verir. Artıq hökumət bu istiqamətdə konkret addımlar atmaqdadır”.

M.Quliyev bildirib ki, görülən işlərin sırasına hansı ölkənin modelinin seçilməsi, icbari tibbi sığorta haqqının hansı səviyyədə müəyyən edilməsi, nə qədər insana dövlət tərəfindən icbari tibbi sığorta haqları ödənilməsi, icbari tibbi sığortanın paketi və onun hansı xidmətlər göstərməsinin müəyyənləşdirilməsi və s. məsələlər daxildir. Tibbi sığortaya keçidin bir çox üstünlükləri olduğunu deyən komitənin sədr müavininin sözlərinə görə, onun tətbiqi ilə biz bir sıra problemləri həll etmiş olacağıq. Millət vəkili qeyd edib ki, ilk növbədə hər bir vətəndaşın tibbi xidmətə əlçatanlığı təmin olunacaq: “Yəni vətəndaşlar cibindən pul xərcləmədən tibbi sığorta vasitəsilə klinikalarda müayinə və müalicə olunacaqlar. Bu sahədə sağlam mühit yaranacaq, hər bir tibb müəssisəsi çalışacaq ki, daha yaxşı xidmət göstərsin, ona sığorta polisi ilə daha çox vətəndaş müraciət etsin, müqavilə bağlasın. Belə olduqda, tibb işçilərinin əməkhaqları da artacaq. Eləcə də hər bir tibb müəssisəsi öz maddi-texniki bazasını gücləndirəcək”.

Milli Məclisin deputatı İlham Məmmədov da səhiyyə sistemində icbari tibbi sığortaya keçid istiqamətində real addımlar atılmasını yüksək qiymətləndirib. “Azərbaycanda artıq müalicə və diaqnostikaya ehtiyacı olan insanların çoxdan gözlədiyi icbari tibbi sığortanın tətbiqi sahəsində addımlar atılmağa başlanıb”, - deyən İ.Məmmədov bu sistemə keçidi zəruri hesab edir. Dünya ölkələrində icbari tibbi sığortadan geniş istifadə edildiyini deyən millət vəkilinin sözlərinə görə, Azərbaycanda müasir səhiyyə infrastrukturunun yaradılması ilə yanaşı, güclü mütəxəssislər də yetişir. “Azərbaycanda səhiyyə sektoru böyük inkişaf yolundadır. Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiqi bu inkişafı daha da sürətləndirəcək”, - deyə o vurğulayıb.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 2 may.- S.7.